24 Noyabr 2024

Bazar, 00:51

TATAR ALAYININ ŞÜCAƏTİ

Birinci Düyna müharibəsi illərində çar ordusunda qəhrəmanlıq və igidlik göstərmiş azərbaycanlıların şücaəti haqqında

Müəllif:

05.05.2015

Məlum olduğu kimi, çar Rusiyasında Zaqafqaziyadan olan müsəlmanlar hərbi xidmətə çağırılmırdı. Yəqin ki, hökumət, təxminən, 100 il əvvəl istila edilmiş xalqın ona qarşı tam loyal olduğuna inanmırdı. Belə ehtimallar üçün əsas kimi yalnız Qafqaz müsəlmanlarının müəyyən hissəsinin Türkiyə və İrana meyilli olmasını deyil (bu meyillilik heç də yalnız dini məqamla bağlı deyildi), həm də bu dövlətlərin, xüsusilə Türkiyənin region xalqına təsirini artırmaq cəhdlərini də göstərmək olardı. Rusiya silahlandıracağı Qafqaz müsəlmanlarının hansısa mərhələdə silahı onun özünə qarşı çevirəcəyindən qorxurdu. Bu narahatlığın nə qədər əsaslı olduğunu demək isə çətindir.

 

Könüllülər

Digər yandan Qafqazın öndə gedən ziyalıları müsəlmanların orduya çağırılmamasını onların rus cəmiyyətinə tam inteqrasiyasına əngəl sayırdılar. 1905-ci il avqustun 15-də Nijni Novqorodda Müsəlmanların Qurultayı keçirilir. Qurultayda Azərbaycan müsəlmanlarını Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Şəmsi Əsədullayev, Nəcəf bəy Vəzirov, S.Tağızadə təmsil edirdilər. Toplantının sonunda qəbul edilmiş qətnamənin üçüncü bəndində bildirilir ki, "müsəlmanlarla rusların hüquqlarının bərabərləşdirilməsi vacibdir. Müsəlmanlar onların sıxışdırılmasına, üzləşdikləri haqsızlıqlara son qoyulması, siyasi, dini və mülkiyyət hüquqları baxımından ruslarla bərabər tutulmaları üçün qanuni yolla əllərindən gələni edəcəklər".

1905-1907-ci illərdə yaşananlardan sonra (erməni-azərbaycanlı toqquşmaları, fəhlələrin siyasi tələblərlə tətilə başlaması, 17 oktyabr Manifesti və s.) "yadlar"ın Rusiyanın xristian əhalisilə bərabər hüquqlar tələbi daha çox və gur səsləndirilməyə başlasa da, onlar real bərabərliyə nail ola bilmədilər...

1915-ci ildə Petroqrad və Moskva qəzetlərində rus qoşunlarının cəbhədəki uğurları ilə bağlı məqalələr yer almağa başladı. Əslində isə vəziyyət o qədər də ürəkaçan deyildi. 1915-ci ildə hərbi xidmətə hələ 1916-cı ildə yollanmalı olan şəxslərin də orduya çağırılması bunun bariz nümunəsi sayıla bilərdi. Məhz hadisələrin pis istiqamətdə inkişafı çar II Nikolayı 1914-cü il avqustun 23-də Zaqafqaziya və Şimali Qafqaz müsəlmanlarından ibarət, könüllü Qafqaz süvari diviziyası yaradılması haqda qərar qəbul etmək məcburiyyətində qoydu. Diviziyada 3 briqadada birləşmiş 6 alay var idi. Alaylar hər birində 100 döyüşçünün olduğu 4 eskadrondan ibarət idi. Çar diviziyaya rəhbərliyi kiçik qardaşı Mixail Aleksandroviçə həvalə etmişdi.

Diviziyanın formalaşma şərti belə idi: hər bir döyüşçü diviziyanın təşkili məntəqəsinə öz atı ilə, rəsmi geyimdə gəlməli və üzərində soyuq silah gətirməli idi. Dövlət onları yeməklə təmin edir, atlarını yedizdirir, ayda da 20 rubl məvacib verirdi. Əsasən, Yelizavetpol quberniyası və Borçalı qəzasının, həmçinin Bakı quberniyasının azərbaycanlı əhalisindən ibarət Tatar süvari alayı Çeçen süvari alayı ilə birlikdə ikinci briqadaya aid idi. Alayın komandiri podpolkovnik Pyotr Polovsev, onun müavinlərindən biri isə rotmistr Şahverdi xan Ziyadxanov idi. Tatar süvari alayına müvəqqəti olaraq podpolkovnik şahzadə Feyzulla Mirzə Qacar da komandirlik edirdi.

Tatar süvari alayına qoşulmaq istəyənlərin sayı-hesabı yox idi. 2 mindən artıq gənc alaya qoşulmaq istəsə də, yalnız 400 nəfərə ehtiyac var idi. Onların halını ən yaxşı ifadə edən yaralanmış könüllülərdən birinin "Kaspi" qəzetində dərc edilmiş məktubudur. Qəzetdə məktub müəllifinin adı açıqlanmır, amma onu "Firidun bəy Köçərliyə Tatar alayındakı könüllülərdən olan qohumunun (hospitala yerləşdirilmiş bir yaralının) müharibədən yazdığı" qeyd edilirdi. Bizim ehtimalımıza görə, məktubun müəllifi Qori müəllimlər seminariyasının Azərbaycan bölməsinin rəhbəri Firidun bəy Köçərlinin Zülfüqar adlı qohumudur. O yazırdı: "...Mənim bir arzum var: tezliklə sağalmaq və yenidən döyüş bölgəsinə yollanmaq, yenidən sinəmi qiymətli vətənimizə düşmən kəsilənlərin qarşısına vermək. Özümə söz vermişəm ki, ya müharibə meydanında həlak olmalı, ya da düşməni darmadağın edib vətənə şərəflə qayıtmalıyam. Mən özümü sevimli Monarxa, dəyərli vətənə və mənsub olduğum, igidcəsinə döyüşən, düşməni qorxuya salan şanlı tatar xalqına qurban vermək qərarına gəlmişəm".

Artıq qeyd edildiyi kimi, döyüşə yollanan hər bir şəxsin öz atı və təchizatı olmalı idi. Bəzən elə vəziyyət yaranırdı ki, gənclər Tatar süvari alayına qoşulmaq istəyilə alışıb-yansalar da, atları və ya lazımi təchizatları olmadığı üçün istəklərinə nail ola bilmirdilər. Bu halda varlı şəxslər belə gənclərin köməyinə yetirdi. 1915-ci ilin fevralında cəbhəyə yollanmaq üçün Lənkəranda könüllülərdən ibarət hərbi süvari dəstəsi yaradılır. 50 nəfərlik bu dəstənin lazımi səviyyədə təchiz olunması üçün 7500 rubl tələb olunur. Yerli əhali bu məbləği toplamaq iqtidarında olmadığından H. Z. Tağıyev bu dəstənin formalaşdırılması ilə bağlı bütün xərcləri öz üzərinə götürür. Yeri gəlmişkən, M.Nağıyev də Qafqaz süvari diviziyası yanında səyyar xəstəxananın yaradılmasına 100 min rubl pul ayırmışdı.

 

"Vəhşi" diviziya

Tatar alayının formalaşdırılması Yelizavetpolda (indiki Gəncə) həyata keçirilirdi. Müsəlman diviziyası 1914-cü ilin sentyabrında toplanmış, sonradan Podolsk quberniyasında, Petroqradda onlara baxış keçirdikdən sonra isə Qərb cəbhəsinə yollamışdılar. Bu cəbhədə Rusiya Avstriya-Macarıstanla döyüşürdü. Görünür, hakimiyyət Qafqaz müsəlmanlarının dindaş olduqları türklərə qarşı vuruşmasını istəmirmiş. Bu, güman ki, onların milli hisslərinə hörmətdən deyil, Qafqaz xalqlarının taxt-taca sadiqliyinə inamsızlıqdan irəli gəlirdi. Türkiyə ilə döyüşə ermənilərdən ibarət könüllü drujinalar göndərilirdi. Axı, onların türklərə qarşı "öz iddiaları" var idi...

Təəssüf ki, müharibə illərinə aid mətbuatda Qafqaz yerli süvari diviziyası, həmçinin Tatar alayının Birinci Dünya müharibəsindəki döyüşləri haqda çox az məlumata rast gəlinir. Amma onların cəbhədə "vəhşi" ləqəbi almaları faktı müsəlman döyüşçülərinin qorxmazlığından, şücaətindən, cəsurluğundan xəbər verirdi.

1915-ci il fevralın 9-da Moskvada müharibə qurbanlarının xeyrinə adi gündəlik qəzetlər deyil, yalnız bir qəzet - "Mətbuat günü" qəzeti nəşr olunub. Orada jurnalist İlya Tolstoyun (Lev Tolstoyun oğlu) Qafqaz diviziyasına həsr olunmuş oçerkində çap edilib. "Qafqaz yerli diviziyası ilə ilk tanışlığım Lvovda, komandirin ona baxış keçirdiyi gün olub. Hamısı bir-birindən əzəmətli Süvari Alayları nizami qaydada gəlib keçirdilər. Bütün şəhər camaatı bir saat ərzində indiyə qədər görmədikləri bu gözəl mənzərəni böyük həzlə izlədilər... Milli döyüş mahnıları ifa edilən zurna sədaları altında qırmızı çərkəzilərdə və başlıqlarda, gümüş və qızıl işləməli silahlarla silahlanmış, qarayanız üzlərindən milli qürur, fəxarət yağan qıvraq döyüşçülər oynaq atlarının belində qarşımızdan keçib gedirdilər", - deyə İ.Tolstoy qafqazlı döyüşçülərə heyranlığını ifadə edirdi.

Petroqradda nəşr olunan "Novoye Vremya" qəzetinin müsəlman döyüşçülərin hərbi əməliyyatlarını belə ifadə edirdi: "Qafqaz diviziyasının gördüyü işlər hər kəsin dilindədir. Diviziya yanvarın ortalarından etibarən, fasiləsiz olaraq döyüşlərdə, toqquşmalarda iştirak edir, onun tam şəkildə, yaxud ayrı-ayrı alaylarının hər bir həmləsi başdan-başa qəhrəmanlıq, yüksək igidlik ifadəsidir".

Tatar alayının komandiri, daha sonra isə diviziyanın qərargah rəisi P.A. Polovsev Rusiyada 1917-ci il hadisələrinə həsr edilmiş "Qürub günləri" adlı xatirə kitabında çar II Nikolayın qafqazlı könüllülər haqda fikirlərinə yer vermişdi: "Bəli, qafqazlılar yaxşı çalışırlar. Onların hücumları haqda məlumatları oxuduqda, hətta buradan da adam heyran qalır".

Alay belə hücumlarından birini 1915-ci il fevralın 15-də həyata keçirmişdi. O gün "Brin kəndi uğrunda gedən döyüşdə alay meşədə avstriyalılara hücum etmiş, onları bir sıra səngərlərdən çıxarmış və geri çəkilməyə iki dəfə icazə verilməsinə rəğmən, ələ keçirdikləri ərazini tərk etməmişdi. Bu, sağ cinahda qərarlaşmış avstriyalıları darmadağın etməyə imkan vermiş, sonda kəndin ələ keçirilməsinə kömək etmişdi" (Polovsevə 4-cü dərəcəli Yenilməz Müqəddəs Georgi ordeninin təqdim olunması mərasimindən).

 

Azərbaycanlı generallar

Azərbaycanlıların hərbi xidmətə çağırılmamasına baxmayaraq, Rusiya ordusunda xeyli azərbaycanlı zabit və general olub. Birinci Dünya müharibəsi illərində onların ən məşhurları Hüseyn xan Naxçıvanski, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski idi. Yeri gəlmişkən, Qafqaz yerli atlı diviziyası Hüseyn xan Naxçıvanskinin komandiri olduğu korpusa daxil idi. Onun rəhbərlik etdiyi bölük cəbhədə uğurla çıxış edirdi.

Müharibənin ilk illərində ən böyük uğuru Səməd bəy Mehmandarov qazanmışdı. Hələ 1914-cü ilin sentyabrında o, 3-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Mükafat ona "Kozenitse döyüşləri zamanı düşmənin güclü atəşi altında diviziyasının ikinci briqadası ilə Visla çayını keçərək 3 gün ərzində bütün yardımdan məhrum halda... çayın sol sahilində duruş gətirə bildiyinə, Almaniyanın qvardiya korpusunun bir neçə hücumunu dəf etdiyinə, düşmənə bir necə güclü zərbə vurduğuna, briqadanın, demək olar ki, hər tərəfdən şiddətli atəşə tutulmasına rəğmən, hücuma keçməsinə görə" verilmişdi ("Qafqaz" qəzeti, Tiflis).

1915-ci ilin yanvarında S. Mehmandarov 2-ci dərəcəli Qılınclı Müqəddəs Vladimir ordenilə, fevralda brilyantlarla bəzədilmiş "Georgi" silahı ilə təltif olunub. O, bu mükafatla 9 və 10 oktyabr 1914-cü il tarixində alman ordusu ilə ona yardıma gələn Avstriya hərbi birləşmələrini darmadağın etdiyinə görə təltif edilib.

Tatar süvari alayının sıralarına daim yeni könüllülər qoşulurdu - həlak olanları, yaralananları və xəstələri yeni döyüşçülər əvəzləyirdi. 1915-ci ilin yanvarında İrəvan quberniyasında da könüllü müsəlmanlardan ibarət dəstə yaradılaraq Əli xan Makinskinin rəhbərliyi altında döyüşlərə yollanıb. Bu dəstənin sıralarında isə könüllülərin sayı 200 nəfər olub.



MƏSLƏHƏT GÖR:

788