24 Noyabr 2024

Bazar, 00:27

QARS MÜSƏLMANLARI ÜÇÜN

Bakı ictimaiyyəti erməni başkəsənlərinin zülm verdikləri Türkiyə şəhərinin sakinləri üçün nələr etmişdi?

Müəllif:

28.04.2015

Yeni - 1915-ci ilin gəlişi ilə əlaqədar nə Bakıda, nə də bütünlükdə Rusiya İmperiyasında bayram tədbirləri keçirilmirdi. Ölkə Avropanın aparıcı dövlətləri tərəfindən cəlb edildiyi müharibə şəraitində yaşayırdı. Qitəyə hökmranlıq etmək uğrunda bir tərəfdə Rusiya, İngiltərə və Fransa, digər tərəfdə isə Almaniya, Avstriya-Macarıstan mübarizə aparırdı. Artıq müharibənin 5 ayı arxada qalmışdı, minlərlə ölü, on minlərlə yaralı var idi. Bu şəraitdə, əlbəttə ki, heç bir bayram tədbirindən söhbət gedə bilməzdi. 

 

Müharibənin əks-sədası

Topların gurultusu Bakıya gəlib çatmır, şəhərdə siyasi, iqtisadi və mədəni həyat öz qaydasında davam edirdi. Amma müharibənin nəfəsi burada da hiss olunurdu. Qafqaz cəbhəsinin xəstə, yaralı döyüşçülərinin müalicəsi üçün şəhərdə lazaretlər yaradılmışdı. Belə lazaretlərdən 20-si, əsasən, məktəb binalarında fəaliyyət göstərirdi və onlar 5 minədək döyüşçünü qəbul etmək iqtidarında idi. Doğrudur, şəhər heç zaman eyni vaxtda bu sayda xəstə və yaralı qəbul etməmişdi - özünə gələn döyüşçülər yenidən cəbhəyə yollanırdılar.

Türkiyənin müharibəyə qoşulmasından sonra Bakıya əsir türklərin - əsgərlərin və zabitlərin də gətirilməsinə başlanıldı. Onların arasında xəstələr və yaralılar da olurdu. Belələri müalicə üçün şəhərdə saxlanılır, qalanları isə Nargin adasına aparılırdı. Müharibənin ən çox hissolunan əlaməti ərzağın, ilk növbədə, çörək, qənd və ətin bahalaşması idi. Digər sahələrdə şəhər öz əvvəlki həyatını yaşayırdı - kinematoqraflar vətəndaşlara yeni filmlər təqdim edir, Nikitin qardaşlarının sirkində bir neçə dünya çempionu da daxil olmaqla, pəhləvanlar gücünü nümayiş etdirir, Tağıyev teatrında tamaşalar qoyulur, Mayılov teatrında isə Peterburq və Moskvadan gələn opera artistləri uğurla çıxış edirdilər.

Xəstə və yaralı döyüşçülərə yardım məqsədilə müxtəlif komitələr yaradan dövlət hakimiyyəti orqanları (qradonaçalniklik, quberniya idarəsi, şəhər duması və s.) ilə yanaşı, cəbhəyə çağırılmış kişilərin ailələrinə milli xeyriyyə cəmiyyətləri də gücü daxilində yardımlar göstərirdi. Onların arasında şəhər dumasının qlasnısı Mirzə Əsədullayevin rəhbərlik etdiyi Bakı müsəlman xeyriyyə cəmiyyəti də var idi.

 

Qars müsəlmanlarının "qara günləri" 

XIX əsrin 90-cı illərinin sonlarında keçmiş Türkiyə ərazisi olan, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Qars və Batumi Rusiyaya birləşdirildi. Əldə olunmuş yeni torpaqlar Qars və Batumi vilayətlərinə bölündü. Hərbi əməliyyat nəticəsində türklər bu ərazilərə girə və onun böyük hissəsini ələ keçirə bildilər. Bu zaman yerli müsəlman əhali türk əsgərlərini sevinclə qarşıladı. 1914-cü ilin dekabrında Sarıqamış yaşayış məntəqəsi yaxınlığında rus və türk qoşunları arasında güclü döyüş oldu. Savaş türklərin məğlubiyyətilə bitdi. Qars və Batumi vilayətləri yenidən rus ordusunun nəzarətinə keçdi. Bununla da vilayətlərin, xüsusilə Qarsın müsəlman əhalisi üçün qara günlər başladı. Müvəqqəti general-qubernator Zubovun 1914-cü ilin dekabrında - 1915-ci ilin yanvarında vilayət əhalisinə müraciətləri vəziyyətin nə qədər ağır olduğunu təsdiqləyirdi. "Müharibənin başladığı vaxtdan vilayətin xristian əhalisinin mədəni baxımdan geri qalmış bəzi hissəsinin yerli müsəlmanlara düşmən münasibəti son zamanlar aşkar hücumlara keçir və nəticədə bir neçə dinc müsəlman qətlə yetirilir. Bu son dərəcə acınacaqlı, Rusiya təbəələrinə xas olmayan hallara bizim vətənimizdə yer olmamalıdır. ...Sağlam fikirli xristian əhalimizə müraciət edir, onları yerli dinc müsəlmanlara qarşı düşmən münasibətinə yol verilməməsi üçün mədəni baxımından geridə qalmış insanlara təsir göstərməyə çağırıram", - deyə müraciətlərdən birində bildirilirdi.

Amma "xristian əhalinin mədəni baxımdan geridə qalmış hissəsi" vilayətin general-qubernatorunun çağırışlarına məhəl qoymurdu. Nəticədə Zubov yanvarın 12-də bu məzmunda əmr verməli olur: "Mənim dəfələrlə etdiyim müraciətlərə baxmayaraq, vilayətin xristian əhalisinin yerli müsəlmanlara qarşı düşmən münasibətinə nəinki son qoyulmur, hətta təəssüf ki, o, daha da güclənir. Mənə gəlib çatan xəbərlərə görə, heç bir günahı olmayan müsəlmanların qətlilə yanaşı, xristian əhali bəzən qisas məqsədilə müsəlman kəndlərində silahlı talanlar törədir, soyğunçuluq edir, müxtəlif zorakılıq hallarına yol verir... Qars vilayətinin hərbi qubernatorunu xristian əhaliyə xəbərdarlıq etməyə çağırıram: müsəlmanlara qarşı hər hansı zorakılığa yol verən bütün şəxslər tərəfimdən dərhal hərbi məhkəməyə veriləcək, müharibə dövrünün qanunları ilə mühakimə olunacaqlar".

General-qubernaton "xristian əhalinin mədəni baxımdan geridə qalmış bəzi hissəsi" dedikdə kimləri nəzərdə tutduğunu anlamaq çətin deyil.

Statistik məlumatlara görə, müharibənin başladığı dövrdə Qars əhalisinin 25%-dən çoxunu ermənilər, 20%-ni türklər, təxminən 15%-ni kürdlər təşkil edirdi. Ruslar, ukraynalılar və polyaklar, ümumilikdə, əhalinin, təxminən, 10%-i idi.

Bir fakt ehtimalları təsdiqləmək üçün kifayətdir: mayın 4-də Qafqaz hərbi-dairə məhkəməsində erməni drujinasının könüllüsü Ağababovun işi ilə bağlı proses keçirilib. Ona qarşı 1914-cü il dekabrın 16-da Qarsda tayfa və dini düşmənçilik zəminində 4 müsəlmanın qətli, beşincinin isə qətlinə cəhd ittihamı sürülmüşdü. Sonda məhkəmə Ağababovu yalnız qətlə cəhddə təqsirli bilərək, barəsində 12 il müddətinə sürgün hökmü çıxarmışdı.

 

Yardım istəyi

General-qubernatorun əmrilə təxminən eyni vaxtda Bakı qəzetləri Qars vilayətinin hərbi qubernatoru polkovnik Podqurskinin Bakı müsəlman xeyriyyə cəmiyyətinin rəhbəri Mirzə Əsədullayevə ünvanladığı teleqram haqda yazmağa başlamışdı. Teleqramda deyilirdi: "Qars vilayətinin müsəlman əhalisi müharibədən çox böyük zərər görüb. Onlar fəlakət içindədir. Heç yerdən köməkləri yoxdur. Cəmiyyətdən onlara yardım göstərilməsini istəyirəm".

Təəssüflə qeyd etmək lazımdır ki, bu teleqramadək Bakı ictimaiyyəti, o cümlədən onun tanınmış nümayəndələri Qars vilayətinin iztirab içərisində olan əhalisinə nə mənəvi, nə də maddi dəstək olub. "Boşboğazlıq və səs-küylü cümlələr üçün meydan açıldıqda biz ön cərgədə oluruq. Hər hansı qurbana, cəhdə ehtiyac yarandıqda isə ən arxa cərgədə olur, hətta ümumiyyətlə yoxa çıxırıq. 

...Ermənilərin 20-dək belə komitəsi (qaçqınlara yardım komitəsi nəzərdə tutulur - red.) var... Məgər bizim verdiyimiz qurbanların sayı, üzləşdiyimiz müsibətlərin miqyası heç olmasa bircə belə komitənin yaradılması üçün kifayət deyil?" - deyə Ceyhun Hacıbəyov əməkdaşı olduğu "Kaspi" qəzetində təəssüflə yazırdı. Ömər Faiq Nemanzadə isə vəziyyətə münasibətini "İqbal" qəzetində bildirirdi: "Digər millətlərlə müqayisədə, bizdə ehtiyac içərisində olanlar daha çoxdur. Amma onların qaçqınları artıq dindaşları tərəfindən yardımlar alır, bizdə isə belə hala rast gəlinmir".

Zubovun əmri, Podqurskinin teleqramı sanki Bakı ictimaiyyətini yuxudan oyadır. Qarsdakı vəziyyətlə bağlı Qafqaz canişini ilə görüşmək üçün bir qrup deputat - A.Topçubaşov, A.Quliyev, F.Xoyski və s. - Tiflisə yollanır. Onlar canişinin hərbi sahə üzrə köməkçisi general Mışlovski tərəfindən qəbul olunurlar və general dinc müsəlmanlara olan hücumlarda günahkarların tapılaraq cəzalandırılacağı vədini verir. Bunun ardınca Bakı müsəlman xeyriyyə cəmiyyətinin rəhbərliyi Bakının qradonaçalniki polkovnik Martınova müraciət edir, ondan müharibədən əziyyət çəkən müsəlmanlar üçün yardımın toplanmasına icazə verməsi istənilir. Çox keçmir ki, işə başlanılmasına icazə verilir.

Fevralın əvvəlində xeyriyyə cəmiyyəti əhaliyə müraciət edir, onu Qars vilayətinin müsəlman əhalisi üçün pul və ya müxtəlif əşyaların toplanma prosesinə qoşulmağa çağırır. Vəziyyətin yerində öyrənilməsi üçün cəmiyyətin üzvləri doktor Xosrov Paşa bəy Sultanov və tacir Ağabala Quliyev Qarsa göndərilirlər. Doktor Məmməd Rza Vəkilov isə Sarıqamışa yollanır. Tezliklə Qarsa 2 vaqon un, qida məhsulları və isti geyimlər göndərilir. İsti geyimlər Tiflis quberniyasının Axalkalaki rayonunun Posxovski adlanan ərazisinə yola salınır - orada Qars vilayətindən olan təxminən 5 min qaçqın məskunlaşmışdı.

 

"Qardaş yardımı"

İanələrin toplanılmasında Bakı qadın xeyriyyə cəmiyyətinin rəhbərliyi də iştirak edirdi. Bu məqsədlə Liza xanım Muxtarovanın başçılıq etdiyi komitə yaradılmışdı. S.Axundova, Sona Hacıyeva, Xədicə Hacinskaya, Sara Terequlova, S.Abdullayeva, Rahilə Hacıbababəyova, B.Babayeva, Hənifə Məlikova, Xədicə Əlibəyeva öz evlərində ianələrin yığımını təşkil etmişdilər. Yardımların toplanılmasında Ziba Qayıbova, Tura Abdullayeva, Sara Abdullayeva, Səriyə Şərifova, Məryəm Sulkeviç, A.Əhmədbəyova da fəal iştirak edirdilər. Komitənin təşəbbüsü ilə Tağıyev teatrında Ü.Hacıbəyovun "Əsli və Kərəm" operası qoyulmuş, tamaşadan yığılmış təxminən 2 min rubl yardım olaraq, Qars vilayətinin müsəlman əhalisinə göndərilmişdi.

Dövrün görkəmli ictimai xadimlərindən olan Xədicə Əlibəyeva qəzet vasitəsilə müsəlmanlara müraciət də etmişdi: "Qardaşlarım və bacılarım! Bədbəxtliklə üzləşmiş qardaşlarımıza yardım etmək istisnasız olaraq bütün müsəlmanların mənəvi borcudur. Həyat yoldaşlarımız hər hansı ümumi işə qoşulurlarsa, biz qadınlar da həmin işlə maraqlanmalı, qayğının bir hissəsini öz üzərimizə götürməliyik. İnsanpərvərlik hissi bizi zavallı bacılarımızın, uşaqlarımızın ağır günündə iştiraka məcbur edir".

Qafqazdakı canişin Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinə müharibədən əziyyət çəkmiş Zaqafqaziya müsəlmanlarına yardım üçün mayın 7-də "Qardaş yardımı" nişanlarının satışını və ianə toplantısını icazə verdi. Həmin gün şəhərin tanınmış simaları əllərində ianələrin toplanması üçün qutu tutaraq mağazaları, kontorları, evləri dolaşır, pul toplayırdılar. Bəzi məlumatlara görə, onlar 150 minədək nişan satmağa, 20 min rubldan artıq pul toplamağa nail olmuşdular. Bu işdə qadın xeyriyyə cəmiyyətləri də fəal iştirak edirdilər.

Bakının qadın xeyriyyə cəmiyyətlərinin əməlləri Yelizavetpolun müsəlman qadınlarını da hərəkətə keçirmişdi. "İqbal" qəzeti yazırdı ki, Novruz bayramı ərəfəsində qəza qazisi axund Hüseyn Pişnamazzadənin evində ziyalı müsəlman qadınlarının ümumi toplantısı keçirilir. 20-dən artıq qadının yığışdığı toplantıda yekdilliklə qərar qəbul olunur: "Novruz bayramı Qara bayram elan olunsun, heç bir şənlik keçirilməsin; bayram günlərində evləri dolaşaraq ianələr toplanılsın; Bakı qadın xeyriyyə cəmiyyətindən Yelizavetpolda yerli şöbəsini yaratması istənilsin".

Qadınların ictimai proseslərə geniş şəkildə cəlb olunması milyonçu Murtuza Muxtarovu o qədər məmnun edir ki, o, bu cəmiyyət üçün öz hesabına bina tikmək qərarına gəlir. Xatırladaq ki, 1914-cü ildə Bakı müsəlman xeyriyyə cəmiyyətinin öz binası var idi və onu digər milyonçu M.Nağıyev inşa etdirmişdi. M.Muxtarov isə istəyini gerçəkləşdirə bilmədi. Yoxsa indi şəhərimizdə möhtəşəmliyinə görə "İsmayıliyyə"dən geri qalmayan daha bir bina var idi...



MƏSLƏHƏT GÖR:

747