14 Mart 2025

Cümə, 21:49

MOSKVANIN TƏNHALIĞI

Müəllif:

01.09.2008

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) iştirakçılarının avqustun 28-də Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş toplantısı, bəlkə də, SSRİ-nin dağılması və "soyuq müharibə"nin bitməsindən sonra Qərblə Rusiya arasındakı münasibətlərin ən gərgin dövrünə təsadüf edirdi.

Moskva ilə Tbilisi arasında hərbi qarşıdurmaya səbəb olmuş Cənubi Osetiya münaqişəsinin gərginləşməsindən sonra, Kreml Gürcüstanın qiyamçı əraziləri - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarına gəldi. Moskvanın bu addımını yalnız əksər dünya ölkələrinin terrorçu hesab etdiyi HƏMAS Fələstin hərəkatı dəstəklədi. 

Dünya isə Rusiyanı əməlli-başlı tənqid atəşinə tutub. Kremlin addımını Vaşinqton, London, Berlin, "böyük səkkizlik"in (daha doğrusu, "yeddilik"in - Rusiyasız) xarici işlər nazirləri sərt şəkildə tənqid ediblər. Qərb siyasətçiləri arasında Rusiyaya qarşı sanksiyaların tətbiqi və Moskvanın dünya birliyindən təcrid olunmasına dair də çağırışlar səslənir.

Bütün bunların fonunda prezident Dmitri Medvedevi ilk dəfə qatıldığı ŞƏT-in toplantısında çox çətin sınaq gözləyirdi: Rusiya prezidenti bu təşkilatdakı tərəfdaşlarını Moskvadan nümunə götürərək, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanınmağa razı salmalı idi. 

ŞƏT rəsmi olaraq özünü hərbi-siyasi blok kimi təcəssüm etdirməsə də, onu çox vaxt NATO-ya qarşı mümkün güc mərkəzi kimi təqdim edirlər. Qeyd olunur ki, bu təşkilatın əsas məqsədi ABŞ və Şimali Atlantika Alyansının Asiyaya təsirini neytrallaşdırmaqdır.

Maraqlıdır ki, Düşənbə görüşü zamanı Medvedev ŞƏT-in yaradılmasının əsas motivlərindən biri kimi regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. 

Bir sözlə, Rusiyanın Qafqazdakı hərəkətləri ilə bağlı niyə ŞƏT-in dəstəyinə ehtiyacı olduğu aydındır.

Düşənbə toplantısında qəbul olunmuş 14 müddəalıq Bəyannamədə ŞƏT üzvü olan dövlətlər Rusiya-Gürcüstan problemi ətrafındakı gərginlikdən narahat olduqlarını bildiriblər. "ŞƏT üzvü olan dövlətlər Cənubi Osetiya məsələsi ətrafında yaranmış gərginliklə əlaqədar öz narahatlığını bildirir və tərəfləri problemləri dinc dialoq vasitəsilə həll etməyə çağırırlar", - deyə sənəddə vurğulanır. Həmçinin,  ŞƏT-ə üzv dövlətlər bu istiqamətdə öz vasitəçiliklərini də təklif ediblər.

Bəyannamədə o da qeyd olunub ki, ŞƏT-ə üzv dövlətlər avqustun 12-də Moskvada Cənubi Osetiya münaqişəsinin nizamlanmasına dair imzalanmış 6 prinsipi bəyənir və Moskvanın rgionda sülh və əməkdaşlığın bərqərar olmasındakı aktiv rolunu dəstəkləyir.

Təbii ki, Moskvada sənəddə əks olunan bu ifadəni Rusiyanın Qafqazdakı addımlarına dəstək kimi qəbul ediblər. Amma bununla belə hamı üçün aydındır ki, Moskva qarşıya qoyduğu əsas məqsədə nail ola bilməyib - ŞƏT-ə üzv olan dövlətlərin heç biri Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayıb və yaxın vaxtlarda da tanımağa hazırlaşmır. Əksinə, təşkilatın üzvləri dövlətlərin ərazi büövlüyü prinsipinə sadiq olduqlarını xüsusilə vurğulayıblar.

Rusiya prezidenti Çin Xalq Respublikasının sədri Xu Tzintao ilə təkbətək görüş zamanı da istəyinə nail ola bilməyib. Görüş zamanı onun çinli həmkarından eşitdiyi yalnız o olub ki, Pekin 2014-cü ilin Qış Olimpiya Oyunlarının Soçidə keçirilməsini dəstəkləyir.

ŞƏT üzvü olan digər ölkələrin liderləri də çox ehtiyatlı mövqe nümayiş etdiriblər. Və bunun səbəbi də aydındır - separatizm problemi "şət"çilər üçün yeni problem deyil. Pekinin iki əsas ərazi problemi Tibet və Tayvanla bağlıdır. Rəsmi Pekin Tibeti Çinin tarixi ərazisi hesab edir, Tayvanı isə ÇXR-nin ayrılmaz hissəsi adlandırır. 

Mərkəzi Asiya ölkələri arasında da sərhədyanı problemlər var, əsasən, su ehtiyatlarına çıxış əldə etmək uğrunda mübarizə səngimir. Hələlik  sivil qaydada gedən bu mübarizəyə regionun, demək olar ki, bütün dövlətləri qoşulub. 

ŞƏT-in toplantısında dövlət başçılarının ehtiyatlı mövqe tutmasının daha bir səbəbi odur ki, Rusiyanın qonşuları Moskvanın keçmiş SSRİ respublikalarının daxili işinə açıq şəkildə müdaxiləsindən narahat olmaya bilməzdilər.  

Bundan başqa, Mərkəzi Asiya dövlətləri Avropa İttifaqı və ABŞ-la münasibətləri korlamaq istəmirlər və bu, Mərkəzi Asiyadan enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması məsələsinə də aiddir. 

Hətta ŞƏT-ə daxil olmayan, amma Rusiyanın ən yaxın müttəfiqi sayılan Belarus da Rusiyanın Gürcüstan ərazilərinin müstəqilliyini tanıması məsələsində Moskvaya çox ehtiyatla dəstək verdi. Özü də bu, yalnız Moskvadan Minskin ünvanına məzəmmət eşidildikdən sonra mümkün oldu. Amma Belorus prezidenti Aleksandr Lukaşenko da təkbaşına Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımağa risk etmədi və bu məsələnin sentyabrın 5-də keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasının gündəliyinə salınması təklifilə çıxış etdi. 

Amma KTMT-yə Qərblə münasibətləri korlamaq istəməyən MDB üzvlərinin daxıl olduğunu nəzərə alsaq, onların Lukaşenkonun təklifinə dəstək verəcəyi inandırıcı səslənmir. 

Beləliklə, yaranmış vəziyyətdə Moskva, Kosovonun müstəqilliyini tanıyan Vaşinqtondan fərqli olaraq, tamamilə təklənib. Bəziləri Gürcüstan ərazisindəki separatçı rejimləri tanıyan Rusiyaya dəstək vermək istərdilər, amma bunu edə bilmirlər. Digərləri isə, ümumiyyətlə, belə bir dəstək vermək istəmirlər.


MƏSLƏHƏT GÖR:

398