
ASILI MÜSTƏQİLLİK
Müəllif: Redaksiya
Qarabağ erməniləri əvvəlcə "Miasum", yəni "Anşlüs" tələbini səsləndirdi (alman sözü olan "anschluss" - "birləşmək" anlamına gəlir, lakin vaxtilə Adolf Hitlerin nasist hökuməti "anşlüs" ideyasını öz xarici siyasət kursu elan etdiyindən, bu söz məcazi mənada "anneksiya" kimi də istifadə olunur). Sonradan ermənilər "ayrılmaq yolu ilə öz müqəddəratını təyinetmə" tələbi ilə çıxış etməyə başladılar. Hərçənd Ermənistan SSR Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarı ilə "anşlüs", yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi artıq rəsmiləşdirilmişdi. Lakin görəndə ki dünya ictimaiyyəti ermənilərin öz müqəddəratını təyinetmə tələbinin arxasında əslində Azərbaycan torpaqlarının qoparılması cəhdinin dayandığını başa düşməyə başlayır, onlar öz niyyətlərini "müstəqillik uğrunda mübarizə" adlandırmağa başladılar.
Buna baxmayaraq, artıq heç kimə sirr deyil idi ki, əsas məqsəd Azərbaycan torpaqlarının işğalıdır və Ermənistan, xaricdəki havadarlarının siyasi və hərbi dəstəyilə bu niyyətinə müvəqqəti də olsa nail ola bildi. Beləliklə, qondarma müstəqillik elan olundu. O müstəqillik ki indiyədək onu dünyanın heç bir ölkəsi tanımayıb və heç tanımaq fikrində də deyil. Lakin illər keçdi və Cənubi Qafqazda elə bir vəziyyət yarandı ki, artıq rəsmi Yerevan nəinki Dağlıq Qarabağ ermənilərinin, hətta Ermənistanın özünün belə müstəqil yaşaya bilməməsini etiraf etmək məcburiyyətində qaldı. Bəli, ermənilər asılı vəziyyətdədirlər, özü də bölgənin bütün dövlətlərindən.
Görünür, elə buna görədir ki, Ermənistan prezidenti Serj Sarkisyan özünütəcrid siyasəti və qonşulara qarşı ərazi iddialarının nəyin hesabına başa gəldiyini dərk etməyə başlayır. "Mən son həftələr ərzində regionda gedən proseslər nəticəsində 21-ci əsr üçün yolverilməz vəziyyətə düşmüş bir dövləti təmsil edirəm",- deyə Ermənistan prezidenti BMT Baş Assambleyasının 63-cü sessiyasında bildirib. Doğrudan da, qonşu dövlətin ərazisinin işğal edilməsi və ən polietnik regionlardan birində monoetnik dövlət yaradılması 21-ci əsr üçün yolverilməz haldır. Hətta Ermənistan məktəblərindəki dərsliklər də müasir dünya üçün yolverilməzdir - bu məktəblərdə şagirdlərə elə ilk illərdən qonşulara qarşı ədavət hissi aşılanır.
Hərçənd, Ermənistanın düşdüyü dözülməz vəziyyətdən danışarkən, S.Sarkisyan bizim sadaladıqlarımızı nəzərdə tutmurdu. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmələrdə şəxsən iştirak etmiş indiki Ermənistan prezidenti üçün qonşu dövlətin ərazisinin işğalı və qonşulara qarşı nifrət hissləri adi haldır. Məhz buna görə o hələ də dünya ictimaiyyətini çaşdırmağa çalışır və iddia edir ki, Qarabağ savaşını Azərbaycan başlayıb. "O zaman Dağlıq Qarabağ sadəcə muxtar vilayət idi və onun nə ordusu, nə silah-sürsatı, nə də ki Azərbaycan torpaqlarını zəbt etmək istəyi və imkanı var idi", - deyə Ermənistan prezidenti bildirir. Necə deyərlər, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Lakin S. Sarkisyan nədənsə xatırlatmır ki, Ermənistanda SSRİ-nin iki motoatıcı alayı, Dağlıq Qarabağda isə bədnam 366-cı alay "özəlləşdirilmişdi". Hələ ermənilərə 1 milyard dollarlıq silah-sursatın hədiyyə edilməsini demirik.
Azərbaycana isə SSRİ-nin süqutundan sonra yalnız iki alay miras qalmışdı, o da dağılmış halda. Odur ki hazırda Azərbaycanın silahlanmasının bölgədə qüvvələr nisbətini pozması barədə deyilənlər mənasını itirir. Müdafiə potensialını gücləndirən Azərbaycan əksinə, pozulmuş balansı yenicə bərpa etməyə çalışır. Xüsusən nəzərə alsaq ki, Ermənistanda hələ də Rusiyanın hərbi bazası yerləşməkdədir.
Lakin S. Sarkisyan dünya birliyini yanlış istiqamətləndirməkdə davam edir və erməni separatçılarını "Qarabağ xalqı" adlandırır. Diqqət yetirin, Qarabağda ermənilərlə yanaşı, azərbaycanlılar, kürdlər, ruslar, malaqanlar və digər xalqlar da yaşayırdı və bu xalqlar ermənilər tərəfindən etnik təmizləmələrin qurbanı olublar. Amma S. Sarkisyanı başa düşmək olar. Axı o durub BMT-nin tribunasından bəyan etməyəcək ki, söhbət "Qarabağ xalqının müstəqilliyi"ndən yox, ikinci erməni dövlətinin yaradılmasından gedir. Çünki bu məntiqlə İsveçrədə yaşayan italyanlar da ikinci İtaliya yaratmaq tələbi ilə çıxış edə bilər.
Digər tərəfdən maraqlıdır, nə vaxtdan BMT-nin tribunası Ermənistan prezidenti üçün hansısa əhəmiyyət kəsb etməyə başlayıb. Axı bu həmin BMT-dir ki, Ermənistan onun Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair dörd qətnaməsini sadəcə qulaqardına vurur.
Bütün bunlara rəğmən, S.Sarkisyanın son çıxışı və müsahibələrinin təhlili göstərir ki, bölgədəki yeni geosiyasi reallıqların fonunda Ermənistanın düşdüyü vəziyyət bu ölkənin rəhbərliyinin ritorikasına da böyük təsir göstərib. Məsələn, Ermənistan başçısı ilk dəfə olaraq bəyan edib: "Biz o fikirdən uzağıq ki, istənilən öz müqəddəratını təyinetmə tələbi mütləq ayrılmaq yolu ilə təmin olunmalıdır" və ya "öz müqəddəratını təyinetmə hüququnun ayrılmaq yolu ilə səmərəli və sabit həyata keçirilməsi üçün, münaqişəyə cəlb olunmuş bütün tərəflərin razılığını almaq lazımdır". Hərçənd, sonra S. Sarkisyan özü-özünü təkzib edir və faktik olaraq bildirir ki, müstəqilliyi tərəflərdən birinin razılığı olmadan da tanımaq mümkündür. "Xalq öz müqəddəratını təyinetmə hüququnu təmin etdikdən sonra, hamı birağızdan bunu istisna hal adlandırmağa başlayır. Əslində isə belə hallar artıq bir qanunauyğunluqdur", - deyə S.Sarkisyan vurğulayıb. Elə isə sual olunur: əgər bu qanunauyğunluqdursa, nəyə görə Ermənistan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımır? Yəqin, ona görə ki, Yerevan bu ərazilərin müstəqilliyini tanısa, elə öz prezidentinin məntiqinə görə, Kosovonu da tanımalıdır. Buna isə Ermənistanın "sahibləri" imkan verməz. Odur ki təəssüf - hətta Ermənistanın öz müstəqilliyi belə çox asılı vəziyyətdədir. Və həm Kosovo, həm də Cənubi Osetiya və Abxaziya məsələlərində tam ardıcıl siyasət yürüdən Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi Kosovo faktorunu Gürcüstanın qiyamçı bölgələrindən fərqləndirən onlarca arqument tapmalıdır, özü də bu arqumentlər mütləq sonuncuların xeyrinə olmalıdır.
Odur ki Ermənistanın düşdüyü durumda bu ölkənin rəhbərliyinin qonşulara qarşı siyasətə yenidən baxmaqdan başqa yolu qalmır. Bunu anlayan S. Sarkisyan Türkiyəyə qarşı reveranslar edir, Azərbaycanla isə daha ölçülüb-biçilmiş danışıq tərzi seçməyə çalışır. Bu baxımdan Ermənistanın dövlət başçısının Azərbaycan prezidenti İlham Əliyevə Qarabağa sərmayə yatırmaq təklifi barədə məlumatı dövriyyəyə buraxması təsadüfi deyil. "Bəlkə bundan sonra Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamağa razılıq verdilər", - deyə S. Sarkisyan bildirib. Hərçənd sonradan onun mətbuat xidməti bu məlumatı təkzib etdi, lakin xəbəri yayan beynəlxalq KİV-lər əmin etdilər ki, S.Sarkisyanın dedikləri lent yazılarında qalıb. Bu isə göstərir ki, S.Sarkisyanın bu bəyanatı Azərbaycan və Ermənistan ictimaiyyətinin reaksiyasını yoxlamağa hesablanmış bir fənd idi. Əslində isə, S.Sarkisyana yaxşı məlumdur ki, hələ sovet illərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti respublikanın digər bölgələrindən qat-qat yaxşı inkişaf etmişdi. İndi separatçıların paytaxt elan etdikləri Xankəndinə dəmir yolunu da Ermənistan deyil, məhz Azərbaycan çəkmişdi. Burada bütün lazım olan sosial, iqtisadi və kommunal infrastruktur yaradılmışdı. Azərbaycan bu gün də öz regionlarının inkişafına külli miqdarda sərmayələr yönəldir və Dağlıq Qarabağ da bütün inkişaf proqramlarına daxil edilib. Rəsmi Bakı bu bölgənin inkişafına o qədər sərmayə qoya bilər ki, onu nəinki Qarabağ, heç Ermənistan iqtisadiyyatı da həzm edə bilməz. Lakin bütün bu proqramları həyata keçirmək üçün Ermənistan Azərbaycan torpaqlarının işğalından əl çəkməli və Qarabağ ermənilərini özünün asılı müstəqilliyinin əsirliyindən azad etməlidir.
MƏSLƏHƏT GÖR: