14 Mart 2025

Cümə, 21:50

"AMERİKA XƏYALI"

Barak Obamanın qarşısında çoxsaylı ciddi problemlər durur

Müəllif:

15.11.2008

Heç bir şişirtməyə yol vermədən söyləmək olar ki, noyabrın 4-də Amerika xalqı tarixi seçim etdi. Söhbət yalnız ondan getmir ki, keçmişdə quldarlıq quruluşunun hökm sürdüyü və bir müddət əvvəllərədək irqi zəmində toqquşmalara səhnə olan ölkənin prezidenti qaradərili siyasətçi oldu. İllər ərzində Corc Buşun idarəçiliyindən bezən, onun rəhbərlik etdiyi administrasiyanın fəaliyyətindəki boşluqlardan, xüsusilə də İraq müharibəsinin uzanması və son iqtisadi böhrandan təngə gələn amerikalılar dəyişikliyə qərar verdilər.

Bu dəyişiklikləri onlara məhz 44 yaşlı demokrat senator, seçkidə respublikaçılardan olan rəqibi Con Makkeyni böyük üstünlüklə geridə qoyan Barak Hüseyn Obama vəd edirdi. 

Obama, hətta respublikaçıların dayaqlarının son dərəcə güclü olduğu Ohayo, Florida, Virciniya və İndiana kimi ştatlarda da qələbə qazandı. Çikaqodakı Qrand-parkda böyük tərəfdar kütləsi qarşısında qələbə çıxışı edən qaradərili siyasətçi onlara bir daha "Amerika arzusu"nu xatırladıb. O, özünü "Amerika arzusu"nun necə reallığa çevrilməsini göstərən nümunə adlandırıb. 

Bəziləri daha irəli gedərək bildirir ki, Obamanın dünyanın siyasi səhnəsində peyda olması özünəməxsus möcüzədir. Elə bir möcüzə ki, ona inam bu gün həm amerikalılar, həm də bütün dünya üçün çox lazımdır. Çünki xəbərlər buraxılışlarının böyük hissəsi müharibələr, terror aktları və təbii fəlakətlərdən ibarət olan, insanların arzu və niyyətləri "maliyyə böhranı" adlı tufan tərəfindən alt-üst edilən indiki zamanda çətinliklərə tab gətirmək üçün məhz bu cür inam lazımdır. ABŞ seçicilərinin 63%-nin noyabrın 4-də əsas qayğılarının iqtisadiyyat olduğunu söyləməsi təsadüf deyil. Nəticədə amerikalıların əksəriyyəti qoca cəngavər  Con Makkeynə yox, məhz Obamaya ümid bəsləmək qərarına gəldilər.

 

"Obamomaniya"

Bununla yanaşı, səsini respublikaçı namizədə vermiş insanların sosial və psixoloji portretini bilmək maraqlı olardı. Bu insanlar doğrudanmı gənc və çoxlu vədlər verən prezidentə inanmırlar? Hökmü özünüz verin. Ağdərili amerikalılar arasında Obamaya səs verənlər 43 % təşkil edib (Makkeyndə bu rəqəm 55%-dir). Beləliklə, irqlə bağlı amil həlledici olmasa da, özünü göstərib - Obama qaradərili seçicilərin 95%, ispandillilərin isə 67%-nin səsini qazanıb ki, bu da çox yüksək nəticədir. 

Bununla yanaşı, yaş faktoru da öz rolunu oynayıb. Yaşlı seçicilər arasında Makkeyni dəstəkləyənlər daha çoxdur. Yaşı 18-24 arasında olanların böyük əksəriyyəti isə Obamaya səs verib. SNN-in məlumatına görə, bu zümrəni təmsil edənlərin namizədləri dəstəkləmə nisbəti 66%-32% qaradərili siyasətçinin xeyrinədir. 

Yaşı 40-dan artıq olan seçicilər arasında bu göstəricidə təxmini bərabərlik var. 65 və daha çox yaşa malik amerikalıların böyük qisminin seçimi isə Makkeyn olub. 

Bütün bunlardan belə məlum olur ki, özü-özünü müxtəlif millətlərin və mədəniyyətlərin "qaynayan qazanı" adlandıran ölkənin prezidenti məhz Barak Obama ola bilər və olmalıdır. O, qətiyyən bəzilərinin iddia etdiyi kimi, Amerikanı parçalamadı, əksinə, bütün müxtəliflikləri ilə birlikdə, ABŞ-ın bütövlüyünü nümayiş etdirdi. Heç olmasa bir dəfə Amerikada olmuş hər bir kəs söhbətin nədən getdiyini anlayacaq. Bu ölkədə heç kəs özünü yad hesab etmir - bu torpaq hamını qəbul edir və hamıya şans verir. Belə şansı Barak Obama da əldə etdi.

Yeri gəlmişkən, Obama Amerika ilə yanaşı, Afrikada da böyük heyranlıq yaradıb. Dünya mətbuatının şərhçiləri bildirir ki, "qara qitə"də son vaxtlar əsl "obamomaniya" baş qaldırıb. Afrikalılar ümid edir ki, Amerikanın yeni prezidenti onların yoxsul qitələrinə yardım edəcək. Obamanın atasının vətəni olan Keniyada Ağ evin yeni rəhbərinin adı bəlli olan gün milli bayram elan edilib. Onun portretləri bütün reklam şitləri və avtobusları bəzəyib. Obamanın yaşlı qohumlarından birinin hələ də yaşadığı Koqelo kəndində 1 məktəbə, həmçinin yerli pivəyə Obamanın adı verilib. Amerikanın yeni liderinin ögey qardaşı Malik isə qələbə münasibəti lə yerli ənənəyə uyğun olaraq, öküz kəsəcəyini elan edib.

Barak Obama Havaya ştatının paytaxtı Qonoluluda doğulub, 4 il anası və ögey atası ilə indoneziyada yaşayıb və sonradan yenidən ABŞ-a dönüb. 1983-cü ildə o, Kolumbiya Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirib, 1991-ci ildə isə Harvard Universitetinin hüquq məktəbində təhsilini başa vurub. Hüquqşünaslıqla məşğul olub, yoxsul əhaliyə yardım edən xeyriyyəçi qrupun tərkibində fəaliyyət göstərib. 2005-ci ilin yanvarında ilk dəfə ABŞ Konqresinin Senatına üzv seçilib (İllinoys ştatından) və qurumun yeganə qaradərili üzvü olub. Son 150 ildə isə o, bu palatanın ümumilikdə 5-ci qaradərili nümayəndəsi kimi tarixə düşüb. Obama ümummilli miqyasda tanınmağa 2004-cü ildə -  demokratların qurultayında siyasi həyatın yenilənməsinə çağırışla dolu çıxışından sonra başlayıb. Məhz o zaman Obama "göy" və "qırmızı" yox, vahid Amerika Birləşmiş Ştatlarını elan edib. Ölkənin yeni prezidenti bu prinsipindən indi də geri çəkilməyi düşünmür. Hətta onun ölkənin milli təhlükəsizliyi sahəsində aparıcı vəzifələrdən birinə respublikaçını təyin edəcəyi gözlənilir. Söhbət dövlət katibi və ya müdafiə naziri postlarından gedir. Obamanın keçmiş rəqibi Con Makkeyn isə Ağ evin yeni rəhbərinə kömək etmək üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Yeni prezidentə kömək edilməli olan sahələr isə kifayət qədərdir. Belə ki, ona çoxlu sayda daxili və xarici problemlərlə dolu "miras" qalıb. Amma Obamanın vəzifəsinin öhdəsindən yüksək səviyyədə gələcəyini güman etmək üçün də xeyli əsaslar var. Axı onu son dövrlərdə ABŞ-ın ən intellektual prezidenti adlandırırlar. Yeri gəlmişkən, Obama Franklin Ruzvelt və Con Kennedi ilə də müqayisə edilir.

Amerikanın 44-cü prezidenti seçilmiş Obama isə qələbəsini uzun-uzadı bayram etməyərək, dərhal işə başlayıb. Onun keçid administrasiyasının qərargahı artıq hakimiyyətin yeni prezidentə ötürülməsi və aparıcı vəzifələrə yeni simaların təyinatına hazırlaşır. Qərargah Obamanın inauqurasiyasınadək fəaliyyətini davam etdirəcək. Yeri gəlmişkən, qərargahın başçısı Bill Klintonun prezidentliyi dövründə Ağ ev işçiləri aparatına rəhbərlik etmiş Con Podestadır.

Yəqin ki, Obamanın qarşısında duran əsas məsələ milli iqtisadiyyatın xilas edilməsidir - hazırda yalnız federal büdcənin kəsiri 1 trilyon dollara yaxındır.

Xarici siyasətə gəlincə, burada əsas istiqamətlər hamıya bəllidir - İraq, Əfqanıstan, İran, ərəb-İsrail münaqişəsi, Çin, Cənubi Amerika, həmçinin özündə Gürcüstan (ümumilikdə Cənubi Qafqaz) və Ukraynadakı situasiyanı birləşdirən Rusiya ilə münasibətlər, Şərqi Avropada ABŞ-ın raketdən müdafiə sistemlərinin (RMS) yerləşdirilməsi, Xəzər hövzəsinin enerji resursları uğrunda mübarizə və s.

 

Şərqi Avropada "Karib böhranı"

Maraqlıdır ki, bəzi ekspertlər Obamanı Con Kennedi ilə müqayisə edərək, onun özünün "Karib böhranı"ndan danışırlar. Müşahidəçiləri əsas narahat edən məsələlərdən biri ABŞ-ın yeni prezidentinin rəhbərliyi dönəmində bu ölkə ilə Rusiya arasında münasibətlərin necə inkişaf edəcəyidir. Bəziləri hətta belə düşünürlər ki, Obama üçün ilk böhranlı vəziyyət İran və Əfqanıstanla yox, Rusiya ilə bağlı yarana bilər. Ola bilsin ki, belə düşünənlər yanılmırlar - hər halda Birləşmiş Ştatlardakı seçkidən sonrakı ilk günlərdəcə Moskva ilə Vaşinqton arasında münasibətlər əsas müzakirə edilən beynəlxalq problemlərdən birinə çevrilib. Buna Rusiya prezidenti Dmitri Medvedev də cəhd göstərib.

Bütün dünyanın Barak Obamanı qələbə münasibəti lə təbrik etdiyi 5 noyabr günü D.Medvedev Federal Şuraya ilk müraciətində ABŞ-ı kəskin şəkildə tənqid edib.  "Məncə, SSRİ-nin dağılmasından sonra Birləşmiş Ştatların özünün rəyini yeganə və şəksiz hesab etməsinin nəticəsidir ki, bu gün ABŞ hakimiyyəti bu cür ağrılı iqtisadi durumla üzləşib",- deyə Rusiya lideri vurğulayıb. O, Rusiyanın Qafqazdan geri çəkilməyəcəyini də bildirib. Lakin müraciətin "beynəlxalq hissə"sinin ən təsirli hissəsi onun Rusiyanın Kalininqrada "İskander" raketli yeni RMS yerləşdirmək fikrində olması, həmçinin Kozelskdə dislokasiya edilmiş 3 raket polkunun ləğvi haqda plandan imtina edilməsi haqda dedikləridir. 

Bundan başqa, ABŞ-ın Şərqi Avropada yerləşdirməyi nəzərdə tutduğu RMS-nin "radioelektrik boğulması" da həmin Qərb regionundan həyata keçiriləcək. Eyni zamanda Medvedev ölkəsinin silahlanma yarışına qoşulmayacağını da xüsusi vurğulayıb.

Aydındır ki, Kreml sahibinin hazırkı Ağ ev administrasiyasının xarici siyasətini məhz ABŞ-ın yeni prezidentinin adı məlum olan gün kəskin tənqid etməsi təsadüf deyil. Bunu Moskvanın Barak Obamaya özünəməxsus "mesaj"ı kimi qəbul etmək olar. Lakin məqsəd dəqiq bəlli deyil - onun reaksiyası yoxlanılır, yoxsa yeni prezidenti dialoqa çəkməyə cəhd edilir?..

Situasiya sadə deyil - əgər ABŞ-ın yeni administrasiyası RMS-lə bağlı plandan imtina edərsə, belə fikir yaranacaq ki, Moskva üstün gəldi. Əksinə, Amerikada bundan sonra da Corc Buş xəttinin davam etdiriləcəyi təqdirdə Rusiya ilə onsuz da yaxşı olmayan münasibətlər daha da gərginləşəcək.

Xatırladaq ki, ABŞ Polşa ərazisində raketlər, Çexiyada isə Amerikanın RMS-nə daxil olan radar quraşdırmalıdır. Vaşinqton bu addımın "şər ölkələri"nin, xüsusilə iranın nüvə təhlükəsindən sığortalanmaq məqsədi güddüyünü bildirir. Rusiya isə Vaşinqtonun Şərqi Avropada RMS yerləşdirmək planını özünün milli təhlükəsizliyinə təhdid hesab edir. Axı bu ölkələrdə qeyd olunan sistemin yerləşdirilməsi yalnız yaxınlaşmaqda olan İran raketlərinə nəzarətə deyil, həm də Rusiyanın istənilən nöqtəsindəki başlıqların yerini müəyyənləşdirməyə imkan verir.

Bu situasiyada ABŞ necə hərəkət etmək fikrindədir? Pentaqondakı adının çəkilməsini istəməyən mənbə hesab edir ki, Barak Obama ölkənin RMS ilə bağlı planında hər hansı ciddi dəyişikliyə getməyəcək. Bundan başqa, AFP xəbər verir ki, ABŞ-ın yeni prezidenti polşalı həmkarı Lex Kaçinski ilə telefon danışığı zamanı da, demək olar ki, eyni sözləri söyləyib. Lakin bir qədər sonra belə bir xəbər yayldı ki, Obamanın beynəlxalq siyasət üzrə köməkçisi Denis Makdonou Ağ evin yeni sahibinin Kaçinski ilə söhbətdə Polşada RMS yerləşdirilməsi məsələsinə dəstək vermədiyini bildirib. Makdonounun sözlərinə görə, Obamanın sözügedən məsələ ilə əlaqədar seçkiqabağı kampaniya zamanı ortaya qoyduğu mövqeyi dəyişməyib və yeni prezident bu planın yalnız iş bacarığını sübut edəcəyi təqdirdə ona dəstək verəcək.

"The Financial Times" isə hesab edir ki, Rusiyanın hədələri Moskvanın adi və nüvə silahları sahəsində tərksilahla bağlı dialoqa başlanması arzusundan başqa bir şey deyil. Eyni zamanda bildirilir ki, sözügedən məsələdə ABŞ-la Rusiya arasındakı fikir ayrılıqlarından bu sahədəki mövcud mexanizmlər əziyyət çəkir ki, bu da Şimali Koreya və İran kimi ölkələrin "əlinə işləyir".

Bu arada noyabrın 7-də bəlli olub ki, Birləşmiş Ştatlar RMS-lə bağlı Rusiyaya yeni təkliflər verib və onların öyrənilməsindən sonra bu problemin müzakirəsi məqsədi ilə tərəflər arasında keçiriləcək görüşün vaxtı müəyyənləşəcək. Lakin sənədlər Moskvada elə bir ciddi sevinc yaratmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Amerikanın təklifləri "əvvəllər əldə edilmiş prinsipial razılaşmalara çatmır". O, Corc Buş administrasiyasının fəaliyyətinin başa çatmasınadək sözügedən sahədə "hansısa irəliləyişlərə nail olunacağını" da istisna etməyib.

Obamanın keçid administrasiyası qərargahının proqram tezislərində isə bildirilir ki, yeni dövlət başçısının komandası Rusiya ilə "nüvə silahlarının ixtisarı", həmçinin nüvə raketlərinin buraxılması zamanı "xəbərdarlıq və qərarların qəbulu müddətinin uzadılması" istiqamətlərində işləmək fikrindədir. Gələn il nüvə terroru təhlükəsi ilə mübarizə sahəsində dünya liderlərinin sammitinin keçiriləcəyi də güman edilir.

 

Nəzakətli Əhmədinejat

Amerikanın yeni prezidenti üçün ən çətin xarici siyasi məsələlərindən biri, şübhəsiz ki, İranın nüvə proqramı ətrafında yaşanan böhran və ərəb-İsrail münaqişəsi olacaq. Ağ evin hazırkı rəhbərliyi nə qədər cəhd göstərsə də, Annapolisdə keçirilən konfransda vədlər versə də, Corc Buş administrasiyasının fəaliyyət müddətinin başa çatmasınadək Yaxın Şərq münaqişəsinin həllini gözləmək mümkün deyil. İranın nüvə proqramı ilə bağlı vəziyyətlə əlaqədar da eyni fikirləri söyləmək olar. Lakin bəzi müşahidəçilər bu problemin həlli istiqamətində bəzi irəliləyişlərin gözlənildiyini düşünür.

Ən azı İran prezidenti Mahmud Əhmədinecat gözlənilmədən Barak Obamanı Ağ evə rəhbərlik uğrunda mübarizədə təbrik edənlərin sırasında peyda olub. Bu, 1979-cu ildən sonra İran liderinin ABŞ prezidentini qələbə münasibəti ilə təbrik etdiyi ilk haldır. Xatırladaq ki, hələ seçkiqabağı kampaniya dövründə prezidentliyə namizəd Barak Obama Tehranla birbaşa və qeyd-şərtsiz danışıqların aparılmasının mümkün olduğunu bildirmişdi.

Bununla yanaşı, müşahidəçilərin bildirdiyi kimi, Obama İranla hər hansı məsləhətləşməyə gedən zaman İsrailin narazılığını nəzərə almalı olacaq. 

Yeri gəlmişkən, elə bu günlərdə İsrailin müdafiə naziri Ehud Barak ABŞ-ı çoxlarının nüvə silahı əldə etməyə çalışmaqda ittiham etdiyi İranla münasibətlərdə güc ssenarisindən imtina etməməyə çağırıb. O, hesab edir ki, Tehranın nüvə iddialarından əl çəkməyəcəyi təqdirdə Vaşinqtonla İran arasında dialoq mümkün deyil.

Lakin Obamadan da həddindən artıq yumşaqlıq gözləməyinə dəyməz. Prezident seçkisindəki qələbəsindən sonra keçirdiyi ilk mətbuat konfransında o bildirib ki, "nüvə silahlı İran"ı qəbul etməyəcək və hadisələrin bu cür inkişafına imkan verməmək üçün əlindən gələni edəcək.

İraqa gəlincə, Obamanın keçid komandasının üzvlərindən birinin sözlərinə görə, yeni prezident Birləşmiş Ştatların hərbi kontingentinin bu ölkədən 2010-cu ilin ortalarınadək tam çıxarılması ilə bağlı vədinə sadiqdir. Podestanın sözlərinə görə, 44 yaşlı prezident qeyd olunan prosesin "məsuliyyətlə", lakin "seçkiqabağı kampaniya zamanı söylədiyi müddət ərzində" başa çatdırılmasını istəyir.

Artıq yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın yeni prezidentinin qarşısında duran əsas məsələ məhz iqtsadi böhranla mübarizə olacaq. Bu, çox çətin məqsəddir və bu işdə Obamanın uğur qazanmasını yalnız ABŞ-da yox, bütün dünyada arzulayırlar - Amerika iqtisadiyyatının durumunun bütünlükdə planetdə iqtisadi inkişafı müəyyənləşdirdiyi yaxşı bəllidir.

Barak Obama bütün vədlərinə əməl edə biləcəkmi? Buna inanmaq istərdik. Bunun üçün Obamaya lazım olan bütün ilkin şərtlər var - o gəncdir, ağıllı və enerjilidir. Amerika digər ölkələrə dəfələrlə nümunə olub və olmaqda davam edir. Çünki ABŞ tarixində çoxlu sayda böyük hadisələr və möcüzələrin yaşandığı qəribə ölkədir. Ola bilsin ki, yeni möcüzələr o qədər də uzaqda deyil.


MƏSLƏHƏT GÖR:

471