14 Mart 2025

Cümə, 21:44

ÖLÜM-QALIM MƏSƏLƏSİ

Bəlkə də Ermənistanda əsas daxili siyasi təlatümlər hələ qabaqdadır

Müəllif:

01.10.2008

Ermənistanda ciddi kadr yerdəyişmələri başlayıb. Ölkə parlamentinin spikeri Tiqran Torosyan vəzifəsindən istefa verməklə yanaşı, hakim Respublikaçılar Partiyasından da çıxdığını bəyan edib. Prezident Serj Sarkisyan isə Ermənistanın Kassasiya Məhkəməsinin sədri Ovanes Manukyanın vəzifəsindən azad olunmasına dair sərəncam imzalayıb və onun yerinə tələm-tələsik, Arman Mkrtumyanı təyin edib. Onu məhkəmədəki həmkarlarına təqdim edən prezident ölkədə cəzasızlıq atmosferinin aradan qaldırılmasının vacibliyini bildirib və deyib ki, o, "məhkəmələrin müstəqil olması, hakimlərin isə satılmaması" üçün hər şeyi edəcək.

T.Torosyanın postunu da kimin tutacağı artıq bəllidir. Respublikaçılar Partiyasının Şurası qurumun icraçı orqanının bu vəzifəyə Ovik Abramyanın namizədliyinin irəli sürülməsinə dair sentyabrın 6-da çıxardığı qərarı yekdilliklə dəstəkləyib. Bu haqda partiyanın mətbuat katibi Eduard Şarmazanov məlumat verib. Lakin parlamentdə yerdəyişmənin konkret nə vaxt rəsmiləşəcəyi hələ ki bəlli deyil. Bu ya qurumun növbəti dördgünlük plenar iclasında baş verəcək, ya da növbədənkənar toplantı çağırılacaq.

"Düşünmürəm ki, spikerin dəyişməsi parlamentin fəaliyyətində keyfiyyətcə hansısa dəyişikliyə səbəb olsun. Qanunverici orqanda prinsipial dəyişiklik ən azı ona görə baş verməyəcək ki, hakim koalisiya mandatların böyük əksəriyyətinə - 95%-nə malikdir", - deyə Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryan "Arminfo" agentliyinin müxbirinə bildirib.

Müxalifət cəbhəsinin baş verənlərə qiyməti, isə gözlənildiyi kimi sərt olub. "Ermənistanın hazırkı qüsurlu hakimiyyət sistemi açıq şəkildə göstərdi ki, o yalnız müxalifət nümayəndələrini yox, öz adamlarını da uda bilir", - deyə müxalifətçi "İrs" partiyası fraksiyasının katibi Stepan Safaryan bildirib. O hesab edir ki, son hadisələr ölkədə hakimiyyətin formal institutlarının, sadəcə, ayrı-ayrı qrupların qərarlarına qanunilik donu geyindirmək üçün vasitədir: "Parlamentdə müzakirələri gözləmədən çıxarılan qərar bunu bir daha sübut edir. İndi artıq parlamentin bu qərarı təsdiqləməkdən başqa çıxış yolu yoxdur".

Qərarın əsl səbəbinə gəlincə, burada söhbət prezident S.Sarkisyanın seçkidən öncə verdiyi vədlərin reallaşdırılmasından gedir. "Ovik Abramyan uzun illər tutduğu baş nazirin müavini postunu itirmişdi və görünür, indi o, vəd edimiş kompensasiyanı alır. Tiqran Torosyanın istefası hakimiyyətdəkilər üçün dərs olmalıdır və onlar, nəhayət, anlamalıdırlar ki, ölkədə köklü islahatların aparılması elə onların da maraqlarına xidmət edir", - deyə Stepan Safaryan qeyd edib.

Kassasiya Məhkəməsindəki "yerdəyişmə" diqqətdən kənarda qalsa da, spikerin dəyişməsi kifayət qədər ciddi müzakirələrə səbəb oldu. Bu dəyişikliyin səbəbinə gəlincə, yalnız bir versiya səslənir: "siyasi intriqa". Məhz bu intriqalara görə Torosyan öz postunu tərk etmək məcburiyyətində qalıb.

Baş verən kadr dəyişikliklərinin S.Sarkisyanın hakimiyyətdəki mövqelərini möhkəmlətmək cəhdi olduğuna heç kəs şübhə etmir. Kifayət qədər müstəqil siyasətçi olan Torosyandan fərqi olaraq, Abramyan prezidentin yaxın dostudur və o, Sarkisyanın tabeliyindən, çətin ki, çıxsın. Bundan başqa, Torosyan qarabağlı deyil və bu faktor da müasir Ermənistanda kifayət qədər böyük əhəmiyyət kəsb edir. Politoloq Amayak Ovanisyan hesab edir ki, "mərhum baş nazir Andranik Marqaryanın əsas silahdaşlarından olmuş Tiqran Torosyan istefa verməklə siyasi karyeradan daha vacib olan insanlıq ləyaqətini qoruyub-saxlamağa çalışıb".

Lakin prezidentin mövqeyinin bu cür "möhkəmlənməsi", əslində, əks-effekt verə bilər. Analitiklərin fikrincə, Torosyanın yalnız spiker postunu yox, həm də hakim partiyanın sıralarını tərk etməsi vəziyyəti dəyişir. Hələ Sovet İttifaqı dövründə - tələbəlik illərində siyasi motivlərlə təqib edilmiş T.Torosyan, çətin ki, böyük siyasətdən getmək fikrinə düşsün. Odur ki onun müxalifətə keçəcəyi artıq həll edilmiş məsələdir. Güclü siyasətçi olmaqla yanaşı, həm də Respublikaçılar Partiyasının ideoloqu sayılan Torosyanın əks-düşərgəyə keçməsi balansı heç də Serj Sarkisyanın xeyrinə dəyişməyəcək. Xüsusilə də nəzərə alsaq ki, son seçkidə hazırkı dövlət başçısı seçicilərin əksəriyyətinin dəstəyini qazana bilməyib...

Martın 1-2- də baş vermiş faciəvi hadisələri istənilən cür adlandırmaq olar: "xalq etirazının qan içində boğulması"ndan tutmuş, "təxribatçıların törətdiyi talan"a qədər. Amma buna verilən addan asılı olmayaraq, baş verənlər hazırkı prezidentin xalq dəstəyini ala bilməməsinin nəticəsidir.

Hər şeydən əvvəl onu da qeyd etmək lazımdır ki, Tiqran Torosyanın istefası S.Sarkisyan üçün çox ağır bir dövrə təsadüf edir: hazırda Ermənistan öz himayədarı olan Rusiyadan təcrid olunmuş vəziyyətdədir və indi Sarkisyanın əsas səyləri Ermənistan üçün  geoiqtisadi və geosiyasi faciə adlandırıla biləcək situasiyadan çıxmağın yollarını tapmağa yönəlib. 

Məlum olduğu kimi, Ermənistanla Rusiya arasında ümumi sərhəd yoxdur və son vaxtlara qədər Ermənistan Gürcüstandan tranzit hesabına "yaşayırdı". Lakin Rusiyanın Gürcüstanı işğalından sonra bu ölkə ərazisindən tranzit haqda düşünmək belə, mümkün deyil.

Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri də məhz Yerevanın aqressiv siyasəti üzündən bağlıdır. 

Qalır yalnız İran. Lakin bu ölkə ilə bağlı uzun müddətli layihələrə ümid etmək olmur. Hər halda, Tehran Ermənistanda benzin çatışmazlığını belə aradan qaldırmaq iqtidarında deyil.

Bütün bunlarla yanaşı, iqtisadiyyat amilini də unutmaq lazım deyil. Rusiya özünün ən yaxşı vaxtlarında belə, Yerevanı maddi baxımdan "hərtərəfli təmin etməyə" tələsməyib. Rusiya iqtisadiyyatının ciddi böhran yaşadığı hazırkı dövrdə isə Ermənistana maliyyə "axını"nın daha da azalacağı şübhə doğurmur. Üstəlik, tezliklə bu ölkədən qazı da dünya qiymətləri ilə almaq lazım gələcək. 

İqtisadi problemlərin həllini isə sonraya saxlamaq mümkün deyil. Ən azı ona görə ki, insanlar hər gün nəsə yeməlidir.

Yerevanın xarici siyasəti ilə bağlı durumu da ümidverici adlandırmaq çətindir. Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərindən yaranmış eyforiya artıq keçib və Yerevan anlayıb ki, Ankara bu ölkə ilə münasibətləri normallaşdırmaq istəsə belə, bunu Ermənistanın şərtlərinə uyğun etmək fikrində deyil. Reallıq isə bundan ibarətdir ki, erməni qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmayınca, Türkiyə ilə sərhədlərin açılmasından söhbət gedə bilməz.

Bütün bunların fonunda Ermənistanı az da olsa, ürəkləndirə biləcək yeganə amil Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində (bu təşkilata sədrlik artıq Yerevana keçib) Ermənistanla hərbi əməkdaşlığı gücləndirməyə cəhd göstərməsidir. Amma buna da sevinməyə tələsmək lazım deyil. Çünki yeni yaranmış şəraitdə bunun müsbət, yoxsa  mənfi nəticə verəcəyini indidən proqnozlaşdırmaq çətindir.

Artıq Gürcüstandakı "beşgünlük müharibə"dən sonra Ermənistanda əvvəlcədən planlaşdırılmış "Rubej-2008" təlimləri keçirilib. Lakin onun "hərbi" fazasında yalnız Rusiya bazalarının hərbçiləri və Ermənistan ordusunun əsgərləri iştirak edib. Təlimlərin "beynəlxalq" hissəsi isə komanda-qərargah təlimləri formasında keçirilib və onun iştirakçıları Ermənistana adi mülki reyslərlə gəlib. Hadisələrin belə gedişi istər-istəməz sual yaradır: əgər həqiqətən də Ermənistana təcili olaraq müttəfiqlərin ordu hissələri çatdırılmalı olsa, onda Rusiya və KTMT-yə daxil olan digər dövlətlərin aviasiyası Ermənistana hansı dövlətin hava məkanından keçməklə gedəcək?

Əslində, Gürcüstanla müharibənin nəticələrini müxtəlif cür qiymətləndirmək olar. Lakin fakt faktlığında qalır - ölkənin tam işğalı və hakimiyyətə "rusiyapərəst" qüvvələrin gətirilməsi baş vermədi. Tbilisi ilə Moskvanın münasibətləri isə elə həddə gəldi ki, KTMT üzvlərinin Gürcüstan ərazisi və ya hava məkanından tranzit kimi istifadə etməsi hələ uzun müddət mümkün olmayacaq. Düzdür, bu qadağalar müntəzəm mülki aviareyslərə aid deyil, amma hərbi-nəqliyyat aviasiyasının uçuşu tamamilə başqa məsələdir.

KTMT-nin Ermənistana öz qüvvələrini Azərbaycanın hava məkanı vasitəsilə çatdırması daha problematik görünür. Ələlxüsus, bu "kömək" Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək cəhdinə cavab olarsa.

Odur ki yenə də qalır təkcə İran. Amma istənilən halda, İranı hava məkanından istifadə operativliyə təminat vermir.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsi istiqamətindəki vəziyyəti də olduqca ağırdır. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, "ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir və problemin həllinə yardım etməyə hazırdır. Münaqişənin həllinə dair razılaşma isə Azərbaycanın ərazi bütövlüyü əsasında əldə edilməlidir".

Rusiyanın xarici işlər naziri Sergey Larov öz növbəsində Cənubir Osetiya və Abxaziyanın Dağlıq Qarabağ üçün presedent olmadığını birmənalı şəkildə bəyan edib. Üstəlik, "beşgünlük müharibə"nin acı təcrübəsindən "dondurulmuş münaqişələr"in "donunun" hər an açıla biləcəyini görən Qərb ölkələri Dağlıq Qarabağ probleminin həllinə diqqəti nəzərəçarpacaq dərəcədə artırıblar. Və burada güzəştə getməli olan tərəf Ermənistandır, ən azı ona görə ki, onun "alver" etməyə heç nəyi yoxdur.

Yeri gəlmişkən, Ermənistan üçün Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması həyati məsələyə çevrilir. Bu normallaşma üçün heç də adi olmayan qərarların qəbulu tələb olunur.

Ermənistanın müxalifət cəbhəsi isə yaranmış çətin situasiyadan istifadə etməyə çalışır. Hər halda, eks-prezident və müxalifətin hazırkı lideri Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan maraqlı bəyanatla çıxış edib: "Hakimiyyəti qorumaq üçün heç bir daxili resursa malik olmayan Serj Sarkisyan beynəlxalq birliklə Dağlıq Qarabağ münaqişəsinin həlli və erməni soyqırımının dünya tərəfindən tanınması məsələlərində sövdələşməyə gedir". O, S.Sarkisyanın hakimiyyətdə olduğu 5 aydan artıq müddətdə yalnız Moskvaya dəvət olunduğunu xatırladıb. Son zamanlar erməni prezidentin Gürcüstana təyin edilmiş səfərinin baş tutmayacağına dair xəbərlər də gəlməkdədir. 

Bir sözlə, regionda və Ermənistan ətrafında gedən xarici siyasi proseslər hazırkı erməni rejiminin nəzarətindən çıxır. "Şübhəsiz ki, ölkə rəhbərliyini beynəlxalq ictimaiyyətlə Dağlıq Qarabağ münaqişəsi və erməni soyqırımının tanınması məsələlərində sövdələşməyə getməyə məhz bu vadar edir", - deyə A.Musinyan bildirib. O, erməni xalqı üçün vacib olan bu iki məsələ ətrafında baş verən bir sıra tendensiyalardan narahatlığını da ifadə edib. Müxalifət təmsilçisinin əsas narahatlığı ATƏT-in Minsk qrupunun formatının dəyişməsinə aparan proseslər və Türkiyə prezidenti A.Gülün S.Sarkisyanın Azərbaycanın işğalda olan ərazilərini boşaltmağa söz verməsi haqda açıqlamasındandır. 

"Soyqırım"ı araşdıracaq erməni-türk birgə komissiyasının yaradılmasına dair məlumatların Ermənistan tərəfindən təkzib olunmaması da Musinyanı narahat edən məqamlardan biridir. "Ermənistan hakimiyyəti Minsk Qrupunun formatının dəyişdirilməsinin sadəcə məqsədəuyğun olmadığı bəyanatı ilə çıxış edib. Ermənistan, Türkiyə və Azərbaycanın xarici işlər nazirləri arasında görüşün planlaşdırılması da bu məsələ ilə əlaqədar narahatlığı aradan qaldırmır. Abdulla Gülün Ermənistan prezidentinin Azərbaycan torpaqlarını boşaltmağa hazır olması haqda bəyanatı və tarixçilərdən ibarət birgə komissiyanın yaradılması məsələlərinə gəlincə, ölkənin hazırkı rəhbərliyi sadəcə susur ki, bu da bizdə dərin narahatlıq doğurur", - deyə A.Musinyan qeyd edib.

Musinyan Ermənistanın hakim koalisiyasına daxil olan "daşnaklar"ı da baş verən hadisələrə "yumşaq" reaksiyasına görə tənqid edib. Onun sözlərinə görə, "daşnaksütun partiyası Ermənistanın hazırkı kriminal rejiminin çirkablarına o dərəcədə batıb ki, artıq hansısa addımlar atmaq iqtidarında deyil".

Bu "qiyabi mübahisə"nin daha bir maraqlı məqamı ondan ibarətdir ki, Ermənistanda keçirilmiş son prezident seçkisi kampaniyası zamanı Ter-Petrosyan özünü "sülh tərəfdarı", Sarkisyan isə əksinə, "qırğı" kimi göstərirdi.

Ermənistanda mümkün "orientasiya dəyişikliyi", çox güman ki, Moskvanı da ciddi şəçkildə narahat edir. Kremldə situasiyanın "korrektə edilməsi" məsələsinin nəzərdən keçirildiyini istisna etmək olmaz. Hər dəfə Qərbin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində situasiyanı irəliyə aparmağa nail olduğu vaxtlarda, Ermənistanda da hansısa daxili siyasi toqquşmaların baş verdiyini nəzərə alsaq, tam məsuliyyətlə demək olar ki, Yerevanda əsas hadisələr hələ qabaqdadır.


MƏSLƏHƏT GÖR:

502