14 Mart 2025

Cümə, 21:50

QABAQLAYICI ZƏRBƏ

Ankara terrorçularla mübarizə üsullarını dəyişmək məcburiyyətindədir

Müəllif:

20.10.2008

2008-ci il oktyabrın əvvəli Türkiyənin terrorçu Kürd Fəhlə Partiyası - PKK ilə mübarizəsində yeni mərhələnin başlanğıcı oldu. Terrorçuların Həkkəri əyalətinin Şemdinli qəzasındakı hərbi gözətçilərə basqını və 17 hərbçinin ölümü göstərdi ki, Türkiyə ordusunun son dövrlərdə uğurlu nəticələrindən söz açdığı qabaqlayıcı zərbələr və Şimali İraqda həyata keçirilən yerüstü əməliyyatlar istənilən effekti verməyib və PKK infrastrukturunu zəiflətməyib.

Türkiyə Ordusunun Baş Qərargahının rəsmisi general Mətin Gürak bildirib ki, Həkkəri əyalətinə hücum oktyabrın 3-də baş verib. Onun sözlərinə görə, terrorçulardan ibarət böyük bir qrup İraq-Türkiyə sərhədini keçərək, ağır artilleriyanın da yardımı ilə gözlənilmədən hərbi gözətçilərə hücum edib. Buna cavab olaraq, Türkiyə ordusunun bölgədə dislokasiya edilmiş hissələri genişmiqyaslı əməliyyatlara başlayıb və nəticədə 23 yaraqlı öldürülüb, PKK-nın İraq ərazisində - Türkiyə ilə sərhədin 10 kilometrliyində yerləşən bazası isə bombardman edilib.

Türkiyənin cənub-şərq əyalətlərində terrorçuların əməlləri yenilik olmasa da, hərbçilər arasında bu qədər böyük sayda itkinin olması ölkədə ciddi əks-sədaya səbəb olub. Terrorçularla mübarizənin yeni üsullarını nəzərdən keçirməyin vacibliyini anlayan Rəcəb Tayyib Ərdoğan hökuməti Şimali İraqda transsərhəd hərbi əməliyyatlarının keçirilməsi üçün mandatın müddətinin uzadılmasını tələb edib. Və artıq oktyabrın 8-də parlamentarilər 497 nəfər lehinə olmaqla (əleyhinə 18 səs) sözügedən sənədin müddətini daha 1 illiyə uzadıblar. Əks halda, artıq oktyabrın 17-də Türkiyə ordusunun İraqdakı istənilən addımı qeyri-qanuni sayılacaqdı.

Bununla da, Türkiyə parlamenti son 58 ildə 22-ci dəfə orduya ölkə sərhədlərindən kənarda əməliyyat keçirmək izni verib. Bu məsələdə Türkiyə müxalifəti də (PKK-ya loyal münasibəti ilə tanınan Demokratik Toplum Partiyası (DTP) istisna olmaqla) hökuməti dəstəkləyib və mandatın müddətinin uzadılmasına səs verib.

Parlamentarilər qarşısında çıxış edən baş nazirin müavini Cəmil Çiçək bildirib ki, ötən ilin dekabrından etibarən, Türkiyə ordusu İraqda 29 hərbi əməliyyat keçirib (əsasən, hava əməliyyatları). Bununla yanaşı, o etiraf edib ki, PKK-nın strukturları hələ də Türkiyə ilə sərhəd bölgələrdə fəaliyyətini davam etdirir. O əlavə edib ki, terrorçuların gözlənilməz basqınlarının qarşısını almaq məqsədi ilə silahlandırılmış 80 min nəfərlik "kənd müdafiəçiləri" öz məntəqələrini artıq 24 ildir Türkiyə hökuməti ilə mübarizə aparan PKK yaraqlılarından qorumaq iqtidarında deyil.

Bununla yanaşı, Türkiyənin aparıcı müxalifət partiyalarının liderlərinin fikrincə, sadəcə, qabaqlayıcı zərbələr və qısamüddətli hərbi əməliyyatlarla PKK-nı məhv etmək mümkün olmayacaq. Bu məsələ ilə əlaqədar konkret olaraq, Milli Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Baxçalı İraqla sərhəddə təhlükəsizlik zolağının yaradılması təklifi ilə çıxış edib. Onun fikrincə, bu, kürd terrorçuların Türkiyə ərazisinə keçməsinin qarşısını alacaq. Baxçalı hesab edir ki, həmin zolaq bir neçə kilometr İraq ərazisinə girməlidir ki, bu da terrorçuların Türkiyə ərazisindəki fəaliyyətinin qarşısının alınmasına kömək edəcək.

Lakin Türkiyə rəhbərliyi bu  təklifə son dərəcə ehtiyatla yanaşır. Baş nazir Ərdoğan anlayır ki, Ankara digər ölkənin ərazisində uzunmüddətli hərbi əməliyyat keçirməklə ABŞ, həmçinin aparıcı simalarının etnik kürdlər olduğu  İraq rəhbərliyi (hazırda bu dövlətin prezidenti kürd Cəlal Tələbanidir) ilə onsuz da o qədər də yaxşı olmayan münasibətlərini daha da gərginləşdirəcək. 

Odur ki türk hərbçilərinin qonşu İraqda dislokasiya edilməsinə qarşı olan arqumentlər çox aktualdır. Sirr deyil ki, kürdlərin nəzarət etdikləri Şimali İraq "sabitlik adası" sayılır və amerikalılar bütün ölkə ərazisində yalnız buradan zərbə gözləmir. Bu isə ABŞ-a öz gücünü İraqın şiələr və sünnilər yaşayan mərkəzi və cənubi hissəsinə yönəltməyə imkan verir.

Bundan başqa, İraq kürdlərinin ümumilikdə türklərə neqativ münasibəti məlumdur. Şimali İraq kürdlərinin lideri - Kürdüstan Demokratik Partiyasının lideri Məsud Bərzani dəfələrlə bəyan edib ki, Türkiyə ordusunun Şimali İraqa girəcəyi təqdirdə bu bölgənin hərbi birləşmələri (peşmerge) Türkiyədən olan silahdaşlarına dəstək verəcəklər. O, qeyd edilən problemin "Bağdadın yox, Ankaranın daxili işi olduğunu" da bildirib. Türk hərbçilərinin İraqın şimalında dislokasiya ediləcəyi təqdirdə kürdlər mübarizəni Türkiyənin əhalisi, əsasən, kürdlər olan cənub-şərq əyalətlərində, xüsusilə də, Diyarbəkir şəhərində aparacaqları ilə də hədələyiblər.

Bir sözlə, istənilən toqquşma regionda situasiyanı qarışdıra bilər. Məhz bu faktor hələ ötən il əvvəl Vaşinqtonun Ankaraya "kəşfiyyat xarakterli yardım" təklif etməsinə səbəb olmuşdu. Həmin vaxt Ağ ev Türkiyəyə xüsusilə öz hərbi peykləri vasitəsilə informasiyalar ötürməyə söz verdi. Həkkəri əyalətində baş verən son hadisələr isə göstərdi ki, bu tədbirlər kifayət etmir. Belə ki, ötən dövr ərzində nə Türkiyənin böyük yaşayış məntəqələrində törədilən terror aksiyalarının sayı azalıb, nə də Türkiyə Ordusu ilə terrorçular arasında toqquşmalar.

Yaranmış çətin situasiyadan Ankara üçün yeganə çıxış yolu Şimali İraqın kürd liderlərini PKK-ya dəstəkdən imtinanın vacibliyinə inandırmaqdır. Bağdaddan gələn informasiyalara görə, İraqın mərkəzi hakimiyyətinin vasitəçiliyi ilə tərəflər arasında artıq məsələyə dair müzakirələr başlanılıb. Lakin analitiklər bildirir ki, Türkiyənin Şimali İraqda müstəqil kürd dövlətinin yaradılmasını arzulayan Məsud Bərzanini öz tərəfinə çəkməsi real görünmür. Çünki bu dövlətin yaradılması ideyasına qarşı olan əsas qüvvə məhz Türkiyədir.

Rəhbərləri Ərbil şəhərində yerləşən İraq kürdləri isə hələ də PKK-ya mane olmur, Türkiyə ilə mübarizə məqsədi ilə regiona silah-sursat gətirilməsinə göz yumur. Şimali İraqın iqtisadi durumu əsasən Türkiyə ilə iqtisadi əlaqələrdən asılı olsa da, PKK məsələsinə gəldikdə, "tərəzinin gözü" birmənalı olaraq, Ankaraya tərəf "əyilmir".

Türkiyənin bəzi siyasətçilərinin İraq rəhbərliyinə qarşı daha sərt kurs götürülməsini tələb etmələri də təəccüblü deyil. Xüsusilə, ölkənin sabiq xarici işlər naziri Murat Qarayalçın hesab edir ki, Ankara İraqla sərhədin dəyişdirilməsinə dair danışıqlara başlamalıdır. Onun sözlərinə görə, hazırkı dövlət sərhədi 1924-cü ildə rəsmi Ankaranın iştirakı olmadan müəyyənləşib ki, bu da Türkiyəyə məsələyə yenidən baxmaq hüququnu verir.

Türkiyə Strateji Tədqiqatlar Mərkəzinin (ASAM) rəhbəri, sabiq səfir Faruk Loqoğlu isə hesab edir ki, İraq ərazisində "təhlükəsizlik zonası"nın yaradılması PKK problemini həll etməyəcək. Onun fikrincə, Ankaranın bu addmı Vaşinqton və Bağdadla ciddi ziddiyyətlərin yaranmasına gətirib çıxaracaq. 

Oxşar fikirləri xarici işlər nazirinin sabiq müavini Nüzhət Kandemir də səsləndirib. Onun sözlərinə görə, türk hərbçilərinin bölgədə dislokasiya edilməsindən dərhal sonra Şimali İraq kürdlərinin liderləri antitürk təbliğatına başlayacaqlar və bu, bütünlükdə regionda neqativ nəticələrə səbəb olacaq. "Unutmaq olmaz ki, bütünlükdə İraq de-fakto ABŞ ərazisidir və danışıqlar Vaşinqtonla aparılmalıdır", - deyə Türkiyənin aparıcı nəşrlərinə müsahibəsində nazir müavini qeyd edib.

Türkiyənin sabiq prezidenti Turqut Özalın məsləhətçisi olmuş Kaya Toperi isə hesab edir ki, türk hərbçilərinin İraq ərazisinə yeridilməsi məsələsinə beynəlxalq hüquq çərçivəsindən baxılması vacibdir: "Biz dəqiq şəkildə anlamalıyıq ki, türk ordusunun İraq ərazisində istənilən addımı dünya ictimaiyyəti tərəfindən başqa ölkənin ərazisinin işğalı kimi qəbul olunacaq. Hesab edirəm ki, İraq kürdləri ilə birlikdə hərbi blokpostların yaradılması Türkiyə üçün daha müsbət addım olardı".

Yeri gəlmişkən, Türkiyə ordusu artıq tələm-tələsik İraqla sərhəddə blokpostlar qurmağa başlayıb. Ölkənin Baş Qərargahından verilən məlumata görə, həmsərhəd bölgələrdə ilk olaraq 175 blokpostun  qurulması nəzərdə tutulub.

Ankaradakı diplomatik mənbələrin bildirdiyinə görə, hazırda Türkiyə hökumətində məhz Toperinin təklifi daha fəal müzakirə edilir. Bu baxımdan, ölkə prezidenti Abdulla Gülün parlamentin İraqda hərbi əməliyyatların mandatının müddətini uzatmaq haqda qərarına verdiyi şərh də təsadüfi deyil. O bildirib ki, sözügedən sənəddən yalnız PKK bazalarına qabaqlayıcı zərbələr endirilməsi lazım gələcəyi təqdirdə istifadə olunacaq. 

Bununla yanaşı, rəsmi Ankara Türkiyənin ayrı-ayrı siyasətçilərinin ölkənin cənub-şərq əyalətlərində yenidən fövqəladə vəziyyət elan edilməsi haqda təklifinə dərhal rədd cavabı verib. Çünki Ankara 1979-cu ildə atılmış bu addımın nəticələrini yaxşı xatırlayır. Həmin bölgələrdə fövqəladə vəziyyət qərarı 23 il qüvvədə qalsa da, bu, əhalisinin əksəriyyəti kürdlər olan əyalətlərin PKK-ya dəstəyini qətiyyən azaltmadı. Əvəzində isə, sosial-iqtisadi islahatlar zəiflədi, regionda demokratik institutların inkişafı haqda isə ümumiyyətlə danışmağa dəyməz.

Yeri gəlmişkən, Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkinin yaxınlaşması faktını da nəzərə almamaq olmaz. Həmin seçkidə qələbə ənənəvi olaraq, bütün siyasi partiyaların kursunun uğrunda vacib faktor sayılır. Xatırladaq ki, 2009-cu ilin martına təyin olunmuş səsvermə hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) üçün çox vacibdir. Çünki ƏİP-in bağlanmasına dair keçirilən səs-küylü məhkəmə prosesindən sonra hakim partiya bir qədər zəifləmiş mövqelərini möhkəmlətməlidir. Əks halda, müxalifətin yerlərdə seçicilərlə işə başlamasından sonra hakimiyyətin imici bir qədər də zəifləcəyək.

Bütün bunlarla yanaşı, Türkiyədə terrorçularla mübarizə kursunun dəyişdirilməsinə dair çağırışlar getdikcə artır. Belə ki, bu mübarizənin etnik kürdlərin yaşadığı əyalətlərdə demokratik dəyişikliklər edilməsi yolu ilə həyata keçirilməsinin vacibliyinə dair fikirlər daha çox səsləndirilməyə başlanıb. Helsinkiyə səfəri zamanı prezident A.Gül də bildirib ki, güclü demokratiyanın mövcud olduğu ölkələrdə terrorizm inkişaf edə bilməz. Onun fikrincə, belə ölkələrdə əhali sabitlik və rifaha can atır ki, bu da özü-özlüyündə terrorçularla qarşılıqlı əlaqəni rədd edir. Lakin Gülün bu açıqlaması, çətin ki, Türkiyə ordusunun İraqda apardığı əməliyyatlara hər hansı təsir göstərsin. Ələlxüsus da, nəzərə alsaq ki, rəsmi Ankara hələ də əsas diqqəti iqtisadi sahəyə yox, Hərbi Qərargah istiqamətinə yönəldib.

Yekunda qeyd etmək istərdik ki, PKK ilə qarşıdurmada uğur qazanmaq üçün Ankara Vaşinqtonun kürd terrorçuları ilə mübarizəyə diqqəti artırmasına nail olmalıdır. Lakin ABŞ-da yaxınlaşmaqda olan prezident seçkisini nəzərə alan Türkiyə ən azı noyabrın sonuna - Ağ evin yeni rəhbərinin müəyyənləşməsinədək "fasilə" götürməlidir. Xüsusilə də nəzərə alınmalıdır ki, ABŞ-da Demokrat Partiyasının namizədi Barak Obamanın qalib gələcəyi təqdirdə, Ankaranın İraqda PKK-ya qarşı daha radikal mövqedən çıxış etməli olacağı şübhə doğurmur. Çünki Obama Amerika qoşunlarının tədricən İraqdan çıxarılmasını vacib sayır, bu isə avtomatik olaraq, Şimali İraq kürdlərinin mövqelərinin möhkəmlənməsi deməkdir. Belə olarsa, kürdlərin Kərkük şəhərini özlərinin paytaxtı elan edəcəklərinə şübhə yoxdur. Amerikalıların ölkəni tərk etməsindən sonra yaranmış boşluq mərkəzdənqaçma meyillərini daha da gücləndirəcək. Bu isə artıq ölkənin parçalanması deməkdir/. 



MƏSLƏHƏT GÖR:

442