
SABİTLİK AXTARIŞINDA
Bakı Qlobal Forumunun əsas mövzusu: formalaşmaqda olan yeni dünya düzənində etimada necə nail olmalı?
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Artıq üçüncü ildir ki, hazırkı və sabiq siyasətçilər, politoloqlar, ekspertlər Azərbaycan paytaxtına toplanaraq müasir dövrün ən aktual problemlərini müzakirə edirlər. Aprelin 28-29-da keçirilmiş Bakı Qlobal Forumunun gündəliyi isə hər zamankından daha zəngin idi. Tədbirə dünyanın 70 ölkəsindən 200-dək yüksəkrütbəli nümayəndə, ictimai və siyasi xadim qatılmışdı. Bu, gerçəkliyi özündə əks etdirir. Bu gün dünya, bəlkə də, İkinci Dünya müharibəsinin bitməsindən sonra ən çətin dövrünü yaşayır: beynəlxalq hüquq sistemi dağılıb, dövlətlərarası münasibətlərdə böhran pik həddədir. Dünya birliyi indiyədək heç zaman bu qədər çağırışlarla üz-üzə qalmamışdı: dünya iqtisadiyyatında qeyri-sabitlik, neftin qiymətində kəskin ucuzlaşma, dünyanın müxtəlif bölgələrində artan gərginlik, etnik münaqişələr, dini ekstremizm, sanksiyalar və ticarət müharibəsi və s. Forumun mövzusu ənənəvi olaraq, tematik panellərlə zəngin olsa da, ümumi diskussiya mövzusu, təxminən, belə idi: "Formalaşmaqda olan yeni dünya düzənində inama necə nail olmalı? Dünyada sabitliyin hökm sürməsi üçün hansı addımları atmalı?"
Kimsə neftin qiymətinin son 5 il üçün tarixi minimuma enəcəyini gözləyirdimi? Kim bilirdi ki, ilk günlərdə hər kəsin silaha sarılmış dini ekstremistlərdən ibarət adi dəstə kimi qiymətləndirdiyi "İslam dövləti" bütünlükdə Yaxın və Orta Şərqi bürüyəcək, regionun bir çox ölkələrinin dövlətçiliyi üçün ciddi təhlükəyə çevriləcək? Kimin ağlına gələrdi ki, Ukraynanı qardaş qırğını bürüyəcək, nəticədə, Rusiya ilə Qərbin münasibətləri Üçüncü Dünya müharibəsinə yol aça biləcək qədər korlanacaq?
Forum iştirakçıları qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq hüququn bütün dövlətlər tərəfindən artıq hörmətlə yanaşılan məfhum olmadığından təəssüfünü bildirib. "Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin bütün konstruksiyasına xələl gətirir", - deyə İ. Əliyev qeyd edib. O, misal kimi, BMT TŞ-nin erməni qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə 20 ildən çoxdur əməl olunmamasını göstərib.
"Biz imkanlarımızdan, intellektual potensialımızdan və beynəlxalq nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq ki, bu gün mövcud olan beynəlxalq münasibətlər sistemini gücləndirə bilək. Biz beynəlxalq hüquqa hörmət etməliyik. Biz beynəlxalq təşkilatların qətnamələrinə hörmətlə yanaşmalıyıq. Çünki bəzi hallarda qətnamələr dərhal icra olunur, - mən BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tuturam, - digər hallarda isə onlar illər, onilliklər boyu icra edilmir. O zaman, beynəlxalq hüquq, siyasi maraqlar və siyasi prioritetlər arasında ziddiyyət yaranır. Bu isə məyusluğa gətirib çıxarır. Elə bir vəziyyət yaradır ki, ikili standartlar istisnalara deyil, bir qaydaya çevrilir", - deyə İlham Əliyev bildirib. Bolqarıstan prezidenti Rosen Plevneliyev isə dünyada böhranların rekord həddə çatdığını, müasir dünyanın əsas vəzifələrindən birinin qanunun aliliyinin təmini olduğunu söyləyib. "Sülh yalnız müharibənin olmaması deyil. Sülh qanunun aliliyidir" - deyən Plevneliyev forum iştirakçılarının diskussiyalar zamanı səsləndirdikləri ideyaların inkişafına, qarşıya qoyulmuş vəzifələrin reallaşdırılmasına nail olmağın vacibliyini bildirib.
"Son məqsədimiz sabitlik, rifah üçün ümumi standartların bərqərar olmasıdır". Bunu isə Makedoniya prezidenti George İvanov bildirib.
Digər çıxış edənlərin də əsas fikri demək olar ki, eyni olub: beynəlxalq arenada ötən əsrdə formalaşmış oyun qaydaları ya müasir dövrün çağırışlarına cavab verə bilmir, ya da dünyanın aparıcı dövlətləri onlara qarşı açıq şəkildə etinasızlıq göstərir. Buradan gəlinən əsas qənaət isə belədir: bütün dünyada sabitliyə, inkişafa və sülhə görə məsuliyyət daşıyan əsas təşkilatla - BMT ilə bağlı hansısa addımlar atılmalıdır. Bu fikri forum iştirakçılarına ünvanladığı videomüraciətdə BMT-nin sabiq baş katibi Butros Butros-Qali (92 yaşlı siyasətçi səhhətindəki problemlərlə əlaqədar Bakıya gələ bilməyib) də təsdiqləyirsə, artıq şərhə ehtiyac yoxdur: "BMT artıq köhnəlmiş qurumdur və orada yeniliklərə ehtiyac var".
Əslində, bütün problemlərin həlli üçün vahid resept var və BMT yaradılan zaman qurumun əsasını məhz o resept təşkil edib. İstər etnik münaqişələr olsun, istər qlobal böhran və ya iqlim dəyişikliyi problemləri, onlar birlikdə, universal, bütün dünya birliyinin qəbul etdiyi prinsiplər əsasında çözülməlidir. Bu zaman heç bir halda ikili standartlara yol verilməməlidir. Qədim romalılar deyirdilər: "Tua res agitur, paries cum proximus ardet" - Əgər qonşunun divarı yanırsa, sənin evin də təhlükədədir. Müasir dövrün acı reallığı göstərir ki, separatçılıq, terrorçuluq, dini ekstremizm və digər problemlərə etinasız və ya ikili yanaşma olmaz. "Biz 20 il düşünmüşük ki, Dağlıq Qarabağ bizdən uzaqdır. Abxaziya, Osetiya, Dnestryanı bölgə uzaqda yerləşir. Amma sonda Krım, Donbas ortaya çıxdı", - deyə bu yaxınlaradək əmin-amanlıq içində yaşamış Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko forumda bildirib. Halbuki ondan əvvəl Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünya birliyi vaxtında Dağlıq Qarabağdakı təcavüzkar separatizmə lazımi şəkildə yanaşsaydı, hazırda yaşanan bir çox münaqişələr baş qaldırmazdı.
Bu, sayca üçüncü, lakin sıradan olmayan Bakı Qlobal Forumu idi. Onun əhəmiyyəti forumun təcrübəli siyasətçiləri, ölkələri üçün ləyaqətlə çalışmış və ya çalışmaqda olan şəxsləri, ziyalıları bir araya toplamasındadır. Bu cür diskussiyalarda hazırkı siyasətçilərlə yanaşı, sabiq prezidentlərin, baş nazirlərin, nazirlərin iştirakı müstəsna əhəmiyyətə malikdir. Çünki onlar beynəlxalq problemlərin həllində zəngin təcrübəyə malik olmaqla yanaşı, hakimiyyətdəki xələflərindən fərqli olaraq, fikirlərini daha sərbəst şəkildə ifadə edə bilirlər. Amma keçmiş kəşfiyyatçı kimi, keçmiş siyasətçi də olmur.
Forum iştirakçılarının qəbul etdikləri qərarlar bir çox dövlətlərin rəhbərliyinə təqdim olunacaq və onların siyasətində nəzərə alınacaq. Avropanın aparıcı dövlətlərinin liderləri - Böyük Britaniyanın baş naziri Devid Kemeron və Almaniya kansleri Angela Merkel - foruma ünvanladıqları məktubda onun işinə əbəs yerə dəstək verməyiblər. Onlar forumun işinin beynəlxalq əməkdaşlıq məsələlərinin, vacib problemlərin və təhlükəsizliklə bağlı çağırışların həllinə yönəldiyini bildiriblər. Dünya siyasətinin korifeylərindən biri, "Dünya düzəni" ("World Order") adlı son kitabında müasir dövrün İŞİD, Ukrayna böhranı, Suriya, İranla münasibətlər kimi problemlərinə toxunmuş ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer isə Bakı Forumunun iştirakçılarına müraciətində ümidvar olduğunu bildirib ki, keçmiş dünya ənənələrinin yoxa çıxması və yeni ənənələrin yaranmasını nəzərə alarkən, bu Forum dünyanı gələcək nəsillər üçün daha münasib bir məkana çevirmək üçün imkanlar yaradır.
MƏSLƏHƏT GÖR: