6 Fevral 2025

Cümə axşamı, 05:03

"NAZİR AXINI"

"Gürcü arzusu" koalisiyası parçalanmanın astanasındadır. İvanişvili hakimiyyətə qayıda bilərmi?

Müəllif:

05.05.2015

"Nazir axını" - Tiflisin "söz ustaları" Gürcüstanın siyasi həyatında yaşanan son hadisələri məhz bu cür adlandırırlar. Bu günlərdə Gürcüstanın İrakli Qaribaşvilinin başçılıq etdiyi Nazirlər Kabineti istefaya gedib. İndi qanuna görə, "köhnə-yeni" hökumətə etimad məsələsi parlamentdə həll olunmalıdır. Qaribaşvili problemin olmayacağına əmindir: hakim "Gürcü arzusu" koalisiyası Gürcüstan parlamentində mütləq çoxluğa malikdir. Amma ekspertlər hazırkı hökumət böhranının hər şeydən öncə "Gürcü arzusu"nda parçalanmanın dərinləşdiyini göstərdiyinə əmindirlər. İndi bu koalisiya seçicilər arasında populyarlığını da sürətlə itirir.

Hələ ilin əvvəlində regional inkişaf naziri və sabiq baş nazir Bidzina İvanişvilinin sahibi olduğu "Cartu Bank"ın sabiq rəhbəri David Şavliaşvili vəzifəsindən istefa verib. "Onun (Şavliaşvilinin) kifayət qədər ağır xəstəliyi var və xəstəlik hələ dekabrda üzə çıxıb. Sonrakı 4 ayda o, bir neçə dəfə istefa istəyilə mənə müraciət edib. Amma larinin devalvasiyası ilə əlaqədar Gürcüstan xeyli çətin duruma düşdüyündən, üstəlik, ilk rübü uğurla başa vurmağın vacibliyi baxımından o, müvəqqəti olaraq vəzifəsində qalmağa razılıq vermişdi", - deyə o zaman baş nazir İ.Qaribaşvili bildirmişdi. Amma, deyəsən, baş nazirin bu sözlərinə heç də hər kəs inanmayıb: 31 yaşlı nazir jurnalistlərlə söhbəti zamanı heç də səhhətində problem olan insan təsiri bağışlamırdı. Bundan dərhal sonra istefa səbəbilə bağlı qeyri-rəsmi versiya da meydana çıxıb: Şavliaşvili hakim komandanın gizli rəhbəri kimi qalan İvanişvilinin rəğbətini itirib.

Bir müddət sonra hökumətdə daha bir istefa baş verib. Bu dəfə postunu ətraf mühitin mühafizəsi naziri Elquca Xokrişvili tərk edib. Üstəlik, onun istefası səs-küylü qalmaqal fonunda baş verib: ailəsi Almaniyada yaşayan məmur "Gürcüstanda qastarbayter kimi çalışmaqda", tez-tez dövlət hesabına Berlinə səfərlər etməkdə təqsirləndirilib.

Nəhayət, ötən həftənin əvvəlində Gürcüstanın idman sahəsində qalmaqal baş qaldırıb: ölkə parlamentinin idman və gənclərlə iş komitəsinin 17 üzvündən 11-i imzaladıqları bəyanatda "Gürcüstanda idmanın inkişafının dayandığını" bildiriblər. Onlar bu sahədə islahatların həyata keçirilməsi üçün heç bir addımın atılmadığını, nazirlik rəhbərliyi tərəfindən hazırlanmış proqramın isə kağız üzərində qaldığını bəyan ediblər.

İttihamlara cavab olaraq brifinq keçirən idman və gənclər naziri Levan Kipiani vəzifəsindən istefa verdiyi açıqlayıb: "Mən komandamın üzvlərilə, konkret olaraq parlamentin idman və gənclər komitəsinin üzvlərilə siyasi qarşıdurmaya getmək istəmirəm... İstefamın əsas səbəbi problemin müəyyən sərhədləri aşmasının qarşısını almaq istəyimdir. Qoy, mənə, komandama, nazirliyə qarşı bu yalan ittihamlar dayandırılsın".

Bu, artıq "qırmızı xətt" idi. Bunadək 2013-cü ilin noyabrında formalaşdırılmış kabinetdən DİN, XİN və Müdafiə Nazirliyinin rəhbərləri Aleksandr Çikaidze, Maya Pancekidze, İrakli Alasaniya, həmçinin Avropaya və Avro-Atlantikaya inteqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili də getmişdilər. 

Ümumiyyətlə, Gürcüstanın Nazirlər Kabinetində 19 portfel var. Konstitusiyaya görə, kabinetin ilkin tərkibində yer almış nazirlərin üçdə birində çoxu vəzifəsindən istefa verərsə, bütünlükdə hökumət istefaya getməlidir.

Kipiani keçirdiyi brifinqdə kifayət qədər intriqa yarada biləcək bəyanat da səsləndirib. "Gürcü arzusu" koalisiyasının tərkibində qaldığını deyən Kipiani deputatları dövlətə qarşı təxribatdan əl çəkməyə çağırıb. "Biz çox vədlərimizə əməl etmişik. Lakin son aylarda yaşananlar mənim üçün qəbuledilməzdir. Çünki bu insanlar vicdanlarını itiriblər. Mən onları dövlətə qarşı təxribatla məşğul olmamağa, gürcü xalqına verdikləri vədlərə əməl etməyə çağırıram", - deyə o, qeyd edib. Bununla da, Kipiani faktiki olaraq, qaliblərin sırasında parçalanmanın dərinləşdiyini etiraf edib. Bir çoxlarının fikrincə, bu parçalanmaya səbəb Bidzina İvanişvilinin əməlləridir. Hər halda, sabiq müdafiə naziri, "Bizim Gürcüstan - azad demokratlar" partiyasının lideri İrakli Alasaniya jurnalistlərə açıqlamasında kifayət qədər aydın dillə deyib: "Bu vəziyyətdən yeganə düzgün çıxış yolu Bidzina İvanişvilinin geri dönməsi, qeyri-formal idarəçiliyə son qoyması və ölkəni növbəti parlament seçkisinədək aparmasıdır. Bundan sonra isə qərarı Gürcüstan əhalisi verəcək". Onun nə demək istədiyi aydındır: qoy, cənab İvanişvili ölkəni kulis arxasından idarə etməsin, vəziyyətə görə məsuliyyəti açıq şəkildə öz üzərinə götürsün.

Bu arada sabiq prezident Mixail Saakaşvilinin "Vahid milli hərəkat" (VMH) partiyası ölkədə sabiq baş nazir, biznesmen Bidzina İvanişvilinin maraqlarına xidmət etməyən texniki tipli hökumətin formalaşdırılmasına çağırış edib. Partiyada əmindirlər ki, İrakli Qaribaşvili hökuməti faktiki olaraq, dağılıb. "Nazirlər Kabinetinin dağılması yalnız Qaribaşvili hökumətinin gücsüzlüyünü yox, həm də İvanişvilinin kulisarxası idarəçilik sisteminin iflasa uğradığını göstərir", - deyə VMH-dən olan deputat Qoka Qabaşvili bildirib. Hökuməti larinin dəyərdən düşməsində günahlandıran deputat fikrini belə davam etdirib: "İndi Gürcüstan parlamentinin vəzifəsi ictimai sifarişə əməl etməkdir. İndi İvanişvilinin növbəti marionet hökumətini formalaşdırmaq yox, oliqarxın kölgəsindən çıxmaq, texniki tipli hökumət yaratmaq lazımdır. İqtisadiyyatın dağılmasını önləmək üçün qanunvericilikdə təcili dəyişikliklər etmək, ölkəni növbəti seçkiyə hazırlamaq vacibdir".

Onun həmkarı, VMH liderlərindən olan David Darçiaşvili isə daha kəskin danışıb: "Bunu istər idarəçilik, istər hökumət, istərsə də siyasi böhran adlandıra bilərsiniz. Mahiyyəti dəyişmir", - deyə o, Rusiyanın "Kommersant" qəzetinə açıqlamasında bildirib: "Son hadisələr Gürcüstanın hazırkı rəhbərlərinin beynindəki böhranı üzə çıxardı. Onların beynində dəyərlər xaosu hökm sürür. Onların hədəfləri qeyri-müəyyən və əlçatmazdır. Bəzən onlar qu, xərçəng və durnabalığı kimi davranırlar".

Amma aydın olan daha bir məqam da var. "Gürcü arzusu" hələ 2013-cü ilin payızındakı zəfəri zamanı belə, "qızılgül inqilabı"ndan sonra Saakaşvilinin komandasında olduğu kimi, monolit birliyə sahib deyildi. "Gürcü arzusu"nun tərkibində kifayət qədər müxtəlif, öz aralarında hiss olunacaq dərəcədə rəqabət aparan siyasi qüvvələr cəmləşmişdi. Onları birləşdirən daha çox "İvanişvili uğrunda" yox, "Saakaşviliyə qarşı" düşüncəsi idi. Bununla yanaşı, "Gürcü arzusu" heç tərəddüd etmədən etirazçı elektorata "bir anda hər şey" vəd edirdi. Düşünülürdü ki, milyarder İvanişvili Saakaşvilinin bacarmadığını edəcək - ölkə iqtisadiyyatı qabağa gedəcək. Ən başlıcası isə, yeni koalisiya Rusiya ilə münasibətlərin normallaşdırılacağı, demək, gürcü məhsullarının Rusiya bazarlarına qaytarılacağı vədini verirdi. O zaman Tiflisdə, Zuqdididə, Qoridə, Kutaisidə bir çoxları inanırdı ki, yaranmış vəziyyətə görə bütün günahlar "barışmaz" Saakaşvilidədir və onun yoxluğu Tiflis-Moskva münasibətlərinin "müharibədən əvvəlki" duruma qaytarılmasına imkan verəcək.

Amma "Gürcü arzusu"nun əsas vədinə əməl edə bilmədiyi artıq aydındır. Üstəlik, o, iqtisadi inkişafa da nail ola bilməyib. Sosial sahədə də hər hansı ciddi nailiyyətlərdən danışmaq çətindir. Ən pisi isə Rusiya istiqamətində nəzərəçarpacaq dəyişikliklərin olmamasıdır. Doğrudur, Moskva ilə Tiflis arasında dialoq yaradılıb, aviareyslər bərpa edilib, Gürcüstan şərabı və "Borjomi" suları Rusiya bazarlarına son dərəcə cüzi həcmdə də olsa qaytarılıb. Amma yeni hökumət əsas istəyinə - Abxaziya və Cənubi Osetiya üzərində suverenliyin bərpasına nail ola bilməyb. Rusiya onları müstəqil dövlətlər kimi tanımaq qərarını dəyişməyib. İndi "Gürcü arzusu"nun fəaliyyətindən getdikcə artan məyusluq fonunda koalisiyanın tərkibində tamamilə gözlənilən proseslər başlayıb. Bu prosesləri "nifaq və laxlama" adlandırmaq daha doğru olar. İndi Saakaşvilinin hakimiyyətə qayıtmaq planlarını gizlətməyən tərəfdarları sadəcə yaşananları məlum hisslə müşahidə etməkdədirlər.


MƏSLƏHƏT GÖR:

669