Müəllif: Aydan MANAFOVA Bakı
Bəlkə də, insanı tər göyərti qədər sağlamlaşdıran, ruhlandıran heç nə yoxdur: o, masaya gələn zaman gözlərdə sevinc yaşanır, istənilən xörəyə cazibədarlıq qazandırır. Azərbaycanda tər göyərti ilin həm soyuq, həm də isti vaxtında olur. Lakin orqanizm ona ən çox yazda ehtiyac duyur - bu dövrdə avitaminoz qaçılmaz olur. Bununla yanaşı, göyərti öz yaşıl görkəmi ilə, sanki, təbiətin oyanışına dəm tutur, hətta göyərti həvəskarı olmayan şəxslərdə də ona həvəs yaranır. Amma göyərtinin vitaminlərlə zəngin olduğu heç kəsdə şübhə doğurmur. İstənilən xörəyi cəfərisiz, şüyüdsüz və ya keşnişsiz hazırlamaq mümkündür - o, yenə də dadlı olacaq və heç kəs ac qalmayacaq. Lakin göyərti sadəcə ədviyyat deyil: onun orqanizmə faydası ətin, balığın, çörəyin, hətta meyvə və tərəvəzin xeyrindən də çoxdur.
Cəfəri
Bu bitkinin vətəni Aralıq dənizi ölkələridir. Lakin Azərbaycanın iqlimi onu bütün il boyunca yetişdirmək üçün çox əlverişlidir. Bizim üçün bu qədər ənənəvi olan cəfərinin tərkibində C vitamini limonda olduğundan 4 dəfə artıqdır. Halbuki bu sitrus meyvəsi C vitamini ilə ən zəngin bitkilərdən sayılır. Cəfərinin tərkibində beta-karotin, A, E, həmçinin B qrupu vitaminləri; selen mineralları, ftor, dəmir, sink, kalium, fosfor, maqnezium, kalsium; terpenlər, qlikozidlər, flavonoidlər və inulin - bizi bir çox xəstəliklərdən qoruyan, o cümlədən xərçəngin inkişafını əngəlləyən son dərəcə təbii polisaxarid var.
Cəfərinin qəbulu qanda şəkərin miqdarını normallaşdırır, şişi aradan qaldırır, qan təzyiqini aşağı salır, görmə qabiliyyətini yaxşılaşdırır, kişi potensiyasını istənilən dərman preparatından daha yaxşı artırır - qədim zamanlarda bu bitkidən effektiv afrodiziak kimi istifadə olunub.
Amma əksər faydalı məhsullarda olduğu kimi, cəfərinin də əks-göstərişləri var: böyrəkdaşı xəstəliklərindən əziyyət çəkənlərə və hamilə qadınlara ondan istifadə o qədər də məsələhət deyil - rasionda cəfəri çoxdursa, bu, ana bətnində körpənin məhvinə səbəb ola bilər.
Şüyüd
Şüyüd qədim ətirli bitkidir. O, praktiki olaraq bütün dünyada becərilir. Şüyüdün tərkibində də cəfəridə olan vitaminlər, minerallar var. Amma şüyüddə damarlar və kapillyarlar üçün vacib olan P vitamininə də rast gəlinir - bu vitamin onların divarını möhkəmləndirir, onların keçiriciliyini azaldır. Şüyüd həzmi yaxşılaşdırır, şlakları orqanizmdən çıxarır, sidikqovucu təsir göstərir, qan təzyiqini normallaşdırır, bir çox hallarda həm böyüklərdə, həm də uşaqlarda rast gəlinən əziyyətverici bağırsaq problemini - meteorizmi aradan qaldırır.
Xalq təbabətində şüyüddən çoxdan yumşaq yuxu gətirən, uşaq əmizdirən qadınlarda südün əmələ gəlməsini yaxşılaşdıran vasitə kimi istifadə olunub. Xalq təbabətində o, qaraciyər, öd ifraz edici yolların xəstəlikləri, ürək çatışmazlığı, başağrısı, konyunktivitin (şüyüddən hazırlanan həlimlə gözlər yuyulur, islatma dərmanı kimi istifadə olunur, başağrısı və ağızdan pis qoxunun gəlməsi hallarında o, işə yarayır) müalicəsi baxımından da faydalı sayılır.
Şüyüdün əks-göstərişlərinə gəlincə, o, demək olar ki, cəfərilə eynidir. Amma şüyüd qan təzyiqi aşağı olan şəxslərə də məsləhət görülmür. O, həddindən artıq qəbul olunarsa, görmə qabiliyyətini zəiflədə, süstlük yarada bilər.
Keşniş
Keşnişin, başqa sözlə, koriandrın Azərbaycanda ən sevimli göyərti olduğunu söyləmək mümkündür. Keşnişi Çin cəfərisi də adlandırırlar. Çində o, həqiqətən, populyardır və botaniklər bu göyərtinin Ön Asiyadan və Şimali Afrikadan gəlmə olduğunu iddia edirlər. Etiraf etmək lazımdır ki, Qafqaz mətbəxində, xüsusilə Azərbaycanda az qala bütün xörəklərdə keşnişdən istifadə olunur.
O, faydalı keyfiyyətlərinə görə digər göyərtilərdən heç də geri qalmır. Yalnız ondakı efir yağında 11 növ aktiv maddə var. Onun göyərtisində və toxumunda isə çox sayda faydalı minerallara və vitaminlərə rast gəlinir. Keşniş xüsusilə karotinlə, C, P və B qrupuna aid vitaminlərlə zəngindir.
Keşniş yemək həzm prosesini və qanın tərkibini yaxşılaşdırır, ürəyin fəaliyyətinə və damarların durumuna müsbət təsir göstərir, qastrit və xora zamanı ağrını azaldır, ağır qidanın həzminə kömək edir. O, həmçinin ödqovucu, sidikqovucu və antiseptik təsirə malikdir. Keşniş əsəb gərginliyini azaldır, qıcıqlanmanı aradan qaldırır.
Bütün bunlarla yanaşı, keşnişi də həddindən artıq qəbul etmək insana fayda vermir: o, yuxunu poza, yaddaşda problemlər yarada bilər; xüsusilə xolesistitdən əziyyət çəkən insanlar ona ehtiyatla yanaşmalıdırlar.
Kulinariyada istifadə
Tər keşnişi salatlara, souslara, şorbalara, tərəvəz raqusuna, paxladan hazırlanan xörəklərə, həmçinin düyü yeməklərinə əlavə edirlər. Azərbaycanda keşnik ədviyyat şəklində ətlə də verilir. Keşnişin toxumu ilə likörlərə ətir verilir, qurudulmuş və doğranmış şəkildə o, çörəyə, qənnadı məmulatlarına, şorbalara, pendirə, ət və balıq xörəklərinə, salatlara əlavə olunur. Döyülmüş keşniş dadını və ətrini çox tez itirir. Odur ki, onun bütöv toxumlarını almaq daha yaxşıdır. Onu döyməzdən əvvəl quru tavada yüngülvari qovurmaq məsləhətdir - bu halda toxumlar daha ətirli olacaq. Keşnişin göyərtisi dadına və ətrinə görə toxumundan çox fərqlənir.
Cəfəri çox sayda müxtəlif xörəklərə gedir. Yalnız şirin qidalar istisnadır. Tər halda onu salatlara, tərəvəz, balıq və ət xörəklərinə, souslara əlavə edir, həmçinin ayrıca çərəz kimi istfiadə edirlər. O, quş əti, yumurta və yarmadan hazırlanan xörəklərə də əlavə olunur.
Bu ədviyyatdan əlavə məhsullardan hazırlanan qidalara xoş ətir vermək üçün də istifadə etmək olar.
Bu bitkinin toxumundan (bütöv və ya döyülmüş) göyərtisilə birlikdə ev şəraitində tərəvəzlərin konservləşdirilməsi (tomatlar, xiyar, yunan qabağı, patisson, şirin bolqar bibəri, badımcan və s.) zamanı da istifadə olunur. Yarpaqlı dirrik cəfərisi müxtəlif xörəklərə bəzək verilməsi işinə də yarayır. Onun göy hissəsi bir çox hallarda masaya veriləcək hazır xörəyə əlavə olunur.
Şüyüd dünyadakı ən populyar ədviyyatlardandır. O, şirin, xoş dada, zərif spesifik ətrə malikdir. Kulinariyada şüyüd tər və qurudulmuş halda istifadə olunur. Bununla yanaşı, onun toxumu da bir çox işə yarayır. Tər halda şüyüdü salatlara, şorbalara, ətdən hazırlanan xörəklərə, balıq, tərəvəz yeməklərinə, souslara əlavə edirlər. Uzun müddət saxlanılacaq ən müxtəlif tərəvəzlərin və qida məhsullarının konservləşdirilməsi zamanı ondan geniş istifadə olunur.
Cəfəri, şüyüd və keşnişi təbii şəraitdə yazın əvvəlində açıq şəraitdə torpağa əkirlər. Sonradan onu hər 10-15 gündən bir yığmaq olar. Qışdan əvvəl isə bu göyərtilərin əkilmə vaxtı oktyabr-noyabr aylarıdır. Qış fəslində onları qızdırılan şüşəbəndlərdə və ya ev şəraitində pəncərələrin altında yanvardan aprelədək, sentyabrdan dekabradək əkmək mümkündür. Bu bitkilər tələbkar deyil və quraqlığa davamlıdır. Onlara yalnız çiçəkləmə dövründə diqqət göstərmək və tez-tez suvarmaq lazımdır.
MƏSLƏHƏT GÖR: