14 Mart 2025

Cümə, 11:26

YENİ ŞƏRAİT

B. Mehmandarlı: "Az?rbaycan Amerikada regionun ən güclü dövləti kimi tanınır"

Müəllif:

15.11.2008

Amerikada prezident seçkiləri başa çatdı. Demokratlar qalib gəldi və Barak Obama Birləşmiş Ştatların ilk qaradərili prezidenti oldu. Respublikaçıların seçkidə uduzmasına baxmayaraq, hətta hazırkı prezident Corc Buş da Obamanın qələbəsini "Amerika tarixinin parlaq qələbəsi" adlandırdı. Bəs bu "parlaq qələbə" dünyaya nə verəcək, Ağ evin siyasətində hansı əsaslı dəyişikliklər gözləmək olar, ABŞ-ın çoxsaylı müttəfiq, rəqib və düşmənləri ilə münasibətləri necə qurulacaq? Bu və digər bu kimi suallar hələ də dünya mətbuatını, analitikləri və bir çox ölkə rəhbərliklərini narahat etməkdədir. Azərbaycana gəldikdə isə müşahidəçilərin bir çoxu belə qənaətdədir ki, Azərbaycan kifayət qədər vacib tərəfdaşdır və Eğ evdə kimin oturmasından asılı olmayaraq, Vaşinqtonla Bakı arasında münasibətlər artan xətt üzrə inkişaf edəcək. Elə "Amerikanın səsi" radiosunun Azərbaycan redaksiyasının rəhbəri Bulud Mehmandarlı da bu fikirdədir. Bizim xahişimizlə o, ABŞ-dakı prezident seçkilərinin nəticələrini və Azərbaycan-Amerika münasibətlərinin gələcəyi ilə bağlı bir sıra məsələləri şərh edib. 

- Cənab Mehmandarlı, Birləşmiş Ştatlarda keçirilən seçkilərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

-Seçki kampaniyası göstərdi ki, demokratların namizədi Barak Obamanın reytinqi daha yüksək idi. Burada bir neçə amil var. Birincisi, respublikaçıların səkkizillik hakimiyyəti, xüsusilə də İran müharibəsindən sonra amerikalıların böyük hissəsi demokratlara səs vermək niyyətlərini gizlətmirdilər. Respublikaçıların hakimiyyəti illərində həm İraq müharibəsində yaranmış vəziyyət, həm də iqtisadi amillər onların reytinqinin aşağı düşməsinə gətirib çıxarmışdı. Xüsusilə də son vaxtlar yaranmış iqtisadi böhranın kəskinləşməsi respublikaçılar üçün olduqca çətin bir şərait yaratdı. Bu da onların hakimiyyətinə olan inamsızlıq demək idi. Amma bir ara respublikaçılar partiyasından vitse-prezidentliyə namizəd olan Sara Peylinin açıqlamaları sayəsində bu partiya bir qədər qabağa getdi. Amerika mətbuatı onun çıxışlarına və proqramlarına geniş yer verirdi. Amma bu, bir siyasətdir və sual edirəm: belə bir böhran demokratların hakimiyyəti vaxtı olsaydı, onlar nə edərdilər? Odur ki, proseslər demokratların udmasına gətirib çıxardı.   

- Bəs Buş hakimiyyəti Amerikaya nə verdi? Bəzi ekspertlərin qənaətinə görə, o, Amerikaya çox sayda düşmən qazandırdı... 

- Buşun hakimiyyətə gəlməsindən sonra 11 Sentyabr hadisələri baş verdi. Onun prezidentliyi dövründə terrorizmlə mübarizə və İraq müharibəsi böyük yer aldı və bu gün Amerikada çoxları qəbul edir ki, İraq müharibəsi səhv addım idi. Bu müharibəyə çox pul sərf olundu, hər iki tərəfdən çox insan həyatı itirildi, milyonlarla insan qaçqın düşdü. Bu cəhətdən Buş hakimiyyətini uğurlu hesab etmək olmaz. Amma terrorizmlə mübarizədə böyük işlər görüldü. Kəşfiyyat təşkilatları arasında əvvəllər olmayan əlaqələr yarandı, onların fəaliyyətləri birləşdi.  Bütün məlumatların daxil olduğu bir kəşfiyyat bankı yaradıldı. Mən Buşun İsrail-Fələstin münaqişəsini həll etmək istəyinə də inanıram. Çünki əvvəllər belə bir təsəvvür var idi ki, Amerika İsrailin tərəfindədir. 

- Amerikada keçirilən prezident seçkiləri ilə Azərbaycanda keçirilən seçkilər arasında hansı oxşar və fərqli cəhətləri müşahidə etdiniz?

- Amerikada seçki kampaniyası Azərbaycandakından fərqli olaraq uzun müddət aparılır. Məsələn, artıq iki il idi ki, kampaniya başlamışdı. Seçki günü yaxınlaşdıqca qızğın mübarizə gedir. Amerikada sıradan bir tələbəni də götürsəniz, o, iki il müddətinə çox şeyi - həm Ştatların problemlərini, həm ölkə iqtisadiyyatını, həm də xarici siyasəti öyrənə bilər. Mən deyərdim ki, bəlkə də iki il bundan əvvəl Barak Obama indi bildiklərinin heç 10 faizini bilmirdi. Bunun mənfi tərəfi isə ondan ibarətdir ki, bəzən namizədlər bir-birləri haqqında xoşəgəlməz məlumatlar yayırlar. Özü də bu kampaniyanı təkcə partiyalar deyil, həm də onları müdafiə edən müstəqil qruplar aparır. Bu qruplar müdafiə etdikləri partiya tərəfindən heç himayə də olunmur. Hətta bəzən partiya o qrupun əleyhinə olur, onu təsdiqləmir. Məsələn, Makkeyni müdafiə edən hansısa bir müstəqil qrup milyonlar xərcləyərək Obama haqqında mənfi reklam verə bilər. Qanunla da bunların qarşısını almaq mümkün deyil. Elə təşkilat var ki, o, təkcə bu işə 50 milyon dollar ayırır. Bu reklamların isə həqiqətən böyük təsiri olur. 

- Yeni administrasiya ilə Azərbaycanın münasibətləri bundan sonra necə olacaq?

-ABŞ-da kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq inanmıram ki, hər iki ölkə arasındakı münasibətlərə nəsə təsir edə bilsin. Amma maraqlıdır ki, Amerikada yaşayan əksər azərbaycanlılar daha çox C. Makkeynin siyasətini bəyənirdilər. Çünki C. Makkeyn regionu yaxşı tanıyır. O, hətta Rusiyanın Gürcüstana hərbi müdaxiləsinə qarşı da çıxmışdı. Və sözsüz ki, C. Makkeyn hakimiyyətə gələrdisə, Rusiyaya qarşı sərt mövqe tutardı. Bu, əlbəttə ki, Rusiyanın öz təsir dairəsinə salmaq istədiyi Azərbaycan kimi ölkələr üçün daha yaxşı olardı. Çünki Makkeyn Azərbaycanın mövqeyinə yaxın olan bir siyasətçidir. Amma B. Obama da iki il bundan əvvəl Bakıda olub və regionla sıx tanışdır Odur ki, B. Obama hakimiyyəti dövründə reallıqları görəcək. ABŞ-ın siyasətində böyük bir dəyilikliklərin olacağına inanmaq olmaz. 

- Demokratların əvvəlki namizədləri kimi Obama da erməni soyqırımını tanıyacağı barədə seçki kampaniyası ərəfəsində erməni lobbisinə vədlər verirdi. Ümumiyyətlə, ABŞ-ın yaxın dövr siyasətində bu məsələnin həlli nə dərəcədə baş tutandır?

- Bu prosesin həlli iki dəfə Konqresdə ermənilərin xeyrinə doğru istiqamətlənib. Həmin vaxtlarda çox ekspertlər hesab edirdilər ki, bu məsələ Konqresdə keçəcək. Hətta mən özüm də bunu gözləyirdim. Amma qəfil Qözlənilməz hadisə baş verdi. Birinci dəfə prezident özü Konqresə müdaxilə etdi və Nümayəndələr Palatasının spikeri öz şəxsi təşəbbüsü ilə gündəmə gətirdiyi layihəni çıxardı. İkinci dəfə isə ermənipərəst mövqeyi ilə tanınan palata rəhbəri Nensi Pelosi ona edilən təzyiqlərə baxmayaraq, məsələni yenidən gündəmə gətirdi. O zaman sözügedən məsələ mətbuatda çox böyük reaksiyaya səbəb olmuşdu və N. Pelosi görəndə ki, indi bu məsələnin qaldırılması lazım deyil və ölkənin mənafeyi baxımından zərərlidir, məsələ yenidən qapandı. Lakin B. Obamanın hakimiyyəti dövründə də həmin təhlükənin qalacağı istisna deyil. Ola bilsin ki, əvvəl-axır bu qanun layihəsi keçəcək. Məncə, onun keçib-keçməməsi ABŞ administrasiyasında respublikaçıların və ya demokratların olmasından deyil, daha çox erməni diasporasının fəaliyyətindən və Ermənistan-Türkiyə münasibətlərindən asılıdır. Ermənistan - Türkiyə münasibətlərində irəliləyişlər davam etsə, ola bilsin ki, ermənilər bu məsələni qaldırmasınlar. 

- Azərbaycan Amerikaya nəyə görə lazımdır?

-Amerikanın Azərbaycanda enerji və neft maraqları var. Bundan başqa, Amerika regionda demokratiyanın olmasını istəyir. Çünki bu, Amerikanın da xeyrinədir. Nə qədər dünyada demokratikləşmə prosesi baş versə, həmin regionlarda sabitlik və iqtisadi inkişaf da olar.  

- Bəs Amerika Azərbaycana nəyə görə lazımdır?

-Hər halda investisiya qabiliyyətinə görə. Azərbaycanın ABŞ-la iqtisadi əlaqələrə ehtiyacı var. Həm də Azərbaycan Qərbə üz tutan ölkədir. Amerika çoxlu tənqidlərə məruz qalsa belə, yenə də dünyada demokratiyanın simfolu kimi qəbul edilir, tanınır. Təhsildən tutmuş seçki sisteminə, siyasi islahatlara, bazar iqtisadiyyatına qədər Amerika Azərbaycana yardımçı olmağa hazırdır. Azərbaycan da bundan istifadə etməlidir. Gəlin elə mübadilə proqramlarını götürək. Ən azından müxtəlif ixtisaslarla bağlı azərbaycanlıların Amerikada bir-iki dəfə olub təcrübə keçmələri də onlar üçün görün nə qədər təcrübə deməkdir. Düzdür, bir tərəfdən bununla Amerika özünü reklam edir, amma digər tərəfdən həmin azərbaycanlıların iş təcrübəsinə bu treninqlərin müsbət təsiri olur.  

- ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini kifayət qədər müdafiə edirmi?

- Mən bir il bundan əvvəl Metyu Brayzaya "Amerikanın mövqeyi məlumdur, bəs sizin şəxsi fikriniz nədir?" deyə sual etdim. O da mənim sualımı cavabsız qoydu və heç nə demədi. Bilirsiniz, Azərbaycanın haqlı olduğunu, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu və bunun nəticəsində minlərlə məcburi köçkünün olduğunu bilən minlərlə amerikalı var. Amma nədənsə Amerikanın regionla bağlı siyasətində bu tam öz həllini tapmır.

- Bugünkü Amerika əvvəlki illərlə müqayisədə Azərbaycanla bağlı nə dərəcədə məlumatlıdır?

- Bəli, hətta Gürcüstan hadisələrindən sonra Azərbaycan Amerika mediasında, xüsusilə də çap mediasında geniş yer aldı. Enerji məsələləri və Azərbaycanın da təhlükə altında olması barədə yazılar mətbuatda çözüldü. Vaşinqtonda həftədə 1-2 dəfə regiona dair konfrans olurdu. Orada Rusiyanın və Amerikanın Qafqaz siyasəti müzakirə edilirdi. Hətta baxmayaraq ki Gürcüstan od içində idi, Azərbaycana daha çox yer verirdilər. Onu da deyim ki, BTC boru kəmərinin bünövrəsinin qoyulduğu gündən başa çatmasına qədər Azərbaycanla bağlı geniş təhlil yazıları dərc olunub. O cümlədən Gürcüstan hadisələri zamanı BTC-nin partladılması və bu hadisənin neftin qiymətinə necə təsir etməsi də geniş müzakirə edildi.  Amma əvvəllər Azərbaycanı təkcə Ermənistanla bağlı tanıyırdılar. Özü də erməni lobbisinin münaqişə ilə bağlı fəaliyyəti əsnasında. Mən hesab edirəm ki, bunda Azərbaycanın da çox günahı var idi. Amma indi Azərbaycan da əvvəlki kimi deyil. Kifayət qədər güclənib və tanınır. 


MƏSLƏHƏT GÖR:

336