
BÖHRAN TƏRƏFDAŞLARA ƏNGƏL OLMADI
Bakı ilə moskva "saatlarını tutuşdurdular" və ikitərəfli münasibətləri bundan sonra da inkişaf etdirmək haqda razılığa gəldilər
Müəllif: Fuad AXUNDOV, politoloq
Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın ortalarında Moskvaya səfəri və həmkarı Dmitri Medvedevlə, həmçinin, Rusiyanın Baş naziri Vladimir Putinlə apardığı danışıqlar regionda situasiyanın kifayət qədər məsuliyyətli dövrünə təsadüf etdi. Cənubi Osetiya böhranının kəskin hissəsi başa çatmışdı, münaqişənin siyasi tərəfi isə "saatların tutuşdurulmasını" və bütün maraqlı tərəflər arasında dialoqu tələb edirdi. Bu cür gərgin bir şəraitdə tərəflər arasında ən yüksək səviyyədə müzakirələrin aparılması təsadüfi deyil. Çünki ikitərəfli münasibətlər kontekstində müzakirəyə ehtiyacı olan çoxlu sayda məsələlər toplanıb qalmışdı. Tərəflər regional təhlükəsizlik (bunun vacib elementlərindən biri isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır), iqtisadi-ticari, investisiya layihələri, humanitar əməkdaşlıq, Xəzər problemi və digər əhəmiyyətli məsələləri müzakirə etdilər.
Qeyd edək ki, Cənubi Osetiya böhranınadək Rusiya Azərbaycana dost və tərəfdaş ölkə, həmçinin vacib regional "oyunçu" kimi baxırdı. Moskvada keçirilən son müzakirələr zamanı bu yanaşma nəinki bir daha təsdiqləndi, hətta Rusiya prezidenti tərəfindən daha da möhkəmləndi. O bildirdi ki, "Azərbaycanla Rusiyanın bütün məsələlər üzrə fəal qarşılıqlı fəaliyyəti regionda sülh və sabitliyin təmin edilməsi baxımından əsas amillərdən biridir". Bu tezis Moskvanın Cənubi Osetiya böhranından sonra Azərbaycanın bu gün yalnız ənənəvi ikitərəfli və regional məsələlərin həlli üçün yox (münaqişələrin həlli, ticarət, Xəzər, Şimali Qafqazda getdikcə güclənən terrorizm və radikal islamçılıqla mübarizə), həm də daha "yüksək" geosiyasi səviyyədə olan məsələlərin həlli baxımından Rusiya üçün lazımlı tərəfdaş olduğunu göstərir. ABŞ-la qarşıdurma, həmçinin NATO-nun "Gürcüstan qapısı" vasitəsilə regiona daxil olmağa cəhdi fonunda Moskvanın bölgədə müttəfiq və dost ölkələr "zolağı"nı möhkəmləndirməsi zərurəti yaranır. Odur ki Rusiya yalnız Azərbaycanla qarşılıqlı inama əsaslanan tərəfdaş münasibətlərini, qarşılıqlı səmərəli əlaqələri qorumaqla regiondakı mövqelərini saxlaya bilər.
Bakı isə öz növbəsində Rusiyanın regionda mövqelərinin qorunmasına, hətta möhkəmlənməsinə etiraz etmir. Lakin hesab edir ki, bu proses pozitiv (Azərbaycana dost olmayan dövlətə raketdən müdafiə sistemləri və tankların verilməsi yox, ticarət və investisiya ilə) və qarşılıqlı səmərəli xarakter daşımalıdır. Və qeyd etmək lazımdır ki, rəsmi Bakının bu mövqeyi tamamilə başadüşüləndir. Bu məsələdə Bakı üçün prioritet, təbii ki, Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyidir. Bu mənada, Dmitri Medvedevin Qafqazdakı son hadisələrin - Kremlin Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımasının Dağlıq Qarabağ münaqişəsilə bağlı Rusiyanın mövqeyinə təsir göstərməyəcəyi barədə zəmanətini, Moskva məsləhətləşmələrinin ən vacib məqamı adlandırmaq olar. Kreml sahibi Cənubi Osetiya böhranının Dağlıq Qarabağ problemi üçün presedent ola bilməyəcəyini açıq şəkildə bəyan etdi.
Az sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov da eyni fikirləri təkrarladı. Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin geniş iclasında çıxış edən Lavrov bildirdi ki, Moskva bundan sonra da MDB məkanında mövcud olan münaqişələrin "beynəlxalq hüquq çərçivəsində, BMT Nizamnaməsinin tələblərinə uyğun, əvvəlki razılaşmalar əsasında, münaqişə tərəfləri arasında razılaşmanın axtarılması və sülh yolu ilə həllinə səy göstərəcək". Bu kontekstdə Dnestryanı və Dağlıq Qarabağ problemlərinə toxunan S.Lavrov bildirdi ki, "hər münaqişənin öz xüsusiyyətləri, özünəməxsus vasitəçilik forma və mexanizmləri var. Cənubi Osetiya böhranı isə onlar üçün heç bir presedent yaratmır". "Dağlıq Qarabağ və Dnestryanı problemlərlə məşğul olanlar beynəlxalq hüququ, mövcud razılaşmaları, problemlərin həlli ilə bağlı razılaşdırılmış formatı pozmaq fikrində deyillər, vətəndaşları və sülhməramlıları bombardman etməyi düşünmürlər. Orada ərazi bütövlüyünü öz vətəndaşları, öz ölkəsinin sakinləri hesab etdiyi insanların kütləvi şəkildə qətlə yetirilməsi ilə bərpa etməyə çalışmırlar. Odur ki burada heç bir paralel aparmaq mümkün deyil", - deyə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
İlham Əliyevlə görüşünün yekununda Dmitri Medvedev onu da bildirdi ki, Moskva bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin tərəfləri razı salacaq formada həllinə nail olunması üçün səylərini davam etdirəcək. Görünür, bu tezisin altında Rusiyanın ATƏT-in Minsk qrupunda təşəbbüsü ələ almaq, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü qərbli vasitəçilər olmadan təşkil etmək cəhdi gizlənir. Bəzi məlumatlara görə, Ermənistanın dövlət başçısı artıq bu təşəbbüsə öz razılığını verib.
Bu təşəbbüsün arxasında həqiqətən də Moskvanın danışıqlar prosesini irəli aparmaq üçün real niyyəti durursa, bu, Azərbaycanı da maraqlandıra bilər. İ.Əliyev də Moskvada bir daha bəyan etdi ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın rolunun artmasında maraqlıdır: "Qafqaz regionunda çətin proseslərin yaşanmasına baxmayaraq, düşünürəm ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin bütün dövlətlərin maraqlarına uyğun, beynəlxalq hüquq prinsipləri əsasında həlli üçün yaxşı əsaslar var".
Azərbaycan prezidentinin daha bir tezisi də maraqlıdır: "Münaqişənin yaxın zamanlarda həll olunacağı halda əminəm ki, bölgədə kifayət qədər geniş formatda regional əməkdaşlıq üçün yeni perspektivlər açılacaq ki, bu da bütün ölkələrin xeyrinə olacaq". Bununla da Bakı regionda onun təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinə regionun bütün ölkələrini cəlb etməyə hazır olduğuna işarə vurub.
Moskvada aparılan danışıqlarda tərəflər işgüzar əməkdaşlıq məsələsinə də toxundular. İki ölkə arasında mal dövriyyəsinin həcminin 50% artdığı, həmçinin onun keyfiyyət strukturunun dəyişdiyi qeyd olundu. Söhbət ikitərəfli ticari münasibətlərdə mineral-xammal asılılığının aradan qaldırılmasından gedir. Həqiqətən də, iki ölkə arasında iqtisadi münasibətlər tamamilə yeni strateji qarşılıqlı anlaşma səviyyəsinə yüksəlib. Bu baxımdan, İ.Əliyevin Azərbaycanın bundan sonra da ikitərəfli münasibətləri "yeni məzmun, yeni layihələrlə doldurmaq, bununla da ölkələrimizin inkişafına və regiona inteqrasiyasına töhfə vermək" məqsədi ilə maksimum səy göstərməyə hazır olması haqda bəyanatı dəqqitəlayiqdir.
Azərbaycanla Rusiya arasında humanitar sahədə də əməkdaşlıq dinamik inkişaf edir. Qeyd edək ki, Bakı Moskva ilə münasibətlərdə bu sahəyə prioritet sahə kimi baxır. Rusiya prezidentinin Azərbaycanda rusdilli mədəniyyət və təhsilin qorunub saxlanması səylərinə görə İ.Əliyevə təşəkkür etməsi məhz bunun göstəricisidir. Bakıda Moskva Dövlət Universitetinin filialının açılması da Rusiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Moskvada keçirilmiş görüş ərəfəsində bir çox Rusiya politoloqları və ekspertləri belə fikir səsləndirirdilər ki, Azərbaycanın ABŞ və Qərblə intensiv qarşılıqlı fəaliyyəti, onun GUAM-dakı rolu, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılmasında marşrutların diversifikasiyasındakı fəal mövqeyi Moskva ilə Bakı arasında strateji əməkdaşlığın inkişafına mane olacaq. Lakin Moskva danışıqları bu narahatlığa əsasın olmadığını göstərdi. Kremldə yaxşı anlayırlar ki, Bakının fəal regional siyasəti və enerji diplomatiyası Rusiyaya qarşı yönəlməyib və Azərbaycanın xarici siyasi və xarici iqtisadi fəaliyyətində ABŞ və Qərb istiqamətlərinin seçilməsi heç də Rusiya ilə münasibətlərlə əlaqədar deyil. Bakı Moskvaya daim vacib və sərfəli tərəfdaş kimi baxıb. Moskvanın "Vedomosti" qəzetində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki Petkim Neft-kimya Kompleksinə Rusiyadan qaz veriləcəyi təqdirdə, Rusiyanın cənubuna "mavi yanacaq" nəql etməyə hazır olmasına dair informasiya da bu tezisi bir daha təsdiqləyir. Xatırladaq ki, Petkim Neft-kimya Kompleksinin nəzarət-səhm paketi ARDNŞ-a məxsusdur.
Moskvadakı danışıqlarda Gürcüstan-Rusiya münaqişəsi açıq şəkildə müzakirə edilməsə də, yekun mətbuat konfransında Azərbaycan prezidentinin səsləndirdiyi bəzi fikirlər onun bu məsələyə dair fikirləri və prioritetlərini açıq şəkildə ortaya qoydu. "Biz bu regionda yaşayırıq və yaşamaqda davam edəcəyik. Biz qonşuyuq və heç kəs bu regionu tərk edib harasa getməyəcək. Odur ki, mehriban qonşuluq, əməkdaşlıq və effektiv qarşılıqlı fəaliyyət mexanizmlərinin axtarılması və tapılması vacibdir", - deyə rusiyalı həmkarı ilə görüşdən sonra İ.Əliyev bildirdi və bununla özünün regional kooperasiya ideyasına sadiqliyini bir daha birmənalı şəkildə təsdiqlədi.
Məlumdur ki, Gürcüstan-Rusiya münaqişəsinin yaşandığı vaxt Bakı prinsipial (Gürcüstanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü xeyrinə), lakin balanslaşdırılmış mövqe nümayiş etdirib və Moskvanın fəaliyyəti ilə bağlı hər hansı tənqidi fikir səsləndirməyib. Maraqlıdır ki, Bakının belə ehtiyatlı mövqe nümayiş etdirməsi yalnız Moskva yox, ABŞ və Avropa İttifaqı tərəfindən də yüksək qiymətləndirilib. Görünür, sonuncular anlayır ki, Tbilisinin "regional qayığ"ı laxlatdığı vaxtda yalnız Bakının balanslaşdırılmış siyasəti və təmkinli diplomatik addımları sayəsində Cənubi Qafqaz regionunda qüvvələr balansını qorumaq və bölgədən keçən beynəlxalq enerji və nəqliyat layihələrinin təhlükəsiz fəaliyyəti üçün riskləri azaltmaq mümkündür. Regional təhlükəsizliyin və bölgədə yerləşən ölkələrin iqtisadi sabitliyinin özülü isə məhz bu layihələrdən asılıdır.
MƏSLƏHƏT GÖR: