Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Apreldə, havalar nisbətən isindikdə dostlar - Sabit Oğuz və Elvin Məmmədov Azərbaycanın tarixi yerlərinə özləri üçün ənənəyə çevirdikləri səyahətlərini bərpa edirlər. Onlar ölkənin hər bucağını dolaşır, qarşılarına çıxan hər şeyin - hər daşın, artefaktın tarixini araşdırırlar. Dostlarda "ölkəni dolaşmaq" ideyası təsadüfən yaranmayıb. Elmdə Qafqaz Albaniyası ilə bağlı özünə yer etmiş tarixi konsepsiya onları razı salmır. Sabitlə Elvin əmindirlər ki, yerli tarixçilər və sənətşünaslar əsas diqqəti Azərbaycanın müsəlman mədəniyyəti abidələrinin araşdırılmasına yönəltdiklərindən, onun xristian keçmişi bir qədər kölgədə qalıb.
Azərbaycanda xristianlıq
Həqiqətən də, bu gün Azərbaycan alimləri ölkənin mədəni tarixini daha dəqiq, sistemli şəkildə təzələyirlər və bu baxımdan, onun mənbələrinə müraciət etmək zərurəti yaranıb. Bu mənbə isə orta əsrlərin əvvəllərinə aid xristian Qafqaz Albaniyasıdır. Bu, bir çox suallara aydınlıq gətirə bilər. Çünki Qafqaz Albaniyasının tarixi-mədəni irsinin əsas varisi məhz Azərbaycan xalqıdır. Onun ərazisi də Azərbaycanın tarixi əraziləri ilə (hazırda müasir Azərbaycan Respublikası Azərbaycanın tarixzi ərazisinin bir hissəsində yerləşir - red.) praktiki olaraq, üst-üstə düşür.
Məlum olduğu kimi, Qafqaz Albaniyası müasir Azərbaycanla müqayisədə əhəmiyyətli dərəcədə böyük ərazini əhatə edib. Müxtəlif vaxtlarda onun mərkəzi Dərbənd, Qəbələ, Bərdə, Qandzasar (hazırda işğal altında olan Kəlbəcər rayonu) və paralel olaraq Amaras (hazırda işğal altında olan Xocavənd rayonu) olub. Onun şəhərləri, məbədləri, nekropolları hazırda Dağıstan, Gürcüstan və Ermənistanda da var. Stelalarına, qəbirüstü abidələrinə və təsviri sənət nümünələrinə isə Mahaçqalanın, Tiflisin, Eçmiədzin və s. muzeylərində tamaşa etmək mümkündür.
"Məlumdur ki, Alban kilsəsi nəinki Qafqazda, bütünlükdə xristian dünyasında ən qədim kilsələrdəndir. Onlar apostolmənşəlidir. Azərbaycanda xristianlığın tarixi isə Qafqaz Albaniyasında xristian kilsəsinin təşəkkülü ilə bağlıdır. Kilsə tarixinə görə, İsa Peyğəmbərin 12 tələbəsindən biri olmuş apostol Varfolomey Qafqaz Albaniyasına gəlib, burada öz xütbələri ilə bir çox bütpərəsti xristianlığa cəlb edib, nəticədə, bütpərəst kahinlər tərəfindən öldürülüb. Alban tarixçisi Moisey Kalankatuyskinin bildirdiyinə görə, apostol Faddeyin tələbəsi Yelisey Qüdsün birinci patriarxı müqəddəs apostol İakovun xeyir-duası ilə Qafqaz Albaniyasına gəlib, burada Kiş adlanan ərazidə (Şəki, Azərbaycan) ilk kilsəni tikdirib və ilk ibadəti edib. IV əsrin əvvəllərində alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul edib", - deyə Azərbaycan MEA-nın İnsan Haqları İnstitutunun elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirir.
Onun sözlərinə görə, ərəblərin Qafqaz Albaniyasını işğal etməsinədək Alban kilsəsi əsrlər boyunca yerli müstəqil kilsə kimi fəaliyyət göstərib, onun öz ierarxiyası olub və bütün bunlar, öz növbəsində, ona kilsə rəhbərini yerli ruhanilər arasından təyin etməyə imkanı verib. Ərəblərin istilasından sonra isə Alban kilsəsi Bizans və Roma Ümumdünya kilsəsi ilə birləşməyə cəhd göstərdiyi üçün, zorla erməni kilsəsinin tabeliyinə verilib, Kiçik Asiya və Qafqazdakı xilafətin maraqlarının ifadəçisinə çevrilib.
Amma bunun Alban kilsəsi patriarxlarının erməni katolikosu tərəfindən seçilməsinə təsiri uzun çəkməyib. Faktiki olaraq, Alban kilsəsi XIX əsrədək mövcud olub. Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsindən sonra çarın əmri ilə 1826-cı ildə Alban katolikosluğu yaradılıb, 1909-1910-cu illərdə Rus sinodunun qərarı ilə Alban kilsəsinin arxivləri Eçmiədzində məhv edilib. "Beləliklə, Qafqaz Albaniyası ilə əlaqəli hər şey itib", - deyə tarixçi bildirir.
Bütün bu dövrdə ermənilər Alban kilsələrini bacardıqları qədər erməniləşdiriblər, alban yazılarını dəyişərək, erməni dilində yazıblar. Bu gün erməni "alimlər"inin Alban kilsələrinin ermənilərə tabeliyi, albanların xristianlığı ermənilərdən götürdükləri ilə bağlı bütün iddiaları təbliğat gedişlərindən başqa bir şey deyil. Ermənilər bu yolla Qafqaz Albaniyasının, əslində, Azərbaycana aid ərazilərinə, tarixinə, mədəniyyətinə, abidələrinə iddialarını əsaslandırmağa çalışırlar.
Odur ki, bu gün alban dövrünün Azərbaycan tarixinə aid olduğunu dünyanın nəzərinə çatdırmaq hərzamankından daha vacibdir. Sabit və Elvin də müasir Azərbaycan ərazilərində Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə öz töhfələrini verməyə çalışırlar.
Damcılı mağarasının sirri
"Biz Azərbaycanın tarixi yerlərinə səyahətlərə 2009-cu ildən başlamışıq. İlk səyahətimiz Qazağa - Daşsalahlı kəndinə olub. Orada Aveydağ yaxınlığındakı Damcılı istirahət mərkəzində olmuşuq. Orada bəzi mənbələrə görə, V-VI əsrlərə aid olan Alban kilsəsi var. Xəritələrdə o, Surb Sarkis məbədi kimi göstərilir. Amma bu, əlbəttə ki, ermənilərin versiyasıdır", - deyə Sabit və Elvin danışırlar.
Dostlar bu bölgəyə məbəd yaxınlığındakı mağaralardan birinin divarında bir fikrin yazıldığından xəbər tutduqdan sonra yollanıblar: "Biz oradan şəxsən şəkillər çəkmək istədik. Çünki əsas hədəfimiz Alban yazılarını aşkarlamaq idi. Məsələ ondadır ki, bununla bağlı bir çox versiya var və onun mövcudluğu hələ ki, sübuta yetirilməyib".
Həqiqətən də, bəzi dilşünas tarixçilər Alban yazısının heç zaman mövcud olmadığını, albanların qədim erməni yazılarından istifadə etdiklərini düşünürlər. Lakin əslində, regionda xristianlığın yayılmasında, möhkəmlənməsində alban yazılarının böyük rol oynadığına dair sübutlar var. IV əsrin ortalarından Bibliya və digər ilahiyyat ədəbiyyatı Suriya və yunan dillərindən məhz onun vasitəsilə tərcümə olunub. 1996-cı ildə Gürcüstan EA-nın müxbir üzvü Zaza Aleksidzenin Sinay dağındakı Müqəddəs Yekaterina monastırından tapdığı alban palimpsesti buna sübutdur.
Z.Alekidzenin bildirdiyinə görə, bu tapıntı Albaniyada inkişaf etmiş xristian yazışmalarının olduğuna bir başa sübutdur. "Bəzi mənbələrin Peyğəmbərlər kitablarının, İncilin və Apostolun alban dilinə tərcümələrinin mövcudluğu haqqında məlumatları Sinaydan tapılmış tapıntı ilə tam təsdiqlənib. Leksionari (dini ayinlərin xülasəsi) yalnız Bibliyanın doğma dildə tam tərcüməsinə malik xalqlarda ola bilər", - deyə alim yazır.
Sabitlə Elvin mağaranın üzərindəki yazını tapıb, alimlərə təqdim etmək üçün onun şəkillərini çəkiblər.
Gürcüstana səyahət
Dostlar Qafqaz Albaniyasına aid bir çox abidəni isə Gürcüstan, Kvemo-Kartlinin (Borçalı) Dmanisi şəhərində aşkarlayıblar. Və onların hamısı azərbaycanlıların sıx yaşadıqları yaşayış məntəqələrindədir və bu da təəccüblü deyil.
"Başqa ölkə ərazisində qədim Alban abidələrinin öyrənilməsi çox çətindir. Üstəlik, etnik azərbaycanlılar olan müsəlmanlar da xristian artefaktlarına maraq göstərmirlər. Amma yerli müsəlman əhalinin qurban kəsmə kimi adəti "piramida" adlandırdıqları qədim məbədin qalıqlarının üzərində həyata keçirmələri bizə son dərəcə maraqlı gəldi. Orada bəzi məbədlər Gürcüstan hökuməti tərəfindən bərpa olunub. Elə məbəd var ki, oranın ən yüksək dağında - "Şindi"də yerləşir. O, kiçik ziyarət yeri sayılır", - deyə dostlar bildirirlər.
Həvəskar tədqiqatçıların sözlərinə görə, Borçalıda belə məkanlar çoxdur. Orada altı sütun üzərində dayandığı üçün "altıayaq" adlandırılan məbəd də var. "Kəndlilərdən bu məbədlər haqqında soruşduqda bizə dedilər ki, yeni məbədlər gürcülərə, yalnız dağıntıları qalmış qədimləri isə azərbaycanlılara məxsusdur. Bəzi məbədlərin üzərində ərəb yazıları var və bu, onların hər zaman yerli sakinlərə məxsus olduğunu göstərir. Sadəcə, dinin dəyişməsi lə əlaqədar olaraq, bu müqəddəs məkanların təyinatı da dəyişib. İndi onlar müsəlman "pir"ləri kimi fəaliyyət göstərir", - deyə dostlar danışırlar.
Elvinlə Sabit bütün bu məbədlərin qəbirüstü daşlarla əhatəyə alındığını da deyirlər: "Bu qəbirüstü daşların kimə məxsus olduğunu soruşduqda yerli sakinlər bizə onların gürcü qəbirləri olduğunu dedilər. Qəbirləri diqqətlə müşahidə etdik. Maraqlıdır ki, qəbirüstü daşlar sayəsində dəfn olunmuş şəxslərin sosial vəziyyətini asanlıqla müəyyənləşdirmək olur. Bəzi daşların üzərində qılınc, bəzilərində xəncər, digərlərində əmək alətlərinin şəkilləri var. Daşların birinin üzərində isə Azərbaycanın milli musiqi aləti olan saz şəkli gördük. Bu, bizi bir qədər təəccübləndirdi. Eyni zamanda, bizdə yerli azərbaycanlı əhalinin avtoxtonluğuna şübhə də qalmadı".
Həvəskar tədqiqatçılar üzərində saz şəkli olan qəbirüstü daşın şəklini dilçi Firidun Cəliloğluna göstəriblər və bu fakt alimi çox təəccübləndirib: "Firidun Cəliloğlu, hətta tədqiqat aparmaq üçün həmin məkana yollanmaq istəyini də dilə gətirdi. Amma fikrimizcə, bu, mümkün olmayacaq. Çünki Gürcüstan ərazisində ciddi tədqiqat aparmaq şansı sıfıra bərabərdir".
Bir qədər də Şəki haqqında
Həvəskar tədqiqatçılar tez-tez Şəkiyə baş çəkirlər. Çünki ora orta əsrlərin əvvəlinə aid Qafqaz Albaniyasından qalmış abidələrin araşdırılması üçün geniş məkandır. Şəkinin Bideyiz, Baş Küngüt kəndləri ərazisində vaxtilə nadir memarlıq üslubunda tikilmiş gözəl məbədlər indi acınacaqlı vəziyyətdədir və onların bərpasına ciddi ehtiyac var. Baş Küngüt məbədinin ətrafında çox sayda qəbirüstü daşlara rast gəlmək mümkündür.
"Biz Daşbulaq kəndində də olmuşuq. Orada XIX əsrdə ermənilər yaşayıb və onlardan sonra kənddə bir neçə qəbir qalıb. Bəzi qəbirüstü daşlardakı yazılar, demək olar ki, oxunmur və onun erməni dilində olub-olmadığını güclə müəyyənləşdirmək olur. Bəzi yazılar isə tam aydındır və hətta onların tarixi də görünür. Maraqlı fakt ondan ibarətdir ki, bir çox daşların üzərində rəqəmləri dəyişdirməyə çalışıblar. Güman ki, bu, orada göstərilmiş tarixin saxtalaşdırılması məqsədilə edilib. Saxtakarlar bu daşların daha qədim dövrə aid olduğunu göstərməyə çalışıblar. Guya bu, ermənilərə avtoxtonluğa iddia etmək imkanı verəcəkdi. Daşbulaq kəndində qədim Alban kilsəsi də var və o, böyük ehtimalla, XIX əsrdə erməni kilsəsi kimi fəaliyyət göstərib. Kilsədə bərpa işləri də, böyük ehtimalla, həmin dövrdə aparılıb. Kilsənin içərisində divarlarda erməni dilində yazılar var. Onların bərpa işləri zamanı oraya həkk olunduğu istisna deyil. "Qonşularımız" bununla saxtakar mahiyyətlərini bir daha ortaya qoyublar. Amma etiraf etmək lazımdır ki, bizim bir çox memarlıq abidələrimizdə bu gün də bərpa işlərinə, diqqətə ehtiyac var. Lazımi yanaşma olarsa, orada açıq səma altında muzey yaratmaq, həmin yerlərə turist axınını təşkil etmək olar", - deyə dostlar bildirir.
Tədqiqatçılar hesab edir ki, biz xristianlara məxsus hər şeyin ermənilərə məxsus olmadığını ortaya qoymalıyıq - ermənilərdən əvvəl dövlətimizin ərazisində antik, orta əsrlərə aid xristian Albaniyası olub və müasir Azərbaycanın ərazisində ondan çoxsaylı memarlıq abidələri - geniş tədqiqat meydanı qalıb. İndi bütün bu artefaktların yenidən attestasiyasına və bərpasına ehtiyac var. "Bu yerlər bu cür açıq səma altında muzey kimi fəaliyyət göstərməli, onların üzərində müvafiq lövhəciklər, məlumatlar olmalıdır", - deyə dostlar qeyd edir.
Onlar növbəti səyahətlərini Qazağa, daha sonra çoxlu sayda alban məbədi və digər memarlıq abidələrinin olduğu Qaxa edəcəklər.
MƏSLƏHƏT GÖR: