14 Mart 2025

Cümə, 21:00

AZƏRBAYCANDA ÖZƏL ELEKTRİK STANSİYALARINA EHTİYAC VARMI?

Ölkənin 15 müvafiq qurumundan 14-ü bu suala müsbət cavab verir

Müəllif:

01.11.2008

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Koreya Elektroenergetika Korporasiyası (Korea Electric Power Corporation, KEPCO) arasında  2007-ci il sentyabrın 24-də imzalanmış Azərbaycanda özəl elektrik stansiyalarının tikintisinə dair ilkin müqavilənin (MoU) müddəti bu il iyunun 24-də bitsə də, o, daha 1 illiyə uzadılıb. Çünki KERSO ilə imzalanmış və Qaradağ rayonunun Ələt qəsəbəsində ilk özəl elektrostansiyanın tikintisini nəzərdə tutan razılaşma paketi Nazirlər Kabinetinə təqdim olunsa da, nəzərdə tutulmuş müddətdə müzakirə edilməyib. Sənədin müzakirəsinin ləngiməsi isə, təbii ki, prosesi ləngidib və iyunda tikintisinə başlanmalı olan 700 mvt gücündəki enerji obyektinin inşası qeyri-müəyyən vaxtadək uzadılıb. Bundan əlavə, belə bir fikir də yayılıb ki, dövlət 100 faizlik xarici kapital əsasında tikiləcək ilk özəl elektrik stansiyasının inşasından, ümumiyyətlə  imtina edib. 

 

Görünür, demonopolizasiya lazımdır

İlk baxışdan belə düşünmək olar ki, bu elə də böyük itki deyil. Axı bu gün Azərbaycanda elektrik enerjisi çatışmazlığı yoxdur. Hətta əksinə, ölkə bu sahədə etibarlı ixracatçıdır. Bundan başqa, gecələr elektrik enerjisinə təlabat azalır və ölkənin bu sahəyə məsul olan qurumu "Azərenerji" SC modul tipli elektrik-stansiyalarının işini dayandırır, Əli bayramlı və Mingəçevirdəki istilik elektrik stansiyalarında (İES) hasilatını azaldır. Başqa sözlə desək, elektrik enerji təchizatındakı lokal problemləri ölkədə 100 faiz xarici kapital hesabına tikilən stansiyalarsız da - ötürücü gücləri tədricən müasirləşdirməklə də həll etmək olar. Onsuz da hazırda ölkədə yeni stansiyaların tikintisi, həmçinin mövcud olan stansiyaların yenilənməsi prosesi gedir. Lakin KERSO tərəfindən təklif olunan layihə yalnız ölkənin enerji təminatının yaxşılaşdırılmasını nəzərdə tutmur.

Ondan başlayaq ki, gündəmdə çoxsaylı müəssisələrin fəaliyyətini, həmçinin bütünlükdə iqtisadiyyatın inkişafını təmin edən elektrik enerjisi sahəsinin inkişafı məsələsi dayanır. Azərbaycan iqtisadiyyatı yüksək templərlə inkişaf edir, hər il Ümumi Daxili Məhsulda özəl sektorun payı artır, yeni müəssisələr, kommersiya strukturları, ticarət, xidmət obyektləri və s. açılır. Bütün bunlar elektrik enerjisinə olan tələbatı bu və ya digər formada artırır (ekspertlərin bildirdiklərinə görə, hər il bu göstərici 7-8 punkt çoxalır).

İkinci məqam bir neçə il əvvəl dövlətin özünün təşəbbüslə çıxış etdiyi məsələ - dəyəri yüz milyonlarla dollar olan yeni enerji güclərinin tikintisidir. Bu işə sərf olunan vəsaitin böyük hissəsi - təxminən 80%-i xaricdən cəlb olunur. Göründüyü kimi, dövlət əvvəllər olduğu kimi, yenə də elektrik enerjisi sahəsində layihələrə böyük vəsait qoyur.

Üçüncüsü, bu gün ölkədə elektrik enerjisinin hasilatı ilə səhmləri dövlətə məxsus olan "Azərenerji" SC məşğul olur və hidroelektrik stansiyaları, İES-lər də daxil olmaqla, bütün elektrik stansiyaları onun ixtiyarındadır. Ölkənin elektrik enerjisi sahəsindəki qanunvericiliyə əsasən, elektrik enerjisinin hasilatı, onun nəqli və paylanması ilə özəl təşkilatlar da məşğul ola bilər. Lakin Bakı, Sumqayıt və Azərbaycanın şimal bölgələrində bu işin fərdi investorların əlində olması dövlətə müsbət heç nə gətirmədi. Bu gün isə söhbət ondan gedir ki, müstəqil Azərbaycanın tarixində özəl sektorun toxunmadığı yeganə sahə elektrik enerjisi hasilatıdır (yeni stansiyaların tikintisinə qoyulan vəsaitin bir hisəsinin xarici kapital olmasını nəzərə almasaq).

Rəyini soruşduğumuz ekspertlərin fikrincə, Azərbaycanda elektrik enerjisi sektorunun monopoliyadan çıxarılmasının vaxtı çoxdan yetişib və bu səbəbdən hökumətin ölkədə yeni elektrik stansiyalarının tikintisi ilə bağlı qərarına yalnız müsbət yanaşmaq mümkündür.

Daha bir məqam. 2010-cu ilə Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi 30 milyard kvt/saatı ötməlidir - inkişaf edən Azərbaycanın həmin dövr üçün illik tələbatı məhz bu qədər olacaq. Ölkədə elektrik enerjisi hasilatının əməliyyat xərcləri həddindən artıq yüksəkdir. Demək, ölkə daxilində xarici istehsalçılara imkan yaratmağın əsl zamanıdır.

Bununla yanaşı, bir çox ekspertlər hesab edirlər ki, xarici kapitaldan yalnız yeni stansiyaların tikintisində və mövcud olanların bərpasında yox, həm də çoxsaylı elektrik stansiyalarının özəlləşdirilməsində, yəni, onların səhmləşdirilməsində istifadə etmək mümkündür. Yeri gəlmişkən, KEPCO elektrik stansiyaları ilə yanaşı bölüşdürücü şəbəkənin, ilk növbədə bütünlükdə "Bakıelektrikşəbəkə" ASC-nin bərpası, həmçinin Azərbaycanda elektrotexnika avadanlıqlarının istehsalı ilə məşğul olacaq zavodun tikintisi ilə maraqlanır.

Məhz bu faktor - elektrik təchizatı sahəsində monopoliyanın aradan qaldırılması, elektrik enerjisinin istehsalı və reallaşdırılmasına rəqabətin yaradılması - yeni elektrik stansiyalarının tikintisində xaricilərə inamın yaranmasında əsas rol oynayıb. Axı məhz xüsusi elektrik enerjisi istehsalçılarının yaradılması qiymətlərdə optimal balansa, maya dəyərinə, tələb və təklifə səbəb olacaq.

 

Layihə baş tutacaq!

Bununla yanaşı, bütün söz-söhbətlərə baxmayaraq, oktyabrın əvvəlində məlum olub ki, layihənin ekspertizasını həyata keçirən 14 dövlət qurumunun əksəriyyəti ona müsbət yanaşır, cəmi 1-i bunun əleyhinədir. Başqa sözlə, dövlət əvvəlkitək yenə də yeni elektrik stansiyalarının tikintisini əcnəbilərin ixtiyarına verməyə hazırdır.

Ümumilikdə paketə 9 razılaşma, o cümlədən tikinti, idarəolunma, maliyyələşmə, Azərbaycan İnvestisiya Şirkətinin layihəsində iştirak və digər razılaşmalar daxildir.

Sənədin əsasını stansiyada elektrik enerjisinin istehsalı sxemini müəyyənləşdirən konversiya haqda razılaşma təşkil edir: Azərbaycan tərəfi (dövlət) stansiyaya təbii qaz verir və əvəzində ondan əldə edilən elektrik enerjisini əldə edir. Bununla yanaşı, investor və operator qazdan elektrik enerjisi alınmasına görə qazanc götürür. Sxemə əsasən, stansiyaya qazı "Azəriqaz" QSC verəcək, elektrik enerjisini isə dövlət mülkiyyəti olan "Bakıelektrikşəbəkə" ASC alacaq. 

Beləliklə, KEPCO stansiyanın investoru və operatoru olaraq, topdansatış və ya pərakəndəsatış bazarında elektrik enerjisi təchizatçısı kimi çıxış etməyəcək.

Eyni zamanda, dövlət stansiyaya su, qaz, magistrala çıxış infrastrukturlarının yaradılması, həmçinin stansiyadan elektrik enerjisinin ixracını öz üzərinə götürür. Operator isə stansiyanın idarəedilməsi ilə məşğul olacaq.

Stansiyanın birinci hissəsinin tikintisi 3 il vaxt aparacaq. Layihənin idarəedilməsi üçün isə 25 illik müddət nəzərdə tutulub. Şirkət stansiyanı ümumilikdə 818 meqavatt (mvt) gücündə, 57,27% faydalı iş əmsalı olan 2 qaz və 1 par turbini ilə təchiz etmək təklifi irəli sürüb. Hesablamalara görə, 1 kvt/saat elektrik enerjisinin istehsalına 0,185 kubmetr qaz istifadə olunacaq. Demək, 1 kubmetr qaz 5,4 kvt/saat elektrik enerjisi əldə etməyə imkan verəcək. 

Stansiyanın tam tikilməsi üçün investorlar 640 milyon manat və ya 523 milyon avro xərcləməyi təklif edir. Başqa sözlə, 1 kvt/saat elektrik enerjisinin istehsal edilməsinə 783 manat və ya 640 avro xərclənəcək. Əvvəllər isə 750 mvt elektrik enerjisinin 1 milyard dollara əldə olunması planlaşdırılırdı.

Koreya tərəfinin təklifinin öyrənilməsində BNP Paribas/Allen & Overy/MGB/Mott MacDonald konsorsimu da öz köməkliyini göstərib.

Sənədlər paketinin təsdiqlənməsindən sonra Nazirlər Kabineti konkret təşkilatlara onun imzalanması səlahiyyətini verəcək.

 

Gəlir gətirən investisiyalar

Qeyd edək ki, Azərbaycan hökuməti ölkədə ümumi gücü 2 min mvt olan 1 yox, 3 xüsusi stansiyanın tikintisini planlaşdırıb. Hazırda ikinci stansiyanın tikintisini həyata keçirəcək təşkilatın müəyyənləşdirilməsi üçün hazırlıq işləri görülür. Bu stansiyanın inşası üçün İqtisadi İnkişaf Nazirliyi konsultantlardan təkliflərin qəbulu müsabiqəsini elan edib. Onlar layihə ilə bağlı texniki xüsusiyyətləri hazırlamalı, tender təkliflərini irəli sürməli, razılaşmanın layihəsini hazırlamalı, həmçinin maliyyə təkliflərinin qiymətləndirilməsində dəstək göstərməlidirlər. 

İkinci stansiyanın tikintisinə iddia edənlər isə International Power, Sumitomo Corporation, AES və Hanwa şirkətləridir. Qeyd edək ki, o, Gəncədə və ya Sumqayıtda yerləşəcək və 350 və ya 700 mvt gücündə olacaq. Şərt kimi stansiyanın həm qazla, həm də mazutla işləyə bilməsi göstərilib. Qeyd edək ki, onun inşası üçün podratçının seçilməsi üçün tender məqsədi ilə konsultantın seçilməsi prosesi artıq başa çatıb. Hazırda podratçı ilə münasibətlərin leqallaşdırılması, müqavilənin imzalanması və iş proqramının müəyyənləşdirilməsi prosesi başa çatdırılır. Sazişin detalları isə yalnız müqavilənin imzalanmasından sonra açıqlanacaq. Qeyd edək ki, müqaviləyə 3 təşkilat iddia edirdi - BNP Paribas/Allen & Overy/MGB/Mott MacDonald, Latham & Watkins/Taylor-DeJongh Inc./Jacobs Consultancy, həmçinin Societe Generale/PB Power/OMNI/LeBoeuf, Lamb, Greene & MacRae.

Konsultasiyalar elektrik stansiyasının tikintisini nəzərdə tutan layihənin texniki, maliyyə və hüquqi aspektlərinə, həmçinin tender xüsusiyyətlərinin hazırlanmasına, razılaşma layihəsi və onların potensial investorlarla razılaşdırılmasına həsr ediləcək. Konsultantla müqavilənin imzalanması və stansiyanın tikintisi ilə bağlı razılaşmanın əldə edilməsinə 10-15 ay vaxt lazım gələcək.

Adının çəkilməsini istəməyən yerli ekspertlərdən biri "R+"a bildirib ki, "elektrik enerjisi istehsalına yatırılacaq investisiyalar artıq gəlir gətirəcək". "2007-ci ilin yanvarında Azərbaycanın Tarif Şurasının enerji daşıyıcılarının qiymətinin artırılması ilə bağlı qərarı da burada ciddi rol oynayıb. Artıq elektrik enerjisinin kommersiya istehsalı gəlirli sahəyə çevrilib. Bizə gələcəkdə İES-lərin tikintisinin elektrik enerjisi istehsalçıları arasında rəqabət yaradacağına ümid etmək qalır", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda birinci xüsusi elektrik stansiyasının 10 faizlik xarici investisiya hesabına tikilməsini nəzərdə tutan layihənin reallaşması digər investorlarla da anoloji razılaşmaların əldə edilməsinə rəvac verməlidir. Bu, dövlətin maraqlarına tamamilə uyğundur. Çünki dövlət elektrik enerjisi sahəsini dünya iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, yəni, bu sahəni dövlət subsidiyalarından azad etmək niyyətindədir.


MƏSLƏHƏT GÖR:

323