14 Mart 2025

Cümə, 21:00

VƏDLƏRİNƏ ƏMƏL EDƏN LİDERİN ANDI

Azərbaycan prezidenti İlham Əliyev ölkənin gələcək tarixinin ölçülərini dəqiq müəyyənləşdirdi

Müəllif:

01.11.2008

Prezidentin inauqurasiyası həmişə ölkənin həyatında mühüm hadisə, bir növ, ümidlədolu bayrama çevrilir. Və səslənən direktivlərin, xalq qarşısında söylənən andın reallığa çevrilməsi bu bayramı daha da möhtəşəm edir.  

Bu baxımdan, İlham Əliyev 2003-cü ildə səsləndirdiyi vədlərin hamısına əməl etdiyindən, bu dəfə də andiçmə mərasimi, beş il əvvəlki kimi əzəmətli alındı. 

2003-cü ildə xalq qarşısında yüksək peşəkar hazırlığa malik, idarəçiliyin incəliklərini bilən və ümummilli lider Heydər Əliyevin kursunu uğurla davam etdirmək əzmində olan gənc lider and içirdi. 2008-ci il oktyabrın 24-də isə bu and artıq dünya birliyinə inteqrasiya edən qüdrətli dövlət yaratmaq əzmində olan güclü islahatçı liderin dilindən səsləndi.

Adətən, prezidentlər ikinci müddətə seçilərkən ilk seçkidəkindən daha az səs toplayırlar. Çünki ilk seçkini, hətta populist bəyanatlar hesabına da qazanmaq mümkündür. Amma ikinci dəfə seçici artıq prezidentin ilk hakimiyyəti dövründə əldə etdiyi real nəticələri qiymətləndirir. Və bu dəfə İ.Əliyevin 5 il əvvəlkindən də çox seçicinin səsini qazanması çox şeydən xəbər verir.

 

Lider iri planda 

Bu gün istər yerli, istərsə də xarici ekspert və politoloqların dünyanın müxtəlif KİV-də dərc olunan rəylərini ümumiləşdirsək, belə bir mənzərə alınır - Azərbaycanda hakimiyyət çoxvektorlu xarici siyasət yeridən, real xarici siyasi qüvvələr arasında balansı qoruyub-saxlamağı bacaran güclü prezidentin əlindədir.

Bir məsələ də önəmlidir: əgər 2003-cü ildə İ.Əliyevi dəstəkləyən seçici davamlı inkişafa ümid edərək səs verirdisə, 2008-ci ildə seçicilərin 88,7%-i artıq özlərinin sülh və sabitliyin təmin olunduğu gələcəklərinə əmin olaraq səs verdi.

Məhz buna görə, öz gələcəyinə əmin olmayan bir sıra MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda seçkilər sakit şəraitdə - tele və radiostansiyalar qapadılmadan, mitinq və yürüşlər dağıdılmadan, öz xalqına qarşı silah tətbiq olunmadan keçdi. Və ölkədə demokratiyanın real səviyyəsinə obyektiv qiymət vermək üçün bu çox vacib amildir.

Əgər 5 il əvvəl ölkədə yoxsulluğun səviyyəsi 49% idisə, əhalinin əhval-ruhiyyəsində müxtəliflik, cəmiyyət arasında təbəqələşmə hiss olunurdusa, 2008-ci ildə  yoxsulluğun 16%-ə endiyi cəmiyyətdə liderin mövqeyi ilə bir sinxronluq duyulur. 

İlham Əliyevin özünün dediyi kimi, "Bu, Azərbaycanda dinamik inkişaf edən ölkələrə xas təbəqələşmənin olmadığının göstəricisidir. Əksinə, Azərbaycanda orta təbəqə formalaşır. Biz sürətli iqtisadi artım şəraitində yaşayırıq və 4 il ərzində bu baxımdan, dünya miqyasında liderik". 

Həqiqətən də, ötən 5 il ərzində cəmiyyətdə əhval-ruhiyyə köklü şəkildə dəyişib, insanlar öz vətənləri ilə fəxr etməyə başlayıblar. 

İnauqurasiya günü İ.Əliyev öz ölkəsinin gələcək tarixini tam təsvir etdi. Bu, çiçəklənən Azərbaycandır. Bu, ərazi bütövlüyüdür. Bu, sosial-siyasi və iqtisadi həyatın bütün sahələrinin islah olunmasıdır. Bu, demokratik inkişaf və modernləşmə, hər bir vətəndaşın hüquqlarının qorunmasıdır. Azərbaycan qüdrətli dövlətdir - prezidentin andiçmə mərasimindəki çıxışının əsas leytmotivini bu təşkil edirdi. 

Prezidentin çıxışında səslənən fikirlərin arqumentlərlə əsaslandırılması onun çəkisini daha da artırırdı. Biz dövlət başçısının son 5 ildə əldə olunmuş uğurlar haqda fikirlərini nəzərdə tuturuq. Bu uğurların miqyasını daha dərindən anlamaq üçün bir daha xatırladaq - bu, cəmi 5 ilə əldə olunanlardır! 

Prezident çox sadə, eyni zamanda əzəmətli çıxış etdi. O, haqlı olaraq vurğuladı ki, "Bütün nailiyyətləri sadalamaq üçün bir neçə saat vaxt lazımdır". Və bütün bunlara görə o, xalq qarşısında iftixar və sevincini gizlətmirdi: "Həyata keçirilən işlərin nəticələrini görmək çox böyük xoşbəxtlikdir. Xatırlayıram, 2003-cü ildə, hələ prezident seçkiləri ərəfəsində çıxışlarımın birində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, söz verirəm ki, növbəti beş ildə Azərbaycanda 600 min yeni iş yeri açılacaq. Böyük qürur hissi ilə deyə bilərəm ki, son beş ildə Azərbaycanda 741 min yeni iş yeri açılıb ki, onlardan da 531 mini daimi iş yerləridir". Necə deyilmişdisə, elə də edildi. Özü də artıqlaması ilə!

Andiçmə mərasimi - liderin həmişə geniş planda göstərilməsidir. Burada hər şey göz qabağında olur. Və bu plan perspektivli, nəhəng layihələri reallaşdıran, müasir və bacarıqlı Azərbaycan liderini bütün dünyaya nümayiş etdirdi. Necə deyərlər, bacarıqlı dövlət başçısı öz gücünü sakit şəkildə və qalibə xas ritorika ilə nümayiş etdirməlidir. 

 "Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olmalıdır və daxil olacaq. Çünki bunu etmək üçün bizim bütün imkanlarımız var: istedadlı insanlar, çox açıq-aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, bizim coğrafi vəziyyətimiz", - deyə dövlət başçısı vurğulayıb. 

 

Demokratik proseslər və müasirləşdirmə 

Azərbaycan müasirləşir və bu  yalnız infrastruktur layihələri və ya iqtisadi artımla ölçülmür. Biz getdikcə artan demokratik prosesləri yaşayırıq. Dövlətin qeyri-hökumət təşkilatlarına göstərdiyi maliyyə yardımı cəmiyyətdən gələn müxtəlif təşəbbüslərə verilən dəstəkdir. 

KİV-in inkişafına dövlət yardımı konsepsiyası ictimai həyatın müxtəlif sahələrində yeniliklər, fikir plüralizmi, söz azadlığının təminatını nəzərdə tutur. Axı 5 min manat həcmində dövlət yardımı yalnız hökumət və müstəqil mətbuata yox, müxalifət KİV-nə də şamil olunur.

Bizim siyasi sistemimiz mükəmməlləşir və bu zaman əsas kimi demokratik dəyərlər götürülür. Keçirilmiş prezident seçkiləri də bunu bir daha sübut etdi. Beynəlxalq müşahidəçilərin ümumi rəyi yekdil oldu: keçirilmiş seçkilər seçki sistemi və demokratik prosesin inkişafı istiqamətində irəliyə doğru mühüm addımdır. Bununla yanaşı, siyasi plüralizm və demokratik institutların möhkəmləndirilməsi istiqamətində səylər davam etdirilməlidir. Bununla bağlı İ.Əliyev öz mövqeyini açıq şəkildə bildirib: "2000-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına qəbul olunması dövlət quruculuğunun Avropa prinsiplərinə keçidi istiqamətində ilk addım oldu. Bu bizim qarşımıza yeni prioritet məqsədlər qoyur. Azərbaycanda siyasi sistem təkmilləşməlidir, bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübə Azərbaycanda tətbiq olunmalıdır".

Bununla yanaşı, prezident xüsusi olaraq qeyd edib ki, "Bizə sərf edən, bizim üçün məqbul olan, Azərbaycan xalqına yad olmayan müsbət təcrübə Azərbaycanda tətbiq olunmalıdır".

Doğrudan da, hər bir xalqın dünyagörüşünü onun öz yolu, öz prioritetləri, dünya birliyindəki mövqeyi formalaşdırır. 

Təsadüfi deyil ki, dövlət başçısının çıxışında ilk dəfə olaraq cəmiyyətin inkişafı üçün əsas prinsip kimi azərbaycançılıq fəlsəfəsi göstərildi: "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri".

 

Regional liderlik və enerji təhlükəsizliyi

Bu kontekstdə bir məsələyə xüsusi önəm vermək lazımdır. 2003-cü ildə prezident seçildikdən sonra İlham Əliyev cəmiyyətin bütün sahələrində modernləşdirmə siyasəti elan edərkən, buna məhz regional liderlik prizmasından yanaşırdı. Özü də liderlik son məqsəd deyildi. Əsas məqsəd regional təhlükəsizliyin möhkəmlənməsi, ölkənin və Cənubi Qafqaz xalqlarının rifahının davamlı inkişafı, Avropa üçün aktual olan, ilk növbədə, enerji təhlükəsizliyi məsələlərinin həllinə nail olmaq idi. 

Bu dövr ərzində beynəlxalq səviyyəli məsələlərin həlli istiqamətində böyük nailiyyətlər əldə olunub, fövqəldövlətlərlə münasibətlər strateji tərəfdaşlığın yeni pilləsinə qalxıb. Bizim ölkəmiz strateji məsələlərin həllində öz ardıcıl müstəqil və prinsipial mövqeyini ortaya qoyur. Xarici siyasətə gəldikdə, Azərbaycan bundan sonra da təhlükəsizliyin qorunması və Azərbaycanın regiondakı liderlik mövqelərinin möhkəmlənməsinə yönəlmiş ölçülüb-biçilmiş, eyni zamanda, təşəbbüskar siyasətini davam etdirəcək. Çoxillik təcrübə göstərir ki, Azərbaycan regionda həqiqi mənada sabitləşdirici rol oynayan yeganə dövlətdir. Və istisnasız olaraq bütün regional və beynəlxalq oyunçular - Rusiya da, ABŞ da, Avropa İttifaqı da, Türkiyə də, hətta İranla İsrail də Azərbaycanın bu rolunu alqışlayır. Cənubi Qafqazda maraqlar baxımından bir-biri ilə rəqabət aparan bütün bu ölkələr üçün regionda təhlükəsizlik və əməkdaşlıq, həmçinin proqnozlaşdırıla biləcək situasiyanın yaradılması baxımından Bakının pozitivlik gətirən siyasəti vacib faktor sayılır. 

İ.Əliyevin qeyd etdiyi kimi, "enerji siyasətimiz bizə iqtisadi müstəqillik verdi, bizə imkan verdi ki, infrastruktur layihələrini uğurla icra edək. Bizə arxayınlıq verdi"

Son 5 il ərzində Azərbaycan qaz idxalçısından mavi yanacaq ixracatçısına çevrildi. Keçilmiş yolu xatırlayan prezident vurğuladı ki, bir vaxtlar "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum", "Bakı-Tbilisi-Qars" kimi layihələr yalnız kağız üzərində olan niyyət idi. Bəzi skeptiklər isə onları mifik layihələr adlandırırdı. Amma bu gün mif reallığa çevrildi: "Kim bunu edib? Biz etmişik! Bu layihələr Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin edəcək. Bu gün biz neft ixracının şaxələndirilməsini təmin etmişik. Azərbaycanın 7 neft və qaz kəməri var. Onların hamısı işlək vəziyyətdədir və bu kəmərlər vasitəsilə təbii resurslarımızı istənilən isiqamətə ixrac etmək mümkündür. Bu gün neft sahəsində çalışan şirkətlər qarşısına konkret məqsədlər qoyulub - həm ölkə daxilində, həm də xaricdə yeni investisiya layihələrinin reallaşdırılması, perspektivli beynəlxalq layihələrdə  investor qismində iştirak etmək".

Prezident vurğulayıb ki, son beş ildə ölkədə 4 beynəlxalq hava limanı istismara verilib, 8 elektrik stansiyası tikilib, minlərlə kilometr yol salınıb, qazlaşdırma prosesi uğurla gedib: "Əgər 2003-cü ildə Azərbaycanda qazlaşdırma 62 faiz idisə, bu gün 85 faizdir. Su kəmərləri çəkilir. Bütün bu infrastruktur layihələri Azərbaycanı gücləndirir, insanların yaşayış səviyyəsinin qalxması, yoxsulluq içində yaşayanların vəziyyətinin yaxşılaşmasına yönəlib". 

 

İqtisadi nailiyyətlər 

Azərbaycanda siyasi və iqtisadi layihələr paralel şəkildə, bir-birini tamamlayaraq həyata keçirilir. Andiçmə mərasimində bir neçə dəfə diqqəti bu məqama yönəldən dövlət başçısının fikrincə, məhz bu əlaqə sayəsində bu cür nəticələr əldə edilib. İ.Əliyev həm demokratiyanın səviyyəsi, həm də iqtisadi baxımdan inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə olunduğunu da vurğulayıb. 

Konkret desək, iqtisadiyyatda nəhəng iqtisadi proqramların reallaşdırılması mexanizmləri hazırlanıb. Son dörd il ərzində Azərbaycan Ümumdaxili məhsulun artım tepminə görə dünyada liderdir. Bu, beynəlxalq miqyasda görünməmiş böyük nailiyyətdir. 2008-ci ilin yekunlarına görə, ölkədə adambaşına düşən ÜDM təxminən 6 min ABŞ dolları təşkil edir. Bununla yanaşı,  sənaye istehsalı da 2,7 dəfə artıb. Dövlət büdcəsi 10 dəfədən artıq artaraq 1,2 milyard dollardan 15 milyard dollara çatıb. Valyuta ehtiyatları da çoxalıb - 1,6 milyard dollardan 17 milyard dollara qədər.

Ölkənin reytinq göstəriciləri də yaxşılaşıb. 2008-ci ilin avqustunda "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada reytinqlərini stabildən müsbətə artırıb. Reytinqin artırılması dövlət borcunun aşağı olması, orta və uzunmüddətli büdcə gözləntiləri və xarici perspektivlərlə bağlıdır.

Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər beynəlxalq maliyyə strukturlarının da nəzərindən qaçmayıb. Ötən il Dövlət Neft Fondu şəffaflığın təmin olunmasına görə BMT-nin xüsusi mükafatı ilə təltif edilib. Yəni, xalq neft vəsaitindən gələn gəlir və xərclər haqda məlumatlandırılır. Ümumdünya Bankının 2008-ci il üçün hazırladığı hesabatda isə Azərbaycan dünyada bir nömrəli islahatçı dövlət kimi tanınıb. Özü də ən dəqqitəlayiq məqam odur ki, söbət biznesin inkişafı və iqtisadiyyatın liberallaşdırılması üçün şərait yaradılan qeyri-neft sektorundakı islahatlardan gedir.

 

Qeyri-neft sektoru 

Prezident iftixarla bəyan etdi ki, bu sektorun əsas nailiyyəti - diversifikasiya olunmuş iqtisadiyyatın yaradılmasıdır.  "Biz özümüzü əsas ərzaq məhsulları ilə təmin edirik və Azərbaycanda istehsal olunan emal məhsulları başqa ölkələrə ixrac edilir. Onların bir çoxu beynəlxalq, Avropa sertifikatı alıb. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı yalnız enerji resurslarından asılı olmayacaq. Bölgələrdə gedən quruculuq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodlar, fabriklərin açılması - bütün bunlar görülən işlərin praktik nəticələridir", - deyə İ.Əliyev bildirib.

İctimaiyyətə müraciət edən prezident daha bir təkzibolunmaz arqument səsləndirib: "Bizim rayonlarımızın iqtisadi göstəricilərinə baxın: son beş il ərzində əksər rayonlarda iqtisadi artım 2 dəfədən çox olub. Bəzi rayonlarda ümumi daxili məhsul 2,5 dəfə, 2,7 dəfə, 3 dəfə artıb. Bizim rayonlarda neft hasilatı yoxdur. Yəni nəyin hesabına artıb? Bax, yaradılan iş yerləri hesabına, qoyulan investisiyalar hesabına, açılan zavodlar, fabriklər hesabına. Bu gün Azərbaycanda işləmək istəyən iş tapa bilər".

Dövlət başçısı onu da vurğulayıb ki, hər il sahibkarlığın inkişafına böyük məbləğdə vəsaitin ayrılması, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən ayrılan subsidiyalar, alınan texnikalar və bütövlükdə prezident tərəfindən sahibkarlara verilən mənəvi-siyasi dəstək qeyri-neft sektorunun inkişafında çox böyük dönüş yaradıb.

Qeyd edək ki, bundan sonra da yeni dövlət proqramı çərçivəsində bu sektorun inkişafı, iqtisadiyyatın infrastruktur modernləşdirilməsi, ümumilikdə regionların dinamik sosial-iqtisadi inkişafı gözlənilir. Həmçinin, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı sahəsində ekspert istehsalatlarının yaradılması da prioritet sayılacaq.

Təbii ki, dünyadakı qlobal maliyyə böhranı ilə bağlı müəyyən korrektivlər qaçılmazdır. Odur ki, bununla əlaqədar makroiqtisadi sabitlik və inflyasiyanın həcminin azaldılmasına xüsusi diqqət yetiriləcək.

 

Münbit sərmayə mühiti

Son 5 ildə ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 44 milyard dollar təşkil edir. Bu, bütün müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına yatırılan sərmayənin 77%-dir.  Təbii ki, bu, ölkədə yaradılmış əlverişli investisiya mühitinin göstəricisidir. Həmçinin, investisiyaların (özü də, yalnız dövlət hesabına yox) həcmi də artmaqdadır. İldən-ilə sərmayə qoyan özəl şirkətlərin sayı artır. Bu da Azərbaycanda güclü sahibkar sinfinin formalaşdığını sübut edən arqumentlərdən biridir. 

Növbəti 5 il ərzində qarşıda duran əsas prioritetlərdən biri, prezidentin hələ 2003-cü ildə elan etdiyi hərbi-sənaye kompleksinin və müdafiə qabiliyyətinin möhkəmlənməsidir. Şübhəsiz, Azərbaycanın hərbi potensialı artıb, kadr heyətinin hazırlığı və peşəkarlığı yüksəlib, maddi-texniki baza yeniləşdirilib.

Azərbaycanın Ali Baş Komandanı tez-tez regionlardakı hərbi hissələrə baş çəkir, onların döyüş qabiliyyətini şəxsən yoxlayır. Əgər 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 1 mlrd 850 milyon dollara çatıb.

 

Dağlıq Qarabağ problemi

Dövlət başçısının bu məsələdə mövqeyi aydın və dəyişməzdir - Azərbaycanın suverenlik, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı danışıqlar predmeti ola bilməz. Söhbət Dağlıq Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsindən gedir. Prezident öz inauqurasiya çıxışında da bunu bir daha təsdiqləyərək bəyan edib ki, bu mövqe nə 10, nə də 50 ildən sonra dəyişəcək. O, qeyd edib ki, həm iqtisadi və siyasi üstünlük, həm tarixi ədalət, həm də beynəlxalq təşkilatların dəstəyi Azərbaycanın tərəfindədir. 

Ümumiyyətlə, bu gün regionda, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində unikal vəziyyət yaranıb. Azərbaycanın iqtisadi və hərbi potensialının və siyasi nüfuzunun artımı, Türkiyə diplomatiyasının regionda aktivləşməsi, Moskvanın konstruktiv yanaşması (məsələn, Rusiya XİN başçısının bu yaxınlarda "Rossiyskaya qazeta"ya müsahibəsində səsləndirdiyi "Ermənistanın ətraf dünya ilə münasibətlərdə ciddi problemlərlə üzləşməsi" və "sərhədlərin açılmasının erməni xalqının maraqlarına cavab verməsi" barədə fikirləri) - bütün bu faktorlar nizamlama prosesində real irəliləyişə nail olmaq üçün əlverişli şərait yaradır. 

 

Qaçqınlar problemi 

Bu problemin həlli prezidentin 2003-cü əldi seçkiqabağı vədlərində də yer almışdı. O zaman İ.Əliyev söz vermişdi ki, 5 ildən sonra Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. O zaman müxalifət bu məsələyə də qərəzlə yanaşaraq, bunu "fantastik layihə" adlandırdı. Amma ölkə ərazisindəki 12 çadır-şəhərciyinin ləğvi üçün heç 5 il də gözləmək lazım gəlmədi: bu layihə cəmi 4 ilə reallaşdı. Onların əvəzinə isə müasir binalar, evlər, məktəblər, tibb müəssisələri tikildi. 36 yeni qəsəbə salındı, erməni işğalından əziyyət çəkən on minlərlə soydaşımız yeni evlərə köçdü. 2004-cü ildə qəbul olunmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına dair Dövlət Proqramı uğurla reallaşdırılır. 2007-ci ildə bu proqrama qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daha effektiv mexanizmləri nəzərdə  tutan əlavələr edildi.

 

Sosial məsələlər. Təhsil. Səhiyyə. İdman 

Şübhəsiz, dövlət başçısı və hökumət bundan sonra da sosial sahə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, təhsil və tibbi xidmətlərin səviyyəsinin artırılması və s. məsələlərə xüsusi diqqət yetirəcək. Dünya təcrübəsinə və xarici ölkələrin yeni tarixinə müraciət edən İ.Əliyev vurğulayıb ki, "çox vaxt köklü islahatlar müvəqqəti olaraq insanların yaşayış səviyyəsini endirir. Azərbaycanda isə biz bunun əksini görürük. Biz köklü iqtisadi islahatlar aparmaqla bərabər, sosial məsələlərin həllində böyük işlər görmüşük. Son beş ildə minimum pensiyanın məbləği 4 dəfə artıb, minimum əmək haqqı 8 dəfə, orta əmək haqqı 3,6 dəfə artıb. Bu gün dövlətdən birbaşa ünvanlı sosial yardım alan insanların sayı 600 minə çatıb".

Təbii ki, hər bir vətəndaş dövlət başçısının inauqurasiya çıxışında özü üçün maraqlı olan hansısa nüansı xüsusi ilə yadında saxlayır. Bəziləri üçün iqtisadi perspektivlər, digərləri üçün sosial rifah, üçüncülər üçün regional inkişaf və s. daha çox maraq kəsb edir. Amma heç şübhəsiz, İ.Əliyevin 2003-cü ildə andiçmə mərasimindəki çıxışını dinləyən hər bir şəxsin yaddaşına daha çox həkk olunan şüar "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" şüarı idi. Və həqiqətən də, bu gün rəqəmlər və faktlar sübut edir ki, hər bir şəxsin həyatında irəliləyiş, ümumilikdə xalqın rifahında yüksəliş var. 2008-ci ilin inauqurasiyasında dövlət başçısı bəyan edib ki, "insanların yaşayış səviyyəsinin qalxması, yoxsulluq içində yaşayanların vəziyyətinin yaxşılaşması mənim üçün daha böyük əhəmiyyət kəsb edir".

Və seçkilərin nəticələri göstərdi ki, bu kateqoriyaya aid olan vətəndaşlar da seçkilərdə inamla İ.Əliyevə səs verdilər. Çünki onlar da əmindirlər ki, tezliklə ölkədə yoxsulluq problemi birdəfəlik aradan qalxacaq.

İlham Əliyev təhsil, səhiyyə sisteminin təkmilləşdirilməsi, idman hərəkatının inkişafına ölkə genofondunun möhkəmlənməsi proyeksiyasından baxır. Bu gün Azərbaycanda mövcud olan 4500 məktəbin 1600-ü son beş ildə tikilib! Onların hər biri kompyuterlə təchiz edilib, internetə qoşulub. Əgər 5 il əvvəl hər 1000 şagirdə cəmi 1 kompyuter düşürdüsə, bu gün artıq 29 şagirdə 1 kompyuter var. Bu isə bizim gələcəyimiz deməkdir. 

Təbii ki, gənclər üçün də dövlət başçısının proqram məzmunlu fikirləri çox önəmlidir: "Bizim gənc nəslimiz bilikli, savadlı olmalıdır, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir. Azərbaycanın gələcəyi üçün hazırlıqlı, peşəkar, vətəni sevən, vətənə bağlı olan kadrların hazırlanması bizim üçün prioritet məsələdir".

Qenofonda qayğı - bu, ilk növbədə, səhiyyənin səviyyəsinə qayğı deməkdir. Son 5 ildə yalnız Bakıda yox, regionlarda da 240-dan çox tibb müəssisəsi yaradılıb, onların böyük əksəriyyəti ən yüksək dünya standartlarına cavab verir. 

Tikilmiş və tikilməkdə olan onlarla olimpiya kompleksi üçün həm regionların inkişafına, həm də Azərbaycan gənclərinin olimpiya hərəkatına cəlb olunmasına kömək edir. Bu da Azərbaycanın idmançı gənclərinin dünya səviyyəsində tanınması və qəbul olunmasına aparan yoldur.

Prezidentin inauqurasiya çıxışında sadalanan uğurlar 2003-cü ildə vəd kimi səslənən və 2008-ci ildə reallığa çevrilən nailiyyətlərdir. Sosial rifah haqda arzuların reallığa çevrilməsi Azərbaycan vətəndaşlarına bir daha sübut etdi ki, onların prezidentləri öz sözünün sahibidir. Və son seçkilərdə, az qala, bütün xalqın İlham Əliyevə verdiyi dəstək də məhz bunun nəticəsidir.


MƏSLƏHƏT GÖR:

495