Müəllif: Zeytulla CABBAROV Bakı
Aqrar sektorda istehsal olunan məhsullara subsidiyalar və suvarma sistemləri üçün avadanlığın əldə edilməsinə güzəştlərin tətbiqi - təkcə strateji məhsulun (buğda) deyil, həm də bütün bitkiçilik sahəsində məhsul həcminin artırılmasına yönəlmiş fermer təsərrüfatları üçün də yeni ciddi təkandır.
Belə ki, lap bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayaraq, Nazirlər Kabinetinə tapşırıb ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkinlərin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25% artırılması təmin edilsin. Dövlət başçısı, həmçinin mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyanın təkrar (aralıq) əkinlərə də verilməsini tapşırıb.
Ötən ilin dekabrında dünya bazarında benzinin qiymətinin qalxması tendensiyası müşahidə edildiyi şəraitdə, dövlət başçısının aqrar sektorda subsidiyaların həcminin artırılması haqqında qərarı, şübhəsiz, ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatının inkişafı, əhalinin daxili istehsalat hesabına ərzaq məhsulları ilə tam təmin olunması üçün prioritetliyin əlavə sübutu oldu.
Ötən ilin dekabrında benzinin qiymətinin qalxmasının fermerlərə verilən subsidiyaların artırılmasını aktuallaşdırmasına baxmayaraq, kənd təsərrüfatına birbaşa maliyyə dəstəyi müzakirə mövzusu olmadı. Lakin fermerlər ümidlərini itimirdilər və məlum oldu ki, bu, əbəs deyil. Fəal əkin işlərinin başlanmasına yaxın Prezident İlham Əliyev "Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzaladı. Daha bir sərəncam "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında oldu. Hər iki sənəd kənd təsərrüfatının inkişafı üçün önəm daşıyır.
Analitiklərin sözlərinə görə, Azərbaycanda əsas istiqamətlər üzrə aqrar subsidiyalar strateji məhsulun (ərzaq buğdası) və adi kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı üçün ayrılır. Bir qayda olaraq, birinci istiqamət üzrə subsidiyaların həcmi adi məhsul üçün təqdim ediləndən iki dəfə çoxdur. Məlumdur ki, adi məhsulların istehsalına görə fermer təsərrüfatının hər hektarına 40 manat, buğdaya görə isə 80 manat ayrılır. Sonuncu sərəncam nəzərə alınmaqla, strateji məhsulun istehsalı ilə məşğul olan əkinçilər hər hektara görə 100 manat subsidiya, adi məhsul becərənlər isə 50 manat alacaqlar.
Nəzərə almaq lazımdır ki, ötən illərdə subsidiyanın məbləği artırılmırdı, kənd təsərrüfatı üzrə sahibkarın isə xərcləri bu müddətdə artırdı. Strateji məhsullara verilən subsidiyaların həcminin artırılmasına dair zərurət buradan yarandı.
Kənd Təsərrüfatı Nazirliyinin xəbər verdiyi kimi, dövlət başçısının yeni sərəncamı ilə subsidiya alacaq şəxslərin kateqoriyasına düşəcək kənd təsərrüfatı istehsalçılarının siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılacaq.
Nazirliyin nümayəndəsi Murtuzəli Hacıyevin sözlərinə görə, sərəncam bir sıra bitkiçilik sahələrini əhatə edəcək. Və bu, ilk növbədə, yenə də təkrar (aralıq) əkinlə məşğul olan istehsalçılara və bundan sonra güzəştli qiymətlə mineral gübrələr alacaq fermerlərə aiddir. Belə ki, Azərbaycanın iqlimi imkan verir ki, bir ildə iki dəfə kartofdan məhsul götürək. Və ya arpa iyun ayında biçilir və yerinə qarğıdalı əkilir.
Dövlət başçısının digər sərəncamına gəldikdə, "Aqrolizinq" ASC tərəfindən reallaşdırılan suvarma sistemləri üçün avadanlığın əldə edilməsinə 40%-lik güzəşt nəzərdə tutulub. Sənəddə qeyd edildiyi kimi, bu güzəşt dövlət hesabına ödəniləcək. Bütövlükdə, sənəd davam edən quraqlığın mənfi nəticələrinin aradan qaldırılması, su təchizatının yaxşılaşdırılması, habelə sahibkarların bu sahəyə marağının artırılması və müasir suvarma sistemlərinə investisiya yatırılmasının stimullaşdırılmasını hədəfləyib. Bu istiqamətdə ölkədə bir sıra iri layihələr reallaşdırılıb və müasir texnoloji avadanlıqla təchiz edilmiş infrastruktur yaradılıb. Bir sıra iri fermer təsərrüfatlarında ərzaq buğdasının yetişdirilməsi üçün ayrılan torpaqların suvarılmasında mütərəqqi texnologiya tətbiq edilir. Bu da 55-60 s/ha məhsul almağa imkan verir. Bu texnologiya digər taxıl bitkilərinin istehsalı ilə məşğul olan fermerlərin marağına səbəb olub.
"Prezidentin imzaladığı sənədlər bitkiçiliyin gələcək inkişafı, məhsuldarlığın və istehsal həcminin yüksəldilməsi üçün prinsipial önəm daşıyır", - deyə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov "R+"a müsahibəsində bildirib. Onun sözlərinə görə, cari ildə bu sərəncama uyğun olaraq, kənd təsərrüfatı istehsalçıları dövlət büdcəsindən 13 milyon manatdan çox vəsait və təkrar əkinə görə 5 milyon manat alacaqlar. Taxıl bitkilərinin biçinindən sonra, ikinci məhsulun əkini, əsasən, Aran iqtisadi regionunun təsərrüfatlarında tətbiq edilir. İlkin mərhələdə bu üsul 55 min ha, sonra isə 400 min hektara qədər artacaq. Bu göstərici torpaq resurslarının səmərəli istifadəsindən xəbər verir. Bütün bunlar yem taxılının yetişdirilməsinə və damazlıq heyvandarlığın inkişafı üçün sabit yem bazasının yaradılmasına müsbət təsir göstərəcək.
Suvarmanın müasir üsullarının tətbiqi su resursları və pul vəsaitlərinin qənaətinə aparır. Güzəştli qiymətlərlə yeni avadanlığın əldə olunması qısa müddətdə aqrar sektorun istehsalında suvarmanın mütərəqqi üsullarının tətbiqinə imkan verəcək. Bu isə öz növbəsində, bitkilərin məhsuldarlığının artımına və suvarılan hektarın əmsalına təsir edəcək.
Qeyd etmək lazımdır ki, kəndə dövlət yardımı əvvəllər də göstərilirdi. Belə ki, Saatlı rayonunun kəndlilərinə verilən subsidiyalar, təxminən, 1 mln. manat olub. Bu məbləğ 500-600 təsərrüfat arasında bölünüb. Bununla bərabər, dövlət yardımının bölünməsi ilə rayon icra hakimiyyəti yanında beş nəfərdən ibarət yerli aqrar komissiya məşğul olub. Onların tərtib etdikləri sənədlər Kənd Təsərrüfatı Nazirliyinə göndərilirdi və orada respublika komissiyasına, bir qayda olaraq, bu qurumun rəhbəri başçılıq edirdi. Kənd Təsərrüfatı Nazirliyindən xəbər verildiyi kimi, aqrar sektor üzrə dövlət başçısının sərəncamına uyğun olaraq, Nazirlər Kabinetində yeni qaydalar hazırlanır. Bunun nəticəsində, bütün menecmentlik və bölüşdürmə yükü Kənd Təsərrüfatı Nazirliyinin nəzarəti altında olan yerli kənd təsərrüfatı idarələrinin üzərinə düşəcək.
Onlar cari ilin mayında öhdəliklərinin icrasına başlayacaq. İcra hakimiyyətinin rayon orqanları aqrobizneslə məşğul olan özəl strukturların fəaliyyətinə artıq qarışmayacaqlar. Başqa sözlə, təkcə subsidiyalaşdırma və yardım sistemi təkmilləşdirilmir, həm də fermerlərin onların alınması yolunda rastlaşdıqları büroktratik və korrupsiya maneələri aradan qaldırılır. Prezident İlham Əliyev hələ bir il bundan qabaq bu cür çatışmazlıqlara kəskin reaksiya vermişdi.
"Kənd təsərrüfatı istehsalçılarına subsidiyaların ayrılmasında tam şəffaflıq gözlənilməlidir. Biz bu sahədə şəffaflığın təmin olunmasına nail olmamışıq", - deyə dövlət başçısı 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda kənd təsərrüfatının problemlərinə toxunarkən bildirib.
Bir sözlə, demək olar ki, bu seqmentdə islahatlar sürətləndirilib, onların səmərəliliyi haqqında isə artıq bu il fermer təsərrüfatlarının istehsal rəqəmləri əsasında mülahizə yürütmək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: