14 Mart 2025

Cümə, 21:51

OBAMA İLƏ BAYDEN MAKKEYN İLƏ PEYLİNƏ QARŞI

Amerikalı seçicilərin böyük bir hissəsi hələ də kimə səs verəcəyini müəyyənləşdirməyib

Müəllif:

15.09.2008

İki aydan sonra ABŞ yeni prezidentini seçəcək. Məlum olduğu kimi, praymeriz, yəni ilkin seçkinin gedişində Amerikanın aparıcı partiyalarının prezidentliyə namizədləri çoxdan müəyyənləşib - Demokrat Partiyasından Barak Obama, Respublikaçılar Partiyasından isə Con Makkeyn. Lakin onların namizədliklərinin təmsil etdikləri partiyaların qurultayında rəsmən təsdiqlənməsi, bir də onlarla kimin cütlük təşkil edəcəyinin (vitse-prezidentliyə namizəd) müəyyənləşdirilməsi qalırdı. Obama və Makkeynin reytinqlərinin, demək olar ki, eyni səviyyədə olduğundan, qurultaylar, həmçinin vitse-prezidentliyə kimlərin namizəd göstəriləcəyi tərəflərdən birinə ciddi üstünlük verə bilərdi. Son iki həftədə bu məsələlərə də aydınlıq gəldi. Gəlin proseslərə ayrı-ayrılıqda nəzər salaq.

Avqustun sonlarında Denverdə (Kolorado ştatı) Demokrat Partiyasının dördgünlük konvensiyası (milli qurultay belə adlandırılır) keçirildi. Tədbirdə ölkə prezidentliyi və vitse-prezidentliyinə namizədlər rəsmən təsdiqləndi - Barak Obama və Cozef Bayden.

ABŞ-da ənənəvi olaraq, partiya qurultayları ciddi debatlardan çox, gözəl siyasi şounu xatırladır. Bütün məsələlər ilkin seçkilərdə və səhnə arxası danışıqlarda həll edilir. İctimai fəaliyyət isə qurultayda partiyanın tanınmış simalarının qısa çıxışları və gurultulu alqışlarla bitir. Demokrat Partiyasının Denverdəki idman-tamaşa zalına toplaşmış 4 minlik nümayəndə heyəti üçün əsas məsələ, ilkin seçkidə Barak Obama və ona məğlub olmuş Hillari Klinton arasındakı kəskin mübarizədən sonra partiya daxilində birliyin təmin edilməsi idi.

Sorğular göstərirdi ki, demokratların sıralarındakı Klinton tərəfdarının əksəriyyəti noyabrda keçiriləcək seçkidə Obamaya yox, onun respublikaçı rəqibi Makkeynə səs vermək fikrindədir. Məhz bu səbəbdən Hillari Klinton və onun həyat yoldaşı, sabiq prezident Bill Klintonun Obama və Baydenə tam dəstək verdiklərini bəyan etmələri vacib idi. Bu, demokratların fəaliyyətinə və müvafiq olaraq, prezident seçkisinin nəticəsinə ciddi təsir göstərə bilər. Bunun nə qədər vacib olduğunu göstərən daha bir fakt Respublikaçılar Partiyasının Deneverdə Klintonun tərəfdarı olan nümayəndələr üçün xüsusi "mühaşidə məntəqəsi" yaratması və onlardan heç olmasa bir neçəsini öz tərəflərinə çəkmək cəhdidir.

Hillari Klintonun çıxışından: "Barak Obama mənim namizədimdir. O bizim prezidentimiz olmalıdır. Siz mənə və ya Obamaya səs vermisiniz. Lakin indi vahid məqsəd uğrunda səylərimizi birləşdirmənin vaxtı çatıb. Biz bir komandayıq və heç birimizin kənarda dayanmaq haqqımız yoxdur". 

Makkeyni də ləyaqətli insan və qəhrəman adlandıran Klinton bununla yanaşı, hesab edir ki, respublikaçılar administrasiyasının ABŞ üçün məhvedici olan idarəçiliyinin davam etməsinə imkan verilməməlidir. Klintonun bu sözlərinin onun 18 milyonluq tərəfdarının bir müddət əvvəlki rəqibi Obama ətrafında birləşməsi üçün kifayət edib-etməyəcəyini zaman göstərəcək. Çünki onların əksəriyyəti Obamanın seçkiyə vitse-prezidentliyə namizəd kimi Hillari Klintonla yox, Cozef Baydenlə getməsindən də son dərəcə məyus olublar.

Qurultayın apogeyi stadionda keçirilən kütləvi mitinqin gedişində Barak Obamanın çıxışı oldu. O, öz namizədliyinin irəli sürülməsinə razılığını qurultayın keçirildiyi zalda yox, məhz burada bəyan etdi. Beləliklə, tarixi hadisə baş verdi - ilk dəfə olaraq, ABŞ prezidentliyinə qaradərili siyasətçinin namizədliyi nəinki irəli sürüldü, hətta rəsmən təsdiqləndi. Və demək lazımdır ki, Demokrat Partiyasının bu nümayəndəsinin qalib gəlmək şansı heç də az deyil.

Amerika mətbuatı ölkədə keçirilən sosioloji sorğuların nəticələrini dərc edərkən bir məqama diqqət çəkir ki, hazırda seçicilərin simpatiyası sabit deyil və mütəmadi olaraq bu və ya digər namizədin xeyrinə dəyişir. Hər halda, nə demokratların qurultayı, nə də Baydenin vitse-prezidentliyə namizəd olması Obamanın reytinqini artırmadı.

Cozef Bayden Senatın beynəlxalq məsələlər komitəsinin rəhbəridir və 1973-cü ildən Senatdadır. Onun namizədliyinin irəli sürülməsi seçicilərin gözündə Obamanın "gəncliyi" və müəyyən mənada təcrübəsizliyini balanslaşdırmalı idi. Lakin Baydenin təcrübəsi ilə bağlı danışıqlara cavab olaraq, siyasi opponentləri onun tez-tez məntiqsiz, hətta bəzən dövlət maraqlarına zidd məsələlərə səs verdiyini bildirir. 

Kasıb ailədən çıxmış Bayden katolikdir. O, orta sinif, sadə ağdərili amerikalı fəhlələr arasında məşhurdur. Amma bu zümrədə Obamaya simpatiya yaratmaq hələ də mümkün olmayıb. Və sorğular göstərir ki, Baydenin vitse-prezidentliyə namizədliyinin irəli sürülməsindən sonra da demokratlar hələ ki situasiyanı dəyişə bilməyiblər.

Rusiyanın Gürcüstanda törətdiklərinin fonunda Demokrat Partiyasının namizədi sevimli mövzuları olan iqtisadi və sosial məsələlərdən bir qədər ayrılaraq, beynəlxalq mövzulara da toxunmalı olub. Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını tənqid edən Obama dünya ictimaiyyətini Moskvanın əməllərinə dəstək verməməyə çağırıb. "…Rusiya dünya ictimaiyyətinin norma və təcrübələrini pozmaqda davam edərsə, ABŞ və müttəfiqləri Rusiya ilə münasibətlərin bütün aspektlərini qiymətləndirməli olacaq", - deyə Obama qeyd edib. 

O bəyan edib ki, prezident seçkisində qələbə qazanacağı təqdirdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün sərt və birbaşa diplomatiyaya üstünlük verəcək: "Mən mümkün münaqişələrə hazır olmaq məqsədi ilə silahlı qüvvələrimizi əvvəlki halına qaytaracam. Bununla yanaşı, İranın nüvə silahı əldə etməsinin və Rusiyanın təcavüzünün qarşısını ala biləcək sərt və birbaşa diplomatiya da bərpa olunacaq". Prezidentliyə namizədin bu bəyanatı nümayəndələrin və onun on minlərlə tərəfdarının gurultulu alqışına səbəb olub.

Demokratların ardınca Respublikaçılar Partiyası da öz qurultayını keçirdi. Sent-Polada (Minnesota ştatı) keçirilən qurultayın başlanmasını gözləməyən namizəd Con Makkeyn seçkiyə kiminlə gedəcəyini əvvəlcədən açıqladı. Bu, Alyaskanın qubernatoru Sara Peylindir. 

Odur ki amerikalı seçicilərin bu seçkidə vitse-prezidentliyə Hillari Klinton olmasa da, digər qadın namizədi var.

44 yaşlı Sara Peylin ABŞ-da qubernator postunu tutmuş ilk qadındır. Onun həyat yoldaşı eskimosdur və bu, təbii ki, namizədə milli azlıqların səsinə iddia etmək və bu məsələdə Obama ilə balans yartmaq imkanı verir. Peylin 5 (!) uşaq anasıdır. Keçmişdə o, gözəllik müsadiqəsinin qalibi olub, hazırda isə ov və balıqçılıq həvəskarıdır. Bir sözlə, o, "ailə dəyərləri"nə sadiqlik və mühafizəkarlığın karyera qurmağa mane olmadığı ideal amerikalı xanımdır. 

Sara Peylin son dərəcə sərt və inadkar siyasətçidir. Mətbuatın onun hələ məktəb illərində "barrukada" (yırtıcı və hətta vəhşi balıq) adlandırılmasını tez-tez xatırlatması da təsadüfi deyil.

Qeyd edək ki, "Qustav" tropik qasırğası üzündən Respublikaçılar Partiyası qurultayını bir qədər qısa etmək zorunda qaldı. Tədbir iştirakçılarına müraciət edən Makkeyn bildirdi ki, ölkənin cənub rayonlarının təbii fəlakətdən əziyyət çəkdiyi bir vaxtda o, bayram tədbirlərinin keçirilməsini yolverilməz sayır. 

Qurultayda çıxış edənlərdən nüfuzlu senator Libermanı qeyd etmək olar. Xatırladaq ki, vaxtilə o, Demokrat Partiyasından vitse-prezidentliyə namizədlik uğrunda mübarizə aparsa da, hazırkı  mərhələdə dövlət maraqlarının partiya loyallığından üstün olduğunu bildirərək, Makkeynə dəstək verib.

Çoxlarının "iflas" kimi qiymətləndirdiyi Corc Buş administrasiyasının 8 illik hakimiyyətindən sonra hakim partiyanın namizədinin qələbə şansı o qədər də yüksək qiymətləndirilmir. Lakin beynəlxalq münasibətlərin gərginləşməsi, xüsusilə İran və Şimali Koreyanın son addımları, nəhayət, Rusiyanın fəaliyyəti respublikaçıların, xüsusilə də belə situasiya üçün kifayət qədər uğurlu namizəd olan Makkeynin şanslarını xeyli artırıb. Dünyada təhlükə artdığından Vyetnam müharibəsinin qəhrəmanı, sərt və təcrübəli siyasətçi olan Makkeyn kimi şəxslərə ehtiyac yaranıb. İctimai rəy sorğuları göstərir ki, Amerika ictimaiyyəti Ali Baş Komandan kimi Makkeynə daha çox etibar edir, nəinki Obamaya.

Xatırladaq ki, amerikalılar İraqda ciddi problemlərlə üzləşdiyi vaxt, Konqresdəki əksər həmkarlarından fərqli olaraq, Makkeyn bu ölkədə hərbi kontingentin artırılmasının vacibliyini bəyan etmişdi. Bu, cəsarətli və uzaqgörən mövqe idi. Çünki hazırda İraqda vəziyyət o qədər sabitləşib ki, artıq hətta ABŞ qoşunlarının bu ölkədən çıxarılması haqda da danışmağa başlayıblar.

Makkeyn Rusiyanın Gürcüstanla bağlı siyasətini çoxdan tənqid edir və son hadisələr sanki onun haqlı olduğunu bir daha təsdiqlədi. 

Söhbətin İrandan getdiyi zaman isə Makkeynin sərt mövqeyi özünü daha çox göstərir. Xatırladaq ki, onun populyarlıq qazanmış ifadələrindən biri belidər: "İranla müharibə pis olar, amma nüvə silahına malik İran bundan da pis olar".

Demokratlardan olan tənqidçilər hesab edirlər ki, Makkeyn sadəcə Corc Buşun siyasətini davam etdirəcək. İlk baxışdan bu, həqiqətən belə görünür. Lakin onlar nəinki siyasi, həm də insani baxımdan fərqli adamlardır. 

Buşdan fərqli olaraq, Makkeyn uzun illər xarici siyasətlə məşğul olub. 2000-ci ilin prezident seçkisində namizədliklərin irəli sürülməsi prosesində respublikaçıların qeyri-mühafizəkar qanadının favoriti Buş yox, məhz Makkeyn idi. O, İran, Rusiya və Çinə qarşı Buş administrasiyasından daha sərt siyasətin yürüdülməsinin tərəfdarıdır. 

Temperament baxımından Buş şən və nikbin, Makkeyn isə  qaşqabaqlı və sərt təsiri bağışlayır. 

Buş Vyetnam müharibəsi zamanı çağırışdan yayındığı halda, Makkeyn müharibədə döyüşüb, yaralanıb, 5 il əsirlikdə qalıb və dəhşətli işgəncələrlə üzləşib. O, nəsillikcə hərbçi olan ailənin yetirməsidir, şərəf və vətən qarşısında borc haqda uşaqlıqdan eşidib (Makkeynin atası ABŞ-ın Sakit Okeandakı Silahlı Qüvvələrinin komandanı olub).

Beynəlxalq böhranların yaşandığı dövrdə Ağ evə rəhbərlik edəcək siyasətçinin şəxsi göstəriciləri böyük əhəmiyyət daşıyacaq. Obama ehtiyatlı, praqmatik və barışdırıcı insandır. Makkeyn isə aqressiv və radikaldır. Belə düşünmək olar ki, Gürcüstan hadisələrindən, Şimali Koreya və İran rəhbərliyinin nüvə silahı əldə etmək istəkləri ilə bağlı dünya ictimaiyyətinə kobud mesajlar göndərməsindən sonra Con Makkeyn favoritə çevrilir. 

Son sorğular da sanki belə bir tendensiyanın olduğunu göstərsə də, əslində, bu belə deyil. CNN telekanalının bütün sorğuların nəticələrini toplayaraq çıxartdığı nəticəyə görə, Barak Obama hələ də rəqibindən bir qədər öndədir. Seçicilər kollegiyasının səslərin potensiyalından hesabladıqda isə (ABŞ-da namizədin aldığı səslərin sayı yox, bu və ya digər ştatda ümumi qələbə əsas götürülür), demokratların üstün olduğu görünür - 221-189.

ABŞ-da prezident seçkisi finiş xəttinə yaxınlaşsa da, seçicilərin xeyli hissəsi hələ də kimə səs verəcəklərini müəyyənləşdirməyiblər. Odur ki tərəzinin "gözü" bu və ya digər tərəfə əyilə bilər. Bu situasiyada Obama ilə Makkeyn, həmçinin Baydenlə Peylin arasında baş tutacaq teledebatlar həlledici rol oynayacaq. Belə düşünmək olar ki, telegenik və anadangəlmə natiq olan Obama bir qədər qeyri-sərbəst və "köhnə" görünən Makkeyn üzərində üstünlüyə malikdir. Lakin bunun həqiqətən belə olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Çünki amerikalı sosioloqlar nəticələri debatlardan dərhal sonra açıqlayırlar. Bu cür debatlar isə çox olacaq - namizədlər iqtisadiyyat, daxili və beynəlxalq siyasət haqda fikirlərini bölüşəcəklər. 

Bir sözlə, bizi nəticələri yalnız ABŞ-a yox, bütünlükdə dünyaya böyük təsir göstərə biləcək qızğın mübarizə gözləyir.



MƏSLƏHƏT GÖR:

425