14 Mart 2025

Cümə, 21:51

UKRAYNA HƏYƏCAN TƏBİLİ ÇALIR

Rəsmi Kiyev Rusiyanın Krımı ələ keçirəcəyindən narahatdır

Müəllif:

01.09.2008

Gürcü-osetin və gürcü-abxaz münaqişələri ətrafında hadisələrin inkişafından narahat olan Moskvanın əksər qonşuları bu ölkənin hərəkətlərini sərt şəkildə pisləyir və Rusiyanın digər dövlətlərin ərazilərinə də müdaxilə edəcəyindən çəkindiyini gizlətmirlər. 

 

"Donanma siyasəti"

Bu gün hamını iki sual maraqlandırır: "Tbilisinin Qərbdən olan müttəfiqlərinin Rusiyaya cavabı nə olacaq?" və bir də "Bundan sonra növbə kimindir?". Qərbin aparıcı KİV-lərində ən çox müzakirə olunan mövzu məhz budur. Təbii ki, rəylər fərqlidir - Rusiyanın hərəkətlərinə "sərt  və adekvat reaksiya"nın tərəfdarları məsələyə bir cür yanaşır, açıq-aşkar panikaya düşənlər isə tamamilə başqa cür. Amma qərbli jurnalistlər, siyasətçilər və politoloqların böyük əksəriyyəti bu fikirdədir ki,  Gürcüstanda baş verənlər  Rusiya üçün digər qonşu dövlətlərin də ərazilərini ələ keçirməyə cəhd üçün bir bəhanə ola bilər. Və bu siyahıda ilk olaraq, Ukraynanın adı çəkilir. Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yuşşenko ultimativ şəkildə Moskvadan tələb edib ki, Sevastopolda yerləşən Rusiya donanmasının gəmiləri Gürcüstana qarşı hərbi əməliyyatlarda iştirak etməsinlər. "Biz xarici dövlətin donanmasının operativ fəaliyyətinə nəzarət edə bilmərik. Amma bununla belə, biz Rusiyadan bizim ərazimizdəki donanmanın yerləşməsi qaydalarına dair Ukrayna qanunvericiliyinə əməl olunmasını tələb etməliyik. Beynəlxalq qanunvericilikdə bu cür hallar üçün modus operandi (latıncadan tərcüməsi "hərəkət tərzi") nəzərdə tutulub. Mən Rusiya qoşunlarının və hərbi avadanlığın bazadan kənarda yerdəyişməsinə, həmçinin onların Ukraynanın dövlət sərhədini keçməsinə nəzarət etmək üçün iki dekret imzalamışam. Bu sənədlər Rusiya ilə Ukrayna arasında imzalanmış və Rusiya donanmasının bizim ərazimizdə fəaliyyətini nizamlayan razılaşmalara tam uyğundur. Düzdür, biz indiyədək Krımdakı Rusiya donanması ilə bağlı çoxlu sayda həll olunmamış problemlərlə üzləşirik, amma mən əminəm ki, biz gec-tez kompromis əldə edəcəyik", - deyə Ukrayna prezidenti bəyan edib.

Bəs  Rusiya donanmasının Ukrayna ərazisində icarə əsasında qalmasını nəzərdə tutan müqavilə başa çatandan sonra - 2017-ci ildə tərəflər nə etmək fikrindədir? V.Yuşşenkonun sözlərinə görə, rəsmi Kiyev dəfələrlə Moskvanı bu problemin həlli üçün danışıqlara başlamağa çağırıb. Amma hər dəfə qarşı tərəf bundan boyun qaçırır. "Aydındır ki, bu qədər çoxlu sayda hərbi kontingentin qısa vaxt ərzində çıxarılması mümkün deyil - buna uzunmüddətli siyasi, iqtisadi və məntiqi hazırlıq görülməlidir. O cümlədən, bu donanmanın gələcəkdə yerləşməsi üçün Rusiya ərazisində modernləşdirilmiş hərbi bazalar tikilməlidir. Beynəlxalq təcrübə göstərir ki, bunun üçün 7 ildən 9 ilədək vaxt lazımdır. Ona görə də Rusiyanın hələ də bu mövzuda danışıqlara başlamaması bizi narahat etməyə bilməz. Çünki müqavilənin müddəti başa çatandan sonra Rusiya qoşunları və gəmiləri Ukraynanı tərk etməlidirlər", - deyə V.Yuşşenko vurğulayıb.

 

Yeganə çıxış yolu

Krım çoxdan Rusiyanın bəzi siyasi dairələri tərəfindən siyasi spekulyasiya və hətta təxribat predmetinə çevrilib. Bəzi Rusiya siyasətçiləri hələ də Nikita Xruşşova onun bu yarımadanı Ukraynaya verməsini bağışlaya bilmirlər və Kremli keçmiş sovet rəhbərliyinin bu qərarına yenidən baxmağa çağırırlar. Hələ Gürcüstandakı son hadisələrdən əvvəl də Moskva ilə Ukrayna arasında bu mövzuda vaxtaşırı xoşagəlməz insidentlər yaşanıb və hətta rəsmi Kiyev bununla əlaqədar bəzi Rusiya siyasətçilərini persona non-qrata da elan edib. 

Ukraynanın Gürcüstanla birlikdə Şimali Atlantika alyansına üzv olmaq istəyinin NATO tərəfindən rəsmi dəstək almasından sonra isə Kiyevlə Moskva arasında münasibətlər bir qədər də gərginləşmişdi.

İndi isə - Ukraynanın Tbilisiyə verdiyi birmənalı dəstək fonunda - Rusiya ilə münasibətlərdə gərginlik daha da artıb. Məlum olduğu kimi, Rusiyanın Gürcüstandakı hərəkətlərinə dair ilk sərt reaksiya verən, Qərb KİV-də bununla bağlı kəskin çıxışlar edən siyasətçilərdən biri məhz V.Yuşşenko olub. "Rusiya-Gürcüstan münaqişəsi yalnız Avropada yox, bütün dünyada geosiyasi vəziyyətə təsir göstərəcək. Bu gün Avropada sülh və əmin-amanlığa təhlükə yaranıb və buna görə də birləşmiş Avropa buna sərt cavab verməlidir", - deyən Ukrayna lideri fikirlərini çox sərt şəkildə ifadə etməkdən çəkinmir. Məsələn, Britaniyanın "Tayms" qəzetinə müsahibəsində Yuşşenko bildirib ki, "Gürcüstandakı son hadisələr sülh və təhlükəsizliyin - özü də bir ölkədə yox, ümumilikdə regionda - nə qədər kövrək olduğunu sübut etdi". Ukrayna prezidentiinn sözlərinə görə, "soyuq müharibə"nin bitməsindən sonra ilk dəfə olaraq "bir ölkə heç bir beynəlxalq hüquqi əsas olmadan, digər suveren dövlətin ərazisinə ordu yeridib". "Əgər biz bu məsələyə ikili mövqedən yanaşsaq və sussaq, faktik olaraq, öz ölkəmizi və vətəndaşlarımızı təhlükə qarşısında qoymuş olarıq. Gürcüstan hadisələrindən çıxarmalı olduğumuz əsas ibrət dərsi budur ki, yalnız kollektiv təhlükəsizlik sülh və sabitliyə təminat verə, həmçinin təcavüzün qarşısını ala bilər. Ukrayna NATO-ya üzvlük istiqamətində yolunu davam etdirməlidir. Bizim ölkəmiz üçün bu, milli təhlükəsizlik və suverenliyimizi qoruyub-saxlamağın yeganə yoludur. NATO öz sərhədlərini genişləndirdikcə, sülh və sabitlik zonası da genişlənəcək", - deyə V.Yuşşenko bəyan edib.

O, həmçinin əmindir ki, Kiyev NATO nazirlərinin dekabrda keçiriləcək toplantısında Şimali Atlantika Alyansına qəbul üçün rəsmi dəvət alacaq. Bununla yanaşı, Ukrayna prezidenti ölkəsinin vaxt itirmədən özünün müdafiə sahəsindəki prioritetlərinə yenidən baxacağını da qeyd edib: "Milli Təhlükəsizlik Şurasının iclasında biz 2008-ci və 2009-cu illər üçün silahlı qüvvələrin maliyyələşdirilməsi sisteminə yenidən baxacağıq. Sabah hər hansı problemlərlə üzləşməmək üçün biz öz hərbi büdcəmizi artırmalıyıq. Mən Ukrayanın neytrallığına tərəfdar olan bütün siyasi qüvvələrə xatırlatmaq istəyirəm ki, bu neytrallıq bizə baha başa gələ bilər".

 

"Sərt  təsir"

Bunlarla yanaşı isə, Qərbdə Ukrayna və Gürcüstanı NATO-ya qəbul etməyin hələ tez olması haqda fikirlər səslənir. Məsələn, Britaniyanın "Sandi Tayms" qəzetində dərc olunmuş məqalədə bildirilir ki, "NATO lazımsız yerə Ukrayna və Gürcüstana qucaq açaraq, özünü risk qarşısında qoyub. Bununla NATO nə əldə etdi? Gürcüstanı bu riski real edən addımlar atmağa sövq etdi və Moskvanı qəzəbləndirdi". Qəzet yazır ki, "… biz Ukrayna ilə Gürcüstanın NATO-ya qoşulmasına dair boş və mənasız söz-söhbətlərə son qoymalıyıq. Ən azı o vaxta qədər ki, Rusiyanın özünü də NATO-ya dəvət edə biləcəyik. NATO de-fakto "soyuq müharibə" mərhələsinin hərbi paktı olaraq qalır. Bu blok indi özünün mövcudluğunda yeni məna axtarır və hələ ki onu tapa bilməyib.  Alansa iki keçmiş sovet respublikasının qəbulu Moskva tərəfindən tam haqlı olaraq, Rusiyaya qarşı yönəlmiş təxribat kimi qiymətləndiriləcək. Və  lap yeni "soyuq müharibə" başlamasa da, hər halda, NATO daxilində ciddi fikir ayrılıqları yaranacaq". 

"Faynenşal Tayms" qəzeti də vəziyyətə bədbinliklə yanaşır və yazır ki, bu gün Rusiya ortaya atdığı "hüquqları pozulan etnik azlıqların müdafiəsi" adlı vasitədən digər regionlarda da istifadə edə bilər. Və növbəti obyekt kimi qərbyönümlü Ukraynaya məxsus olsa da, əhalisinin əksəriyyətini ruslar təşkil edən Sevastopol hərbi limanında Rusiyanın forpostu yerləşən Krım gündəmə gələ bilər. 

Ukrayna prezidenti V.Yuşşenko "Vaşinqton post" qəzetində yazdığı müəllif məqaləsində qeyd edir ki, Gürcüstandakı münaqişənin ortaya çıxardığı problemlər, əslində, miqyasına görə regiondan kənara çıxır. "Son hadisələr göstərdi ki, beynəlxalq birliyin "dondurulmuş münaqişələr"ə əhəmiyyət verməməsi çox ciddi fəsadlara səbəb ola bilər. Yeni müstəqil dövlətlərin ərazisindəki separatçı regionlar problemi çox mürəkkəbdir və çox vaxt geosiyasi oyunlarda "alver" vasitəsinə çevrilir. Amma bu cür "oyunlar" insan ölümünə, humanitar fəlakətlərə, iqtisadi tənəzzülə və beynəlxalq təhlükəsizlik təminatının iflasına gətirib çıxarır. "Ukrayna Rusiyanın apardığı müharibənin girovuna çevrilib. Və bu Ukrayna iqtidarını və bütün xalqımızı - o cümlədən Krım sakinlərini də - bizim ərazimizdə Rusiyanın Qara dəniz Donanmasının yerləşməsindən gələn təhlükə haqda düşünməyə vadar edir", - deyə Yuşşenko vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasındakı münaqişə Ukraynanın maraqlarına da toxunur. "Hərbi əməliyyatlar bizim sərhədlərimizdən o qədər də uzaqda aparılmırdı, ərazimizdəki Qara dəniz Donanması isə birbaşa bu əməliyyatlara cəlb edilmişdi. Buna görə də Ukraynanın milli təhlükəsizliyi məsələsi gündəmə gəlib. Bu yaxınlarda Ukrayna öz müstəqilliyinin növbəti ildönümünü qeyd etdi. Hazırda yaşanan münaqişə isə göstərdi ki, Ukrayna və digər ölkələrin öz milli təhlükəsizliyinin təmin edilməsinin ən yaxşı vasitəsi demokratik ölkələrin NATO kimi kollektiv təhlükəsizlik sistemində iştirak?dır. Bizim ölkəmizin qanunvericiliyi və xarici siyasi prioritetlərini əsas götürərək, Ukrayna Avroatlantik inteqrasiya istiqamətində getməlidir. Bu, demokratiya, azadlıq və suverenlik yoludur", - deyə Ukrayna prezidenti vurğulayıb.

Bəs bütün bunlar nə ilə nəticələnəcək? Bu gün siyasətçiləri və politoloqları ən çox maraqlandıran sual məhz budur. Kremlin Qərblə qarşıdurması (ədalət naminə demək lazımdır ki, Moskvanı bu qarşıdurmaya illərboyu Rusiyanın xarici siyasi maraqlarına etinasız yanaşan Qərbin özü vadar edib) haraya qədər davam edəcək?

Bu qarşıdurma çoxdan başlayıb və artıq illərdir davam edir. Amma "R+"un əvvəlcədən proqnozlaşdırdığı kimi, 2008-ci il kritik il oldu. Bu il beynəlxalq münasibətlərin yeni inkişaf konturlarını müəyyənləşdirdi, bəşəriyyətin dünya düzümü və beynəlxalq hüququn bərqərar olması istiqamətində indiyədək nail olduqları hər nə var idisə, hamısını alt-üst etdi. 

İraq, Kosovo, indi isə Gürcüstanda baş verənlərdən sonra artıq heç nəyə təəccüblənmək lazım deyil. Analitiklər və siyasətçilərə indi yalnız özlərinin müttəfiqləri və rəqiblərinin ata biləcəyi addımları hesablamaq qalır. Çünki bu gün dünya bütün etik və beynəlxalq hüquq normalarını həyasızcasına bir kənara ataraq yenidən çoxqütblüyə doğru qayıdır. Və bu qayıdış hələ çox iztirab və əzab gətirəcək. Hadisələrin inkişafı belə deməyə əsas verir ki, yaxın aylar və təəssüf ki, illər ərzində biz dünya siyasətində qarşıdurmanın artmasının şahidi olacağıq. Bu qarşıdurmanın əsas tərəfləri isə Qərb və Rusiya olacaq. 

Bu mənada, "Nyusvik"in ortaya qoyduğu sual çox aktualdır: "Putin "sərt təsir" siyasətinə qayıtdı. O, Baltikyanı ölkələrdən tutmuş Belarus və Ukraynaya qədər qonşularını qorxutmaq üçün təbii qazdan, özününkü hesab etdiyini qaytarmaq üçünsə tanklardan istifadə etməyə başladı. Görəsən, növbə kimindir? Neftlə zəngin olan qonşu Azərbaycan? Rusiyanın nəzarət etmədiyi kəmərlə Gürcüstan ərazisindən qaz nəql edən Qazaxıstan? Bəlkə, bu gün müstəqil olan, amma tarixən Rusiyanın mərkəzi olan Kiyev?"

Bu suallarda dəqiq sezilən təhlükəli bir məqam var: qarşı-qarşıya dayanmış qüvvələr üçün vasitə rolunu balaca dövlətlər oynayır. Və əsas məsələ bu dövlətlərdən konkret olaraq hansının növbəti hədəfə çevriləcəyidir. 


MƏSLƏHƏT GÖR:

445