14 Mart 2025

Cümə, 20:58

ANKARA PRİORİTETLƏRİNİ DƏYİŞİR

Təfərrüatı cidd-cəhdlə gizli saxlanılan "tarixi" səfər nə ilə qurtaracaq?

Müəllif:

15.09.2008

Beləliklə, bu baş verdi. Türkiyə və Azərbaycan ictimaiyyətinin ciddi müqavimətinə baxmayaraq, Türkiyə prezidenti Abdulla Gül Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Yerevana dəvətini qəbul etdi. Qərbdə  bu səfər böyük məmnunluq doğurdu və məsələ ilə əlaqədar razılıqdolu bəyanatlar bir-birini əvəzlədi. Ankara ilə Yerevan arasında münasibətlərin normallaşmasının ilk tərəfdarlarından biri kimi, ABŞ-ın dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza çıxış etdi. Onun fikrincə, Gülün Ermənistana səfəri "Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə təkan verəcək".

ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner isə "regionda uzunmüddətli sabitlik və təhlükəsizliyin yaradılmasına istiqamətlənmiş cəsarətli addım münasibəti ilə" Türkiyə və Ermənistan prezidentlərini təbrik etdi.

Baş verənlərə münasibət bildirən daha bir şəxs Avropa İttifaqının genişlənmə məsələləri üzrə ali komissarı Olli Rendir. O, hesab edir ki, Gürcüstanda baş vermiş son hadisələr regionda mehriban qonşuluq münasibətlərinin qurulması zərurətini meydana çıxarıb və bu baxımdan, Türkiyə prezidentinin Ermənistana səfəri xüsusi əhəmiyyət daşıyır. Bir qədər sonra ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker də A.Gülün Yerevan səfəri haqda danışdı: "Türkiyə özündə keçmişinə qalib gəlməyə güc tapmalı və 1915-ci ildə ermənilərin soyqırıma məruz qalmaları faktını tanımalıdır".

Bir sözlə, Gülün Ermənistan səfərinin həm tərəfdarları, həm də əleyhdarları bir fikirdə şərikdirlər - 2008-ci il sentyabrın 6-sı Cənubi Qafqazın taleyində "tarixi" gündür.

 

"Lehinə" və "əleyhinə"

Bununla yanaşı, görünür nə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan, nə də prezident Abdulla Gül türk ictimaiyyətinin dövlət başçısının Ermənistana səfərinə bu dərəcədə neqativ reaksiya verəcəyini gözləmirdilər. Məhz bu səbəbdən Gülün səfəri ilə bağlı rəsmi bəyanatın yayılması mümkün qədər ləngidildi. Halbuki, prezidentin özü də etiraf edib ki, Yerevana səfər etmək haqda qərarı bu haqda məlumatın KİV-də peyda olmasından xeyli əvvəl qəbul edibmiş.

Qeyd edək ki, Ankara ilə Yerevan arasında yaxınlaşma haqda ilk siqnallar hələ iyulun əvvəllərində, Türkiyə hökumətinin gözlənilməz qərarı Tarix İdarəsinin rəhbəri Yusuf Halaçoğlunun istefaya göndərildiyi vaxt  yaranmışdı. Xatırladaq ki, Y.Halaçoğlu  Ermənistanla istənilən əlaqələrin qəti əleyhdarı kimi tanınıb.

Həqiqətən, Türkiyə ictimaiyyətinin Gülün səfərinə neqativ reaksiyası o qədər güclü oldu ki, hətta hökumətə loyal mətbuat orqanları da dövlət başçısını məzəmmət etmək imkanını əldən vermədi.

Sentyabrın 4-də "Milliyyət" qəzeti Abdulla Gülün hələ 1993-cü ildə "Rifah" partiyasından deputat olan zaman səsləndirdiyi bəyanatlardan bir hissəni dərc etdi. Həmin bəyanatlarda Gül rəsmi Ankaranın Yerevanla yaxınlaşmaq istəyini sərt tənqid edir. Həmin vaxt tribunada çıxış edən Gül Ermənistan prezidenti Levon Ter-Petrosyanın Türkiyənin dövlət başçısı Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün Ankaraya gəlməsini "yolverilməz" adlandırır: "Əgər Ermənistan prezidenti özündə cəsarət tapırsa və bizim prezidentimizin dəfn mərasimində iştirak edirsə, görün Türkiyə hökuməti nə qədər məğlub siyasət yürüdür. O bilir ki, siz ancaq öz maraqlarınız haqda düşünürsünüz, Türkiyə dövlətinin maraqlarının müdafiə edilməli olduğu halda cəsarət nümayiş etdirməkdən qorxursunuz. O, sizin nə dərəcədə loyal olduğunuzu yaxşı başa düşür. Mənə elə bir ölkə göstərin ki, türklərin qardaşları ilə müharibə apardıqları bir vaxtda, Avropanın xəritəsinin tamamilə formalaşdığını, Yaxın Şərq və Asiyanın xəritəsinin isə yenidən formalaşdırılmalı olduğunu bəyan etməyə özündə cəsarət tapsın. Qarsın erməni torpaqları olduğunu iddia edən ölkənin prezidenti Türkiyəyə gəlir ki, siz onun əlini sıxasınız? Bu necə ola bilər?".

Qeyd edək ki, bütün avqust ayı ərzində Türkiyənin istisnasız olaraq bütün nüfuzlu qəzetləri öz mənbələri vasitəsilə ölkə prezidentinin məsələ ilə bağlı mövqeyini müəyyənləşdirməyə çalışdılar. Və dərc olunan materiallar göstərirdi ki, prezidentin Ermənistan səfərinə hazırlıq işi tam gücü ilə gedir.

Baş verənlərə müdaxilə etməməyə çalışan "Milliyyət" və "Hürriyyət" kimi qəzetlər onlayn sorğular keçirməyə üstünlük verdilər. Qəzetlər tarixlərində ilk dəfə sorğunun aralıq nəticələrini gizlətməyə çalışsalar da, sonda ictimaiyyətin baş verənlərə neqativ münasibətini gizlətmək mümkün olmadı. Türkiyənin populyar saytlarının ziyarətçilərinin 61%-i ölkə başçısının Yerevan səfərinin əleyhinə səs verdi.

Gülün səfərinin tərəfdarı kimi isə ermənipərəst "Radikal" qəzeti çıxış etdi və səfərin müsbət tərəflərini göstərən tezislərə yer ayırdı. Qəzet hesab edir ki, A.Gülün Yerevana səfəri Ermənistan hökuməti və diasporunun birliyinə son qoyacaq. "Onilliklər ərzində erməni diasporu antitürk mövqeyində olub. Lakin Ermənistanla Türkiyənin yaxınlaşması onlara seçim yeri qoymayacaq və diaspor Ankaraya qarşı təbliğatı dayandırmalı olacaq. Eyni zamanda bu addım Türkiyənin Qərbdəki imicini yaxşılaşdıracaq, xüsusilə ölkənin Avropa İttifaqına qəbulu məsələsinə müsbət təsir göstərəcək", - deyə "Radikal" bildirirdi.

Eyni qəzet avqustun 28-də Ermənistan prezidenti ilə müsahibə də dərc etdi və bununla bir daha iki ölkə arasında diplomatik münasibətlərin heç bir şərt irəli sürülmədən bərpasının tərəfdarı olduğunu nümayiş etdirdi.

Türkiyə prezidentinin elə "Radikal" qəzetində yer almış cavabı daha maraqlı oldu: "Biz bir torpağın uşaqlarıyıq. Əsrlərlə yan-yana yaşamış türklər və ermənilər iztirablarla mübarizə aparıblar. Biz öz qonşularımızla problemlərimizin həll edilməsində maraqlıyıq".

Bu arada Türkiyə müxalifəti isə prezidenti "topa tuturdu". Müxalifətçi Milliyyətçi Hərəkat Partiyasının (MHP) orqanı olan "Ortadoğu" qəzeti partiyanın lideri Dövlət Baxçalının Güldən açıq şəkildə Yerevana getməməyi tələb edən sərt bəyanatına yer ayırmışdı: "Yerevan Türkiyənin irəli sürdüyü şərtlərdən heç birinə əməl etməyib: qondarma soyqırımın tanınması istiqamətində fəaliyyət davam edir, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmayıb, həmçinin Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür. Belə olduqda hansı səfərdən danışmaq olar? Axı məhz Yerevan terrorçu Kürd Fəhlə Partiyasının dəstəkləndiyi yerlərdəndir. Bu addıma heç cür haqq qazandırmaq olmaz". 

Türkiyə parlamentində təmsilçiliyinə görə üçüncü partiya olan MHP liderinin sözlərinə görə, rəsmi Ankara beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ-ın təzyiqilə milli maraqlara qarşı getməyə çalışır ki, bu da yolverilməzdir.

"Cümhuriyyət" qəzeti isə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykalın bəyanatına yer ayırmışdı. "Ermənistan etnik və mədəni kökləri ilə yanaşı, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyan Azərbaycandan vacib deyil", - deyən Baykal məhz Azərbaycanın Türkiyəni "Avrasiyanın vacib enerji dəhlizinə çevirdiyini" bildirib. O, rişxəndlə Gülü Yerevana səfəri çərçivəsində qondarma erməni soyqırımı qurbanlarının abidəsi önünə əklil qoymağa da çağırıb.

Prezidenti dəstəkləyən baş nazir Ərdoğan isə hesab edir ki, Ermənistanla dialoqdan daim imtina siyasəti Ankaraya fayda gətirməyəcək. "Danışıqlardan qaçmayın. Dövlətlər arasında dialoq olmalıdır və bu, normaldır", - deyə hökumət başçısı bildirib.

R.T.Ərdoğan kompromatlardan istifadə etməyi də yaddan çıxartmayıb. O xatırladıb ki, "bəzi müxalifət partiyalarının liderləri özləri də vaxtilə erməni liderlərlə görüşlər keçiriblər və ölkə rəhbərliyinin fəaliyyətinə qiymət vermək onların işi deyil". Bununla o, MHP-nin mərhum lideri Alparslan Türkeşin vaxtilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşünə işarə edib.

Ümümiyyətlə, Gülün Ermənistan səfəri ərəfəsindəki günlər Ərdoğan üçün xüsusilə ağır keçdi. Baxmayaraq ki Ermənistan Futbol Federasiyası öz loqotipindən matçöncəsi Ağrıdağın əksini çıxartmaq haqda qərar qəbul etmişdi. Yeri gəlmişkən, Türkiyənin hökumətə loyal olan mətbuatı bunu "Yerevanın xoşməramlı addımı" kimi qiymətləndirib.

 

İnanıram - inanmıram

Yerevana səfər ərəfəsində Türkiyə jurnalistlərinə müsahibə verən Abdulla Gül bildirib ki, onun Ermənistan səfəri "Türkiyə-Ermənistan münasibətlərində yığılıb-qalmış problemlərin həlli üçün ciddi imkandır". Səfərini "tarixi" adlandıran prezident futbol üzrə Türkiyə və Ermənistan milli komandaları arasında qarşılaşmanı 61 il əvvəl Havanada Kuba və ABŞ yığmaları arasındakı matçla müqayisə edib. Onun sözlərinə görə, Ankara-Yerevan dialoqu üçün baza Serj Sarkisyanın Ermənistan prezidenti seçildiyi zaman yaranıb. "Həmin vaxt mən Ermənistan prezidentinə qələbə münasibəti ilə təbrik göndərərək, iki ölkə arasında münasibətlərə maneələrin aradan qaldırılacağına ümidimi ifadə etmişdim", - deyə A.Gül xatırladıb. Onun fikrincə, futbol üzrə 2010-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Türkiyə və Ermənistan millilərinin bir qrupa düşmələri ikitərəfli əlaqələrin normallaşdırılması üçün yaxşı bəhanədir". "Ümid edirəm ki, bu şans müsbət nəticələrə gətirib çıxaracaq", - deyə Gül qeyd edib.

Türkiyə prezidenti coğrafi baxımdan bu qədər kiçik olan Cənubi Qafqaz regionunun bu qədər dünya miqyaslı münaqişələrə necə meydan olmasından təəccübünü də ifadə edib. "Gürcüstanda baş verənlər buna daha bir sübutdur. Hərbi əməliyyatlar regionda balansın nə qədər zərif olduğunu nümayiş etdirdi", - deyən A.Gül hesab edir ki, Ankaranın təşəbbüsü ilə Qafqazda Sabitlik və Təhlükəsizlik Platformasının yaradılması ilə Mərkəzi Asiyayadək "stabillik zonası" yaratmaq mümkündür: "Qeyri-sabitlik istənilən regionun inkişafı önündə sədd, sabitlik isə açıq yoldur. Bu baxımdan Ermənistanın birinci şəxsi ilə Yerevanın "Platformaya" qoşulması məsələsinin müzakirəsi xüsusilə vacib əhəmiyyət kəsb edir. Mənim işim yığılıb-qalmış problemlərin aradan qaldırılmasına imkan verəcək atmosferin yaradılmasıdır. Türkiyə regionun ən vacib dövlətidir və bu baxımdan fəal siyasət aparmalıdır. Qafqaz Türkiyə üçün Balkanlar qədər vacibdir".

Türkiyə prezident onu da bildirib ki, ermənistanlı həmkarını iki ölkənin milli komandalarının oktyabrın 14-də İstanbulda keçiriləcək cavab qarşılaşmasını izləmək üçün ölkəsinə dəvət etmək fikrindədir.  

Gülün sözlərinə görə, Türkiyə Ermənistanda baş verən proseslərdən yaxşı xəbərdar olan azsaylı dövlətlərdəndir: "Düşünürəm ki, problemləri həllinə çox güc sərf edilməli olduğu üçün kənara itələmək olmaz. Belə siyasət problemlərin xroniki xarakter almasına, gələcəkdə isə aradan qaldırılması mümkün olmayan fəsadlar yaratmasına gətirib çıxara bilər".

Bununla yanaşı, dövlət başçısı Tükiyə ilə Ermənistan arasında mövcud olan problemlərin mahiyyəti haqda danışmayaraq, onları "texniki məsələlər" adlandırıb.

Türkiyə prezidenti Yerevana sentyabrın 6-sı yerli vaxtla saat 16:30-da endi. Hava limanında onu ölkənin xarici işlər naziri Edvard Nalbandyan qarşıladı. Hava limanına erməni inqilab federasiyası olan "daşnaksütun"un fəalları da yığışmışdılar və onlar Gülü "Erməni soyqırımını tanıyın!", "Sərhədləri ilkin şərt irəli sürmədən açın!" şüarları ilə "qarşıladılar". Çoxsaylı etiraz aksiyalarına Yerevanın küçələrində də rast gəlinirdi. İnsanlar Türkiyə prezidentinin kortejinin hərəkət etdiyi küçələrə çıxaraq "Ermənistan heç nəyi unutmayıb", "Türkiyə soyqırımı tanımalıdır" kimi şüarlar səsləndirir, şüarlar qaldırırdılar.

Gül hava limanından mehmanxanaya yollanaraq, burada futbol üzrə Türkiyə millisinin üzvləri ilə görüşdü.

S.Sarksiyan isə həmkarını öz iqamətgahının önündə qarşıladı və bunun ardınca iki ölkə prezidenti arasında danışıqlar başladı. Bağlı qapılar arxasında iki ölkənin xarici işlər nazirlərinin də iştirakı ilə keçirilən danışıqlar təxminən 1 saat davam etdi.

Görüşdən sonra prezidentlər jurnalistlər qarşısına çıxdılar. Yerevana dəvət edilməsindən məmnunluq ifadə edən Gülün sözlərinə görə, o, səfər zamanı "yaranmış şansdan hərtərəfli istifadə edib". Dövlət başçısı həmkarı ilə görüşdə Qafqazda Sabitlik və Təhlükəsizlik Platformasının yaradılması, həmçinin iki ölkə arasında mövcud olan problemlərin həlli yolları müzakirə olunub. Onun sözlərinə görə, hər iki tərəf aralarında yaranmış problemləri həll edəcək atmosferin yaradılmasının vacibliyinə əmindir. S.Sarkisyanın Ankaranın "Sabitlik platforması" yaradılması ideyasını dəstəklədiyini deyən türk lider ümid edir ki, onun Yerevana səfəri iki ölkə arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün yaxşı əsas olacaq.

Ermənistan prezidenti isə öz növbəsində deyib: "Biz mövcud problemlərin həlli üçün xoş məram nümayiş etdirmək, bu problemlərin gələcək nəsillərə ötürülməməsinə nail olmaq iqtidarında olduğumuza inanırıq". S.Sarkisyan həmkarının regionda sülh və sabitlik yaradılmasına hazır olmadan məmnunluğunu ifadə edib. "Mən Türkiyə prezidentinin təklifimə müsbət cavab verməsini yüksək qiymətləndirirəm", - deyə Sarkisyan qeyd edib.

Erməni prezidentin türkiyəli həmkarının şərəfinə təşkil etdiyi iftar süfrəsində musiqiçi David Qasparyan tütəkdə "Sarı gəlin" musiqisini ifa edib. Sarkisyan isə Gülə masanın üzərini göstərərək türkcə "lavaş" ifadəsini səsləndirib. Gül buna cavab olaraq bildirib ki, iki xalqı çox şey, hətta yeməklər birləşdirir.

İftar süfrəsinin sonunda S.Sarkisya A.Gülə türk filosofu Mövlanənin yaradıcılığına həsr olunmuş vaza bağışlayıb. Qabın üzərində yazılıb: "Nöqsanlarını düzəldərək gecəyə dön".

Daha sonra prezidentlər "Razdan" stadionuna yollanaraq, burada onlar üçün xüsusi olaraq gülləkeçirməz şüşədən hazırlanmış yerdən Ermənistan-Türkiyə matçını izləyiblər. Burada da "daşnaksütun" partiyasının fəalları etirazlarını nümayiş etdiriblər. Qarşılaşma başlamazdan əvvəl "soyqırım" qurbanlarını yad edən daşnaklar "soyqırımın günahsız qurbanları"nın xatirəsinə məşəllər yandırıb, Türkiyədən "erməni xalqı qarşısında günahının etirafını" tələb ediblər. 

Qeyd edək ki, bu tip aksiyalar yalnız Gülün Ermənistanı tərk etməsindən sonra başa çatıb.

"Razdan" stadionunda qarşılaşma öncəsi iki ölkənin himni səslənən zaman erməni azarkeşlər Türkiyənin himnini fitə basıblar. Qulaqbatırıcı fit səsləri Türkiyə bayrağının stadiona gətirildiyi vaxt da stadionu bürüyüb.

Sonda Ermənistan millisi türklərə 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmanın yekununda Serj Sarkisyan və Abdulla Gül bir-birlərinin əlini sıxaraq, onlarla eyni yerdə - hökumət lojasında əyləşən XİN başçıları Edvard Nalbandyanla Əli Babacan və onların xanımlarına, daha sonra isə azarkeşlərə əl eləyiblər.

Türkiyə prezidentinin Ermənistan səfərinin rəsmi proqramı S.Sarkisyanın qonağın şərəfinə stadionda təşkil etdiyi kokteyllə bitib. Buradakı söhbət zamanı Sarkisyan həmkarının cavab qarşılaşmasını izləməklə bağlı dəvətini qəbul etdiyini söyləyib. Onun sözlərinə görə, erməni futbolçular İstanbulda rəqibdən revanş almaqda qərarlıdır.

Gözlənildiyi kimi, A.Gülü müşayiət edən türk jurnalistlər üçün təmtəraqlı nahar təşkil edən Ermənistanın xarici siyasət idarəsinin rəhbəri E.Nalbandyan xüsusi fəallığı ilə seçilib. Türkiyənin KİV təmsilçilərinə açıqlama verən nazir bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində yolun ilk hissəsi artıq keçilib və bundan sonra yalnız "diplomatik əlaqələrin bərpası" və "sərhədlərin açılması" haqda razılığa gəlinməsi qalır. "Yolun qalan hissəsinin də keçilməsi tərəflərin mehriban qonşuluq münasibətləri qurmaq istəyindən asılıdır", - deyə XİN başçısı bildirib.

A.Gülün Ermənistan səfərindən bir gün sonra məlum olub ki, iki dövlət arasında xarici siyasət idarələri çərçivəsində fəal danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib. Türkiyə və Ermənistan xarici işlər nazirləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammiti çərçivəsində bir araya gələrək "ikitərəfli münasibətlərin tam normallaşdırılması üçün bundan sonrakı addımların müəyyənləşdirilməsinə" çalışacaqlar.

 

Top ermənilərin meydanındadır 

Ankaraya dönən Türkiyə prezidenti ilk olaraq kiçik mətbuat konfransı keçirib və bildirib ki, "onun Yerevan səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə də töhfə  verə bilər". "Hətta mən Serj Sarkisyanla görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin bu dərəcədə detallarınadək müzakirə ediləcəyini gözləmirdim", - deyə o qeyd edib. Gül onu da əlavə edib ki, həmkarı ilə apardığı danışıqlar zamanı "1915-ci il hadisələrinə ümumiyyətlə toxunulmayıb". Yerevanda Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda da müzakirə aparılmayıb: "Əgər danışıqlarda müsbət atmosfer davam edərsə, hər şey öz yerini tutacaq və normallaşacaq. Lakin hələ bu haqda danışmaq tezdir".

Türkiyənin xarici işlər naziri Əli Babacan isə hesab edir ki, Yerevan-Ankara münasibətlərinin normallaşması ilk növbədə Ermənistanın özünə lazımdır. "Ermənistanın dənizə çıxışı yoxdur, sərhədlərinin böyük hissəsi isə bağlıdır. Odur ki, ermənilər üçün Türkiyə ilə dialoq daha çox lazımdır", - deyə Ə.Babacan qeyd edib. Türkiyə prezidentinin Yerevana səfər etmək qərarına dünya ictimaiyyətinin müsbət reaksiya verdiyini qeyd edən nazir eyni zamanda "Ankaranın Qərbin sifarişi ilə hərəkət etmədiyini" də söyləyib.

Ə.Babacan Gül-Sarkisyan danışıqları ilə əlaqədar Azərbaycanın narazılığının yarana biləcəyinə dair məsələyə toxunub. O, Bakının özünün də Yerevanla birbaşa danışıqlar apardığını xatırladaraq deyib: "Düşünürəm ki, Azərbaycan Gülün səfərindən narahat deyil. Sabitlik və təhlükəsizlik bütün regiona müsbət təsir göstərəcək".

Avropa İttifaqının genişlənmə məsələləri üzrə ali komissarı Alli Renlə görüşdə Ə.Babacan Ankaranın Ermənistanla münasibətlərin qaydaya salınması üçün mümkün olan hər şeyi etdiyini və artıq "topun meydanın ermənilərə aid hisssində olduğunu" söyləyib.

Bütün bunlarla yanaşı, A.Gülün Ermənistana səfəri ilə əlaqədar emosiyalar səfərdən əvvəl olduğu kimi, sonra da sakitləşməyib. Xüsusilə baş nazir Rəcəb Tayyip Ərdoğan baş verənlərə münasibət bildirmək məcburiyyətində qalaraq, prezidenti "Türkiyənin milli maraqlarını Qərbin xeyrinə ayaqlar altına atmaqda" günahlandıran ölkənin müxalifət liderlərini sərt tənqid edib. Onun sözlərinə görə, artıq Türkiyə hər addımını atmazdan əvvəl üçüncü dövlətin neqativ qiymətləndirməsini alacağından ehtiyatlanan dövlətlər siyahısından çıxıb. "Biz qorxu kompleksinə qalib gəlmişik", - deyə baş nazir bildirib. Onun fikrincə, Ankara danışıqlara getməməklə özünə yeni problemlər qazanar.

Baş nazirin təsiri altında olan yerli mətbuat orqanları Gülün səfərinin konkret müsbət nəticəsinin olmadığını gördükləri üçün diqqəti səfər günü Ermənistan rəhbərliyinin qondarma soyqırım qurbanları abidəsinin işıqlarını söndyrdüyünə yönəldiblər. Onlar hesab edir ki, bu, "Ermənistanın xoş məramının daha bir göstəricisidir".

 

Gözləntilər

 

Abdulla Gülün "Azərbaycanı sakitləşdirmək və ölkə ictimaiyyətində ehtirasların sakitləşdirilməsinə nail olmaq" məqsədi güdən qısamüddətli Bakı səfəri isə gözlənilən nəticəni vermədi. Rəsmi Bakını Ermənistan-Türkiyə dialoqunun Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyinə inandırmaq kifayət qədər problemli məsələdir. Axı Türkiyə özü də artıq onilliklərdir ki, ATƏT-in Minsk qrupunun üzvüdür və bu format Ankaranın istənilən təşəbbüsü üçün kifayət qədər "işlək" idi. Gülün Ermənistana səfərindən sonra nə Bakının, nə də Yerevanın ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsinə tərəfdar kimi çıxış etməsi onlardan heç birinin Ankaranın təşəbbüslərinə inanmamasının göstəricisidir.

Adi azərbaycanlını Türkiyə prezidentinin ""dondurulmuş münaqişələr"in həlli üçün yeni imkanlar yaranıb. Mən Ermənistandan ümidlərlə dönmüşəm və inanıram ki, Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə çözüləcək" bəyanatına inandırmaq isə daha çətindir.

Bir sözlə, yuxudan ayılaraq, nəhayət, Qafqaza tərəf baxmaq qərarına gəlmiş Türkiyə diplomatiyası anlayıb ki, Dağlıq Qarabağ problemi həll edilmədən Ankaranın regionda mövqelərini möhkəmləndirməsi mümkün olmayacaq. Artıq sentyabrın 16-da - BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 63-cü sessiyası çərçivəsində Ermənistan, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq. Lakin nə Ankara, nə də Yerevan onların ilk məqsədlərinin Dağlıq Qarabağ münaqişəsi olmadığını gizlətmirlər. Yerevan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırsa, Ankara Qafqazda təsir imkanlarını artırmağa cəhd edir.

Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin "hadisələri qabaqlamağa ehtiyac olmaması" haqda bəyanatı maraq doğurur. "Müəyyən ümidverici faktorlar və informasiyaların olduğunu" deyən İ.Əliyev Azərbaycanın gələcəyə artan inamla baxdığını bildirir. "İnanmaq istərdim ki, Türkiyə, Azərbaycan və Ermənistanla yanaşı, həm də digər dövlətlərin səyləri nəticəsində biz regionda sülhə nail olacağıq", - deyə Azərbaycan prezidenti bildirib.

Bununla da Bakı gözləmə strategiyası seçib. Çünki Abdulla Gülün "erməni təşəbbüsləri"nin nə ilə nəticələnəcəyini heç Türkiyə prezidentinin özü də bilmir.



MƏSLƏHƏT GÖR:

419