14 Mart 2025

Cümə, 21:00

ŞAİR HARAYI

70 il bundan əvvəl "Vaqif" dramını yazmaqla Səməd Vurğun hakim ideologiyanın rəsmi çərçivələrini aşdı

Müəllif:

01.11.2008

1937-ci ilin amansız repressiyalarının gətirdiyi fəlakətli faciə Azərbaycanın düşünən insanlarını, qiyimətli ziyalılarını fiziki cəhətdən məhv etməklə məhdudlaşıb qalmır, bir çox mənəvi dəyələri kökündən qoparır, insanların ruhunda qorxu, düşüncələrində qara boşluq, xalqın gələcəyə baxışında qatı duman, dərin qaranlıqlar yaradırdı. Mətbuatda, kitablarda, ictimai tribunalarda demaqogiya, biri-birinin "üzünə durmaq" havası hökm sürməkdə idi...  Mənəvi boşluğun gündən-günə kor quyu kimi dərinləşdiyi həmin dövrdə Azərbaycan teatrının səhnəsində tamaşaya qoyulan yeni bir dram əsərinin ekspozisiyasında - başlanğıcında qaranlıqdan əllərini sonsuz göylərə açmış köməksiz bir insanın - şairin səsi yüksəldi:

 

İlahi, insanın halı yamandır,

Nələr çəkdiyimiz sənə əyandır...

Yazıqdır dünyanın əşrəfi insan,

Böyüksən, adilsən, keç günahımdan...

 

Səməd Vurğunun düz 70 il bundan əvvəl - 1938-ci ilin oktyabr ayında Azərbaycan Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş "Vaqif" dramı bu səhnə ilə başlayırdı və tamaşa boyunca səhnədə Azərbaycan xalqının yaşadığı gərgin, ziddiyyətlərlə və faciələrlə dolu bir dram canlanırdı...

70 il bundan əvvəl "Vaqif" tamaşasında səhnənin pərdələrinin açılması ilə, əslində, Azərbaycan bədii söz və teatr sənətinin, eləcə də ictimai düşüncə tariximizin yeni bir mərhələsi də açılmış oldu. 1937-ci ilin burulğanlarında (əslində, bu proses daha əvvəl başlamışdı) böyük sarsıntı keçirmiş Azərbaycan ictimai fikri bu əsərlə yeni keyfiyyət mərhələsinə qədəm qoydu. İctimai düşüncə öz itirdiklərini, sanki "Vaqif"də tapdı.

Bu bir faktdır ki, "Vaqif" dramı sifarişlə yazılmışdı. Bunu sözün hərfi mənasında da qəbul etmək olar: amansız repressiyalardan sonra teatrda səhnəyə qoymağa əsər tapılmırdı və teatr rəhbərliyi yazıçılara səhnə əsərləri yazmaq üçün sifariş vermək məcburiyyətində idi. 

Öz istedadı ilə cəmiyyətdə parlaq bir Sima kimi tanınmış və qəbul edilmiş Səməd Vurğun isə zamanının, tarixin sifarişini hiss etmişdi və "Vaqif" əsərinin meydana gəlməsinin əsl səbəbini bu əsərin zamanın və tarixin mənəvi ehtiyaclarından yaranmasında axtarmaq daha doğru olardı. 

Məzmun baxımından "Vaqif" dramının başlıca məziyyətlərindən biri (yəqin ki, birincisi!) azərbaycançılıq ideyasının (və ideologiyasının) mükəmməl bədii həllini verə bilməsidir. Bu ideyanı Səməd Vurğun ədəbiyyatda ciddi söz deməyə başladığı ilk gündən ardıcıl şəkildə müdafiə edirdi və burada heç bir siyasi, ideoloji konyuktur və güzəşt yox idi - Səməd Vurğunun mövqeyi çox aydın idi: "Nədən şeirimizin baş qəhrəmanı, gah İrandan gəlir, gah da Turandan?". Görünür, elə bu baxımdan da, Səməd Vurğunun Vaqifin həyatına müraciət etməsi təsadüfi deyildi: Vaqif Azərbaycan dilinə və şeirinə milli müəyyənlik gətirmiş, millətin özündən əvvəl sözünü - milli dilimizi yaratmış böyük şair və tarixi şəxsiyyət idi (bu mülahizə professor Nizami Cəfərovun "Azərbaycan türkcəsinin milliləşməsi tarixi" adlı fundamental tədqiqat əsərində elmi şəkildə müfəssəl əsaslandırılıb).

"Vaqif" dramında azərbaycançılıq amili ideologiya və dil məsələsi olmaqla yanaşı, Azərbaycanın tale məsələsi, ölkənin kimliyinin təsdiqi və təsbiti kimi əhəmiyyətli idi, bü gün də əhəmiyyətlidir. Səməd Vurğun Vaqiflə Qacarı üz-üzə gətirdiyi səhnədə fars mədəniyyətinin tarixini, qədimiliyini təsdiq etməklə yanaşı, müdrikliklə Azərbaycan varlığının və Azərbaycan sənətinin, mədəniyyətinin yüksəkliyini, böyüklüyünü nümayiş və tərənnüm edirdi. Uğurlu cəhət bu idi ki, pafosu çox sevən Səməd Vurğun bunu əsaslandırılmamış bir şüar kimi deyil, əsər boyu Vaqifin, Vidadinin timsalında tamaşaçıya əyani lövhələrlə çatdırırdı. 

"Vaqif"i fenomenə çevirən keyfiyyətlərdən biri də budur ki, əsər dövrün aparıcı ideologiyasını ilhamla tərənnüm edən, həmin ideologiyaya sona qədər bağlı və sadiq qalan bir şairin qələmindən çıxmışdı. "Vaqif"də sovet quruluşuna, kommunist ideologiyasına ziddiyyət axtarmaq mənasız olardı. Səməd Vurğundan "dissident" yaratmaq cəhdi də tarixə və Səməd Vurğuna hörmətsizlik olardı. Lakin "Vaqif"in fərqi və özünəməxsusluğu bunda idi ki, o vaxt hakim ideologiya zora və qorxuya güvəndiyi halda, Vaqifin təmsil etdiyi yüksək dəyərlərə münasibət xalqın sevgisinə və rəğbətinə əsaslanırdı. Bu əsəri xalqın dilinin əzbərinə çevirən isə onun hakim ideologiyanın rəsmi çərçivələrindən çıxıb ondan üstün səviyyəyə qalxa bilməsi idi. Dəyərlərin xaotik şəkildə dəyişdiyi bir şəraitdə, millətçilik anlayışının, millət, dil, vətən sevgisinin qorxulu yuxuya çevrildiyi bir zamanda "Vaqif" dramı vətənpərvərlik anlayışına konkret məna və dəyər gətirmiş, bunu səhnədə hər kəsin qavradığı və ortaq olduğu obrazlaşdırılmış şəkildə canlandırmışdı. 

Azərbaycanın siyasi müstəqilliyi və azadlığı uğrunda ömrünün sonuna qədər güzəştsiz mübarizə aparmış Məmməd Əmin Rəsulzadə "Vaqif" dramındakı məhz bu keyfiyyəti yüksək dəyərləndirirdi. O, "Çağdaş Azərbaycan ədəbiyyatı əsərində "Vaqif" barədə yazırdı: "Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır". 

Son vaxtlar "Vaqif" dramının tarixi şəxsiyyətlərə və hadisələrə münasibət nöqteyi-nəzərindən qiymətləndirmək təşəbbüslərinə də rast gəlmək mümkündür. İbrahim xanın, yaxud Ağa Məhəmməd şah Qacarın şəxsiyyəti, tarixi kimliyi barədə mübahisəli mülahizələr irəli sürülməklə, Səməd Vurğunun ünvanına tarixi "təhrif etmək" ittihamı da səslənməkdədir. Lakin bu yanaşma bədii əsərə, xüsusi olaraq da "Vaqif" dramına münasibətdə ona görə ciddi nəticə verə bilmir ki, "Vaqif" oxucuya və tamaşaçıya "tarix dərsi" vermək məqsədilə yazılmamışdı. Burada məqsəd ayrı-ayrı şəxsiyyətlərin tarixdəki rolunu qiymətləndirmək, onları üzrə çıxarmaq, tanıtmaq və təbliğ etmək deyildi. Bu əsərin ali ideyası oxucunun, tamaşaçının diqqətini müasir zəmanənin aktuallaşdırdığı problemlərə, zamanın məzmunundan doğan ictimai sarsıntıların mahiyyətinə cəlb etmək idi.  Heç şübhəsiz, bu problemlər arasında azərbaycançılıq və vətənpərvərlik ən mühümü idi. Səməd Vurğun irəli sürdüyü ideyanı tamaşaçıya (oxucuya) tarixi şəxsiyyətlərin ziddiyyəti və konflikti kimi deyil, mövqelərin, ideoloji cəbhənin qarşıdurması fonunda təqdim etmişdi və bunun öhdəsindən böyük ədəbi ustalıqla gəlmişdi...

"Vaqif" fenomeninin digər maraqlı cəhətlərindən biri də budur ki, əsər Azərbaycan teatrının hadisəsi olmaqla yanaşı, ölkədə teatrla birbaşa əlaqəsi olmayan insanların (o vaxtın təbiri ilə "kütlələrin") dilinin əsbərinə çevrildi. Bu əsər yarandığı zamandan başlayaraq uzun müddət insanların dilində, düşüncəsində yaşadı. 

Əsərdən ayrı-ayrı replikalar Azərbaycan dilində zərb-məsələ, atalar sözünə çevrildi. "Vaqif" xalqının canlı folkloru, yaddaş abidəsi oldu. Bu isə səməd Vurğun sənətkarlığının daha bir keyfiyyəti - Azərbaycan xalq danışıq dilini yüksəklərə qaldıra bilməsi, ədəbi dilimizin yeni bir səviyyəsini yaratması, zəngin və geniş tutumlu Azərbaycan danışıq dilini ümummilli sərvətə çevirə bilməsi idi. Bu, yazıçı üçün böyük keyfiyyət, eyni zamanda xalq üçün də böyük xoşbəxtlik idi. Azərbaycan yazı mədəniyyətinin - əlifbamızın "ruslaşdırılması", Kiril əlifbasına keçid ərəfəsi olan, istənilən türkçülük elementinin "xalq düşmənçiliyi" elan edildiyi o dövrdə dildə kəskin tərəddüdlər hökm sürürdü, dilimiz rus dilinin süni təzyiqi ilə üz-üzə idi (məsələn, Yazıçılar İttifaqının orqanı olan "İnqilab və mədəniyyət" jurnalının adı dəyişdirilib -,"Revolyusiya və kultura" qoyulmuşdu). Səməd Vurğunun yaradıcılığı həmin dövrdə Azərbaycan bədii dilinin yeni bir səviyyəsini fəth etmişdi və "Vaqif" dramının "eləcə də şairin digər populyar əsərlərinin" dillərdə əzbər dolaşması ümumxalq dilinin özünü qorumasına və yeni keyfiyyətlər qazanmasına əlverişli şərait yaradır, dilimizin daha canlı, daha tutumlu və dinamik olmasına birbaşa təsir göstərirdi. Bu mənada Azərbaycan dilinin müasir səviyyəsinin formalaşmasında Səməd Vurğun yaradıcılığının, xüsusilə də "Vaqif" dramının əvəzsiz rolu olub. 

"Vaqif" dramında zamanın ictimai məzmunundan irəli gələn ciddi aktual problemlərdən biri "hökmdar-sənətkar" münasibətinin qoyulması idi. Səməd Vurğun Vaqifi istər Qarabağ xanı İbrahim xanın sarayında, istərsə də Məhəmməd şah qacarın hüzurunda təqdim edərkən "şairin təyinatı", xalqın taleyində rolu məsələsi ön plana çəkilir. Hökmdarlarla mükalimələrdə Şair həmişə hökmdardan güclü və haqlı göstərilir. Şairlərin kütləvi şəkildə "xalq düşməni" elan edilərək təqib olunduğu bir zəmanədə şairi xalqın qəhrəmanına çevirməsi Səməd Vurğunun "şair təyinatının" misilsiz bir nümunəsi idi. Xalqın çox arzuladığı haqq sözünü, ədalət kəlməsini, vətən sevgisini səhnədən məhz Şair - Vaqif obrazı dilə gətirirdi. Hökmdarın hökmünün qarşısında söz qoyan Şair idi. Zorun təmsil etdiyi şər qüvvəyə qalib gələn də xalqın ruhu, xalq ruhunu təmsil edən Şair şəxsiyyəti və sözü idi...

Keçən əsrin xüsusilə 30-50-ci illərində Vaqif bir bədii obraz olmaqdan daha çox, əlində real hakimiyyət olan bir şəxsiyyət qədər Azərbaycan mənəvi varlığına xidmət göstərib. Əsərin yazıldığı tarixi nəzərə alanda bu əsərin möhtəşəmliyi və tarixi əhəmiyyəti daha da artır. "Vaqif" səhnəyə o vaxt çıxmışdı ki, hökmdarın qənim kəsildiyi ən qorxunc qüvvə məhz şair sözü idi və 1937-ci il repressiyalarının "xalq düşməni" adlandırılan ən populyar qurbanları da məhz şairlər, yazıçılar idi...

Səməd Vurğunun "Vaqif" dramı artıq 70 ildir ki, Azərbaycan mədəniyyətinin gündəmindədir. Aradan xeyli zaman keçəndən, bir çox tarixi hadisələrə və şəxsiyyətlərə fərqli münasibət yaranandan sonra da bu əsər yaşayır və heç şübhəsiz, yaşayacaq. Zaman-zaman ona müxtəlif qiymətlər veriləcək və verilən qiymətlər bir-birindən fərqli olacaq. Ancaq Səməd Vurğunun həyatda və sənətdə ən yaxın dostlarından olan, Azərbaycan ədəbiyyatının daha bir görkəmli nümayəndəsi Mir Cəlalın "Vaqif" barədə dəqiqliklə yazdığı bir fikir heç vaxt dəyərini itirməyəcək: "Şairin sənətkar qələmi bizim bir sıra tarixi qəhrəmanlarımızı müəyyən mənada diriltmiş, ümumxalq malı etmişdir. Təsadüfi deyil ki, analar uşaqlarına Vaqif, Eldar və Gülnar kimi adlar qoyurlar. Bunlar Vurğunun böyük ideallar uğrunda vuruşan mədəni, iradəli, fədakar xalq qəhrəmanlarıdır...

 

- Şair, hökmdarın hüzurundasan.

- Bunu sizsiz belə düşünürəm mən.

- Bəs baş əymədiniz?

- Əymədim, bəli.

- Əyilməz vicdanın böyük heykəli...

 

"Vaqif" tamaşasında şah ilə şairin qarşılaşdığı bu yerdə xalq gurultulu alqışlarla Vaqifə səs verir, artisti dayanmağa məcbur edir. Nə üçün? Çünki xalq Vaqifin simasında özünü görür. Çünki Vaqif yalnız öz sözünü deyil, salonda əyləşənlərin hər birinin ürəyindən qopan həqiqəti deyir..."


MƏSLƏHƏT GÖR:

579