
ÇİNGİZXAN
Onun iyirmi ilədək apardığı fasiləsiz müharibələr dünyada iki əsrədək çəkən sülh ilə nəticələnmişdi
Müəllif: Arif HÜSEYNOV Bakı
Qədim Dünyanın xəritəsinə baxanda iki sivilizasiya qütbü - Şərqdə Çin və Hindistan, Qərbdə isə yunan və roman dünyası arasında türk-monqol xalqlarının məskunlaşdığı uzun ərazi zolağı diqqəti çəkir. Monqol tayfaları indiki kimi 12-ci əsrdə də maldarlıqla və vəhşi heyvan ovu ilə məşğul idilər. Onlar keçə alaçıqlarda yaşayır, yeni-yeni otlaqlar axtarışı məqsədilə köçəri həyat sürürdülər. Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə - step aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər məmləkətlərindəki qullardan bir fərqi vardı: onları satmırdılar.
Monqolların çox böyük hörmət qazanmış bir başdagedənləri vardı. Onun adı Yesugey - bahadur idi. O, Temuçin adlı tatar qəbilə başçısı ilə müharibə etməli olmuşdu. Müharibəni qalibiyyətlə başa çatdıran və Temuçini əsir götürən Yesugey Onon çayının sahilindəki məskəninə qayıdanda baş hərəmi Oelun əkənin oğul doğduğunu ona xəbər vermişdilər. Sevincək ata oğlunu qucağına alanda körpənin bərk-bərk sıxdığı sağ ovucunda qırmızı daşa bənzər qan laxtası görmüşdü. Mövhumatçı ata tatarlarla müharibədə qələbə qazanmasını ilk övladının dünyaya gəlməsində gördüyündən, ona sərkərdə Temuçinin adını qoymuşdu. Temuçin 1155-ci ilin fevral ayında Onon çayının sahilindəki Delyun-Boldox adlı yerdə dünyaya gəlmişdi.
Temuçin 9 yaşında olanda atası onun üçün nişanlı axtarmaqdan ötrü onu uzaqda yaşayan qəbilələrin məskənlərinə aparmışdı. Bunun əsas səbəbi yaxın qohumlarla evlənməklə baş verə biləcək fizioloji fəsadların qarşısını qabaqcadan almaq idi. Ozamankı köçərilər yaxın qohumlardan qız almırdılar ki, eyni qan qohumluğu nəslin sağlamlığının pozulması ilə nəticələnər. Onlar yolda Yesugeyi yaxşı tanıyan digər qəbilə başçısı ilə rastlaşmışdılar. Həmin qəbilə başçısı Temuçinin atası Yesugeyin hansı məramla bu yerlərə gəldiyini biləndən sonra demişdi: «Mənim Borte adlı gözəl bir qızım var, gedək onu sizə göstərim. Əgər bəyənsəniz qohum olarıq. Bir də ki bu gecə yuxuda sizin nəslinizin bayrağını görmüşəm. Mənə elə gəlir ki bu, yaxşı əlamətdir». Valideynlər övladlarının bir-birinə yaraşdığını bildirəndən sonra onları nişanladılar və qərara gəldilər ki, 14-17 yaşına çatmalarını gözləsinlər. Lakin geri qayıdarkən Yesugeyin qarşısına çıxan tatarlar öz məkrli hərəkətlərini həyata keçirmək üçün hiylə işlədib onları qonaq apardılar. Ziyafət zamanı Yesugeyin yeməyinə tədricən təsir göstərən zəhər qatıb ona verdilər. Yesugey evə qayıdandan bir müddət sonra vəfat etdi. Temuçin anası və iki qardaşı ilə birlikdə kimsəsiz qaldı. Yesugey - bahadurun tabeliyində olan adamlar varis Temuçinin azyaşlı olmasından sui-istifadə edərək, ona tabe olmayacaqlarını bildirdilər. Həmin qəbilə başçıları Temuçinin anasını və uşaqlarını atıb getdilər. Bu, az imiş kimi, başsız qalmış ailənin mal-qarasını da sürüb apardılar. Ailə üzvləri bir neçə il çöllərdə, meşələrdə sərgərdan həyat sürməli oldular.
Temuçinin anası Oelun əkə çox ağıllı qadın idi. O, böyük oğlu Temuçini inandırmağa çalışırdı ki, onun düşdüyü ağır vəziyyət müvəqqətidir, bir qədər böyüyəndən sonra ailəyə əvvəlki şan-şöhrətini qaytara biləcək. Atasının ölümündə günahkar olan tatarlardan və habelə Yesugeyin ölümündən sonra onları tənha qoyub qaçan yaxın adamlardan qisas alacaq. Temuçin anasının sözlərindən ruhlanır və öz böyük gələcəyi barədə düşünürdü. Boy-buxunlu, pəhləvan cüssəli, iti baxışlı gəncə çevrilmiş Temuçin öz düşmənlərini qorxuya salmışdı. Onlar Temuçini aradan götürmək barədə düşünür və buna uğursuz cəhdlər də edirdilər. Temuçinin xarakteri getdikcə möhkəmlənirdi. Onu incitmək istəyənləri cəzalandırmaq iqtidarında idi. Doğrudur, hələ ki var-dövlət sahibi deyildi, yalnız bir-iki nəfər qolu güclü tərəfdarı var idi. Anası Oelun isə oğlunun hakimiyyətə qayıtması yolunda çox iş gördü. Yesugeyin vaxtilə böyük ordusunun sadiq döyüşçülərini Temuçini özlərinin başçısı görmək istəməyən qəbilə başçılarını yola gətirmək üçün onların yanına göndərmişdi. Nəticədə vassalların yarıdan çoxu tərəddüd etsələr də, hər halda, Temuçinə sadiq olduqlarını bildirmişdilər. Temuçin bu tərəfdarlarının köməyi sayəsində güclü hərbi dəstələr yaratmaq istəyinə nail olmaqda idi. Mənən və cismən yetkinləşmiş Temuçin evlənmək qərarına gəldi. Qardaşları ilə birlikdə atası Yesugeyin vaxtilə onu nişanladığı Bortegilə getdi. Gənclərin nikahı baş tutdu. Borte Temuçinə toy cehizi olaraq qara samur dərisindən tikilmiş kürk bağışladı. Gəlinin bu cehizi varlı olmayan Temuçin üçün əsl var-dövlət idi. Bundan ruhlanan Temuçin vaxtilə atası Yesugey-bahadurla qardaşlıq etmiş Toğrul xanla dostluq əlaqələri yaratmaq qərarına gəldi. Həmin vaxtlar Toğrul xanın tabeliyində olan qəbilələr böyük torpaq ərazilərinə sahiblik edirdilər. Temuçin qardaşlarının müşayiəti ilə qüdrətli Toğrul xanın iqamətgahına getdi. Mərhum atası Yesugeylə qardaşlıq dövrlərini xanın yadına saldı və xahiş etdi ki, onu oğulluğa götürməsinə razılıq versin. Sonra da xana cavan arvadının cehizini - qara samur dərisindən tikilmiş kürkü bağışladı. Toğrul xan gəncin bu hərəkətindən məmnunluq hissi duyduğunu dilə gətirdi və Temuçini oğulluğa götürməyə razılıq verdi. Həm də bildirdi ki, lazımi anda Temuçinə hər cür yardım göstərməyə hazırdır.
Temuçin evlənəndən bir qədər sonra şimalda yaşayan merkit qəbiləsinin qoşun dəstələri onun köçəbəsinə basqın etdi. Basqınçılar bahadur Yesugeyin qatı düşmənləri idilər. Çünki Yesugey on səkkiz il öncə merkitlərin qəbilə başçısının arvadı Oelun əkəni qaçıraraq özünə baş hərəm etmişdi. Oelun əkə, yuxarıda deyildiyi kimi, bir müddət sonra Temuçini doğmuşdu. Basqın çox gözlənilməz olduğundan, Temuçin əsir düşməkdən yaxasını birtəhər qurtara bilmiş, lakin arvadı Borte əsir alınmışdı. Bir müddətdən sonra Temuçin onu oğulluğa götürmüş Toğrul xanın yardımı ilə arvadını geri almağa müvəffəq olmuşdu. Temuçin arvadı Bortenin əsirlikdən sonra doğduğu ilk övladının məhz onun oğlu olmasına şübhə ilə yanaşırdı. Buna görə də Temuçin Uuçi adlı oğluna soyuq münasibət göstərirdi, lakin arvadı Borteni dərin məhəbbətlə sevirdi.
Özünün şanlı keçmişi ilə həmişə fəxr edən monqol xalqında belə bir inanc vardı ki, vaxt gələcək və monqol xalqının keçmiş şöhrətini özünə qaytara biləcək rəhbər peyda olacaq, bütün monqol qəbilələrini birləşdirəcək və xalqın düşmənlərindən qisas alacaqdır. Qəbilə başçıları və çöl aristokratları öz adamları ilə Temuçinin yanına axışırdılar. Gələnlərin əksəriyyəti Temuçinin şəxsində çöl bahaduru idealını görürdü. Getdikcə aydın olurdu ki, Temuçin bütün Monqolustanda hakimiyyəti əlinə alacaqdır. Buna görə də hakimiyyətə göz dikən digər qəbilə başçıları Temuçinə qarşı birləşməkdə idilər. Temuçinin ən təhlükəli düşmənləri tayciutlarla ittifaq yaratmış merkitlər sayılırdılar. Temuçin onu oğulluğa götürmüş Van-xanın köməyi ilə merkitləri darmadağın etdi.
1202-ci ildə Temuçinin özünün tatarlara qarşı döyüşləri qələbə ilə qurtardı. Temuçinin hərbi uğurları ona ideal çöl hakimi reputasiyası qazandırmışdı. Bu,vaxtilə ona yardım göstərmiş Kerait xanı Toğrulun (Van xanın) xoşuna gəlmədiyindən, aralarında düşmənçilik yaranmışdı. 1203-cü ildə sabiq müttəffiqlər arasında başlayan müharibədə Temuçinin qoşunları Van xanın qoşunlarını darmadağın etmişdi. Bu qələbədən sonra Temuçinin torpaqları genişlənərək nayman torpaqlarına çox yaxınlaşmışdı. Nayman xanı Kuçluk Temuçinin yeganə qatı düşməni olaraq qalırdı. Naymanların güclü qoşunu vardı. Buna baxmayaraq, Temuçinin qoşunları 1204-cü ilin payızında naymanları və onların müttəfiqlərini məğlubiyyətə uğratdı. Nayman xanı Kuçluk İrtış çayına tərəf qaçaraq canını bir təhər qurtara bildi. Naymanların müttəfiqi sayılan Merkit xanı Toxtabəy də onunla birlikdə aradan çıxdı. Bu qələbələrdən sonra bütün Monqolustanda Temuçinin hakimiyyəti bərqərar oldu. Monqol qəbilə başçılarının çoxu öz iclaslarına toplaşaraq Temuçinin xaqan elan edilməsi vaxtının çatdığını bildirdilər. Qanunçuluğa dərindən hörmət edən Temuçin xaqan adının rəsmiləşdirilməsi üçün 1206-cı ildə bütün monqol aristokratiyası nümayəndələrinin iştirakı ilə qurultay çağırılmasını lazım bildi. Onon çayının sağ sahilində təntənəli şəraitdə keçən qurultayda Temuçin rəsmi olaraq İlahi Çingizxan adı ilə xaqan - yer üzünün Şahlar şahı elan edildi (Çingiz sözünün mənası bütün xalqların böyük xaqanı deməkdir). Beləliklə də başda Çingizxan olmaqla monqol dövləti yarandı.
Çingizxanın və yaxın varislərinin vaxtında monqollar hələ ki bütpərəst idilər. Çox sonralar onlar Şərqdə lamaizmi, Qərbdə islamı qəbul etdilər. Çingizxanın yaratdığı dövlətin əsasını həm də din təşkil edirdi. Lakin məzhəb rəsmi olaraq elan edilməmişdi. Dövlət qulluğunda olanlar arasında hər cür məzhəbə - şamanlığa, buddistliyə, müsəlmanlığa, xristianlığa aidiyyətlilər vardı. Çingizxan istəyirdi ki, onun sədaqətli təbəələri özlərinin Ali Varlığa tabeliklərini dərindən hiss etsinlər, başqa sözlə, özlərinin etiqad etdikləri dinlərdən asılı olmayaraq, dindar olsunlar. Çingizin Yasasının (yəni konstitusiyasının) birinci maddəsində deyilir: «Buyururuq ki, hamı Tək bir Allaha - Yeri və Göyü yaradana, sərvət, həyat, ölüm fərmanı verənə, bütün məsələlərdə böyük qüdrət sahibinə iman gətirsin». Bu, Böyük xaqanın öz təbəələri arasında dini ayrı-seçkiliyə yol verməmək istəyindən irəli gəlirdi. Çingizxan bütün monqol qəbilələrini bir xalq kimi birləşdirəndən sonra əsas məqsədi imperiyanın bütövlüyünü qoruya bilən silahlı qüvvələr yaratmaq idi. Xaqanın ikinci məqsədi imperiyanın mülki idarəçiliyinə nail olmaqla sonuclanırdı. Bu isə həddindən artıq ağır iş idi. Ona görə ki, monqollar ibtidai mədəniyyət pilləsində idilər. Çingizxanın özü isə monqol dilindən savayı başqa dil bilmirdi. İmperiyanın öz yazısı da yox idi. Çingizxan bu məsələdə böyük mədəniyyəti və yazısı olan uyğurlardan öyrənməyə üstünlük verirdi. O öz itaətində olan qədim mədəni xalqlardan, məsələn, çinlilərdən də istifadə edə bilərdi. Lakin uyğurları mədəniyyətin yüksəldilməsinə cəlb etməyə çalışmasının əsas səbəbi onların mənəviyyatca köçəri monqollara yaxınlığı idi.
Monqollar yazı-pozuya öyrəşəndən sonra məhz Çingizxanın uzaqgörənliyi sayəsində «Böyük Yasa» adlı qanunvericilik sənədi meydana gəlmişdi. Yasa iki böyük hissədən ibarət idi: «Bilik»dən və «Yasa»nın özündən. «Bilik»ə Çingizxanın özünün həkimanə fikirləri, bu və ya digər konkret hallara dair rəyləri salınmışdı. «Yasa»nın özü hərbi və mülki qanunlar toplusu idi, qanunları pozanlara qarşı cəza tədbirləri də bu sənəddə öz yerini almışdı. «Yasa» Çingizxanın xələfləri üçün də pozulmaz qanun olaraq qalmışdı. Monqollar arasında dava-dalaş halları olmurdu, möhkəm dostluq əlaqələri mövcud idi. Soyğunçuluq və oğurluq hallarına təsadüf edilmirdi. Oğurluq edənlərə qarşı sərt cəzalar nəzərdə tutulduğundan, monqollar üçün adi hal olan at oğurluğuna da son qoyulmuşdu. Çingizxan Avrasiyanın bir çox xalqlarını dövlətçiliyin əsasları, demokratiya, plüralizm, din azadlığı, qanuna tabeçilik, konstitusiyanın aliliyi prinsiplərini, hərb məharəti nəzəriyyəsi, proqressiv vergi sistemi, kontinentlərarası poçt rabitəsi məsələləri ilə tanış etmişdir. Çingizxan həm də öz-özünə tənzimlənən və inkişaf edən dövlət quruluşu yaratmışdı. Bu quruluşun mövcudluğu üçün daimi sərt nəzarət tələb olunmurdu, cəza tədbirlərinin həyata keçirilməsinə ehtiyac yox idi. Tamamilə savadsız olan, monqol dilindən savayı ayrı bir dil bilməyən Böyük Xaqan uyğur müəllimlərin köməyi ilə övladlarının savad almasına nail olmuşdu, monqol zadəgan uşaqlarının maariflənməsi üçün var qüvvəsi ilə çalışırdı.
Çingizxanın və nəsillərinin istedadlı və döyüşkən nümayəndələrinin sayəsində Sakit okeandan Dunay çayına və Şimal Buzlu okeanından Cənubi Qafqaza qədər Monqol İmperiyası yaranmışdı. İtalyan səyyahı Marko Polonun yazdığına görə, Monqol İmperiyası zəngin ölkə idi. İnkişaf etmiş sənayesi vardı, yaxşı avadanlaqlaşdırılmış emalatxanaları fəaliyyət göstərirdi, şaxtalarından kömür və filiz çıxarılırdı, bərəkətli tarlalarından bol məhsul götürülürdü. Xubilay xanın dövründə kağız pullar və digər qiymətli kağızlar buraxılmağa başlanmışdı, müasir kreditləşdirmə sisteminin əsası qoyulmuşdu. Marko Polo ipək və makaron istehsalının sirlərini öyrənməklə yanaşı, Venetsiyaya qiymətli kağızlar - veksellər buraxılışı ideyasını da aparmışdı. Beləliklə də Avropanın və bütün dünyanın veksel buraxılışı ilə tanışlığının əsası qoyulmuşdu. Gəncliyində ancaq ovçuluqla və heyvanlara qulluq etməklə məşğul olmuş bu maldar kəs onlarca orduya qalib gəlmiş, bir çox dövləti öz itaətinə almışdı. Heç bir vaxt şəhər görməmiş bu savadsız köçəri əllidən artıq xalq üçün qanunlar hazırlamışdı. Çingizxanın müasiri olmuş fransız tarixçisi Cuenvil deyirdi ki, «Çingizxan sülh yaradıcısı olmuşdur». Başqa alimlər də bu fikrə tərəfdar çıxmışlar. Doğrudan, Çingizxanın iyirmi ilədək apardığı fasiləsiz müharibələr dünyada iki əsrədək çəkən sülh ilə nəticələnmişdi.
Çingizxan bütün ömrüboyu müharibələr aparmış və özünün qatı düşməni olan Tanqut dövlətinin başçısı Tanqut xanın məhvi üçün 1227-ci ildə başladığı ikinci hərbi yürüşdə düşmənə sarsıdıcı zərbə endirdikdən sonra 72 yaşında vəfat etmişdir. Onun qəbrinin müasir Çin ərazisindəki keçilməz qayalıqlarda olması güman olunur. Monqollar inanırlar ki, Çingizxan ölməmişdir, dərin yuxuya getmişdir. O, XXII əsrin sonunda yuxudan ayılacaqdır.
MƏSLƏHƏT GÖR: