14 Mart 2025

Cümə, 21:00

TƏHLÜKƏLİ OYUN

Gah inadkarlıq nümayiş etdirən, gah da kompromisə hazırlığı imitasiya edən tehran, bununla vaxt udmaq istəyir

Müəllif:

20.10.2008

Yayın sonlarında Rusiya ilə Gürcüstan arasında yaşanan münaqişə beynəlxalq ictimaiyyəti daim gərginlikdə saxlayan və narahat edən problemin - İranın sanki bir müddət unudulmasına səbəb oldu. Tehran isə öz növbəsində BMT-nin tələbləri və çağırışlarına baxmayaraq, hələ də nüvə proqramını dayandırmaqdan imtina edir. Baş verənlərin fonunda belə düşünmək olardı ki, Qərbin münasibətindən incimiş Rusiya BMT Təhlükəsizlik Şurasında İranla bağlı istənilən qətnamənin qəbulunu əngəlləyəcək. Lakin bu belə olmadı.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) BMT-yə İranın nüvə proqramı ilə əlaqədar verdiyi son rəsmi hesabatda bildirilir ki, Tehranın qurumla əməkdaşlıqdan imtina etməsi nəticəsində bu ölkənin şübhəli nüvə proqramına nəzarət və onun araşdırılması "dalana dirənib". Bu isə kifayət qədər ciddi məsələdir. Almaniyanın "Sueddeutsche Zeitung" qəzetinə müsahibəsində MAQATE-nin baş direktoru əl-Baradeyi bildirib ki, İran özünün dinc xarakterli nüvə proqramını istənilən an asanlıqla hərbi istiqamətə yönəldə bilər.

Tehranın nüvə proqramının xüsusiyyəti birmənalı olaraq, onun hərbi məqsədlər daşıdığını göstərir. Xüsusilə bü islam respublikasının uranın zənginləşdirilməsi prosesini geniş miqyasda həyata keçirməsi ortaya bir sıra suallar çıxarır. Söhbət ondan gedir ki, İran çox cüzi miqdarda uran mədənlərinə malikdir və bu ona sənaye üçün qətiyyən kifayət edə bilməz. Hələ ki Tehran yaxın on ildə nə elmi, nə də texnoloji baxımdan, təkbaşına AES tikmək iqtidarında deyil. Təcrübə isə göstərir ki, kənardan gətiriləcək istənilən nüvə reaktoru yalnız onun məxsus olduğu ölkənin yanacağı ilə uğurla işləyir. 

Tehranın 2-6 min kilometr məsafəni vurmaq iqtidarında olan orta və uzaq məsafəli raketlər arsenalının yaradılması məsələsinə güc verməsi də narahatlıq doğurur. Bu raketlərin nüvə içliyi yoxdursa, onlar lazımi dəqiqliyə malik olmurlar və bu halda mənasını itirmiş olurlar. Sahələri adi döyüş raketləri ilə bombalamaq isə hərbi nöqteyi-nəzərdən absurddur.

İran prezidenti Mahmud Əhmədinejatın BMT Baş Assambleyasındakı çıxışı da nikbinliyə əsas vermədi. O çıxışında bildirdi ki, "İran xalqı dialoqa açıqdır, lakin  qanunsuz tələbləri qəbul etmir və etməyəcək". "İlahinin inamı ilə silahlanmış böyük İran xalqı qətiyyəti, mətanəti və dostlarının dəstəyi ilə (maraqlıdır, görəsən o, kimi nəzərdə tuturmuş? - red.) hədələrə qarşı dayanacaq və əvvəllər olduğu kimi, öz hüquqlarını müdafiə edəcək", - deyə İran lideri BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirib.

İran liderinin Qərblə Rusiya arasında Gürcüstanla bağlı yaranmış qarşıdurma ilə əlaqədar fikirlərini də kifayət qədər primitiv adlandırmaq olar: "Gürcüstan, Osetiya və Abxaziyada insanların mülkiyyət və hüquqları NATO və ayrı-ayrı Qərb fövqəldövlətlərinin təxribatları, sionistlərin hərbi razılaşmaları və xəlvəti aksiyaları üzündən qurbana çevrildi".

Lakin İran prezidentinin təbrik nitqi ona uğur gətirmədi. Məlum oldu ki, Rusiya İranın yalnız sözdə verdiyi dəstəyə (məlum olduğu kimi, Tehran Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa tələsmir) aldanaraq, nüvə silahının yayılmaması kimi qlobal təhlükəsizlik elementini pozmaq niyyətində deyil. Sadəcə, bu mərhələdə Moskva yeni sanksiyaların qəbulunu məqsədəuyğun hesab etmədi. Lakin ABŞ və Avropa İttifaqı ilə birlikdə Tehranın artıq qəbul edilmiş qərarlara əməl etməyə razı salınması istiqamətində çalışmağa hazır olduğunu ortaya qoydu.

Xatırladaq ki, indiyədək BMT Təhlükəsizlik Şurası İrana qarşı üç sanksiya paketi qəbul edib - 2006-cı ilin dekabrında, 2007-ci ilin martında və bu ilin mart ayında. Bu sənədlər ölkənin beynəlxalq maliyyə-iqtisadi fəaliyyətini kifayət qədər məhdudlaşdırıb, iranlı məmurların, həmçinin bu ölkənin atom proqramına aidiyyəti olan mütəxəssislərinin xarici ölkələrə səfərlərini mümkünsüz edib. Bütün bunlar isə İranın iqtisadi və maliyyə durumuna ciddi təsir göstərir. Onun enerjidaşıyıcılarının yüksək qiyməti də ölkənin böhrandan çıxmasına yardım etmir. Bununla yanaşı, Tehran yenə də inadkarlığından əl çəkməyərək, nüvə proqramını dayandırmaqdan imtina edir.

İranda ölkənin nüvə proqramı ilə əlaqədar birgə tələblər irəli sürən vasitəçi "altılıq" (ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çin) daxilində fikir ayrılığının mövcudluğu haqda illüziyanın yaranmaması məqsədi ilə sentyabrın 27-də məhz Rusiya BMT Təhlükəsizlik Şurasına sözügedən məsələ ilə bağlı qətnamə layihəsini təqdim edib. Yekdilliklə dəstəklənən sənəddə Tehrana qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulmurdu. BMT Təhlükəsizlik Şurasının üzvləri, sadəcə, məsələyə dair əvvəllər əldə edilmiş razılaşmalara sadiq olduqlarını bir daha təsdiqləyiblər və "bu istiqamətdə səylərin artırılmasını" alqışlayıblar. Onlar İranı bütün qətnamələrə, həmçinin MAQATE-nin tələblərinə "tam və tez bir zamanda" əməl edilməsinə çağırıblar.

Təhlükəsizlik Şurasının İranla bağlı yeni qətnaməsində ehtiyatlı mövqenin ortaya qoyulmasını bir tərəfdən Rusiyanın diplomatik qələbəsi, digər yandan isə sağlam düşüncənin qələbəsi və məsuliyyətli yanaşma kimi qiymətləndirmək olar. ABŞ-ın dövlət katibi Kondaliza Raysın sözlərinə görə, yeni qətnamənin əsas hədəfi dünya ictimaiyyətinin İranın nüvə təhlükəsi qarşısında vahid mövqe nümayiş etdirdiyini göstərməkdir: "İran bilməlidir ki, "altılıq" vahid mövqeyə malikdir".

Ümumiyyətlə, İran problemi daim Vaşinqtonun diqqət mərkəzindədir. Lakin İran sahilləri yaxınlığında ABŞ və onun müttəfiqlərinə məxsus 5 təyyarə daşıyan gəmi qrupu olsa belə, hazırda onun islam respublikasının nüvə obyektlərinə zərbə endirmə ehtimalı çox azdır. Corc Buş administrasiyası yaxın vaxtlarda istefaya gedir, Ağ ev sahibinin reytinqi isə son dərəcə aşağıdır. Üstəlik, ölkədə Nyu-York və digər dünya birjalarında ciddi tənəzzüllə müşahidə olunan dərin iqtisadi böhran yaşanır. Odur ki, respublikaçı siyasətçilər İraq və Əfqanıstanda hələ də həll edilməmiş problemlərin də qaldığı bu dövrdə,çətin ki, İran avantürasına baş qoşmaq istəsin. Xüsusilə də nəzərə alsaq ki, seçkiqabağı dövrdə aparılan sorğular onların namizədi Con Makkeynin Demokratlar Partiyasından olan rəqibi Barak Obamaya uduzduğunu göstərir.

Hər iki namizəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün fəal şəkildə səylərin davam etdirilməsinin vacibliyini düşünsələr də, onların taktikasında müəyyən fərq var. Obama Tehranla əlaqədar problemin həllinin birmənalı olaraq, diplomatik yolla mümkünlüyünü düşünür və hesab edir ki, ən sərt düşmənlə belə, danışıqlar masası ətrafında dil tapmaq mümküdür. Bununla yanaşı, demokrat namizədin fikrincə, danışıqlar M.Əhmədinejatla yox, İranın dini lideri, ölkənin ən nüfuzlu şəxsi sayılan ayətulla Əli Xamenei ilə aparılmalıdır.

Makkeyn isə rəqibilə keçirdiyi teledebatlarda bildirib ki, İran hökumətinin sıxışdırılması üçün bu ölkəyə qarşı iqtisadi sanksiyalar ağırlaşdırılmalıdır. Onun fikrincə, İranın nüvə silahına malik olması Yaxın Şərq regionunda hər an partlaya biləcək situasiya yaradacaq və İsrailin mövcudluğunu təhlükə altına salacaq.

Bütün bunların fonunda riskli siyasi xəttini davam etdirən İran rəhbərliyi avqustda Rusiya ilə Gürcüstan arasında yaşananlara, öz nüvə proqramlarının davam etdirilməsi üçün vaxtın uzadılması vasitəsi kimi yanaşıb. Həmin hadisələr zamanı Tehran geosiyasi müttəfiqi olan Rusiyaya aşkar dəstək verib. Bunu M.Əhmədinejad Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) avqustun 28-də Düşənbədə keçirilən sammitində müşahidəçi kimi iştirakı zamanı etdiyi çıxışında da bildirib. Tədbirdə o, ənənəvi olaraq, antiqərb bəyanatları səsləndirərək, bu münaqişədə "yadların rolu"nu xüsusilə qeyd edib. 

Onun BMT Baş Assambleyasının toplantısındakı çıxışı da oxşar atmosferdə olub. Lakin bütün bunların fonunda İranın Xarici İşlər Nazirliyi Tehranın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsində təmkinli mövqe nümayiş etdirir.

Gürcüstanla münaqişə üzündən Qərblə yaşadığı qarşıdurmanın Rusiyanı İrana dəstək verməyə sövq edəcəyinə dair proqnozlar hələ ki özünü doğrultmur. İsrailin "İsrael xa-Yom" qəzetinin Rusiyanın İran və Suriyaya C-300 tipli hava hücumundan müdafiə kompleksləri verəcəyinə dair məlumatı da Moskva tərəfindən təkzib edilib. İslam respublikasına ABŞ və ya İsrail tərəfindən hücum olunacağı təqdirdə Moskvanın Azərbaycanda (?) - İranın şimal-qərb sahilləri yaxınlığında və ya Fars körfəzindəki Keşm adasında hərbi bazalar yerləşdirə biləcəyi haqda informasiyalar da əsl fantastika təsiri bağışlayır. Həqiqətdə isə BMT Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilən və İranı MAQATE-nin tələblərinə əməl etməyə çağıran qətnamənin müəllifi məhz Rusiyadır.

Bütün bunlar İranı xüsusi diplomatik manevrlərə əl atmağa məcbur edir və rəsmi Tehran gah inadkarlıq nümayiş etdirir, gah da kompromisə hazırlığı imitasiya edir. İran rəhbərliyindən gələn ziddiyyətli siqnallar da bunun göstəricisidir. Məsələn, bir müddət əvvəl Brüsseldə keçirdiyi mətbuat konfransında İranın MAQATE-dəki təmsilçisi Əli Asqara Soltani bildirib ki, Tehran bir şərtlə uranın zənginləşdirilməsi prosesini dayandıra bilər: beynəlxalq birlik İran AES-lərinin fəaliyyəti üçün Tehrana nüvə yanacağı nəql ediləcəyinə zəmanət verməlidir. Onun sözlərinə görə, bu, böhranın aradan qaldırılması üçün ilk addım ola bilər və bunun ardınca "yanacaq nəqli ilə bağlı razılaşmaya necə əməl edilməsini yoxlamaq lazım gələcək". Lakin elə eyni vaxtda İran parlamentindəki mühafizəkar çoxluğun rəhbəri Mussa Qorabi Tehranın mövqeyinin sərtləşdiyini nümayiş etdirən bəyanatla çıxış edib: "MAQATE-nin baş direktoru Məhəmməd əl-Baradeyinin son məruzəsi və BMT Təhlükəsizlik Şurasının qətnaməsi göstərdi ki, Qərbin İrana qarşı heç bir xoş fikri yoxdur. Biz alicənablıq nümayiş etdirərək agentliyi öz nüvə infrastrukturlarımıza buraxmışdıq. Lakin tezliklə bu qərara yenidən baxacağıq".

Yeri gəlmişkən, MAQATE-nin son məruzəsində bunun tam əksi göstərilir. Sənəddə bildirilir ki, "Təəssüf ki, agentlik aparılacaq təhqiqatlar və bununla bağlı digər vacib məsələlərə dair İran tərəfi ilə razılıq əldə edə bilməyib və bu, dərin narahatlıq doğurur". Soltaninin səsləndirdiyi təklifə gəlincə, belə təşəbbüs hələ 2006-cı ildə "altılıq" tərəfindən irəli sürülüb və 2008-ci ildə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solana tərəfindən bir daha təsdiqlənib. Lakin Tehran buna hələ də konkret cavab verməyib.

Əksər müşahidəçilərin fikrincə, İran rəhbərliyi dünya ictimaiyyəti ilə siyasi oyunu davam etdirir və hələ ki nüvə proqramını məhdudlaşdırmaq fikrində deyil. Tehranda ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsini gözləyirlər və Ağ evə demokrat Barak Obamanın rəhbər seçiləcəyinə ümid etdiklərini gizlətmirlər. Onlar məhz bu siyasətçi ilə İran üçün daha əlverişli razılaşmanın əldə ediləcəyinə ümid bəsləyirlər. Odur ki, Tehrandan gələn ziddiyyətli siqnallar, çox güman ki, vaxt udmaq məqsədi daşıyır. Lakin bu, İran rəhbərliyi daxilində nüvə proqramı ilə əlaqədar kompromislərə dair müxtəlif mövqe tutan qrupların mübarizəsinin göstəricisi də ola bilər.

Bir məqam aydındır ki, İranın nüvə proqramı ilə bağlı problem artıq elə mərhələyə qədəm qoyur ki, artıq onun uzadılması mümkün deyil. Azərbaycan üçün isə qarşılıqlı anlaşmanın əldə edilməsi son dərəcə vacibdir. Çünki əks ssenarilər son dərəcə risklidir və onun nəticələrinin həm region, həm də dünya üçün hansı fəsadlar törədə biləcəyini söyləmək çətindir. 



MƏSLƏHƏT GÖR:

480