
NÖVBƏ KİMİNDİR?
Bişkek görüşündə diqqətçəkən yeganə məqam Gürcüstanın MDB-ni tərk etmək istəyinin təmin edilməsi oldu
Müəllif: Samir MİRZƏYEV Bakı
Dünyada yaşanan iqtisadi böhrandan çıxış yolları axtaran Avropa dövlətlərinin rəhbərlərinin toplantısının fonunda MDB-nin oktyabrın 10-da Bişkekdə keçirilən sammiti o qədər də yaddaqalan olmadı və hər hansı xüsusi hadisə ilə diqqət çəkmədi. Həmişəki kimi. İstisna hal kimi yalnız Gürcüstanın birlikdən çıxmaq istəyinin yerinə yetirilməsini göstərmək olar.
Formal olaraq, Gürcüstanın MDB-yə üzvlüyünə onun birliyi tərk etmək müraciətindən bir il sonra, yəni 2009-cu ilin avqustunda xitam veriləcək. Lakin bu heç nəyi dəyişmir. Artıq quruma üzv dövlətlərin sayı bir ölkə azalıb.
"Yəqin ki, buna təəssüflənmək lazımdır. MDB-də iştirakdan bütün ölkələr qazanırlar. Amma digər tərəfdən, Gürcüstanın son illərdə birlikdəki fəaliyyəti onun möhkəmlənməsinə yox, daha çox eroziyaya uğramasına yönəlmişdi", - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələ ilə əlaqədar bildirib.
MDB-nin icraçı katibi, əvvəllər Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik etmiş Sergey Lebedev isə Tbilisinin birliyi tərk etməsinə belə münasibət açıqlayıb: "Gürcüstanın MDB-dən çıxması qurumun fəaliyyətini dayandırması üçün səbəb olmayacaq".
Cavab olaraq, yalnız çiyin çəkmək qalır. Birliyin mahiyyəti yaxşı məlumdur və bu səbəbdən hazırda MDB-nin üzvlərinin sayı heç kimi maraqlandırmır. Bircə o məlum deyil ki, nəyə görə Lebedev Gürcüstanın "istefası"na ümumilikdə MDB-nin parçalanması rakursundan baxır. Görəsən, həqiqətənmi onun rəhbərlik etdiyi İcraiyyə Komitəsi bu ehtimaldan belə narahatdır?..
Əksər siyasətçilərin etiraf etdiyi kimi, keçmiş müttəfiqlərin sammiti yalnız o baxımdan sərfəlidir ki, tədbir çərçivəsində dövlət və hökumət başçıları, həmçinin xarici siyasət idarələrinin rəhbərləri həmkarları ilə çoxsaylı ikitərəfli görüşlər keçirmək imkanı qazanırlar. Çox vaxt bu qısamüddətli görüşlərin nəticələri kollektiv qərarlardan daha əhəmiyyətli olur. Kollektiv qərarlar isə əksər vaxtlarda deklarativ xarakter daşıyır. Belə ki, indiyədək belə tədbirlərdə bir dəfə də olsun hansısa vacib qərar ayrı-ayrı dövlətlərin qeydi və ya "xüsusi mövqe"yi vurğulanmadan qəbul olunmayıb. Məhz bu səbəbdən, çoxlarının söylədiyi kimi, MDB məcburi xarakter daşımayan minlərlə müxtəlif qərar və qətnamələrin qəbul edildiyi nəhəng bürokratik aparata çevrilib.
Qırğızıstanda keçirilən son sammitdə MDB üzvü olan ölkələrin xarici işlər nazirləri Abxaziyada birliyin himayəsi altında qulluq edən Sülhün Qorunması üzrə Kollektiv Qüvvələrin fəaliyyətinə son qoyulmasına dair formal qərar qəbul etdilər və beləliklə, Abxaziyadakı Rusiya hərbçiləri sülhməramlı statusunu birdəfəlik itirdi. Bundan sonra həmin qüvvələrin bölgədə yerləşməsi üçün leqal əsas yalnız Moskva ilə Suxumi arasında əldə edilmiş ikitərəfli razılaşmadır. Bununla yanaşı, Moskva yenə də tərəfdaşlarından istədiyini ala bilmədi. Söhbət MDB üzvlərinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımalarından gedir. Xatırladaq ki, sammitin başlanmasına bir gün qalmış S.Lebedev bildirmişdi ki, bu məsələ toplantıda xüsusi müzakirə obyekti olmayacaq və Suxumi ilə Sxinvalinin müstəqilliyinin tanınması məsələsi fərdi qərarlara bağlıdır. Bu da aydın məsələdir: dövlət başçılarının mövqeyini ifadə edən xarici işlər nazirlərinin razılığı olmadan bu məsələ prezidentlərin sammitinin gündəliyinə salına bilməzdi. Bunda əsas maraqlı tərəf isə əvvəlcə ikitərəfli qaydada, daha sonra XİN-lər səviyyəsində istədiyi nəticəni əldə edə bilmədiyindən "simasını qorumaq" haqda düşünən Rusiyanın özü idi.
Sammitdə qəbul edilmiş qərarlar sırasında tədbir iştirakçılarının MDB-nin 2020-ci ilədək iqtisadi inkişaf strategiyası layihəsini imzalamasını göstərmək olar. Sənəd nəqliyyat infrastrukturu və elektrik enerjisi məsələlərini özündə əks etdirir.
Bundan başqa, tədbirdə sərhədyanı əməkdaşlıq konsepsiyası və ölkələrin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq konsepsiyası imzalanıb. Sammit iştirakçıları narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə, qanunsuz miqrasiyaya qarşı mübarizə yolları, MDB-yə üzv dövlətlərin təyyarələrinin terrorçular tərəfindən ələ keçirilməsi və ya qaçırılmasına dair informasiya əldə olunan zaman onların hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət qaydaları kimi məsələləri də müzakirə ediblər.
Tədbirdə birliyə üzv dövlətlərin maliyyə nazirlikləri səviyyəsində işçi qrupunun yaradılması məsələsi də razılaşdırılıb. O, yaxın vaxtlarda dünyada yaşanan iqtisadi böhranla bağlı müzakirələr aparmaq məqsədi ilə Moskvada toplaşmalıdır.
Xüsusi qeyd edilməli olan məsələlərdən biri də odur ki, MDB-nin bundan əvvəl Düşənbədə keçirilmiş sammiti ilə müqayisədə, Bişkek toplantısına Gürcüstan prezidenti Mixail Saakaşvili ilə yanaşı, Azərbaycanın dövlət başçısı İlham Əliyev və onun ukraynalı həmkarı Viktor Yuşşenko da qatılmamışdı.
İ.Əliyevin bunun üçün əsaslı səbəbi var idi - ölkədə prezident seçkisi yaxınlaşırdı və ikinci dəfə bu posta seçilməyə əsas namizəd olan İlham Əliyev həm də ölkə rəhbəri kimi seçkinin yükünü çiynində daşıyırdı.
Viktor Yuşşenkoya gəlincə, onun ciddi "başağrısı" olduğu hər kəsə bəllidir. Ukraynada Ali Radanın buraxılması və növbədənkənar parlament seçkisinin təyin edilməsi ilə müşahidə olunan növbəti siyasi böhran yaşanır.
"Kommersant" qəzeti yazır ki, Azərbaycan prezidentindən fərqli olaraq, V.Yuşşenko həmkarlarına sammitə qatılmamasının səbəbini rəsmən izah etməyib. Kiyevi tədbirdə, hətta xarici işlər naziri də yox, onun birinci müavini Yuri Kostenko təmsil edib. Bütün bunlar isə XİN başçılarının iclasında Ukraynanın da MDB-ni tərk etmək niyyətini ortaya qoyduğuna dair məlumatların yayılmasına gətirib çıxarıb. Lakin Rusiyanın xarici siyasət idarəsinin rəhbəri S.Lavrov bunu təkzib edib: "Kiyevin MDB-ni tərk etmək haqda düşünməsinə dair məlumat yoxdur".
Qeyd edək ki, Ukrayna liderinin Rusiya ilə münaqişədə birmənalı olaraq Gürcüstanı dəstəklədiyini nəzərə alsaq, Kiyevin belə addım ata biləcəyini istisna etmək olmaz. Bu faktorla yanaşı, Kiyevlə Moskva arasında münasibətlərin ciddi şəkildə gərginləşməsinə səbəb olan NATO-ya üzvlüyə namizədlik məsələsini də unutmaq olmaz.
"Kommersant" qəzeti birliyin son sammiti haqda yazısında bildirir:". Hələ Düşənbədə keçirilmiş ötən sammitdə Moskva göstərmişdi ki, o, postsovet ölkələrinə təsir imkanlarının aradan qalxmasına imkan verməyəcək və MDB-nin inteqrasiya potensialını gücləndirmək fikrindədir. Görünür, Qafqazda müharibədən sonra dəyişən vəziyyət bu iddialı planı pozub. İndi söhbət MDB-ni heç olmasa, hazırkı amorf formada qoruyub-saxlamaqdan gedir. Hazırkı situasiyada, hətta Kreml məmurları da etiraf edirdilər ki, MDB sammitindən və Avrasiya İqtisadi Birliyi Dövlətlərarası Şurasının iclasından (o da eyni dövrdə Bişkekdə keçirilib - red.) Rusiya üçün hər hansı səmərəli qərar gözləməyinə dəyməz".
"Hər hansı inqilabi qərarlar gözlənilmir. Bu, cari işgüzar iclasdır", - deyə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko da bu fikri təsdiqləyib.
Rusiyalı jurnalistlər Bişkek görüşünü "ayrılıq sammiti" adlandırırlar və bu toplantının əsl mahiyyətini üzə çıxarır. Həqiqətən də, Qırğızıstan sammitində birlik ilk dəfə olaraq, real şəkildə kiçilməyə başlayıb.
Doğrudur, formal olaraq, Gürcüstanın "yola gəlmək" üçün 1 ili var. MDB-nin icraçı katibi S.Lebedev də bildirib ki, birlik üzvləri "Gürcüstanla münasibətlərin bərpasında, konstruktiv, mehriban qonşuluq münasibətlərinin olmasında maraqlıdırlar". "Qapı Gürcüstanın üzünə bağlı deyil. Əgər bu ölkənin rəhbərliyi sonradan MDB-yə üzv olmaq haqda qərar qəbul edərsə, bu məsələ müsbət həllini tapacaq", - deyə Lebedev qeyd edib.
Lakin bir məqam aydın deyil ki, o, cəm halda "MDB üzvləri" deyərkən başqa hansı dövlətləri nəzərdə tutub: axı Moskvadan başqa heç kim Tbilisi ilə münasibətlərini pozmayıb. Gürcüstanın MDB-ni tərk etməsi isə qətiyyən ikitərəfli əlaqələrin qırılması anlamına gəlmir. Hətta Rusiyanın ən yaxın dostu və müttəfiqi olan Belarus da Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımaqla, Gürcüstanla münasibətləri korlamağa tələsmir.
Yeri gəlmişkən, Rusiya mətbuatının yazdığına görə, Belarus prezidenti Aleksandr Lukaşenko da MDB-nin sammitində çox qısa müddətə iştirak edib. Qərarların qəbul edildiyi müddətdə o, həmkarları ilə birlikdə olmayıb və nədənsə ikitərəfli görüşləri məhz həmin vaxta təyin etməyə üstünlük verib. Lakin Bişkek görüşünün mahiyyətinə nəzər salan zaman Lukaşenkonun hər hansı vacib məqamı qaçırdığını söyləmək olmaz. Hətta bunun əksini də demək mümkündür: o, tədbirə məqsədli şəkildə qatılmayıb ki, Gürcüstan ərazisindəki separatçıların müstəqilliyini tanımadığına görə Moskvaya söyləyəcəyi bəhanəsi olsun.
Gürcüstanın MDB-dən çıxmaq haqda qərarına yenidən baxması üçün 2009-cu ilin avqustunadək olan vaxtına gəlincə, Tbilisinin bu qərarına nəyin necə təsir göstərə biləcəyini indidən söyləmək çətindir. Sergey Lebedevin konkret nəyi nəzərdə tutduğunu nə özü, nə də onu bu posta irəli çəkənlər aydınlaşdırıblar. Bu açıqlama sadəcə diplomatik etika naminə deyilən söz də, açıq işarə də ola bilər.
Daha bir vacib məqam üzərində dayanmağına dəyər: əgər Ukraynada yaşanan hazırkı siyasi böhran aşkar qərbpərəst siyasət yürüdən və NATO-ya inteqrasiya istiqaməti götürmüş prezident Yuşşenkonun tərəfdarlarının qələbəsi ilə başa çatarsa, MDB-nin növbəti sammitlərin birində birliyin sıralarını tərk etmək istəyənlərin qrupu daha da genişlənə bilər.
Lakin necə deyərlər, yaşayarıq - görərik.
MƏSLƏHƏT GÖR: