14 Mart 2025

Cümə, 21:49

DÜYÜNÜN AÇILMA EHTİMALI

Müəllif:

01.11.2008

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 2-də Moskvada görüşəcəklərinə dair məlumat açıqlanan zaman jurnalımız çapa hazırlanırdı. Danışıqların nə ilə nəticələnəcəyini söyləmək çətin idi. Yalnız bir məsələ aydın idi ki, Rusiya prezidenti Dmitri Medvedev boş yerə bu təşəbbüslə çıxış etməyib. 

Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi fəallığın müşahidə edilməsi səbəbsiz deyil. Gürcüstan ətrafında baş vermiş son hadisələrdən sonra Qafqazda daha bir potensial münaqişə mənbəyini diqqətdən kənarda qoymaq olmazdı. Əks halda hamı ziyan çəkərdi: həm region ölkələr, həm də bu bölgədə təsir imkanlarını itirmək istəməyən fövqəldövlətlər.

Hadisələrin inkişafı göstərir ki, Qafqazda yeni müharibəyə imkan verməmək təşəbbüsünü Rusiya öz üzərinə götürüb. Lakin bu, münaqişənin həlli üzrə beynəlxalq vasitəçilik formatının dəyişməsi demək deyil. Bütün proses ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdikləri ATƏT-in Minsk Qrupu çərçivəsində gedir. 

Yeri gəlmişkən, Ermənistan və Azərbaycan dövlət başçıları arasında Rusiya prezidentinin də iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ideyasını ABŞ da dəstəkləyib. Odur ki, Gürcüstan hadisələri nəticəsində Rusiya ilə Amerikanın münasibətlərində yaranmış soyuqluğun Dağlıq Qarabağ münaqişəsindəki vasitəçiliyə mənfi təsir göstərdiyini söyləmək olmaz.

Bəs dəyişən nədir və müşahidə olunan böyük fəallıqdan ciddi irəliləyiş gözləmək olarmı? Məsələ ondadır ki, Rusiya ilə Gürcüstan arasında silahlı münaqişədən sonra, Cənubi Qafqazda ağırlaşan geosiyasi situasiya Ermənistan-Azərbaycan münaqişəsinin həllinə cəlb edilən tərəfləri reallığı anlamağa məcbur edib.

Birincisi, Moskva anlayıb ki, Qafqazdakı təsir imkanını saxlamaq üçün ona zəif Ermənistanın timsalında forpost yox, güclü tərəfdaş lazımdır. Regionda ən güclü dövlət isə Azərbaycandır.

İkincisi, Gürcüstanla beşgünlük müharibə Ermənistanın Rusiya ilə son yerüstü əlaqəsini də kəsib. Və belə görünür ki, bu hələ uzun müddət belə qalacaq. Odur ki, Rusiya onsuz da ağır durumda olan forpostunun təcrid olunmuş vəziyyətdə qalmasına imkan verə bilməz. Məhz bu məqamda da Azərbaycana böyük ehtiyac yaranır. Bakını isə Dağlıq Qarabağ münaqişəsini həll etmədən razı salmaq, xüsusilə də Ermənistanla tərəfdaşlığa sövq etmək mümkün deyil. 

Bakının strateji müttəfiqi olan Türkiyənin Ermənistanla sərhədlərini açıb-açmayacağı da bu məsələdən asılıdır. Bu vəziyyəti nəzərə alan Rusiya münaqişənin həllinə nail olmaq üçün bütün imkanlarını işə salıb. Moskvanın Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünə dəstək verməsi də, D.Medvedevin Ermənistan və Azərbaycan prezidentləri ilə üçtərəfli görüş keçirilməsi təklifi də bundan irəli gəlir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aşağıdakı açıqlamasını da təsadüf saymaq olmaz: "Bu situasiyanın aradan mümkün qədər tez qaldırılması erməni xalqının marağındadır". "Dağlıq Qarabağ münaqişəsinin həlli fakta çevrilən kimi Türkiyə Ermənistana xariclə normal əlaqələr qurmaqda yardım edəcək", - deyə Lavrov "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.

Obyektiv məntiqə əsaslansaq, Ermənistanın çıxış yolu həqiqətən çox deyil və onlardan ən optimalı işğal edilmiş torpaqların boşaldılması və Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da buna açıq şəkildə eyham vurub: "Mən sadəcə vitse-prezidentimiz Dik Çeyninin fikrini təkrarlaya bilərəm: biz Dağlıq Qarabağ münaqişəsinin birgə razılaşdırılmış həllini axtarırıq. Burada Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlamaqla, birgə şəkildə razılaşdırılmış əlavə prinsiplər də nəzərə alınmalıdır".

Bütün bunların fonunda Ermənistan mətbuatında və siyasi dairələrində "Qarabağı verirlər", "Rusiya və ABŞ Azərbaycanı məftun etməyə çalışırlar" və digər bu kimi bəyanatların yer alması və ajiotajın yaranması təəccüblü deyil. Lakin ermənilərin nə demələrindən asılı olmayaraq, vasitəçilər əhvalları və gözləntilərini açıq şəkildə ortaya qoyurlar. "Üç vasitəçidən biri kimi, biz belə hiss edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə realdır. Təbii ki, onu Ermənistan və Azərbaycan birbaşa razılaşma əsasında həll etməlidir. Lakin vasitəçilər - bu prosesin bütün incəlikləri və həssaslığını bilən Rusiya, ABŞ və Fransa problemin həllinin mümkün olduğunu görürlər", - deyə Sergey Lavrov qeyd edib: "Hazırda razılaşdırılmamış 2-3 məsələ qalır ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlərində onlar həll edilməlidir".


MƏSLƏHƏT GÖR:

370