
YAĞMURSUZ GÖY GURULTUSU…
BMT qarşısına qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmir
Müəllif: Eldar PAŞAYEV Bakı
BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində 100-dək dövlət və hökumət başçısının iştirakı ilə keçirilən diskussiyalar, deyəsən, beynəlxalq münasibətlərdəki gərginliyi daha da artırdı. Əksər ekspertlərin fikrincə, hazırda dünyanın siyasi sistemi dönüş anını yaşayır - beynəlxalq birlik İkinci Dünya müharibəsindən sonra böyük çətinliklə razılaşdırılmış qaydalar sisteminin iflasının şahidi olur və dünya bir-birinə qarşı düşmən mövqedə dayanan iki düşərgəyə parçalanır.
"Soyuq müharibə" dönəmində heç olmasa aydınlıq var idi. İndi isə tam nizamsızlıq hökm sürür və nəticədə kimin kimlə müttəfiq, kimlə düşmən olduğunu müəyyənləşdirmək xeyli çətinləşir.
Bir müddət əvvəl Rusiya ilə Gürcüstan arasında yaşanmış beşgünlük müharibə bəzi ölkələr üçün "dönüş anı" oldu. Ən məşhur istirahət ayı olan avqustda (özü də Olimpiadanın keçirildiyi bir dövrdə) Qafqazda baş verənlər bütün digər xəbərləri kölgədə qoydu. Siyasətçilər və diplomatlar məsləhətləşmələr və danışıqlar aparmaq üçün qarşılıqlı səfərlər etdilər, beynəlxalq prinsiplərin pozulması ilə əlaqədar ittihamlar bir-birini əvəzlədi və təəssüf ki, son söz tanklar və avtomatlar vasitəsi ilə deyildi. Üstəlik, bütün bunlar dünyanı bürümüş qlobal böhranla eyni vaxta təsadüf etdi. Bu böhran zamanı bütün dövlətlər bir daha dəhşətlə anladılar ki, Yer kürəsində əsas mübadilə vasitəsi olan pul baxımından bir-birindən asılı vəziyyətdədirlər. Bu amil isə qarşılıqlı narazılıq və qıcıqlanma hissini yalnız gücləndirdi.
Bir sözlə, ölkələrin Nyu-Yorkdakı son "qarşıdurması" belə bir çətin dövrə təsadüf edirdi.
Ötən il olduğu kimi, bu il də Baş Assambleyanın tribunası siyasətçilər üçün ən ağrılı məqamların ifadə edilməsi üçün tribunaya çevrildi. Lakin bu ümumdünya "söhbətxana"sı çətin ki BMT-nin imicinə müsbət təsir göstərsin. Hazırda bu qurum vaxtilə yaradıldığı zaman ona həvalə edilmiş missiyanın öhdəsindən gələ bilmir - o artıq ümumdünya problemlərinin həlli meydanı kimi qəbul edilmir, münaqişələri nizamlamaq və ya onların qarşısını almaq iqtidarında deyil, millətlər arasında dost münasibətlər qurmaq cəhdi isə ümumiyyətlə alınmır.
Təhlükəsizlik Şurasının daimi üzvləri (Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya), yəni BMT-nin sülh və təhlükəsizlik məsələləri ilə məşğul olan orqanı müxtəlif hədəflər və dəyərlər sisteminə malikdir - onlar öz aralarında razılığa gəlməkdə ciddi çətinlik çəkirlər. Məhz buna görə, Təhlükəsizlik Şurasına tabe olmaq haqda öhdəlik götürmüş BMT üzvləri bu öhdəliklərə əməl etməyə tələsmirlər.
Bununla əlaqədar olaraq, Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasının vacibliyi haqda söhbətlər çoxdan gəzir. Debatlar zamanı, xüsusilə, Sloveniya və Portuqaliya prezidentləri Danilo Tyurk və Anibal Kavaku Silva bunun vacibliyini vurğulayıblar. Sloveniya liderinin fikrincə, "dünya ictimaiyyəti sülh və təhlükəsizliyi dəstəkləyən strukturun yenidən qurulması işində çox gecikir".
Lakin, eyni zamanda, TŞ-nın genişləndirilməsinin effektiv olacağına şübhələr də kifayət qədərdir.
BMT-nin rolunun gücləndirilməsinin vacibliyini Baş Assambleyada çıxış edən ABŞ prezidenti Corc Buş da bildirdi. O əmindir ki, bu gün bəşəriyyətin bu təşkilata ehtiyacı həmişəkindən daha çoxdur. Qeyd edək ki, Ağ ev sahibinin bu fikirləri ciddi rezonansa səbəb oldu. Çünki əksər vaxtda məhz Vaşinqtonun özünü BMT-nin fikrini nəzərə almamaqda günahlandırırlar. Lakin bu dəfə BMT-yə münasibətdə destruktiv mövqe tutmaqda daha çox Rusiya ittiham edildi. Buna səbəb isə Moskvanın Nyu-Yorkda İranla bağlı xarici işlər nazirləri səviyyəsində müzakirələrə qatılmaqdan imtina edərək, hazırda "bunun vaxtı olmadığını" bəyan etməsidir. Qeyd edək ki, vasitəçi "altılıq" görüşdə nüvə proqramının dinc xarakter daşıdığını söyləməkdə davam edən Tehrana qarşı yeni sanksiyalara dair qətnamə layihəsinin müzakirəsi planlaşdırılırdı. İranın nüvə silahı əldə etməyin bir addımlığında olduğunu bildirərək, bu addımları atmağa tələsən Qərbdən fərqli olaraq, Rusiya hesab edir ki, "Tehranın nüvə proqramı ilə bağlı durum hazırkı şəraitdə hər hansı qeyri-adi addımların atılması zərurətini yaratmır".
Bu isə İran prezidenti Mahmud Əhmədinejatı əməlli-başlı ruhlandırdı və o, çıxışında ABŞ-ı faktları təhrif etməkdə günahlandırdı. Əhmədinejat "tostlarının dəstəyi ilə" öz maraqlarını qoruyacaqlarını da bəyan etdi. Tehranın düşmənlərinə gəlincə, prezident onları kollaps gözlədiyi haqda xəbərdarlıq etdi. Əhmədinejad hesab edir ki, ABŞ-ın yeni seçiləcək administrasiyası fəaliyyətini öz ölkəsinin sərhədləri çərçivəsində qurmalı və digər ölkələrin işinə qarışmamalıdır. O, ABŞ rəhbərliyini seçici səsi qazanmaq xətrinə İraq və Əfqanıstanda müharibəyə başlamaqda da günahlandırdı. Dövlət başçısının fikrincə, bu ölkələrdə terrorçuların fəallığının getdikcə artması məhz Vaşinqtonun fəaliyyətinin nəticəsidir.
İran lideri "sionist rejimi"ni də "yaddan çıxartmadı". Mahmud Əhmədinejadın fikrincə, "sionist rejimini" də fəlakət gözləyir və "onlar özlərinin qazdığı zibil quyusundan çıxa bilməyəcək".
BMT Baş Assambleyasının toplantısında iştirak edən İsrail prezidenti Şimon Peresin iranlı həmkarının açıqlamalarını "antisemitizm və Hitler dönəmindəki ritorikanın bənzəri" adlandırması heç də təəccüblü deyil.
Corc Buşun çıxışına qayıdaraq, onun Rusiya-Gürcüstan münaqişəsi haqda fikirlərinə də nəzər salaq. Ağ ev sahibi hesab edir ki, Moskva Gürcüstana qoşun yeritməklə BMT Nizamnaməsini pozub.
Eyni zamanda Buş nüvə proqramları ilə əlaqədar, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə çağırıb, həmçinin terrorizmi dəstəklədikləri üçün İranla Suriyanın cəzalandırılmasının vacibliyini də vurğulayıb. "Biz Gürcüstan xalqına dəstək məsələsində birləşməliyik. BMT Nizamnaməsində deyilir ki, həm kiçik, həm də böyük dövlətlər eyni hüquqlara malikdirlər. Rusiyanın Gürcüstanı işğalı bu fikirlərə ziddir", - deyə Buş qeyd edib.
O, ölkəsinin digər "gənc və cəsur demokratiyaları" dəstəkləməkdə davam edəcəyini də söyləyib.
Qeyd edək ki, bu, Buşun ABŞ prezidenti qismində Baş Assambleyada son çıxışı idi. Bununla əlaqədar olaraq, postunu tərk etməyə hazırlaşan Ağ ev sahibi "son şans"dan kifayət qədər yararlandı və özünün beynəlxalq arenadakı uğurlarını yüksək qiymətləndirdi. Bir çox Qərb, xüsusilə Avropa KİV isə onun İraq müharibəsinin "çətinliyi"ndən başqa, səhvləri haqda heç nə söyləmədiyinə diqqət çəkirlər. Yeri gəlmişkən, sonuncu hadisə də vaxtilə BMT üçün ciddi sınaq olmuşdu.
Qafqazda baş vermiş son hadisələrlə əlaqədar olaraq, Baş Assambleyada Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışı xüsusi gözlənilirdi. O, BMT-ni "separatçı əyalətlər" - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımamağa çağırdı. Saakaşvili Tbilisiyə qarşı həyata keçirilmiş "işğal"a ölkənin demokratikləşdirilməsi, parlamentin səlahiyyətlərinin artırılması, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi və digər tədbirləri nəzərdə tutaraq, "ikinci qızılgül inqilabı" ilə cavab verəcəklərini bildirdi.
Saakaşvili xüsusi olaraq vurğuladı ki, "Gürcüstanın işğalı", onun iki regionunun müstəqilliyinin tanınması və "minlərlə insana qarşı aparılmış etnik təmizləmə" BMT-yə meydan oxumaqdır. Bu səbəbdən M.Saakavşili hesab edir ki, BMT yalnız konkret məkanda baş vermiş konkret silahlı işğala münasibət bildirməklə kifayətlənməyərək, ümumilikdə yer üzündə işğal hallarını pisləməlidir. Gürcü lider Abxaziya və Cənubi Osetiyada sülhməramlılıq və vasitəçilik mexanizmlərinə yenidən baxılması və onların dəyişdirilməsinin vacibliyini də bəyan etdi.
Qeyd edək ki, bu il daha bir ölkənin prezidenti Baş Assambleyaya rəhbərlik etdiyi dövlətin ərazisindəki separatizm problemi ilə əlaqədar müraciət edib. Serbiya lideri Boris Tadiç BMT-ni Kosovonun hüquqi statusu ilə bağlı məsələdə Beynəlxalq Məhkəmədə Belqradın mövqeyini müdafiə etməyə çağırıb. Baş Assambleyaya təqdim edilmiş qətnamə layihəsində Beynəlxalq Məhkəmənin bu bölgənin birtərəfli şəkildə müstəqilliyini elan etməsinə qiymət verməsi, Kosovo rəhbərliyinin əməllərinin beynəlxalq qanunvericiliyə uyğun olub-olmadığının müəyyənləşdirilməsi istənilir. Qeyd edək ki, Serbiyanın BMT-nin Beynəlxalq Məhkəməsinə birbaşa müraciət etməməsinə səbəb Belqradın Kosovonu müstəqil dövlət və beynəlxalq-hüquqi münasibətlərin subyekti hesab etməməsidir.
Xatırladaq ki, Kosovonun Serbiyadan ayrılması ilə bağlı bu ilin əvvəlində verdiyi birtərəfli qərarı Qərbin bir çox ölkələri, həmçinin ABŞ tərəfindən dəstəklənsə də, Rusiya bunun beynəlxalq presedentə çevrilə biləcəyini əsas gətirərək, hadisələrin bu cür inkişafının qəti əleyhidarı kimi çıxış etmişdi. Lakin cəmi yarım ildən sonra Moskva Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinə qarşı eyni addımı atdı. Bu dəfə isə baş verənlərə yenə də başda ABŞ olmaqla, elə həmin Qərb ölkələri neqativ reaksiya verdilər. Hər iki halda BMT özünün belə məsələlərdə heç nəyə qadir olmadığını bir daha nümayiş etdirdi. Odur ki, hazırda hamı Mixail Saakaşvilinin və Boris Tadiçin çağırışlarının sadəcə "yağmursuz göy gurultusu" olduğunu anlayır.
Yeri gəlmişkən, Baş Assambleyanın 63-cü sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Kondoliza Rays ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş də keçirilib. Hazırda iki ölkə arasında münasibətlər o dərəcədə pisdir ki, hətta Raysla Lavrovun nəticəsiz başa çatmış görüşünün baş tutması faktının özü, az qala, tarixi görüş adlandırılaraq nikbinlik yaradıb. ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi isə jurnalistlərə sevinclə bildirib ki, görüşdə Raysla Lavrov bir-birlərinin üstünə qışqırmayıb, tamaşa qurmayıblar və masaya yumruq çırpmayıblar. Belədə sual yaranır: yəni bu da ola bilərdi?!
Bununla yanaşı, əksər KİV-in bildirdiyi kimi, Kremllə Ağ ev arasında qarşıdurma beynəlxalq təhlükəsizliyə heç də yaxşı təsir göstərmir. Son zamanlar bu iki ölkə arasında bir çox məsələlərdə əməkdaşlıq son dərəcə effektsiz təsir bağışlayır. Yuxarıda qeyd olunduğu kimi, İran problemi ilə bağlı "altılıq" üzvlərinin əvvəlcədən sentyabrın 25-nə təyin edilmiş görüşünün baş tutmaması da buna daha bir sübutdur.
Amma hamı yaxşı anlayır ki, İranın nüvə proqramı ətrafındakı böhran Təhlükəsizlik Şurasının heç də yeganə "ölü" işi deyil/.
MƏSLƏHƏT GÖR: