14 Mart 2025

Cümə, 21:51

AVRASİYA KƏSİŞMƏSİNDƏ YAŞANAN DRAM

Moskva cənubi osetiya və abxaziyanın müstəqilliyini tanıdığını bəyan etdiyi halda, sxinvali və suxumi özlərinin rusiyaya birləşmələrini bayram edirlər

Müəllif:

01.09.2008

Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə yekunlaşan Moskva-Tbilisi münaqişəsi Qara dəniz-Xəzər regionunda vəziyyəti köklü şəkildə dəyişdi. Beynəlxalq siyasətin nəhəng oyunçuları üzlərindəki maskanı və "geosiyasi rəqabət" kimi korrekt anlayışı bir kənara ataraq, açıq düşmənçiliyə başladılar. Rusiya ilə Qərbin postsovet Avrasiyasındakı qarşıdurması artıq açıq müstəviyə keçdi.

 

Gürcüstanı parçalamaq cəhdi

Rusiyanın Cənubi Osetiya və Abxaziyanı legitimləşdirməyə hazırlaşdığı prezident Dmitri Medvedevin Fransa lideri Nikolə Sarkozinin vasitəçiliyi ilə 6 müddəadan ibarət razılaşmanı imzalamasından dərhal sonra məlum oldu. Moskvada Cənubi Osetiya və Abxaziya separatçılarının liderləri Eduard Kokoytı və Sergey Baqapşla görüşən Dmitri Medvedev dəqiq və birmənalı şəkildə bəyan etdi ki, "Moskva Cənubi Osetiya və Abxaziya xalqlarının istənilən qərarını dəstəkləyəcək". 

Bunun ardından bu separatçı respublikaların "parlament"ləri müstəqilliklərinin tanınması xahişi ilə Rusiya parlamentinə müraciət etdi. Rusiyalı parlamentarlar bu xahişi yerə salmadılar və artıq avqustun 25-də Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması haqda qərar qəbul edərək, onu təsdiqlənmək üçün prezident Medvedevə göndərdilər. Və artıq bir gün sonra RF prezidenti rəsmən bu əraziləri müstəqil dövlət kimi tanıdı.

Bununla Rusiya, faktik olaraq, Sarkozi-Medvedev razılaşmasını pozdu. Xatırladaq ki, həmin razılaşmada bildirilirdi ki, Cənubi Osetiya ilə Abxaziyanın statusu beynəlxalq məsləhətləşmələrdən sonra müəyyənləşdirilməlidir. Amma Kreml belə bir razılaşmanın olduğunu ümumiyyətlə təkzib edir. Rusiya XİN-in açıqlamasında deyilir ki, Sarkozinin Moskvada imzaladığı razılaşma ilə, Tbilisidə imzaladığı sənəd arasında müəyyən fərqlər var. Yəni, M.Saakaşvilinin təkidindən sonra, Sarkozi sənədə əlavə və dəyişikliklər edib. Bir sözlə, Medvedevin imzaladığı sənədlə Saakaşvilinin imza atdığı sənəd bir-birindən fərqlidir. Bu isə o deməkdir ki, bu razılaşma avtomatik olaraq legitimliyini itirib.

İstənilən halda, Rusiyanın qərarı, ilk baxışdan, tələsik addım kimi görünsə də, əslində, bu, Qərblə Rusiya arasındakı qarşıdurmanın məntiqi davamıdır. Özü də bu gün  Gürcüstanın və onun qiyamçı bölgələrinin taleyindən daha çox, Avrasiya kəsişməsindəki geostrateji durumun taleyi həll olunur.  

Saakaşvilinin Avroatlantik strukturlara inteqrasiya kursunu elan etməsindən dərhal sonra Moskvada Gürcüstanın parçalanması planının reallaşdırılmasına başlandı.

Amma məsələ bundadır ki, son 15 il ərzində Abxaziya və Osetiyada yetişmiş yeni nəsil gürcüləri artıq "qan düşməni" kimi qəbul etmirdi. Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, həm Abxaziyada, həm də Cənubi Osetiyada gürcülər, osetinlər və abxazlar qonşu kəndlərdə yan-yana yaşayırdılar, mütəmadi olaraq görüşürdülər, təmasa girirdilər və s.  Bu isə, təbii ki, Kremlin qiyamçı bölgələrin Gürcüstandan qoparılması planının reallaşmasına mane olurdu. İndi isə Saakaşvili faktik  olaraq, Rusiyaya yenidən bu kartdan istifadə etmək üçün bəhanə verdi - bu gün Rusiya təbliğatı gürcüləri osetinlərlə abxazların "qan düşməni" kimi təqdim edir, ilk növbədə abxazlarla osetinlərin özlərini inandırmağa çalışır ki, onlar bir daha gürcülərlə eyni dövlətdə yaşaya bilməzlər. Və etiraf etmək lazımdır ki, sonuncu müharibədən sonra artıq yeni nəsil də gürcülərə bir millət kimi nifrət etməyə başlayıb. 

Təbii ki, Kreml bu şansı əldən vermədi. 

Hüquqi-siyasi baxımdan Moskva öz addımlarını yalnız abxazlarla osetinlərin "xilas olunması" ilə deyil, həm də 6 ay əvvəl Qərbin atdığı analoji addımla əsaslandırır. Təsadüfi deyil ki, Rusiya ordusunun Gürcüstanın ərazi bütövlüyünə son qoyduğu gün Fransanın "Mond" qəzeti yazırdı ki, "Qərb Rusiyaya, praktik olaraq, heç bir vasitə ilə təzyiq göstərə bilməyəcək, çünki Moskva dərhal ona Kosovo presedenti haqda xatırladacaq". 

 

Kosovonun əks-sədası

Doğrudan da, bu gün Gürcüstanda baş verənlərin əsası Qərbin Serbiyadan ayrılmış Kosovonun müstəqilliyini tanıdığı zaman qoyulub. Məhz o zaman dünya separatizmin leqallaşması təhlükəsi ilə üz-üzə qaldı. Özü də, bu, qarşısıalınmaz və obyektiv proses deyildi, sadəcə Qərb dövlətlərinin Serbiyanın qiyamçı bölgəsinə dəstək verməsi ilə reallaşdı. Yarım il əvvəl baş verənlərdən sonra aydınlaşdı ki, dünyanın aparıcı dövlətləri istəsə, istənilən ölkə "Kosovo variantı" ilə üzləşə bilər. O zaman Qərb hesab etdi ki, Kosovonun Serbiyadan ayrılması onun maraqlarına cavab verir, çünki bu, Belqradın ənənəvi müttəfiqi olan Rusiyanın Avropadakı geostrateji mövqelərinin zəifləməsi deməkdir. Amma Qərb liderləri Kosovonun digər münaqişələr üçün presedent olmadığını bəyan etsə də, dünyanın müxtəlif ölkələrindəki separatçılar Priştinanın tanınmasını alqışlayaraq, öz növbələrinin çatmasını gözləməyə başladı.

Postsovet məkanında "Kosovo presedenti"nin reallaşıb-reallaşmayacağı birbaşa Moskvadan asılı idi. Qərbin Serbiyanın qiyamçı bölgəsinin müstəqilliyini tanımasından dərhal sonra Rusiya özünün Abxaziya və Cənubi Osetiya ilə bağlı siyasətini dəyişməyə başladı. Və bu gün - Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıyan Dmitri Medvedev də Qərbə ilk növbədə "Kosovo presedenti"ni xatırladır. 

Bununla paralel olaraq, Kreml MDB ölkələrində, ilk növbədə, Gürcüstan və Ukraynada qərbpərəst tendensiyaların qarşısını almaq üçün daha sərt siyasət yeritməyə başlayıb. 

Yəni, "Kosovo presedenti" nəhəng güc mərkəzləri arasındakı geosiyasi qarşıdurmada istifadə olunan əsas faktora çevrilib. Əgər Serbiya Qərbin  geosiyasi rəqibi olan Rusiyaya simpatiyasına görə cəzalandırıldısa, Gürcüstan əksinə, Qərbə qucaq açdığı üçün Moskvanın qəzəbinə tuş gəldi.

Yeri gəlmişkən, Kosovo məsələsinə yanaşmada Tbilisi ilə Moskvanın mövqeyi üst-üstə düşür. Amma məhz M.Saakaşvili Rusiyanın bu presedentdən Gürcüstana qarşı istifadəsinə imkan yaratdı.

Digər tərəfdən, Rusiya öz hərəkətləri ilə bu məsələyə yanaşmada qeyri-ardıcıl mövqe tutduğunu göstərdi. Yəni, 6 ay əvvəl ABŞ-ı beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda ittiham edən Rusiya bu gün özü həmin normaları kobudluqla pozdu. 

Amma istənilən halda, Kremlin Gürcüstanın parçalanmasına yönəlmiş siyasəti Moskvanın özü üçün ciddi başağrısına çevrilə bilər və bunu bu gün Kremlə yaxın dairələrdə də yaxşı anlayırlar. Məsələn, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov D.Medvedevin qiyamçı bölgələrin müstəqilliyini tanıması ərəfəsində bildirmişdi ki, "Bundan əvvəl Moskvanı Kosovo məsələsinə yanaşmasına görə nədəsə günahlandırmaq olmazdı, çünki Rusiya birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanırdı, Qərb dövlətləri isə məqsədlərini reallaşdırmaq üçün bu normaları pozurdu. Amma indi tərəflər yerlərini dəyişiblər - artıq Rusiyanın hərəkətlərində ardıcıllıq itib".

Doğrudan da "soyuq müharibə"dən sonra ABŞ və Qərbin digər fövqəldövlətlərinin ünvanına səslənən ittihamlar, bu gün artıq Rusiyanın ünvanına yönəlib. Özü də bu cür ittihamlara Rusiyanın özündə də rast gəlinir. Məsələn, "Memorial" cəmiyyətinin idarə heyətinin üzvü Aleksandr Çerkasovun fikrincə, "Rusiya Çeçenistanda separatizmlə mübarizə apararkən, öz ərazi bütövlüyü uğrunda vuruşurdu. Və bu baxımdan, indi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmək daha məntiqli olardı. Əks halda, buna yalnız "ikili standart" demək olar".

Amma digər fövqəldövlətlər kimi, Rusiya üçün də həlledici "döyüş" ərəfəsində bu cür ittihamlar heç bir önəm daşımır. Üstəlik, ərazi bütövlüyü prinsipinin pozulmasında ittiham olunan Kreml buna alternativ kimi beynəlxalq hüququn digər postulatı - insan hüquqlarının qorunması ideyasını səsləndirir.  Hərçənd, çox vaxt bu arqumentlər inandırıcı səslənmir. Məsələn, D.Medvedev bəyan edir ki, "Cənubi Osetiyanın müstəqilliyinin tanınması buradakı insanların həyatını xilas etməyin geyanə yolu idi".

Amma məsələ bundadır ki, bu gün Cənubi Osetiya ərazisində 46 mindən bir qədər artıq etnik osetin yaşadığı halda, Gürcüstanın digər ərazilərində yaşayan osetinlərin sayı 70 minə çatır. Və bu osetinləri heç kəs nə öldürür, nə də qovur. Deməli, məsələ heç də osetinlərin qorunmasında deyil.

Bəs nədədir? Bəlkə Tbilisinin idda etdiyi kimi, söhbət anneksiyadan gedir? Burada BBS radiosunun Suxumi və Sxinvalidən hazırladığı reportajı xatırlatmaq yerinə düşər: reportajda bildirilir ki, Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqil dövlət kimi tanındığını bildirdiyi halda, sıravi osetilərlə abxazlar küçələrə çıxaraq müstəqilliyi deyil, Rusiyaya birləşməni bayram etdiklərini gizlətmirlər.

 

Titanların döyüşü

Bu arada isə ABŞ administrasiyası açıq şəkilə Rusiyanı "cəzalandırmaq" niyyətində olduğunu nümayiş etdirir. Vaşinqtonun hazırladığı "cəza növləri" sırasında Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) buraxılmaması və NATO-RF formatında əməkdaşlığın dayandırılması da var. Amma Moskva hadisələri qabaqlayaraq, Qərbə nümayiş etdirdi ki, onun özü də bir sıra sahələrdə Qərblə əməkdaşlıqdan imtina etməyə hazırdır. D.Medvedev NATO ilə əməkdaşlığı dayandırmağa hazır olduqlarını bildirərək xatırlatdı ki, bu gün bu əməkdaşlıq Moskvadan çox, Qərbin özünə lazımdır.

Baş nazir Vladimir Putin isə "Rusiya üçün əlverişli olmayan" ÜTT ilə razılaşmanı dondurmaq qərarını açıqladı.

Qərb hərbi sahədə də bir sıra addımlar atır. Söhbət Gürcüstan sahillərində NATO-ya məxsus hərbi-dəniz gəmilərinin yerləşdirilməsindən gedir.

Həm Rusiya, həm də ABŞ və onun müttəfiqlərinin güc nümayiş etdirməsi rəqibin geosiyasi aktivliyinin qarşısının alınması faktoru kimi şərh olunur.  Qərb əmindir ki, Kremlin qarşısında duran əsas xarici siyasi məqsəd fövqəldövlət statusunun və keçmiş SSRİ respublikalarındakı dominantlığın bərpasıdır. Özü də bu məqsədə nail olmaq üçün Moskva yalnız öz enerji resurslarından deyil, hərbi qüdrətindən də istifadə edir. Tanınmış amerikalı politoloq Ronald Stilin fikrincə, "Qafqazda yaşanan dram - "soyuq müharibə"nin yarımçıq qalmış final mərhələsidir". Onun "Nyu-York tayms" qəzetində dərc olunmuş məqaləsində deyilir ki, "Sovet İttifaqı həmin qarşıdurmada uduzsa da, Rusiya qalib çıxdı. Və Vaşinqton gələcəkdə baş verənlərə daha ciddi yanaşmalı olacaq".

Amma Gürcüstan üçün böyük problemlər gətirmiş bu hadisəni şərh edərkən, baş verənlərin yalnız Rusiyanın ambisiyaların nəticəsi olduğunu iddia etmək düzgün olmazdı. Rusiya KİV-də son hadisələrdə ABŞ administrasiyasının  xarici siyasi maraqlarının əsas rol oynadığına dair bir sıra arqumentlər səslənir. Məsələn, "Moskovski komsomolets" qəzetinin şərhçisi Aleksandr Budberq özünün "Qanlı varis" əməliyyatı" sərlövhəli məqaləsində yazır: "Əgər noyabrda ABŞ-da hakimiyyətə Obama gəlsə, bu təkcə dünyada yeni epoxanın başlanğıcı olmayacaq. Həm də Amerikanın neokonservatorları sarsıdıcı zərbə alacaqlar. Onların liderləri olan Çeyni, Buş, Rays isə hətta prokurorların suallarına cavab verməli olacaqlar. Demokratlar onları xilas etmək haqda heç düşünməyəcəklər də. Bu cür perspektiv isə Ağ evin indiki sahiblərini narahat etməyə bilməz. Deməli, onlar əllərindən gələni etməlidirlər ki, prezident seçkilərini respublikaçı Makkeyn qazansın. Bəs amerikalılar, adətən, hansı şəraitdə respublikaçılara səs verirlər? O zaman ki ya müharibə gedir, ya da xaricdən real təhlükə var. İraq və Əfqanıstandakı müharibələr artıq köhnəlib və seçki kampaniyasının aparılması üçün kifayət deyil. İranda müharibəyə başlamaq olar, amma bunun nə ilə nəticələnəcəyini təsəvvür etmək çətindir. Buş və onun kampaniyasının bu müharibədən sonra məhkəmə qarşısında durmaq təhlükəsi isə daha da arta bilər. Və belə bir vəziyyətdə hamı Rusiya haqda düşünməyə başladı".

Qeyd edək ki, "Exo Moskvı" radiosu da bu məqama diqqət yetirib. Radionun efirində səslənən şərhdə bildirilir ki, C.Makkeyn Gürcüstanda başlayan müharibəyə prezident Buş və prezidentliyə digər namizəd, demokrat Barak Obamadan daha cəld reaksiya verib. Radiostansiyanın şərhində vurğulanır ki, Makkeynin sərt çıxışını izləyən amerikalıların nəzərində bu sanki "prezidentin çıxışı" idi.

Və deyəsən, bu faktor artıq öz bəhrəsini verməyə başlayıb. Hər halda, Qellap mərkəzinin keçirdiyi son rəy sorğuları respublikaçı-namizədin reytinqinin artdığını göstərir. Telefon sorğusunun nəticələrinə görə, seçki bu gün keçirilsə, Makkeyn seçicilərin 46, Obama isə 44 faizinin səsinə ümid edə bilər. 

"2 faizlik fərq statistik qüsur kimi də qəbul oluna bilər, amma hər halda seçki kampaniyası dövründə ilk dəfə olaraq Makkeyn Obamanı üstələyib" - bu isə Rusiyanın "Yeddinci kanal"ının rəyidir.

 

Rəyi ilə hesablaşmaq lazım gələn ölkə

Yaranmış gərgin vəziyyətdə Gənubi Qafqazın digər ölkələrinin mövqeyini də şərh etmək lazımdır. Ermənistanın mövqeyindən danışmağa dəyməz - Rusiyanın "forpost"u olan bu ölkənin əsas məqsədi Azərbaycan ərazilərinin 20 faizinin işğal faktını hüquqi baxımdan əsaslandırmaqdır. Aydındır ki, Ermənistan Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması faktından Dağlıq Qarabağın "müstəqilliyi" ideyasını reallaşdırmaq üçün istifadə etməyə çalışacaq. Amma Rusiyanın Azərbaycana da Gürcüstan kimi yanaşacağını gözləmək sadəlövhlük olardı. Çünki əvvəla, Azərbaycan regionda müstəqil xarici siyasət yeridən yeganə dövlətdir və Qərbə doğru reveransları ilə Moskvanı qıcıqlandırmır. 

Digər tərəfdən, artıq neçə ildir Rusiya ilə Azərbaycan arasında xoş münasibətli qonşuluq və tərəfdaşlıq əlaqələri qurulub və bu münasibətləri prezidentin bir imzası ilə kənara atmaq mümkün deyil. Üstəlik, Rusiyaya regionun iqtisadi inkişaf baxımından lideri olan Azərbaycanla münasibətləri korlamaq əl verməz. 

Daha bir arqument - Rusiyanın Cənubi Qafqazda cəmi 2 ölkə ilə sərhədi var - Gürcüstan və Azərbaycanla. Tbilisi ilə bütün körpüləri yandıran Moskvanın Azərbaycanla da münasibətləri korlaması Cənubi Qafqazın sərhədlərinin Rusiyanın üzünə bağlanması deməkdir. Yeri gəlmişkən, bu gün Gürcüstan Rusiya ilə hava sərhədini bağladığından, Rusiya təyyarələri Ermənistana Azərbaycanın üzərindən uçuşlar edir.

Demək olar ki, məhz Bakının balanslaşdırılmış siyasəti sayəsində Cənubi Qafqazda "hamının hamıya qarşı müharibəsi"nin qarşısı alındı, Qara dəniz-Xəzər məkanını poliqona çevirməyə çalışan aparıcı güc mərkəzlərinin ambisiyalarına imkan verilmədi. 

Azərbaycan öz siyasətində ardıcıllıq nümayiş etdirir: rəsmi Bakı  Kosovo məsələsində də beynəlxalq hüququn ərazi toxunulmazlığı prinsipini dəstəkləyib, Gürcüstan məsələsində də eyni mövqe nümayiş etdirir. Yəni, "ikili standart"lardan uzaq siyasət yeridir. Rusiya ilə Gürcüstan arasındakı münaqişədə hər iki tərəflə dostluq münasibətlərini nümayiş etdirən Bakının bu mövqeyi həm də münaqişənin bütün regiona yayılmasına imkan vermir. Özü də bu ölçülüb-biçilmiş siyasətdən həm də regional enerji və nəqliyyat layihələrinə milyardlarla dollar sərmayə qoymuş Qərb investorları udurlar - məhz Bakının Moskva ilə normal münasibətləri sayəsində, Rusiya Azərbaycandan başlayan və Gürcüstan ərazisindən keçən, Qərb üçün strateji rol oynayan regional obyektlərə zərbə endirmədi.

 

Hüququn gücü, yoxsa gücün hüququ?

Sonda qeyd etmək lazımdır ki, Rusiya-Gürcüstan müharibəsi bu iki pravoslav xalqın tarixində ilk müharibə oldu. Amma onun nəticələri yalnız Moskva ilə Tbilisi arasındakı münasibətlərlə, Abxaziya və Cənubi Osetiyanın yeni statusu ilə yekunlaşmayacaq. İndi hər şey Rusiyanın bundan sonra MDB məkanında hansı siyasət yeridəcəyi və Qərbin keçmiş sovet respublikalarında son 20 ildə qazandığı geosiyasi nüfuzu qoruyub-saxlamaq üçün hansı tədbirlərə əl atacağından asılıdır. 

Təəssüflər olsun ki, fövqəldövlətlərin hərəkətləri sübut edir ki, çox vaxt hər şeyi hüququn gücü yox, gücün hüququ həll edir. Amma bu bədbin perspektivə baxmayaraq, ümid etmək istərdik ki, həm Kreml, həm də Ağ ev məsələyə daha müdrikcəsinə yanaşacaq, Cənubi Qafqaz kimi kiçik bir regionun gələcək taleyinə dair konstruktiv razılığa gələcək və region xalqları hərbi rejimdə yaşamaq təhlükəsindən qurtulacaqlar. 



MƏSLƏHƏT GÖR:

335