24 Noyabr 2024

Bazar, 17:46

AVROPA İTTİFAQI ÜÇÜN PRİORİTET

TANAP "Köhnə Qitə"yə İran qazını da əldə etmək imkanı yaradır

Müəllif:

21.04.2015

Cənub Qaz Dəhlizi tamamilə yeni enerji xəritəsini ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. "Bildiyiniz kimi, Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli sürüb və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq önəmli tərəfdaş kimi göstərilir. Biz, əlbəttə ki, bütün bu işləri izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və gördüyümüz işlər nəticə verir", - deyə dövlət başçısı qeyd edib.

Cənub Qaz Dəhlizinin (CQD) vacib hissəsi Trans-Anadolu qaz kəməri - TANAP-dır. Onun inşasına bu ilin martında Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə start verilib. Azərbaycan bu layihənin drayveri və əsas səhmdarıdır: onun layihədəki payı 58%-dir. 30% Türkiyə tərəfinin, 12% isə "Şahdəniz" qaz yatağının işlənilməsində əsas səhmdar olan "bp" şirkətinindir. Azərbaycanın "Şahdəniz" yatağından çıxarılan qazın 2018-ci ildə Türkiyəyə çatacağı ehtimal olunur.

CQD-nin yekun hissəsi Trans-Adriatik qaz kəməri (TAP) olmalıdır. O, Xəzər qazının Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna çatdırılmasına, oradan isə Qərbi Avropaya nəql edilməsinə imkan verəcək. Bu boru xəttinin inşasına 2016-cı ildə başlanılması nəzərdə tutulub. İlkin mərhələdə TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq. Lakin sonradan onun 20 milyard kubmetrədək artırılması mümkün olmalıdır.

Amma ciddi maliyyə və iqtisadi çətinliklər içərisində olan Yunanıstanda Aleksis Siprasın rəhbərlik etdiyi solçu SİRİZA blokunun hakimiyyətə gəlişindən sonra TAP layihəsi ətrafında müəyyən intriqalar baş qaldırıb. Yunanıstandan Afinanın bu layihədən daha çox gəlir götürmək istəyinə dair bəyanatlar gəlməyə başlayıb. Halbuki Yunanıstan layihədəki payını artırmaq üçün maliyyə resurslarına malik deyil, tariflər isə Avropadakı normalara əsasən müəyyənləşdirilib. Odur ki, kiminsə payının artırılması nəzərdə tutulmayıb. Aleksis Sipras hələlik Brüsseldən nəhəng dövlət borcunun silinməsi, ödəniş müddətinin uzadılması və digər məsələlərdə güzəşt də əldə edə bilməyib. O, bu yaxınlarda Moskvaya yollanıb. Orada Siprasa bir çox vədlər verilib. Baş nazir Rusiyanın "Qazprom" şirkəti tərəfindən həyata keçiriləcək, lakin Avropa İttifaqı tərəfindən dəstəklənməyən "Türk axını" layihəsinə də dəvət olunub. Moskva səfəri zamanı hər hansı qərarın qəbul edildiyinə dair bəyanatlar olmayıb. Amma yunanlar TAP-la bağlı qeyri-müəyyənliyi davam etdirirlər. Yeri gəlmişkən, bu, Yunanıstanın məsuliyyətli tərəfdaş və imzalanmış sazişlərin iştirakçısı kimi onsuz da yaxşı olmayan imicini bir qədər də korlayır.

Bu vəziyyəti şərh edən Prezident İlham Əliyev TAP layihəsinin icrası üçün yaradılan süni maneələrin aradan qaldırılacağına, Aİ-nin bu məsələni həll edəcəyinə əminliyini bildirib. Lakin Yunanıstan tərəfində əlavə və əsassız güzəştlər qazanmaq məqsədilə bayağı şantaja meyil yaranmaması üçün Bakı alternativ marşrut variantını da nəzərdən keçirir. Söhbət "Nabucco West" layihəsinin bərpasından gedir. Bolqarıstanın baş naziri Boyko Borisovla Azərbaycan Prezidenti İlham Əliyevin martın 4-də Azərbaycanın dövlət başçısının Sofiyaya səfərinin yekunlarına dair birgə keçirdikləri mətbuat konfransında bəyan olunduğu kimi, tərəflər Brüssel qarşısında CQD-nin daha bir davamı kimi, bu məsələni qaldırmaq niyyətindədirlər.

Vaxtilə Azərbaycanın TAP layihəsini seçməsinin səbəblərindən biri Avropanın qaz bazarının eyni hissəsində Rusiyanın "Cənub axını" layihəsilə toqquşmamaq idi. Lakin Brüsselin "Cənub axını"nı dəstəkləməkdən imtina etməsindən sonra "Qazprom" illik gücü 60 milyard kubmetrdən artıq olan "Türk axını" layihəsini reallaşdırmaq niyyətini açıqlamaqla, CQD-nin marşrutuna, bir növ, müdaxilə etdi. Lakin Brüsselin dəstəyi və razılığı olmazsa, bu layihəni reallaşdırmaq asan olmayacaq. Aİ isə Rusiya qazını bundan sonra da Ukraynanın boru xətləri vasitəsilə almaq niyyətini dəfələrlə bəyan edib. Üstəlik, o, lazım gələrsə, razılaşmanı birbaşa bu ölkənin Rusiya ilə sərhədində rəsmiləşdirməyə də hazırdır. Demək, "Qazprom"un "Türk axını" layihəsinin, qaz xabı yaratmaq niyyətinin perspektivləri qeyri-müəyyəndir. Bu halda ortaya Qara dəniz sahilində heç kəsə lazım olmayan boru xəttinin inşasına, sifariş olunmuş boru xətlərinə, Bolqarıstan limanlarında istifadəsiz qalmış boru düzən gəmilərə və s. xərclənən milyardlarla vəsaitin məsuliyyəti məsələsi çıxacaq. "Qazprom" öz səhvlərinə haqq qazandırmaq üçün, güman ki, dəniz boru xəttini tikəcək. Amma onun ötürücülük qabiliyyəti azaldılaraq 17 milyard kubmetr olacaq və boru xəttindən hazırda Türkiyəyə Ukrayna vasitəsilə gedən xətti əvəzləmək üçün istifadə olunacaq. Lakin bunun üçün də Moskva ilə Ankara qaz tədarükündə tərəfləri qane edəcək tarif güzəştlərilə bağlı razılığa gəlməlidirlər.

Bu məsələdə Ankaranın da öz kozırları var. Bakı və Ankara CQD-nin inşası qərarında israrlıdırlar. Layihənin mərkəzi, əsas hissəsi olan Trans-Anadolu qaz kəmərinin inşasına başlanılması bunu bir daha təsdiqləyir. Hələ indinin özündə də Türkiyədə ən ucuz qaz Azərbaycan qazıdır: 2014-cü ildə "Qazprom" bu ölkəyə qazın min kubmetrini 425, İran 490, Azərbaycan isə 335 dollara satıb. 

TANAP isə Türkiyənin Rusiya qazından asılılığını xeyli azaldacaq. Bu, eyni zamanda Azərbaycan-Türkiyə tandeminin Avropanın qaz bazarında vacib oyunçuya çevrilməsinə də imkan verəcək. Artıq istifadədə olan Bakı-Tiflis-Ceyhan neft kəmərinə, Bakı-Tiflis-Ərzurum qaz kəmərinə və Bakı-Tiflis-Qars dəmir yoluna əlavə olaraq, TANAP Türkiyə ilə Azərbaycanı birləşdirən daha bir möhkəm tel olacaq. Bu, iki qardaş ölkənin regionda və dünyadakı geosiyasi çəkisini də artıracaq.

TANAP və TAP-ın inşası Türkiyə, Yunanıstan və Bolqarıstanın SOCAR-ın böyük maraq göstərdiyi qazpaylayıcı şəbəkələrinin Azərbaycan qazı ilə təmin olunmasına imkan yaradacaq. Azərbaycan və Türkiyədə nəhəng neft-kimya layihələrinin həyata keçirilməsi nəticəsində SOCAR perspektivdə yalnız hasilatla məşğul olan qurum yox, vertikal inteqrasiya olunmuş transmilli enerji şirkəti ola bilər. Türkiyə üçün adıçəkilən layihələr milyardlarla investisiya deməkdir. Onlar ölkənin istehsalat və tikinti gücünü artırmasına, yeni iş yerlərinin açılmasına, büdcəyə əlavə daxilolmalara və nisbətən ucuz qaz əldə etməsinə imkan verir.

CQD-nin gücünün Azərbaycanın enerji resurslarından daha artığına çatacağı bəllidir. Bu üzdən də, Aİ və Türkiyə lap əvvəldən Türkmənistanın da bu layihəyə qoşulmasına maraq göstərirlər. Bu arada Rusiya Türkmənistandan əvvəl ildə 50 milyard kubmetr qaz alırdısa, ötən il bu rəqəmi 10 milyard kubmetrə endirib. Bu il isə Moskva Aşqabaddan cəmi 4 milyard kubmetr "mavi yanacaq" almaq fikrindədir. Belə olan təqdirdə, Türkmənistanın öz qazını Trans-Xəzər boru xəttilə Avropaya nəql etməyə marağının artması heç də təəccüblü deyil. Lakin bu istiqamətdə aparılan danışıqlar hələ ki, konkret nəticələr vermir.

Bu arada CQD-yə daha bir ölkənin qoşulması perspektivi yaranıb. Söhbət İrandan gedir. Vasitəçi "altılıq" ilə İran arasında Lozannada aparılan danışıqlar nəticəsində Tehranın nüvə proqramına dair "Birgə ümumi fəaliyyət planı" razılaşdırılıb. Tərəflər onun əsasında konkret saziş hazırlamalıdırlar. Yekun sazişin qəbulu BMT TŞ-yə İrana tətbiq edilmiş sanksiyaları aradan qaldırmaq imkanı verəcək. Danışıqlar müsbət keçərsə və iyunun 30-dək müvafiq razılaşma imzalanarsa, İran qısa müddətdə qaz hasilatını ciddi şəkildə artıra bilər. Xatırladaq ki, qaz ehtiyatına görə İran dünyada Rusiyadan sonra ikinci yerdədir.

Bütün bunları nəzərə alan SOCAR rəhbəri, ardınca isə Türkiyənin enerji naziri İranı TANAP-a cəlb etməyə hazır olduqlarını bəyan ediblər. Söhbət layihənin payının bir hissəsinin Tehrana satılmasından gedir. Bəzi erməni və rus KİV-i isə bu təklifi qərəzli olaraq, TANAP-ın perspektivsizliyinin etirafı kimi şərh edir. Əslində isə hər şeyin tamamilə əksinə olduğunu anlamaq elə də çətin deyil. İranın sanksiyalardan qurtulması onun öz qazını Avropaya ixrac etməsinə imkan yaradacaq. Bunun üçün isə ən yaxşı marşrut məhz TANAP-dır. Bu, İrəvanda və Moskvadakı bəzi savadsız "analitik"lərin dediyi kimi, layihəni dəyərdən salmayacaq, əksinə, onun effektivliyini artıracaq. Görünür, onlar İranın "Şahdəniz" yatağının işlənilməsi layihəsində 10%-lik paya sahib olduğunu, Tehranın TANAP layihəsinə qoşulmasına isə yalnız sanksiyaların imkan vermədiyini unudurlar. Sanksiyaların ləğvi İrana tikilməkdə olan qaz kəmərində də payçı olmaq imkanı yaradacaq və SOCAR prezidenti Rövnəq Abdullayevin dediyi kimi, bu, kommersiya şərtlərilə, yəni yaxşı qiymətə baş verəcək.

Ümumiyyətlə, Azərbaycanın boru xətti layihələrinə qarşı qarayaxma kampaniyası yenilik deyil. Vaxtilə Bakı-Tiflis-Ceyhan layihəsilə bağlı da analoji bədbin proqnozlar səsləndirilirdi. Amma sonda bədxahlar biabır oldular, layihə reallaşdırıldı və hazırda o, səhmdarlara və tranzit ölkələrə sabit gəlir gətirməkdədir. TANAP-ın perspektivi də bundan pis deyil. Böyük qaz ehtiyatına malik İran və Türkmənistan da layihəyə qoşularsa, onun effektivliyi və kommersiya baxımdan cəlbediciliyi daha da artacaq. Üstəlik, nəzarət səhm paketinin SOCAR-da qalması şərtilə, müəyyən payın satılması əlavə gəlir gətirəcək, eyni zamanda Azərbaycan və Türkiyənin investisiya yükünü bir qədər azaldacaq.

İrəvan KİV-də yerli siyasətçilərin və analitiklərin bir fikri isə əməlli-başlı gülməlidir. Guya İran sanksiyalardan xilas olarsa, öz neftini və qazını Ermənistan ərazisilə nəql etmək üçün "nəhəng" layihələr həyata keçirəcək. Sual yaranır: İranın enerji resursları Ermənistan vasitəsilə haraya nəql olunacaq? Gürcüstana? Gürcülərin buna ehtiyacı yoxdur. Çünki onlar neft və qaza olan tələbatlarını Azərbaycanın hesabına tam ödəyirlər və üstəlik, buna regionda ən aşağı tariflərlə nail olurlar. Ermənistan ərazisilə Türkiyəyə gedəcək boru xəttinin çəkilməsinin isə mənası yoxdur. Çünki İranla Türkiyə arasında ümumi sərhəd və birbaşa qaz kəməri var.

Azərbaycanın təşəbbüsü əsasında Gürcüstan və Türkiyə ilə tərəfdaşlıqla miqyaslı regional layihələrin uğurla həyata keçirilməsi onların məsuliyyətli, işgüzar tərəfdaş imiclərinin yaranmasına səbəb olub. Qaz ehtiyatları və coğrafi yerləşmə ilə yanaşı, bu, həm də əlavə inam resursudur. Bu inam isə CQD layihəsinə Türkmənistan və İran kimi yeni tərəfdaşların cəlbi baxımından da çox vacibdir. Əgər Aİ də bu layihənin dəstəklənməsində eyni dərəcədə ardıcıllıq, inadkarlıq nümayiş etdirərsə, CQD istehlakçılara qaz tədarükünün şaxələndirilməsinə kömək edəcək, onların dayanıqlığını möhkəmləndirəcək və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək.



MƏSLƏHƏT GÖR:

640