14 Mart 2025

Cümə, 20:58

QAFQAZ TƏLƏSİ

Gürcüstan-Rusiya münaqişəsində tələyə kim düşdü?

Müəllif:

15.09.2008

Sentyabrın əvvəllərində Avropa İttifaqının Gürcüstandakı situasiya və Avropanın Rusiya ilə bundansonrakı münasibətlərinin müzakirə edildiyi sammiti bir çox suallara aydınlıq gətirdi. Moskvanın addımlarını tənqid edən və onu beynəlxalq hüquqa əməl etməyə çağıran yekun bəyannamə görüşün məntiqi sonluğu oldu. Avropa İttifaqı Rusiyadan öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırsa da, bu çağırışa əməl edilməyəcəyi təqdirdə hansı tədbirlərə əl atılacağını açıqlamadı.

 

"Radikallar" və "praqmatiklər"

Bununla yanaşı, sammitin yekunlarını hamı gözləyirdi: həm "şənliyin səbəbkarları" olan Rusiya və Gürcüstan, həm də bu ölkələrin hər ikisinin müttəfiqləri. Lakin Rusiyanı dəstəkləyənlərin sayı o qədər də çox olmadı - Nikaraqua, HƏMAS və "Hizbullah". Rusiya mətbuatının bildirdiyinə görə, ölkənin Xarici İşlər Nazirliyində Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin yaxın vaxtlarda Belarus, Suriya, Liviya, İordaniya və Mərakeş tərəfindən də tanınacağına ümid edirlər.

Gürcüstana "dəstək qrupu"na gəlincə, onlar (başda Saakaşvili administrasiyası da olmaqla) iki yerə parçalandılar - "radikallar" və "mülayim praqmatiklər". Birincilər - əsasən, Rusiya ilə həmsərhəd olan ölkələr - Baltikyanı dövlətlər, Polşa, Ukrayna, həmçinin Böyük Britaniya hesab edir ki, Qərb Moskvanın əməllərinə sərt reaksiya verməlidir. Bu mövqedə olanlar, demək olar ki, hər gün az qala hərbi bəyanatlar səsləndirir və indinin özündə də bu kampaniyanı Qərbin nüfuzlu mətbuat orqanları vasitəsilə davam etdirirlər.

"Praqmatiklər" isə öz növbələrində bildirirlər ki, Rusiya ilə heç bir halda hədə və güc yolu ilə danışmaq, onunla əlaqələri tam kəsmək, sanksiyalar tətbiq etmək olmaz və bu, daha böyük polyarizasiyaya səbəb olacaq, Qərbin "rus ayısı"na onsuz da zəif olan təsir imkanlarını daha da məhdudlaşdıracaq. Bu fikirlər Qərb mətbuatında hələ də yer alır və polemikanı gücləndirir.

Bütün bunlarla yanaşı hələ ki gözlənildiyi kimi, əsas qarşıdurma (hələlik yalnız siyasi) Gürcüstanın əsas müttəfiqi olan ABŞ ilə Rusiya arasında yaşanır. Amerika Gürcüstan iqtisadiyyatının bərpası üçün 1 milyard dollar ayırdığını bəyan edib, Hərbi Dəniz Qüvvələrinin gəmilərini Qara dəniz hövzəsinə yeridib (onlar avqustun 11-dən Gürcüstan sahillərində üzən Rusiyanın hərbi gəmiləri ilə "qonşuluq" edirlər). Bundan əlavə, ABŞ Gürcüstanın raketdən müdafiə sisteminin (RMS) bərpasını da həyata keçirir ki, bu da Gürcüstanın NATO-nun əvvəlcədən xəbərdarlıq sisteminə qoşulması kimi qiymətləndirilir.

Bu arada ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Rusiyanın hədəfində olduğunu iddia etdiyi Gürcüstan, Azərbaycan və Ukraynaya səfəri ciddi hadisə idi. Bakı, Tbilisi və Kiyevdə Çeyninin apardığı danışıqların əsas mövzusu Gürcüstandakı vəziyyət, Ağ evin hazırkı rəhbərliyinin reallaşmasında son dərəcə maraqlı olduğu alternativ enerji layihələri oldu. 

Köhnə Dünya da bu işlərdə ABŞ-dan geri qalmadı. Avropa İttifaqının sammitindən bir həftə sonra quruma üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirildi və orada sentyabrın 8-də danışıqlar aparmaq məqsədi ilə Fransa prezidenti Nikolə Sarkozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya göndərilməsi qərara alındı. Məqsəd "Medvedev-Sarkozi" razılaşmasının 6 bəndi əsasında Moskvanın üzərinə götürdüyü öhdəliklərə əməl edilməsinin vacibliyinə Kremli inandırmaq idi. Hərçənd, Moskvanın güzəştlərə gedəcəyinə inanmayan avropalıların özləri belə bu səfərə böyük ümidlə yanaşmırdı. Hər halda, onlar qarşılarına 2 məqsəd qoymuşdular: Gürcüstan ərazisindən Rusiya qoşunlarının çıxarılmasına nail olmaq və Moskvanı bölgəyə Aİ müşahidəçilərinin gəlməsinə razı salmaq (bu missiyanın yaradılmasının vacibliyi sözügedən razılaşmada da əks olunub). 

Hadisələrin ən ideal formada inkişafı halında isə avropalılar Cənubi Osetiya və Abxaziyanın statusuna dair danışıqlara başlamağa ümid edirdilər. 

Lakin artıq qeyd etdiyimiz kimi, Moskvanın mövqelərindən geri çəkilməyəcəyi hələ səfərdən öncə məlum idi.

Nüfuzlu "Nyu-York tayms" qəzeti sentyabrın 8-də çıxan nömrəsində yazırdı: "Hazırda Avropa İttifaqına rəhbərlik edən Fransa Rusiyanın atəşkəs haqda razılaşmaya əməl etməməsindən qəti narazılığını bildirir. Ölkənin xarici işlər naziri Bernar Kuşner keçirdiyi mətbuat konfransında Medvedevi  öz imzasına hörmət etməyə çağırıb. Onun sözlərinə görə, "hələlik razılaşmada yer almış altı maddədən yalnız ikisinə və ya iki yarımına, uzağı üçünə əməl edilib".

Polşa, Böyük Britaniya, İsveç və Baltikyanı dövlətlər Rusiyaya qarşı sərt addımların atılmasının tərəfdarı kimi çıxış etsələr də, rəsmi şəxslərin sözlərinə görə, məsələ ilə əlaqədar konkret sanksiyaların tətbiqi haqda müzakirə aparılmayıb. Kuşner Moskvanın razılaşmaya əməl edilməsini bundan sonra da ləngidəcəyi təqdirdə Aİ-nin hansı addımlar atacağına dair sualı da cavablandırmayıb. "Hər şey Rusiyanın cavabından asılıdır", - deyə o, qeyd edib. 

Nazir hesab edir ki, nəticəsiz qalan, yəni Rusiyanın əhəmiyyət verməyəcəyi sanksiyaların heç bir mənası yoxdur.

Sentyabrın 6-da ABŞ-ın vitse-prezidenti D.Çeyninin İtaliyada keçirilən konfransda Rusiyanı kəskin tənqid etməsi və Gürcüstanla Ukraynanın NATO-ya qəbulunun vacibliyini bəyan etməsi fonunda Dmitri Medvedev "Rusiyanın artıq hamının hesablaşacağı dövlətə çevrildiyini" və "bu ilin 8 avqustundan sonra ölkənin dəyişdiyini" bəyan etdi. Avropalılar isə artıq Moskva ilə başqa tonda danışmağa qərar verdilər və Bernar Kuşnerin "Avropanın tərəfdaşı və qonşusu" adlandırdığı Rusiya ilə "dil tapmaq" haqda düşünməyə başladılar.  "Biz hamımız sakitliyə nail olmalıyıq. Əks halda Rusiyanı heç nəyə razı salmaq mümkün olmayacaq", - deyə Aİ-nin yüksək rütbəli təmsilçilərindən biri bildirib. 

"Nyu-York tayms" məqaləni belə bitirir: "Rusiya müharibəni uddu və problem Moskvanın iştirakı olmadan həll edilməyəcək. Çünki ərazilər onun nəzarətindədir".

 

"Başına gəlməyincə…"

Beləliklə, Cənubi Osetiyada baş verənlər beynəlxalq münasibətlərin inkişafında yeni vəziyyətin yaranmasına səbəb olub. Amma Rusiya ilə Qərb arasında yaranmış siyasi konfrantasiyanın səbəblərini müəyyənləşdirmək istədikdə, yalnız qarşılıqlı ittihamlar və haqq qazandırma cəhdləri eşitməli olursan. Bütün bu mübahisələrin kökündə isə küçə prinsipi olan "Dəli sənin özünsən!" prinsipi dayanır. 

Etiraf etmək lazımdır ki, Qərblə Rusiya arasında açıq qarşıdurma hələ 2007-ci il fevralın 9-10-da keçirilmiş Münhen konfransında, Rusiyanın o zamankı prezidenti Vladimir Putinin çıxışı ilə başlamışdı. Həmin vaxt çoxları Putinin bəyanatlarını beynəlxalq ictimaiyyətə açıq-aşkar meydan oxumaq, daha dəqiq desək, Qərbin bütün sahələrdə Kremlin mövqelərinə birtərəfli qaydada "hücuma keçməsi"nə cavab kimi qiymətləndirmişdi.

Düz bir il sonra - 2008-ci ilin fevralında Moskvanın xəbərdarlıqları və adekvat addımlar ata biləcəyi təhlükəsinin olmasına baxmayaraq, Serbiyanın Kosovo bölgəsinin müstəqilliyi tanındı. Həmin vaxt Kreml bunu presedent kimi qəbul edəcəyi və adekvat addımlar atacağını açıq şəkildə bəyan etdi. Bu addımların nədən ibarət ola biləcəyini təxmin etmək mümkün idi. Və yarım ildən sonra Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə hər şey konkret olaraq aydınlaşdı.

Biz Rusiyanın addımlarına haqq qazandırmaq fikrindən uzağıq. Xüsusilə də, yalnız Gürcüstanda yox, bütünlükdə Qafqaz regionunda separatizm ocaqlarının yaranması tarixi və mexanizmləri hamıya bəllidir və bu işdə Rusiyanın hansı rolu oynadığını da bilirik.

Buna baxmayaraq açıq demək lazımdır ki, Dmitri Medvedevin avqustun 26-da atdığı addımı reallaşdıran mexanizmin əsası 2008-ci il fevralın 17-də qoyuldu. Beləliklə, Moskva Osetiya və Abxaziyadakı fəaliyyətinə haqq qazandırmaq üçün formal bəhanə əldə etdi.

Hazırda çoxlarının ehtiyat etdiyi əsas məsələ oxşar hadisələrin bir çox ölkələrin başına gələ bilməsi ehtimalıdır. Yəni, Gürcüstan hazırkı hadisələrdən bir neçə il əvvəl başlanmış bu oyunun birinci, lakin çox güman ki, sonuncu qurbanı deyil. 

 

Tələ

Britaniyanın "New Statesman" qəzetinin jurnalisti Rocer Boyz avqustun 31-də dərc etdiyi "Putinlandiyada vəziyyət yaxşı deyil" başlıqlı məqaləsində Gürcüstanın bu dərəcədə avantürist addımı atmasının səbəblərini müəyyənləşdirməyə çalışıb. Mixail Saakaşviliyə əvvəlcədən tələ qurulduğunu düşünən jurnalist hesab edir ki, gürcü lideri öz xarakteri üzündən həmin tələyə düşməyə bilməzdi: "Əgər gürcü liderinin düz gözü qarşısında tələ qursanız, əmin olun ki, o, mütləq həmin tələyə düşəcək". 

Belə görünür ki, hər şey sadədir. Bəs əslində hər şey bu qədərmi bayağıdır?

Təkrar edirik: Rusiyanın addımlarının nədən ibarət olacağını əvvəlcədən müəyyənləşdirmək mümkün idi. Çətin ki, ixtiyarında siyasətçilər, analitiklər və xüsusi xidmət orqanlarından ibarət güclü komanda olan Qərb hakimiyyətinin strateqləri Rusiya hökumətinin "səbir kasası"nın nə vaxtsa daşacağını proqnozlaşdırmasınlar.

Bəs Mixail Saakaşvili bu dərəcədə düşünülməmiş addımı özbaşına ata bilərdimi? Üstəlik, Cənubi Osetiyaya bu dərəcədə bacarıqsızcasına hazırlanmış hücumla nəyə ümid etmək olardı?

Doğrudanmı öz ölkəsinin ərazi bütövlüyünün bərpasına dair  atdığı, ideya baxımından doğru olsa da, məzmunca düşünülməmiş addım yalnız onun xarakterinin çılğınlığından irəli gəlir? Axı bir müddət əvvəl o, Qərbin, həmçinin ABŞ-ın Gürcüstanın Rusiya ilə Qərbi qarşı-qarşıya qoymaq cəhdindən narazılığını görmüşdü. Axı, bir neçə ay əvvəl Saakaşvili Qərbin dəstəklədiyi müxalifətin hakimiyyəti devirməsindən yalnız inanılmaz dirəniş sayəsində xilas olmuşdu. Doğrudanmı bir dəfə düşünülməmiş siyasi oyunlarının ciddi fəsadları ilə üzləşmiş Saakaşvili bundan lazımi nəticəni çıxartmayıb və eyni "palçığa" yenidən girmək qərarına gəlib? Üstəlik, Gürcüstanın NATO-ya üzvlüyü cəhdi qurumun son sammitində ifalasa uğrayıb və bunun ikinci, üçüncü cəhdlərdə müsbət nəticə verib-verməyəcəyi böyük sual altındadır. Rusiya ilə hərbi qarşıdurma şəraitində isə Gürcüstanın NATO-ya qəbulu perspektivi (minimum hazırkı mərhələdə) real görünmür.

Belə olduqda meydana sual çıxır: Mixail Saakaşvilidə, faktik olaraq, Rusiyaya qarşı hərbi əməliyyata başlamaq fikrini kim və ya nə yaratdı?

Yeri gəlmişkən, bu sualı Vladimir Putin də səsləndirib və baş verənlərlə ABŞ administrasiyasının prezident kürsüsünə Con Makkeyni oturtmaq və respublikaçılar administrasiyasını qoruyub-saxlamaq məqsədi güddüyünə işarə edib.

Bu, tamamilə mümkün variantdır. Amma bu həqiqətən bu cür olsa belə, bu, amerikalıların uzunmüddətli yox, sadəcə qısamüddətli taktikasıdır.

 

Kölgə ilə döyüş…

Amerika administrasiyası isə dərhal özünün müxtəlif rəsmilərinin vasitəsi ilə bəyan edib ki, Vaşinqton Saakaşvilini düşünülməmiş addımlardan çəkindirməyə, Osetiya və Abxaziyanın təxribatlarına hərbi yolla cavab verməyin lazımsızlığına inandırmağa çalışıb. Hesab edək ki, bu, həqiqətən də belədir. Onu da hesab edək ki, bu, medalın sadəcə bir üzü - taktiki xarakterli məsləhətdir. Artıq istənilən bəyanatı səsləndirmək mümkündür. Özü də nəzərə alsaq ki, bu cün tamamilə qərbli müttəfiqlərdən asılı vəziyyətdə olan Saakaşvili məsuliyyəti onların boynuna qoymağa cəsarət etməz.

Lakin şəxsən bu sətirlərin müəllifi üçün Mixail Saakaşvilinin əməlləri Qərbin, ilk növbədə isə, ABŞ-ın… Rusiyaya münasibətdə uzunmüddətli strategiyasının məntiqini tam şəkildə üzə çıxarır.

Artıq qeyd etdiyimiz kimi, təxminən 10 ildir ki, amerikalıların və onların yaxın müttəfiqlərinin bütün fəaliyyəti bu və ya digər formada Rusiyanın dünya siyasətindən çıxışdırılmasına yönəlib. Əksər hissəsi ilk baxışdan məntiqsiz təsir bağışlayan belə fəaliyyətin spektri kifayət qədər genişdir. Onların ən məşhuru NATO-nun Rusiya sərhədlərinə tərəf genişləndirilməsi və onun sərhədləri ətrafında halqa yaradılması planıdır (halbuki, rəsmi razılaşmalarda bunun baş verməyəcəyinə dair zəmanət var). Bu fəaliyyət sırasında Rusiyanın Yaxın Şərq münaqişəsinin nizamlanması prosesindən kənarlaşdırılması, ABŞ-ın birtərəfli qaydada RMS haqda Müqavilədən çıxması, Rusiyanın sərhədləri ətrafında yeni raketdən müdafiə sistemilərinin quraşdırılması, həmçinin Avropada Adi silahlar haqqında müqaviləyə və cinah məhdudiyyətlərinə əməl edilməməsini göstərmək olar. Bundan başqa, Qərb Mərkəzi Asiyanın enerji resurslarının Rusiyanın nəzarəti altından çıxarılması üçün fəal iş aparır. Vaxtilə kiçik Corc Buşun ifadə etdiyi "şər halqası" nədənsə məhz Rusiyanın ətrafında peyda olub. Halbuki, dünyada ABŞ prezidentinin "damğaladığı" ölkələrdən heç nə ilə fərqlənməyən rejimlər də var, amma onlar Ağ evin nəzərindən kənarda qalıb. Əslində, ABŞ Rusiya ətrafındakı ölkələri öz təsir dairəsinə almaq, sürətlə inkişaf edən Çinlə Rusiya arasında öz istəyinə uyğun sərhəd qurmaq istəyir. Çünki bu gün Çin Rusiya kimi xammal idxalçısı üçün çox cəlbedici bazardır.

Bəli, Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanımaqla, çoxmillətli Rusiya, faktik olaraq, Kosovonun müstəqilliyinin elan olunması prosesinə yanaşdığı məntiqdən kənara çıxıb. Axı Kosovonun müstəqilliyinin tanınmasından dərhal sonra hələ prezident olan Vladimir Putin Qərbin bu addımını "axmaqlıq" adlandırmış və demişdi ki, "Biz onları yamsılamaq və eyni addımları atmaq fikrində deyilik".

Mən hazırda amerikalıların, onların qərbli müttəfiqlərin addımlarının özünü nə dərəcədə doğrultduğunu və ya əksini söyləmək fikrində deyiləm. Fakt faktlığında qalır: son illər ərzində Moskvanı sanki qəsdən təxribatlara çəkirdilər. 

Rusiyanın rəqiblərinin ümumi strategiyası isə tamamilə başadüşülən və izaholunandır. Moskvanı qarşıdurmaya getməyə məcbur etmək, faktiki olaraq isə "soyuq müharibə"nin yeni dalğasını başlamaq və Rusiyanın mövqelərini daha da zəiflətmək. Hazırda Rusiyanın enerjidaşıyıcılarından külli miqdarda vəsait əldə etməsinə rəğmən, bu ölkənin iqtisadiyyatı yeni silahlanma dalğasına uzun müddət davam gətirə bilməyəcək. Bu barədə biz artıq jurnalımızın 1 iyul 2007-ci il tarixli 13(33) saylı buraxılışında yazmışıq və mülahizələrimiz özünü doğrultdu. "Rusiya öz Silahlı Qüvvələrinin təchiz olunması üçün yeni silah növlərinin yaradılması və alınmasına diqqəti artıracaq", - deyə Rusiya prezidenti Dmitri Medvedev ordunun inkişafına həsr olunmuş müşavirədə bildirib. 

Rusiyalı ekspertlərin özləri də ölkənin imkanlarını dəyərləndirərkən etiraf edirlər ki, Moskva, əsasən, "neft-qaz iynəsindən" asılı vəziyyətdədir, milyardlarla neft-dollarlarının xərclənməli olduğu ümumi iqtisadiyyatın inkişafı perspektivi isə kifayət qədər şübhəli görünür. SSRİ-nin məhz "soyuq müharibə" nəticəsində dağılması (Putin Sovet İttifaqının dağılmasını XX əsrin faciəsi adlandırmışdı) Rusiya isteblişmentinin bəzi dairələri üçün dərs olmayıb. Məşhur isveçrəli nasir Maks Frişin dediyi kimi, "əsl müharibə heç kimə lazım olmasa da, ədavət çoxlarına gərəkdir".

Bu baxımdan, Vladimir Pastuxovun avqustun 21-də "Arqumentı Nedeli" qəzetində dərc olunmuş məqaləsi maraq doğurur. Məqalədən bir hissəyə nəzər salaq: "Dövlət üçün hərbi uğurlardan yaranmış eyforiyadan təhlükəli heç nə yoxdur. Hərbçilər döyüşü udan zaman siyasətçilər müharibəni uduzur. Kiminlə müharibə apardığımızda yanılmamalıyıq. Gürcüstan Qərbin əlində alətdir. Biz real düşmənin kölgəsi ilə döyüşürük və real rəqibə məğlub olmuşuq. Onlar bizə qalib gəldilər. Rusiya siyasi tələyə düşdü və buradan layiqli çıxış yolu yoxdur. O, yenidən "pis" və "lap pis" arasında seçim etməlidir.

Bu, müharibə yox, Olimpiada da daxil olmaqla, bütün incəliklərinə qədər hesablanmış piar kampaniyasıdır. Hədəf Sxinvali yox, Rusiya idi. O, istənilən yolla Gürcüstan ərazisinə qoşun yeritməyə və bilavasitə münaqişə tərəfi olmağa məcbur edilməli idi. Bu, sonda Rusiya sülhməramlılarının bölgədən çıxarılması və onların NATO, BMT və ya Qərbin nəzarətində olan digər qüvvələrlə əvəzlənməsinə hesablanmış çoxgedişli planın ilk addımı idi. Texnologiya aşkar və tam hazırlanmışdır - növbəti mərhələdə eyni zamanda Rusiya və Gürcüstan qoşunlarının bölgədən çıxarılmasını nəzərdə tutan "sıfır variantı" təklif ediləcək, onların yerinə isə Qərb tərəfindən nəzarət edilən "neytral" qüvvələr gətiriləcək. Hər şey Kosovodakı kimi, lakin əksinə olacaq.

Bu gün Rusiya Gürcüstanda separatçılığı dəstəkləməklə nə qazanır? Heç nə. Ümumilikdə götürülmüş bu xətt Rusiyanın öz maraqlarına ziddir. Belə ki, ölkə daxilində onlarca potensial anoloji münaqişə ocaqları var. Bu azmış kimi, biz özümüzü Gürcüstandan tam ayırdıq, onun siyasətinə təsir imkanlarını itirdik, Tbilisiyə Qərb hərbi-siyasi maşını üçün meydan verdik.

Rusiya uzaqgörən olmayan siyasəti ilə özünü küncə sıxışdırdı. Gürcüstanın Sxinvaliyə hücumu Rusiyanın müharibəyə müdaxiləsinə alternativ qoymadı. Bu, Rusiyanın boynuna qoyulmuş və Moskvaya lazım olmayan müharibədir. Lakin Rusiya özü bundan qaça bilmədi. O, dünya ictimaiyyətinin tənqidi altında kənar maraqlar uğrunda müharibə aparmaq məcburiyyətindədir və beynəlxalq ictimaiyyət daim Moskvaya Cənubi Osetiyanın Gürcüstan ərazisi olduğunu məmnuniyyətlə xatırladır.

Bununla yanaşı, anlamaq lazımdır ki, biz Osetiyada çox qala bilməyəcəyik və Qərbin təzyiqi ilə oranı tərk etməli olacağıq…"

 

Acınacaqlı final

Qərb Rusiyanı birdəfəlik ifşa etmək üçün əla imkan qazanıb. Artıq bundan sonra Moskvanın vaxtilə Praqaya qoşun yeritmiş və Əfqanıstanı işğal etmiş SSRİ-nin paytaxtı olmadığını heç kimə sübut eləmək mümkün deyil. Qərbdə Dogs of the war (müharibə köpəkləri) adlandırılan "qırğılar" istədiklərini əldə etdilər. Necə ki Rusiyanın müəyyən siyasi dairələri özlərinin imperiya ambisiyalarını reallaşdırmağın məmnunluğunu yaşadılar. Əlbəttə ki, bundan sonra açıq hərbi qarşıdurma olmayacaq. İndi o vaxtlar deyil. Amma hər halda müharibənin ilk günlərində yüz milyardlarla dollar itirən Rusiya iqtisadiyyatı ciddi zərərlə üzləşdi. Hərçənd Rusiyanın baş verənlərə müdaxilə etməməsi sadəcə mümkün deyildi. Moskva Cənubi Osetiyadakı sülhməramlılarının və separatçı bölgə sakinlərinin təhlükəsizliyinə zəmanət vermişdi, buna görə də onları başlı-başına buraxa bilməzdi. 

Düşünmək olar ki, Qərb Kremlə qarşı hər hansı ciddi sanksiyalar tətbiq etməyəcək. Onlara ehtiyac da yoxdur: Rusiya özü qarmağa düşüb və onun bundansonrakı addımları balıqçının onu sudan çıxartmasına imkan verməmək üçün gücünü nümayiş etdirən böyük balığın hərəkətlərini xatırladacaq. Hazırda zaman Rusiyanın əleyhinə işləyir və Kreml ciddi addımlar atmasa, bu acınacaqlı oyunun finalı istənilən halda Moskva üçün acınacaqlı olacaq.

Sonda qeyd etmək istərdik ki, "Rusiya ilə oyun" "böyük oyun"un yeganə istiqaməti deyil və İran ətrafındakı vəziyyəti də unutmaq olmaz.

Amma bu başqa söhbətin mövzusudur…



MƏSLƏHƏT GÖR:

350