24 Noyabr 2024

Bazar, 22:01

SİRK TAMAŞASI

Ölkənin tikinti biznesində fəaliyyət göstərən iş sahibləri elementar təhlükəsizlik tələblərini yerinə yetirmirlər

Müəllif:

15.08.2008

Bu məqaləni yazmaq üçün material yetərincədir - hər gün memarlıq baxımından əhəmiyyətli sayılan binalarda bərpa işləri aparılması üçün quraşdırılmış metal şəbəkələrin üzərində səviyyədən-səviyyəyə tullanan və heç bir sığortası olmayan fəhlələrlə rastlaşmaq mümkündür. Yəni insan öz mənzilində və ya ofisində oturan yerdə birdən gözləri beşinci mərtəbənin pəncərəsinin önündə, metal atmanın üzərində rahatca oturaraq heç nə olmamış kimi bulka yeyib, şirə içən insanlara sataşır. Adətən, fəhlələr bu cür istirahətdən sonra yenidən «alpinist»liyə başlayırlar və insan bədənindən ağır ola bilən yükləri primitiv üsulla yuxarı dartırlar. Bunları müşahidə edəndə adamın sümüyü üşənir. Yüksəkmərtəbəli binaların tikintisində də vəziyyət təxminən eynidir. 

Hamıya bəllidir ki, tikinti firmaları bərpa və tikinti işləri görən zaman iş üçün tutduqları fəhlələri ən elementar ləvazimatlarla - kaska və təhlükəsizlik kəməri ilə təmin etmirlər. Xüsusi təhlükəsizlik ləvazimatından isə danışmağa dəyməz. Bu da ki, şübhəsiz, inşaatçı peşəsini risklilər sırasına salır. 

Bakı tikintilərində baş verən faciələr barədə xəbərləri hər gün eşidirik. Rəsmi statistika da aparılır. Amma heç kimdən də gizli deyil ki, tikinti şirkətləri və firmaları çox vaxt istehsalat zədələri və qəzaları barədə susmağa üstünlük verirlər. İşçilərin rəsmiləşdirilmədən çalışması da onlara bu imkanı yaradır.  

 

Qanunu iş sahibləri pozurlar

Tikinti meydanlarında baş verən faciəli hadisələrin sayının artmasının əsas səbəblərindən biri fəhlələrin hüquqlarının pozulmasıdır. Fəhlələr iş yerlərini itirməkdən qorxduqlarına görə həyat və sağlamlıqları üçün təhlükə yaradan vəziyyətlərlə razılaşmalı olurlar. Eyni zamanda bu sahədə son zamanlar qeyri-peşəkar, ən adi texniki təhlükəsizlik qaydalarından xəbərsiz olan yeni işçilərin sayının artması da müşahidə edilir.   

Yeni tikilən binaların əksəriyyətində təhlükəsizlik normalarına riayət edilməməsini adi gözlə də müşahidə etmək mümkündür. Binalar həddindən yüksək sürətlə tikilir və bu tələskənlik fonunda tikinti şirkətlərinin əksəriyyəti bütün norma və qaydaları qulaqardına vururlar.  Yüksək mərtəbələrin lap kənarında özünü təhlükəyə ataraq ölümcül trük şəraitində işləyən adamlara hər adam rahat baxa bilmir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  Dövlət Əmək Müfəttişliyindən (DƏM) verilən məlumata görə, adamlar əmək hüquqlarının pozulması barədə şikayətləri yalnız obyekti tərk etdikdən sonra edirlər, iş zamanı isə əmək haqlarını ala bilməyəcəklərindən qorxaraq bunu etmirlər. Hazırda DƏM fəhlələrin əmək hüquqlarının pozulması hallarının azalmasına çalışır. Bununla yanaşı, Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilərək, Əmək Məcəlləsinin müxtəlif pozuntularına görə, cərimələrin həcmini artırmaq nəzərdə tutulub. 

O cümlədən, işə götürənlə fiziki şəxs arasında əmək sazişi olmadıqda vəzifəli şəxslər 3 min manatdan 5 min manata kimi cərimə olunurlar, hüquqi şəxslərə qarşı tətbiq edilən cərimələr isə 20 min mantadan 25 min manata kimi dəyişir. Mülki və təşkilati-hüquqi formasından asılı olaraq müəssisə, idarə və təşkilatlar attestasiya keçirilməsi qaydalarını pozmağa görə 700 manatdan 1200 manata qədər cərimə olunurlar. 

İşçilərin əmək haqları qanunla nəzərdə tutulmuş minimal əmək haqqı göstəricisindən aşağı olduqda, vəzifəli şəxslər  1-1,5 min manat arasında cərimə olunurlar. Əməkdaşın əmək kitabçasının qeydiyyat qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manata qədər cərimə edilirlər. Fərdi icazə olmadan xarici vətəndaşı və ya vətəndaşlağı olmayan şəxsi işə cəlb etməyə görə cərimələr 30 min manatdan 35 min manata qədər təşkil edə bilər. 

DƏM-də qeyd edilib ki, məcəlləyə dəyişikliklər Azərbaycan prezidenti İlham Əliyevin 7 dekabr 2007-ci il tarixli «İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» sərəncamı əsasında gerçəkləşdirilib. Prezident iş sahiblərinə qarşı cərimə sanksiyalarının sərtləşdirilməsi barədə təklifi Bakıda yeni tikilən binanın uçması ilə bağlı  etmişdi.

Ancaq buna baxmayaraq, Bakının tikinti meydanlarında fəhlələrin qəza nəticəsində ölməsi hələ də müşahidə edilir. DƏM-in məlumatına görə, ilin əvvəlindən istehsalat sahələrində 126 bədbəxt hadisə qeydə alınıb və bunların nəticəsində 21 adam həlak olub. Tikintilərdə təhlükəsizlik normalarına riayət olunmaması üzündən isə səkkiz fəhlə dünyasını dəyişib. Onların çoxu yüksək mərtəbələrdən yıxılaraq həyatlarını itirib. 

 

Aparılmayan  statistika 

«Göründüyü kimi, əmək qanunvericiliyinin və işçi hüquqlarının yerinə yetirilməsi üzrə bütün məsuliyyəti iş sahiblərinin öhdəsinə düşür. Mütəmadi olaraq yoxlama aparırıq, yalnız bu yolla istehsalat və tikinti sahələrində bədbəxt hadisələrin sayını azalda bilərik. İlin başlanğıcından DƏM 638 müssisədə yoxlama aparıb, onların 255-i dövlət, 383-ü özəl müəssisə olub. Həmin müddət ərzində əmək hüquqlarının pozulmasına görə 17309 manat olan kompensasiya ödənişi təmin edilib». 

ƏƏSMN müfəttişi Səfər Muradov bildirib ki, yalnız 2008-ci ilin ilk 6 ayında iş sahiblərinə 450 xəbərdarlıq edilib. «Bizim qeydlərin əksəriyyəti yerinə yetirilib, indi həmin yerlərdə əmək mühafizəsi normalarına riayət olunur», - deyə o vurğulayır. Hələ ki müfəssəl yoxlamalar yalnız paytaxtın tikinti meydanlarında aparılır. Ancaq ƏƏSMN müfəttişləri əmin edirlər ki, yaxın zamanlarda onların fəaliyyət coğrafiyası yetərincə genişlənəcək və ölkənin regionlarında yerləşən minə yaxın tikintiyə nəzarət təmin ediləcək. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) təmsilçisi Orucəli Hacıyev isə bildirib ki,  fəhlə ölümlərinin və kobud pozuntuların artması səbəbindən Bakıda tikinti şirkətlərinin üzərində nəzarət artıq çoxdan sərtləşdirilib. «Tikinti meydançalarının 70 faizindən çoxunda elementar texniki təhlükəsizlik normaları təmin edilmir. Statistik məlumatlara görə,  yalnız keçən il və bu ilin əvvəlində tikintilərdə bədbəxt hadisə nəticəsində 70-ə yaxın fəhlə həlak olub. İşçilər kaska geyinmirlər, yuxarı mərtəbələrdə təhlükəsizlik kəməri olmadan işləyirlər, əksəriyyətinin tibbi sağlamlıq  sənədi və peşə hazırlığı yoxdur. Tikintilərdə bir az pul qazanmaq üçün tələbələr və hətta yaşlı insanlar da işləyirlər. İş adamları çox qazanmaq üçün ucuz fəhlə qüvvəsi cəlb edirlər və vətəndaşların həyatını təhlükə qarşısında qoyurlar»,- deyə o vurğulayıb. 

Ancaq bəzi faciəli hadisələrdə tikintidə başlıca məsələnin təhlükəsizlik olduğunu anlamayan fəhlələrin özləri də günahkardır. Fəhlələr dəqiq başa düşməlidirlər ki, kaska və təhlükəsizlik kəməri olmadan tikinti meydanına çıxmaq olmaz.

«Hər bir işçini nəzarətdə saxlamaq mümkün deyil. Biz anlamalıyıq ki, təhlükəsizliyimiz öz əlimizdədir»,- deyə «Region plus»la söhbətində fəhlələrin biri bildirib. Ancaq metronun «İçərişəhər» stansiyasının ətrafında bərpa işləri ilə məşğul olan bir fəhlənin dediyinə görə, iş sahibi onlara xüsusi geyim verməkdən imtina edib, buna pulu çatmadığını söyləyib. 

Tikinti sahəsi ekspertləri hesab edirlər ki, iş sahibləri tərəfindən təhlükəsizlik normalarının yerinə yetirilməməsinə görə cərimələr daha kəskin olmalıdır. Ölkədə elə qanunlar qəbul edilməlidir ki, sahibkar əmək mühafizəsi məsələsi ilə məşğul olmağa iqtisadi baxımdan maraqlı olsun, səhlənkarlığa görə böyük vəsaitlər ödəmək istəməsin.   

 


MƏSLƏHƏT GÖR:

456