24 Noyabr 2024

Bazar, 01:58

CƏMİYYƏTƏ QAYIDIŞ...

Fərqli uşaqların mövcudluğu və onların da cəmiyyətimizin bir hissəsi olduqları etiraf edilməlidir

Müəllif:

05.05.2015

Autizm... Hələ onilliklər əvvəl bizə yalnız Hollivud filmlərindən tanış olan bu ekzotik söz indi nə qədər acınacaqlı olsa da, böyük məşhurluq qazanıb. İndi biz gündəlik həyatımızda bu diaqnozla getdikcə daha çox rastlaşırıq. Vəziyyətin paradoksallığı isə ondadır ki, əhalinin əksəriyyəti bu xəstəlik haqda çox az şey bilir. Ətrafdakıların insanı başa düşməməsi də əsasən bundan irəli gəlir. Bununla yanaşı, uşaqlara qoyulmuş "autizm" diaqnozu hələ hökm demək deyil. Lazımi terapiya və bərpa prosesləri belə diaqnozun qoyulduğu uşağın az-çox normal həyata qayıtmasına imkan verə bilər.

Autizm adından da göründüyü kimi, insanın tam və ya qismən "özünə qapılması" deməkdir və bu, beyin pozğunluğu ilə əlaqədardır. Həmin pozuntu kommunikasiyaya, ətrafla münasibətə, ətrafı dərk etməyə təsir göstərir. Autizmdən əziyyət çəkən uşaq xarici görünüşcə xəstə, əlil insana bənzəmir. Odur ki, uşağın cəmiyyətə düşdüyü vaxt, yaxud adət etmədiyi şəraitlə üzləşərkən göstərdiyi qeyri-adekvat davranış ətrafdakılar tərəfindən tərbiyəsizlik kimi qəbul edilə bilər. Bu, əlbəttə ki, istər uşağın özü, istərsə də valideynləri üçün əlavə stress amilidir. Bununla yanaşı, autizmdən əziyyət çəkən uşaqlar nəinki müvafiq müalicə almalıdırlar, həm də sosial həyata normal inteqrasiya etməlidirlər və edə bilərlər.

 

Qoşulma 

Psixika sahəsində bütün pozuntular üzrə ixtisaslaşmış klinikanın rəhbəri, nevroloq Zeynəb Səmədova bildirir ki, autizmdən əziyyət çəkən uşaqlara nə cəmiyyətdən, nə təhsil almaq imkanından məhrum etmək olar. İnklüziv təhsil forması (adi və autizmdən əziyyət çəkən uşaqların cəmiyyətə cəlbini təmin edən təhsil prosesi) belə uşaqların cəmiyyətə inteqrasiyanı təmin edə biləcək yeganə təhsil formasıdır. Amma belə təhsilin problemi sonradan sosial problemə çevrilir. Çünki cəmiyyətdə autizmin nə olduğuna dair bilgi o qədər də çox deyil. Bu üzdən, valideynlər bir çox hallarda qeyri-adekvat reaksiyadan ehtiyatlanaraq, belə uşaqlarını cəmiyyətdən gizlətməyə çalışırlar.

Sosial maarifçiliyin olmaması inkişaf imkanları olan uşaqları məcburi təcrid durumu ilə üzləşdirə bilər. "Bizim övladımız autizmdən əziyyət çəkir", - deyə respondentlərdən biri danışır: "Və bir çox hallarda ətrafdakıların bizi anlamadığının şahid oluruq. Belə uşaqlar tez-tez üzləşdikləri vəziyyətə gözlənilməz reaksiya verirlər. Bu, xüsusilə onların cəmiyyətə düşdükləri, yaxud tanış olmadıqları vəziyyətlə qarşılaşdıqları zaman olur. O, qəflətən qışqıra bilər və bu zaman ətrafdakıların təəccüblü baxışlarını hiss edirik. Hər kəsə uşağın problemini izah etməyəcəksən ki. Çoxları bunu tərbiyəsizlik kimi qiymətləndirməyə hazırdır".

Zeynəb xanım bildirir ki, autizm cəmiyyətdə hər zaman mövcud olub. Sadəcə əvvəllər beynəlxalq təsnifata görə bu xəstəlikdən əziyyət çəkən uşaqlara fərqli diaqnoz qoyulub - uşaq şizofreniyası. Həkimin sözlərinə görə, şizofreniyanın 4 əsas simptomu var və onlardan biri autizmdir. 16 yaşadək uşaqlara psixonevroloji dispanserdə nəzarət olunur, 16 yaşdan sonra isə onlar "yuxarı qurumlar"da qeydiyyata dururdular. İndi psixonevroloji dispanserlər struktur olaraq sadələşdirilib, həkimlər isə rayon poliklinikalarında işləyirlər. "Belə uşaqlar üçün bu, çox rahatdır", - deyə nevroloq bildirir: "Mərkəzləşdirilmiş struktura müraciət etmək üçün şəhərin digər başına yollanmağa ehtiyac yoxdur. Bu, əlbəttə ki, xəstələr üçün əziyyət idi. Çünki belə xəstəliyi olan uşaqlar uzaq yol gedərkən özlərini pis hiss edə bilərlər".

Terapiyaya gəlincə, Zeynəb xanım Azərbaycanda autizm problemilə Heydər Əliyev Fondu yanında Autizm Mərkəzinin və Səhiyyə Nazirliyi yanında Psixoloji Sağlamlıq Mərkəzinin məşğul olduğunu bildirir. "Bu mərkəzlər böyük iş görürlər", - deyə o, qeyd edir: "Bu iş nəticəsi dərhal görünməyən ciddi zəhmət tələb edir. Autizmin müalicəsi çətin və uzun prosesdir".

Terapiya özündə dərmanlarla müalicə ilə yanaşı, psixoloqla, defektoloqla, loqopedlə işləməyi də birləşdirir: "Məlumatsız adama bu işin ağırlığını izah etmək çox çətindir. Çünki belə uşaqlar ilk dövrdə bir çox hallarda dərsdə otura bilmirlər. Bu mərhələdə onların müəllimi dinləməsi, tapşırıqlara əməl etməsi çox çətin məsələdir".

 

Məsələnin hüquqi tərəfi

"Birgə və sağlam" İctimai Birliyinin rəhbəri Aytən Eynalova autizmdən əziyyət çəkən uşaqların bərpası ilə məşğul olur. Amma bu işin maddi, psixoloji və digər çətinliklərilə yanaşı, bir də ciddi rəsmiyyət problemləri var. Sən demə, Azərbaycanda xəstələrə "autizm" diaqnozu qoyulmur. Autizmin spektr olduğunu, müxtəlif əlamətlərə malikliyini nəzərə alan həkimlər daha çox onun "ətrafında" bir diaqnoz qoyurlar: "davranış problemləri", "nitq pozğunluğu", "əqli zəiflik" və s. Autizm bizdə simptom, rəsmi xəstəlik və ya əlillik sayılmır. Bundan başqa, əksər valideynlər övladlarına "əqli zəiflik" diaqnozunun qoyulmasından qaçır və bunun uşağın gələcəyinə mənfi təsir göstərəcəyindən ehtiyatlanır. Amma bu, məsələn, dövlətdən müavinatların alınması işinə yaraya bilər. Doğrudur, bu müavinatın məbləği o qədər də böyük deyil - 70 manat. Amma nəzərə alsaq ki, psixoloqlarla, loqopedlərlə iş, nəqliyyat xərcləri ucuz başa gəlmir, bu pula da ehtiyac ola bilər.

"Autizmdən əziyyət çəkən uşaqlarla mütəxəssis pedaqoqlar həftədə ən azı 20, ən çoxu 40 saat məşğul olmalıdırlar", - deyə ictimai birliyin rəhbəri bildirir: "Amma bir çox valideynlər hətta 2 saatlıq məşğələyə belə, imkan edə bilmirlər". Amma xüsusi uşaqlarla məşğul olmaq üçün mütəxəssislərin hazırlanması da çox çətindir: "Bizdə belə mütəxəssislər olsa da, onların sayı azdır. Universitetdə müvafiq fakültə yoxdur. Halbuki bunun üçün xüsusi təhsil standartları olmalıdır".

İnklüziv təhsilə gəlincə, Aytən xanım normal bərpa üçün bunun vacib olduğu qənaətindədir. Onun fikrincə, "autizm əlamətlərinin müşahidə olunduğu uşaqlar mütləq uşaq bağçalarına qoyulmalıdır. Çünki autizmin müxtəlif dərəcələri var. Uşaq hansısa müddətdə cəmiyyət arasında qala bilərsə, bunu mütləq etmək lazımdır". Bir çox belə uşaq yeni bacarıqlara sadəcə digərlərinə baxmaqla yiyələnir. Bu, mütəxəssislə uzun-uzadı və "tənha" məşğələdən daha faydalı ola bilər.

Rəsmi baxımdan isə belə uşaqların inklüziv təhsilə cəlb olunması çətindir. Çünki ölkədə "autizm" diaqnozu qoyulmur. Bununla yanaşı, Təhsil Nazirliyi bir müddət əvvəl inklüziv təhsilin verildiyi pilot məktəblərin yaradılması haqda qərar imzalayıb. 

 

Rəngarəng dünya

Bütün bunlarla yanaşı, cəmiyyətin məlumatlı hissəsi adi uşaqlarla xüsusi uşaqların birlikdə təhsil almalarına meyillidirlər. Rəyi soruşulan valideynlərin əksəriyyəti onların birgə təhsilinin prosesin bütün iştirakçıları üçün faydalı ola biləcəyini düşünür: "Autizmdən əziyyət çəkən uşaq sinifdə digər uşaqlara mərhəmətin nə olduğunu öyrədir, onlarda məsuliyyət hissi yaradır, onlar dünyada nə qədər müxtəlifliyin olduğunu dərk edirlər".

Uşaqların da əksəriyyəti belə həmyaşıdları ilə bir sinifdə oxumağın əleyhinə deyillər. Təhsil sahəsində ekspert Rüfət Əliyev inklüziv təhsilin tətbiqinin nəzəri tərəfləri haqda danışıb: "Bizim ölkəmizdə belə işlər, təəssüf ki, qrantlar hesabına, layihədən layihəyə görülür. Halbuki bu ciddi problemə sistemli yanaşma lazımdır. Sivil cəmiyyətlərdə bütün bu məsələlər tədricən, lazımi iqtisadi sabitliyin yaranması ilə, cəmiyyətdə mentalitetin dəyişməsilə həll olunur. Bizim cəmiyyət, təhsil sistemi isə inqilabi yolla hərəkət edir. Bizdə Qərb standartlarının onların necə işlədiyini dərindən öyrənmədən tətbiqinə üstünlük verirlər. Təhsil sistemimizdəki bütün çatışmazlıqların səbəbi də budur". Ekspertin fikrincə, cəmiyyətə bütün sahələrə qarşı təmkinlilik aşılanmalıdır. Əlbəttə, autizmdən əziyyət çəkən uşaqlara münasibətdə heç kəs uşaq haqları haqda qanunu və Konvensiyanı ləğv etməyib. Bu sənədlər uşaqlara istənilən halda humanist münasibət tələb edir. Amma bizim cəmiyyət hələ miqyaslı dəyişikliklərə hazır deyil. Çünki fərqli uşaqlarla, o cümlədən bütün uşaqlarla bağlı terapevtik və psixoloji tədbirlər - bu zahiri yanaşmadır. Daxildə isə uşağın ruhunu, həssaslığını, onun arzu və istəklərini yaşamaq lazımdır. Bunun üçün də sosiumda psixoloji və pedaqoji mədəniyyət formalaşmalıdır.

Xüsusi uşaqlarla işə gəlincə, yalnız prosesə cəlb olunmuş dar çərçivə deyil, cəmiyyət belə uşaqların mövcudluğunu, onların bizim cəmiyyətin bir hissəsi - canlı və zəif hissəsi olduqlarını etiraf etməlidir. Xüsusilə belə uşaqlar üçün informasiya almaq, informasiya mübadiləsi aparmaq imkanı yaradılmalıdır.

Praktiki olaraq isə mükəmməl inklüziv təhsil sisteminin işləməsinə nail olmaq çox çətindir. Bunun üçün mütləq yüksək səviyyəli peşəkarlar tələb olunur. Onlar, ilk növbədə, iki, bir-birindən, həqiqətən, uzaq dünya arasında rabitə yaratmağı bacarmalıdırlar. Belə peşəkarlara sahib çıxmaq, xüsusilə bizim təhsil sistemimiz çərçivəsində buna nail olmaq çox çətindir.

Autizmin səbəbləri hələ tam öyrənilməsə də (oraya həm genetik, həm də ətraf mühit amilləri aid edilir), Rüfət müəllim bu xəstəliyin əsas səbəbinin emosional-psixoloji məqam olduğu qənaətindədir. Onun fikrincə, bu, ana amili ilə çox sıx bağlıdır. Son vaxtlar bu cür uşaqların sayının artdığı faktdır və bu işə anaların təsiri çoxdur.

Belə xəstələrin bərpası ilə bağlı qlobal məqamlara da toxunan ekspert şəhər mədəniyyətinin vacibliyini bildirir: "Kənd yerlərində onu dolandıran torpaqdan asılı olan insanın sosial əlaqələrinin güclü olmasına ehtiyacı yoxdur. Şəhərdə isə insanlar bir-birlərindən daha çox asılıdırlar. Odur ki, yalnız şəhər mədəniyyətinin olduğu şəraitdə xüsusi uşaqlara qarşı rəhmlilik, onlara yardım cəhdləri ortaya çıxa bilər. Məlum olduğu kimi, beynin bir funksiyasındakı çatışmazlıq digər funksiyanın fəallığının artmasına səbəb olur. Bu səbəbdən də, autizmdən əziyyət çəkən uşaqlar əksər hallarda inanılmaz dərəcədə istedadlı və bacarıqlı olurlar. Təhsil prosesində əsas rol onların bu bacarıqlarının üzə çıxarılması olmalıdır. Bu uşaqlara lazımi ritmdə, ardıcıllıqda dərs keçilməlidir ki, gələcəkdə onlar nəinki cəmiyyətin tamhüquqlu üzvünə çevrilsinlər, həm də xoşbəxt insan olsunlar".


MƏSLƏHƏT GÖR:

700