Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
2008-ci ili Azərbaycan Kitabxanaları İli adlandırmaq olar. Məhz 2008-ci ilin may ayında Mirzə Fətəli Axundov adına Milli Kitabxananın 85 yaşı tamam oldu. Ölkənin kitabxana sahəsi SSRİ-nin dağılmasından və Azərbaycanın müstəqillik elan etməsindən sonra tam durğunluq halına düşməsinə baxmayaraq, hazırda yavaş-yavaş «ayağa qalxır». Amma bu sahədə müzakirə mövzuları yetərincədir. Burası gerçəkdir ki, ölkə kitabxanalarının əksəriyyəti yeni siyasi və iqtisadi şəraitdə işləməyə uyğunlaşa bilməyib və çağdaş texnologiyalar baxımından modernləşdirilməyib.
Yalnız M.F.Axundov adına Milli Kitabxana istisnadır. Son beş ildə onun arxivlərinin bazasında «VTLS-Virtua» avtomatlaşdırılmış idarəetmə sistemi proqramının istifadəsi ilə elektron kataloqu və elektron kitabxanası yaradılıb. Proqram amerikalı mütəxəssislər tərəfindən kitabxananın işinin avtomatlaşdırılması üçün tətbiq edilib.
İndi istənilən adam kitabxananın www.anl.az <http://www.anl.az> saytını açaraq kitabxananın elektron kataloquna daxil ola və onu maraqlandıran kitabı, qəzeti və ya jurnalı tapa bilər. Bundan başqa, əgər lazım olan nəşrin tam elektron versiyası saytda varsa, oxucu kitabı sifariş edə bilər, yəni onu müəyyən müddətə bron edərək götürə bilər. Digital xidmət, yəni kitabın mətninin elektron bazaya keçirilməsi bu gün bütün dünyada tətbiq edilir.
Ancaq ölkənin heç də bütün kitabxanaları bu rejimlə işləyə bilmir. Əgər Milli Kitabxanada islahatlara 5 il vaxt gedibsə və görüləsi çox iş varsa, ölkənin 12 min kiçik və böyük kitabxanasını ayağa qaldırmaq üçün nə qədər zaman tələb olunduğunu düşünməyə dəyər. Həmin kitabxanalar indi ancaq kədər və nostaljiyə səbəb olur, çünki boşalıblar və nimdaş görkəmləri var, onların çoxuna uzun zamandır, yeni nəşrlər alınmır.
Kitabxanaların çoxu nəinki inkişaf etmir, hətta əsas parametrlər üzrə tənəzzülə uğrayıb. Bununla bağlı olaraq Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il tarixli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi ölkədə kitabxanaçılıq işinin inkişaf konsepsiyasının işlənməsi üçün geniş çevrədə alim və mütəxəssislər cəlb edib.
Qurumdan «Region plus»a bildiriblər ki, ilk çağdaşlaşdırılanlar sırasında Qorki adına Mərkəzi Səyyar Fond və Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası olacaq. Onlar çağdaş texnologiya ilə təchiz ediləcək, həmçinin kitabxanaların nəzdində kitab dükanları açılacaq. Ancaq Azərbaycan kitabxanalarının yenidənqurulmasının əsas gerçəkləşdirmə prosesi 2008-ci ilin ikinci yarısına nəzərdə tutulur.
Bu məsələyə toxunan mədəniyyət və turizm naziri bildirib ki, «Lazımsız, dağıdılmış və oxucusuz kitabxanalar öz fəaliyyətləri barədə ciddi düşünməlidirlər. Əks halda bağlanacaqlar. Onların potensialı mərkəzləşdirilmiş qaydada genişləndiriləcək».
İslahat yolları
Mədəniyyət və Turizm Nazirliyinin kitabxanaçılıq sektorunun müdiri Lətif Məmmədov «Region plus»a bildirib ki, ölkə kitabxanalarının yenidənqurulması ağır zəhmət tələb edir. «Azərbaycanda fəaliyyət göstərən kitabxanalar sisteminə çoxsaylı kitabxana tipləri və növləri daxildir. Həcminə görə onların ən irisi M.F.Axundov adına Milli Kitabxanadır».
İkinci önəmli kitabxana isə Milli Elmlər Akademiyasının elmi kitabxanasıdır. Bununla yanaşı, müxtəlif dövlət idarələrinin, nazirliklərin, idarələrin, tədris müəssisələrinin və elmi qurumların kitabxanaları var. Siyasi partiyalar və birləşmələr, qeyri-hökumət təşkilatları da kitabxanalara malikdirlər. Azadlıqdan məhrumetmə müəssisələrinin də xüsusi qapalı kitabxanaları var.
«Azərbaycan ərazisində xarici dövlətlər tərəfindən maliyyələşdirilən kitabxanalar, səfirliklərin və müxtəlif xeyriyyə qurumlarının kitabxanaları fəaliyyət göstərir. Başqa tərəfindən isə əvvəllər daha hörmətli sayılan bəzi kitabxana şəbəkələri öz fəaliyyətini dayandırıb. Məsələn, Sov. İKP-nin siyasi təbliğat evlərinin və kabinetlərinin kitabxana şəbəkəsinin işi dayanıb. Bir çox həmkarlar təşkilatlarına məxsus kitabxanalar işini məhdudlaşdırıb. Sənaye, nəqliyyat və rabitə sahəsində vaxtilə mövcud olmuş sahə kitabxanaları da yoxa çıxıb.
Mədəniyyət və Turizm Nazirliyinin tabeiliyində olan kütləvi kitabxanalar şəbəkəsi isə daha geniş və çoxşaxəlidir. Ona görə də bu məsələdə başlıca diqqət məhz bu kitabxanalara veriləcək.
«Ali və orta ixtisas təhsili sahələrinə aid olan kitabxanalar xüsusi sistem formalaşdırır. Bunlar universitetlərin, akademiyaların, institutların və kolleclərin kitabxanalarıdır. Məktəblər, liseylər və gimnaziyaların daxil olduğu ümumitəhsil sistemində də çox sayda kitabxana fəaliyyət göstərir.
Regionlarda, həmçinin məcburi köçkünlərin məskunlaşdığı düşərgələrdə kitabxanalar çox pis təchiz edilib. Həmin kitabxanaların istifadəçiləri erməni təcavüzü nəticəsində əvəzsiz itirilmiş böyük irsdən məhrüm olublar. Hazırda kitabxanaların çoxunda kitab fondu oxucu marağına uyğun deyil, əvvəlki komplektləşdirmə sistemi dağılıb və yenisi də yaranmayıb. Bunun nəticəsidir ki, fonddan az-çox xəbəri olan oxucular sadəcə müasir ədəbiyyat sifariş etmirlər, çünki əvvəlcədən bilirlər ki, həmin kitablar yoxdur.
Bununla yanaşı, cəmiyyətdə kitabxanaların rolu azalmır, əksinə artmaqdadır. Bu, ilk öncə keçmiş sovet kitab nəşri sisteminin çökməsi və onun nüfuzunun azalması üzündən baş verir. Həmçinin nəşr olunan yeni məhsulların qiymətinin həddindən yüksək olması və insanların çoxunun dövri nəşrlərə yazılma imkanında olmaması da burada rol oynayır. Buna təsir edən üçüncü amil isə ölkədə kitab bazarının formalaşmaması üzündən pərakəndə satış şəbəkəsində lazımi kitabların olmamasıdır. Dördüncü amil isə təhsil müəssisələrində yeni proqram və fənlərin tədris edilməsinə baxmayaraq, onların çağdaş ədəbiyyatla təchiz edilməməsidir»,- deyə L.Məmmədova bildirir.
Avtomatlaşdırma kitabxanaların gələcəyidir
L.Məmmədovanın sözlərinə görə, məsələnin kökündə yeni tələblərin kitabxana işində yeni texnologiyaları vacib etməsi dayanır. Oxucuların tələbləri dəyişib və bir çox kitabxanalar onları yerinə yetirmək imkanında deyil. Ancaq cəmiyyətdə kitabxana-informasiya texnologiyalarının inkişaf etdirilməsi heç də sadə məsələ sayılmır.
Baxmayaraq ki kompyuterləşmə, internetləşmə, rəqəmsal texnologiyalar ölkə üzrə müəyyən səviyyə qazanıb, amma təəssüf ki, onlar kitabxana işində çox az yer tutur. «Bizim kitabxanaların yeganə üstün cəhəti onların pulsuz istifadəyə açıq olmasıdır. Ancaq bu gün bir gerçəyi də vurğulamaq gərəkdir ki, kitabxanalar bağlanmağa başlayıb və bu, təxirəsalınmaz qərarlar qəbul etməyi vacib edir, yəni artıq böhran vəziyyətidir.
Artıq Azərbaycanda çağdaş standartlara uyğun şəkildə kitabxana işinin inkişafı və onun beynəlxalq kitabxana sisteminə inteqrasiyası üçün perspektiv proqram tədbirlərinin tətbiqinin vaxtı çatıb. Biz əminik ki, kitabxanaların işinə yeni yanaşmalar onların funksiyaları barədə nəzəri təsəvvürlərin dəyişdirilməsi, informasiya fəaliyyətinin idarəedilməsinə və hüquqi tənzimlənməsinə baxışların dəyişməsi ilə müşayiət olunacaq», - deyə L.Məmmədova vurğulayır.
Bununla yanaşı kitabxanaçıların özləri barədə də yeni tələblər ortaya çıxır. İlk növbədə onların maaşları qaldırılmalıdır. Həm də kitabxanaçı yeni sosial qruplarla, oxucuların yeni maraqları ilə işləməyi bacarmalıdır. Yəni kitabxanaçı kompyuter işini bilməli, xarici dilləri öyrənməlidir, çünki bunlar praktikada kitabxanaçıya çox lazım olur.
«Ancaq təəssüf olsun ki, bizim kitabxanaçılar əsasən fonddan kitab verməklə məşğul olurlar. İnkişaf etmiş ölkələrin kitabxanalarında isə kompyuter texnologiyalarının istifadəsi ilə gerçəkləşdirilən informasiya xidmətləri daha üstünlük təşkil edir. Kitabxanaçılar isə İnternet məlumatlarına əsaslanan faktoqrafik göstəricilərdən istifadə edirlər. Avtomatlaşdırma bugünkü Azərbaycan kitabxanalarının ən zəif yeridir. Bəllidir ki, hər beş ildən bir əldə edilən məlumat və biliklərin həcmi iki dəfə artır.
Bu axına uyğunlaşmaq getdikcə daha da mürəkkəbləşir. Məlumatın saxlanılmasında, emalında və təqdimatında yeni texnologiyaların tətbiqi olmadan sadəcə keçinmək mümkün deyil. Buna görə də avtomatlaşdırma kitabxanaların işinin inkişafında başlıca prioritet istiqamətlərdən olmalıdır. Çağdaş kitabxanalarda UD fondları yaradılmalıdır.
Digər tərəfdən, bizim ölkədə məsələ yalnız kitabxanaların sayının və uyğun olaraq kitabxana xidmətinin əlçatarlağının azalması ilə bitməyib, həm də məcmu kitabxana fondunun azalması nəticəsində işləyən kitabxanalarda informasiya sayının da azalması müşahidə edilir. Faktik olaraq, kitabxanalararası abunə (KAA) sistemi ləğv edilib. Bir çox kitabxanalarda yeni məhsullar ya tamam yoxdur, ya da qismən təmin edilib»,- deyə L.Məmmədova bildirir.
Bununla yanaşı, kitabxana sahəsində, bir çox yerli mütəxəssislərin fikrincə, Azərbaycanda kitabxana işinin inkişafına tez-tez əlifbaların dəyişidirilməsi də mənfi təsir göstərir. Ərəb əlifbasının latına, sonra latının kirilə, kirilin isə yenidən latına keçirilməsi xalqın kitab və kitabxana mədəniyyətinə, kitabxanaların böyük kitab toplularına ciddi zərər vurub.
Əlifbaların dəyişdirilməsi əvvəlki əlifba ilə olan nəşr məhsullarının məhv edilməsi ilə müşayiət olunub. Bir faktı da unutmaq olmaz ki, məhz kitabxanaların hesabına bizim xalqın indiki və gələcək nəsilləri üçün xalqın ümumbəşəri mədəniyyət və intelektual fikir nailiyyətlərini əks etdirən çoxsaylı sənədləşdirilmiş bilikləri, informasiya resurslarını qoruyub-saxlamaq mümkün olub.
1992-ci ildən başlayaraq Azərbaycanda mərhələli şəkildə kirildən latın əlifbasına keçid gerçəkləşdirilir. Bununla yanaşı, çağdaş Azərbaycanın kitabxanalarında kirildə çap edilmiş 150 milyon ədəd nəşr məhsulu var. Bütün bunlar cəmiyyətin nəhəng informasiya potensialı deməkdir, milli nailiyyət göstəricisidir və hələ uzun müddət bizim xalqın intellektual potensialının artmasına xidmət göstərəcək.
MƏSLƏHƏT GÖR: