24 Noyabr 2024

Bazar, 20:31

MƏNALI QOCALIQ

Azərbaycan yaşlı adamların həyatının yaxşılaşdırılması istiqamətində irəliləyir

Müəllif:

01.10.2008

Qocalıq, yaşlı adamlara nə lazım olması barədə tez-tezmi düşünü-rük?.. Düşünürükmü, görəsən, qocalıqdan qurtulmaq mümkün deyil və özümüzü bu qaçılmazlığa  hazırlamaq üçün gənclik illərindən başlamaq lazımdır? Görəsən, necə etmək lazımdır ki, qocalıqda həyat öz mənasını itirməsin və yaşamaq üçün hər hansı bir anlam qalsın?..  Kanadada yaşayan bir nəfər soydaşımız həmin ölkədə həsəd aparılmalı qocaların yaşaması barədə danışandan sonra bu barədə yazmaq istəyim daha da gücləndi.   

Bu maraqlı hekayədən sonra gözlərimiz önündə bizim qocalar canlandı. Təəssüf ki, bizim ahıllar bu gün öz asudə vaxtlarını necə keçirməyin yox, dolanışıq üçün bir tikə çörək qazanmağın qayğısına qalırlar. Vurğulamaq gərəkdir ki, Azərbaycan bu gün yalnız yaşlı adamların həyat keyfiyyətini yaxşılaşdırmaq istiqamətində addımlar atır və bu, Kanadada artıq keçilmiş mərhələdir. Amma burası da var ki, dövlətin həyat səviyyəsinə qiymət verildikdə ahılların da həyat səviyyəsinə diqqət yetirirlər.

 

Təkmilləşdirilməyə cəhd

Ümumdünya Assambleyası tərəfindən 1982-ci ildə qocalma problemləri üzrə qəbul edilmiş Vyana planı çərçivəsində "Ahıl insanlarla bağlı BMT prinsipləri" qəbul edilib. BMT Baş Assambleyası tərəfindən təsdiq edilmiş sənəddə yaşlı insanların problemlərinin müxtəlif həll yolları göstərilib. Azərbaycanın da qoşulduğu bu prinsiplərə uyğun olaraq bizim ölkə keçən illər ərzində yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üzrə çoxsaylı tədbirlər gerçəkləşdirib.

Parlamentin sosial məsələlər üzrə komissiyasının başçısı Hadı Rəcəbli "Region plus"un əməkdaşı ilə söhbətində bldirib ki, hazırda bu məsələ ölkənin sosial siyasətinin vacib aspektlərindən biridir. Bu siyasətin əsas məqsədi yaşlı nəslin həyatının sosial-iqtisadi, siyasi cəhətləri və status məsələsi ilə bağlı hüquqi sənədlərin qəbul edilməsidir.  

"Biz yaşlı nəsilin sosial müdafiəsi üzrə tədbirlər hazırlayırıq. Bu istiqamətdə ən önəmli iş yaşlı insanlarla iş üzrə kadrların hazırlanmasıdır. Həm də etiraf etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid ölkədə yaşlı insanlar üçün sosial riskləri artırıb",- deyə o vurğulayıb.  

İndi bütün dünya üzrə demoqrafik disbalans müşahidə edilir və yaşlı insanların sayının yeni doğulanların sayından artıq olması açıq görünür.  "Dövlət yaşlı insanların sosial uyğunlaşmasının vacibliyi ilə üz-üzədir. Azərbaycanda yaşlı insanların uyğunlaşdırılma mərkəzlərinin yaradılması məsələsinə baxılması çox önəmlidir. Əgər onlar təqaüdə çıxıblarsa və artıq işləmirlərsə, bu, heç də cəmiyyətin onları hesabdan silməsi demək deyil. Yaşlı insanların psixikasını anlamaq çox vacidir.  Onlar sadəcə anlamalıdırlar ki, yalnız öz ailələrinə deyil, həm də ölkəyə lazımdırlar. Tənha insanlara bunu başa salmaq xüsusilə önəmlidir. Biz hamımız nə vaxtsa qocalacağıq ",- deyə parlament komissiyasının başçısı vurğulayıb. 

Və gerçəkdən yaşlı nəsil doğrudan da yaxşı yaşamalıdır, dövlət orqanları onları lazımi səviyyədə pensiya ilə, lazım gələndə isə iş yeri ilə təmin etməlidir. Azərbaycanda qəbul edilmiş dövlət proqramına görə, onların pensiyası yaşayış minimumuna uyğun olmalıdır. Bu istiqamətdə iş gedir və artıq minimal pensiyanın artırılması dinamikasının qrafiki tutulub. 

"Hazırda ölkə üzrə yaşlı insanların 90 faizi əmək təqaüdçüləridir. Onların pensiyalarının baza hissəsi yaxın zamanlarada 80 manata qədər qaldırılacaq. Bunun nəticəsində ayrı-ayrı kateqoriyalar üzrə ödənişlər xeyli artacaq. Məsələn, tənha qocaların pensiyaları iki dəfə artırılacaq. Bu proses gələcəkdə də davam etdiriləcək. Gerçəkləşdirilən siyasətin son məqsədi ölkənin hər bir vətəndaşını ahıl yaşlarında layiqli və yararlı həyat səviyyəsi ilə təmin etməkdir. 2008-ci ildə pensiyaların baza issəsi üç kərə artırılıb. Yanvarda o, 50 manat, mayda 55 manat və sentyabrda 60 manat təşkil edib. 2009-cu ildə pensiyaların baza hissəsinin 2 kərə artırılması gözlənilir, aprelin 1-də o, 65 manata, oktyabrın 1-də isə 70 manata çatdırılacaq. İş yerlərinə gəldikdə isə, müvafiq qurumların mütəxəssisləri işləmək istəyən yaşlı insanların məşğul ola biləcəyi sahələri müəyyən etməlidirlər. Bu istiqamətdə müxtəlif qeyri-hökumət təşkilatları (QHT) da fəaliyət göstərməlidirlər. Onlar yaşlı adamları volontyor kimi müxtəlif işlərə cəlb etməlidirlər. Burada söhbət ünsiyyətə böyük ehtiyacı olan və nə ilə məşğul olacağını bilməyən yaşlı insanlardan gedir",- deyə Hadı Rəcəbli bildirir. 

Yaşlı insanlara göstərilən tibbi xidmətin yaxşılaşdırılmasına və bu məqsədlə bir sıra güzəştlərin verilməsinə də toxunulub. Ancaq burada da çox məsələlər açıq qalıb. "Hazırda qocalar evində qalan yaşlıları da unutmaq olmaz. Azərbaycan cəmiyyətində belələrin olması faktının özünə çox pis baxırlar. Ola bilər ki bu, bizim mentalitetdir. Həm də insanlar öz yaşlı valideynlərinə baxmaq istəməyən adamları qınayırlar.  Ancaq bu o demək deyil ki, Azərbaycanda qocalar evləri yoxdur. Onlar mövcuddur və indiyə kimi də onların təminatının və xidmət səviyyəsinin aşağı olması müşahidə edilir. Biz yalnız ahıllar evlərindəki həyat səviyyəsini Qərb standartlarına yaxınlaşdırmaqla qalmamalı, həm də himayəçi ailələrin yaradılması haqqında düşünməliyik. Aydındır ki, yaşlı adamlar üçün ahıllar evlərində deyil, ailələrdə yaşamaq daha yaxşıdır. Hazırda bizim ölkədə bu sahədə yenidənqurmaya xüsusi diqqət yetirilir. Başqa sözlə, uşaq evləri ləğv edilir və atasız uşaqlar ailələrin himayəsinə verilir. 

Ancaq yaşlılar da uşaq kimidir. Yaşlı insanlar da uşaqlar kimi qayğıya, diqqətə ehtiyac duyurlar, hətta ən yaxşı ahıllar evi ailə ocağının istisini əvəz edə bilməz. Ancaq bunun üçün dəqiq düşünülmüş dövlət proqramı lazımdır və himayəçi kimi seçilmişlər ürəkdən maraqlı olmalıdırlar ki, atılmış ahıl insanlar kimsəsiz olduqlarını unutsunlar və ömürlərinin son günlərini maksimum rahat şəraitdə keçirsinlər", - deyə Hadı Rəcəbli vurğulayıb. 

 

Bəs Kanadada necədir? 

İndi Kanada təcrübəsinə qayıdaq. Burada yaşlı insanlarla bağlı sosial siyasət dəqiq düşünülüb və onun istiqamətləri barədə yetərincə çox yazmaq olar. Əgər hazırda ən çox diqqətin ahıl insanların boş vaxtlarını necə keçirmələrinə verilirsə, deməli, onların sosial-iqtisadi təminatının tam qaydada olması ortaya çıxır. Bizim Kanadada yaşayan soydaşımızın dediyinə görə, "yaşlı insanlar orada vaxtlarını boş keçirməkdən və nəsə öyrənməkdən başqa heç nə barədə düşünmürlər". Kanadanın hər bir şəhəri rayonlara (community) bölünüb və hər bir rayonda yaşlı adamlar - seniorlar üçün klublar yaradılıb. 

"Onlar həftənin müəyyən günləri eyni vaxtda oraya gəlirlər və söhbət edərək öz problemlərindən danışırlar. Müxtəlif yenilikləri, tədbirləri müzakirə edirlər. Öz kulinariya bacarıqlarını nümayiş etdirirlər, müxtəlif xeyriyyə tədbirləri gerçəkləşdirir, ad günləri keçirirlər. Burası maraqlıdır ki, onlar yaxşı yaşamağa o qədər alışıblar ki, heç nəyə əsəbiləşmirlər. Problemlərin müzakirəsi zamanı hamısı aşağı səslə danışır, çox xeyirxah olurlar. Demək olar ki, hər gün müxtəlif oyunlar keçirirlər". 

Bu cür klublarda maraqlardan asılı olaraq, müxtəlif bölmələr var. Kimi kompyuterlə işləmək, kimi xarici dil öyrənir, kimlər isə tikiş və dərzilik vərdişlərinə yiyələnirlər. Fəaliyyət istiqamətləri çox-çoxdur. Bir sözlə, qocalar özlərinə məşğuliyyət tapırlar.   

"Azərbaycanda da yaşlı insanların boş vaxtlarını bu cür keçirməsini təşkil etmək mümkündürmü?" sualına cavab verən Hadı Rəcəbli bildirib ki, "istək olsa, hər şey mümkündür". Özü də sovet illərində bu cür vaxtkeçirmə fəal tətbiq edilib: "Ahılları vaxtlarını mənalı keçirməyə yönəltmək üçün ilk növbədə onların gündəlik problemlərini həll etmək lazımdır. Azərbaycan bu istiqamətdə fəal işlər görür. İnşallah, düşünürük ki, bizim qocalığımız mənalı və maraqlı olacaq". 


MƏSLƏHƏT GÖR:

486