14 Mart 2025

Cümə, 21:51

İSTİLƏR NƏ VAXT DÜŞƏCƏK?

Gürcüstanın xarici işlər naziri eka tkeşelaşvili hesab edir ki, rusiya ilə münaqişənin həlli üçün xeyli vaxt və güc lazımdır

Müəllif:

20.10.2008

Rusiya ilə Gürcüstan arasında yaşanan münaqişə və Moskvanın Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanıması regionda geosiyasi vəziyyəti kökündən dəyişdi. İki qonşu arasında son illər ərzində onsuz da möhkəm olmayan inam birdəfəlik qırıldı. Hazırda yaxın gələcəkdə bu iki ölkə arasında qarşılıqlı inamın bərpası haqda danışmaq mümkün deyil. Lakin bu hələ dərdin  yarısıdır. Cənubi Qafqazda yaşanan son məlum hadisələrdən sonra beynəlxalq səviyyədə də inam qırılıb. Qütbləşmə dərinləşib, silahlanma yarışı sürət götürüb, "soyuq müharibə"nin bütün əlamətləri görünməyə başlayıb. Bu münaqişə üzündən yaranmış sosial və iqtisadi problemlər də  öz yerində. 

Bəs görəsən münaqişə tərəfləri bu çətin durumdan çıxış yollarını nədə görürlər, onlar bundan sonra hansı addımları atmaq fikrindədirlər və hansı şəraitdə münasibətlərin normallaşmasını gözləmək mümkündür? Rəsmi Tbilisinin mövqeyilə bağlı müxbirimizin suallarını Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili cavablandırır.

- Xanım Tkeşelaşvili, son zamanlar Gürcüstanın separatçı bölgələrinin liderləri Rusiyaya və ya Rusiya-Belarus İttifaq dövlətinə qoşulmaq haqda bəyanatlar səsləndirirlər. Hadisələr bu cür inkişaf edəcəyi təqdirdə, Tbilisi hansı addımları atmaq fikrindədir?

- Rusiya faktik olaraq, Abxaziyanı və Gürcüstanın Sxinvali bölgəsini işğal edib. İndi bu regionların Rusiyanın siyasi, iqtisadi və hüquqi məkanına çəkilməsi prosesi gedir. Separatçı rejimlərin təmsilçiləri təsdiqləyiblər ki, Abxaziyada fəaliyyət göstərən investorlar Rusiyanın hüquqi məkanında çalışacaqlar. Rusiyanın baş naziri Vladimir Putinin dediyinə görə isə bu ölkə Sxinvali regionu ilə sərhədi, ümumiyyətlə, ləğv etməyi düşünür. Bundan çıxış edərək söyləmək olar ki, Gürcüstan ərazilərinin faktiki işğalı fonunda onların formal olaraq, özlərinə birləşdirilməsi istiqamətində atılacaq addımlar heç nəyi dəyişməyəcək.

İstənilən halda, Tbilisi beynəlxalq ictimaiyyətlə birlikdə Abxaziya və Sxinvali bölgəsinin sülh yolu ilə Gürcüstanın nəzarətinə qaytarılması üçün mübarizəni davam etdirəcək. Eyni zamanda, Tbilisi bu regionlara Gürcüstanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində maksimum geniş muxtariyyətin verilməsi haqda öhdəlik götürdüyünü bir daha təsdiqləyir.

- Baş verən məlum hadisələrdən sonra Gürcüstanın ərazi bütövlüyünün bərpası və onun ayrılmış regionlarının reinteqrasiyası ehtimalı nə dərəcədə realdır?

- Rusiyanın Abxaziya və Sxinvali bölgəsinin müstəqilliyini birtərəfli qaydada tanıması bu regionların Gürcüstana reinteqrasiyasının mümkünsüz olması demək deyil. Rusiya Gürcüstana qarşı hərbi aqressiyası və ölkənin bir hissəsini işğal etməsi ilə özünün münaqişələrin həlli prosesində "neytral oyunçu" maskasını cırdı və Gürcüstanla bağlı, əslində, hansı məqsədlər güddüyünü açıq şəkildə ortaya qoydu. Artıq heç kəs üçün sirr deyil ki, söhbət Rusiyanın birtərəfli qaydada güc yolu ilə Avropanın demokratik dövlətinin beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərini dəyişmək cəhdindən gedir. Dünya ictimaiyyəti bununla heç zaman razılaşmayacaq. Mən tamamilə əminəm ki, Gürcüstan beynəlxalq tərəfdaşları ilə birlikdə bu münaqişənin birdəfəlik siyasi həllinə nail olacaq. Təbi iki, bunun üçün bizə kifayət qədər vaxt və enerji lazım gələcək.

- Münaqişə tərəfləri arasında itirilmiş inamın bərpasına və danışıqlar masasına əyləşməyə nail olmaq üçün optimal beynəlxalq formatı necə görürsünüz?

- Gürcüstanda sülh prosesinə cəlb edilmiş BMT və ATƏT-lə yanaşı tərəflər arasında qarşılıqlı inamın bərpası üçün optimal format, bu prosesdə Avropa İttifaqı və ABŞ-ın da iştirakıdır. Qeyd etmək lazımdır ki, Gürcüstan ərazisindəki münaqişələrin həlli məqsədi ilə daim Abxaziya və Cənubi Osetiya ilə birbaşa dialoqa can atıb. Lakin separatçı rejimlərə tam nəzarət edən Moskva həmişə bilavasitə əlaqələrin yaradılmasına mane olub. Rusiyanın müdaxiləsindən sonra bu separatçı rejimlərin nüfuzlarını tamamilə itirdiklərini (əgər ümumiyyətlə, onlarda nüfuz olubsa) və real çəkilərinin sıfıra endiyini söyləmək üçün bütün əsaslar var. Hazırkı situasiyada Gürcüstanın Abxaziya və Sxinvali bölgələrini bir əsas oyunçu - Rusiya idarə edir və bu, Moskvanın bütün səylərinə baxmayaraq, separatçı rejimlərin müstəqil dövlət kimi təqdim edilməsi şanslarını sıfıra endirir. Burada yalnız bir məqsəd var: sülh prosesini tamamilə pozmaq və dalana dirəmək.

- Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin və dialoqun bərpası hansı halda mümkündür?

- Gürcüstanla Rusiya arasında münasibətlərin normallaşması və diplomatik əlaqələrin bərpası Moskvanın Avropa İttifaqının sədri olan Fransa qarşısında götürdüyü öhdəliklərə əməl etməsindən sonra mümkün olacaq. Bu, hər şeydən əvvəl bölgədə 2008-ci il avqustun 7-dək mövcud olmuş status-kvonun bərpasını, yəni Rusiyanın bütün qoşunlarının Gürcüstan ərazisindən tamamilə çıxarılmasını, Abxaziya və Sxinvali regionunun müstəqilliyinin tanınması ilə bağlı qərara yenidən baxılmasını nəzərdə tutur.

- Cənubi Qafqazda ehtiraslar coşduqdan sonra Gürcüstanın tezliklə NATO-ya qəbulunun vacibliyi haqda bəyanatlar səsləndirilir. Digər tərəfdən, belə bir fikir də mövcuddur ki, alyans odun üstünə yağ tökməmək üçün bu qərarı verməyə tələsməyəcək. Bu məsələ ilə əlaqədar Tbilisinin mövqeyi necədir?

- Xatırladım ki, Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı artıq siyasi öhdəlik götürülüb. Sovet İttifaqının dağılmasından sonra NATO-nun genişlənməsi böyük strateji uğurlarla müşahidə olunub. Alyansın genişlənməsi ilə yanaşı Avropada təhlükəsizlik, sabitlik və demokratiyanın sahəsi də kifayət qədər genişlənib ki, bu da əsasən elə Şimali Atlantika Alyansının özündə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edib. Şübhə yoxdur ki, Şərqi Avropa və Baltik yanı ölkələr NATO-ya üzv olmasaydılar, Moskva onları da özünün "imtiyazlı maraq zonası"na daxil etməyə çalışacaqdı. Biz əminik ki, NATO-nun genişlənməsi kimi, Gürcüstanın alyansa üzvlüyü də bütünlükdə blokun təhlükəsizliyinə töhfə verəcək. Bu, vahid, azad və dinc Avropa istiqamətində atılmış addım olacaq.

- Gürcüstan-Rusiya münaqişəsi zamanı Azərbaycanın nümayiş etdirdiyi mövqeyi necə qiymətləndirirsiniz?

- Gürcüstanla Azərbaycan strateji tərəfdaşlardır və bizi GUAM çərçivəsi də daxil olmaqla, çoxsaylı siyasi və iqtisadi maraqlar birləşdirir. Eyni zamanda, hər iki ölkənin ərazisində həll edilməmiş münaqişələr qalmaqdadır və bu bizim suverenliyimizə və ərazi bütövlüyümüzə təhlükə yaradır. Belə olan şəraitdə hər iki dövlət beynəlxalq arenada uzlaşdırılmış mövqe tutur.

- Hazırkı şəraitdə Gürcüstan ərazisindəki regional layihələrin infrastrukturunun təhlükəsizliyinə nə dərəcədə zəmanət vermək mümkündür?

- Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi hərbi təcavüzdə iqtisadi hədəflər də var idi: regional layihələrin infrastrukturuna zərər vurmaq və onların fəaliyyətinə mane olmaq. Son mərhələdə isə enerjidaşıyıcılarının nəqlinin diversifikasiyasını əngəlləməklə Avropanın enerji təhlükəsizliyinə zərbə vurmaq. Beynəlxalq səylər isə Rusiyanın Gürcüstanın iqtisadi, həmçinin tranzit potensialını pozmağa yönəlmiş aqressiv planının icrasına imkan vermədi. Rusiya tərəfindən atılan bu addım özünün nəzarət etmədiyi layihələri "dəfn etmək" istəyi idi.

Bu təcavüz nəticəsində Rusiya həm iqtisadi, həm də siyasi baxımdan Gürcüstandan daha çox zərərlə üzləşdi. Gürcüstan dövlətçiliyi beynəlxalq ictimaiyyətin də dəstəyi ilə bu təcavüzə qarşı dayana bildi və biz bu dəstəyi yüksək qiymətləndiririk. Gürcüstan iqtisadi sahə də daxil olmaqla, irəliləyişini davam etdirir.

Əmin edirəm ki, ölkəmizin ərazisindəki heç bir iqtisadi layihəyə təhlükə yoxdur. Bundan başqa, hazırkı şəraitdə region dövlətləri plana uyğun olaraq, perspektivli regional layihələrin reallaşdırılması üçün səyləri daha da birləşdirməlidirlər.


MƏSLƏHƏT GÖR:

538