
BÖHRANDAN UZAQ SİSTEM
İ. Varde: “Dünyada bir maliyyə böhranı yaşandığını nəzərə alsaq, Qərb maliyyə qurumlarının islam modelinə üz tutduğunu görürük”
Müəllif:
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin dəvəti ilə akademiyanın yay məktəbində mühazirə demək üçün Bakıda olan ABŞ-ın Tavt Universitetinin Hüquq və Diplomatiya Məktəbinin professoru İbrahim Varde “Region+” jurnalına eksklüziv müsahibəsində islam dinindən, konkret desək, islamda maliyyə məsələlərindən danışıb.
- Niyə məhz islam dini ilə bağlı araşdırmalar aparırsınız, sizi bu dində cəlb edən nədir?
- İslam bir fəlsəfədir. Ondan qaçmaq olmur. İslamda insanlar ifrata varmamağa çağırılır. Bu çox gözəldir. Təbii ki, islamın öyrənilməsində çatışmayan cəhətlər də var. Səbəbi odur ki, islamı öyrənmə fokusunu məqsədyönlü şəkildə daha çox çirkin, mənfi istiqamətə yönəldirlər. Başqa dinlərdən, o cümlədən xristian dinindən fərqli olaraq islamda maliyyə əsas rol oynayır. Mən də islam maliyyəsini araşdırmaqla məşğulam. İslam aləmində istifadə edilən Murabaha, Mudara kimi maliyyə formaları var və əslində, bunlar bir növ bank rolunu oynayır, yəni kreditlə pul verirlər. Əslində, islamda faizlə pul vermək haram sayılır. Amma onlar ayaqüstə qalmaq üçün müəyyən gəlir əldə etməlidir. İslam maliyyəsində müəyyən sərhədlər var. Amma təəssüf ki, bəzən islam dini ilə bağlı maliyyə məsələlərində elə islamın öz qaydalarına tam əməl edilmir. Məncə, islamın tələb etdiyi qaydalara əməl olunarsa, bu, dinin Qərbdə daha yaxşı imic yaratmasına gətirib çıxarar. Ümumiyətlə, islam maliyyəsi böhrandan uzaq olan bir sistemidir. Bütün dünyada yaxşı mənəvi dəyərlər var, lakin bu dəyərlər itib, çünki dünyəviləşib. Mən islamın maliyyə tərəfi ilə məşğul olduğum üçün deyə bilərəm ki, İslam maliyyəsində ədalət, bərabərlik, eyni zamanda varlıdan kasıba vermək prinsipləri var. Bu da islama həm maliyyəsi, həm də dünya iqtisadiyyatı üçün müsbət bir imic yaradır. Bir də ümumilikdə islamda dünya iqtisadiyyatına müsbət baxış var. Yəni müsəlmançılıqda ticarətə, var-dövlətə pis bir şey kimi baxmırlar. Amma hər şeyin həddini müəyyənləşdirirlər. İqtisadiyyatın da, var-dövlətin də, ticarətin də, demək olar ki, müəyyən bir həddi olduğu göstərilir.
- İslam dininə, onun maliyyəsinə baxış, münasibət bütün müsəlman ölkələrində eynidirmi?
- İslam bütün müsəlman ölkələrində vacib bir faktordur. Amma hər bir müsəlman ölkəsinin həm islam dininin özünə, həm də dindəki maliyyə məsələlərinə özünəməxsus yanaşması var. Məsələn Səudiyyə Ərəbistanınıda, Körfəz ölkələrində, Azərbaycanda, Malaziyyada yanaşmalar fərqlidir. Bəzi ölkələrdə islam maliyyəsi daha dünyəvidir. Bəzi fundamentalist islam ölkələri də var ki, onlarda daha fərqli quruluş yaradırlar.
- Bəs Azərbaycanda islam maliyyəsi barədə nə deyərdiniz?
- Azərbaycanda islam maliyyəsi bir sıra xüsusi faktorlarla bağlıdır. Birincisi, Azərbaycan sosialist quruluşundan kapitalist quruluşuna keçib. Və bu qısa zaman ərzində Azərbaycanın islam maliyyəsi ilə bağlı hansısa narahatlıq doğuran problemi olmayıb. Azərbaycanın eyni zamanda neft və təbii sərvətlərlə zəngin olması nəticəsində burda xüsusi islam maliyyə sistemi yarana bilər. Azərbaycanda islam maliyyəsini müasirləşdirmək sistemi digər ölkələrdən geridədir. Azərbaycan Malaziya, Mərkəzi Asiya kimi ölkələrə baxıb onların səhvlərini təkrarlamamalıdır, islahatlar aparmalıdır. Azərbaycanda islamı daha müsbət, daha müasir din kimi göstərməyə imkan var.
- İslamın təbliği niyə bəzən yanlış istiqamətlərə yönəldilir? Və Qərbdə bu dinə qarşı mənfi imic formalaşdırılır...
- Bütün dinlərin müsbət və mənfi cəhətləri var. Mən fikirləşirəm ki, bütün dinlərin toqquşma nöqtələri, üst-üstə düşən nöqtələri var. Amma bu məsələdə, sözsüz ki, marağı olan qüvvələr var. Əlbəttə, islam daha çox mənfi cəhətlərlə izah olunur və təəssüf ki, terrorizmlə əlaqələndirilir. Düzdür, ümumilikdə islama qarşı pis stereotiplər, ümumiləşdirmələr var.
Amma onu da deyim ki, son dövrlərdə bir çox müsəlman ölkələrində var-dövlət, pul axını get-gedə daha da çoxalır. Və ümumiyyətlə dünyada bir maliyyə krizisi, böhran yaşandığını nəzərə alsaq, Qərb maliyyə qurumlarının islam modelinə üz tutmasını görürük. Çünki islam maliyyə sistemində müəyyən dini şərtlər, sədlər var. Bu isə Qərbdə islama qarşı inam yaradır. Mən fikirləşirəm ki, islam maliyyəyə və iqtisadiyyata etika və mənəvi dəyərlər gətirə bilər. Və ənənəvi maliyyə sisteminə baxsaq, orda pul gətirən nə varsa yaxşı qəbul olunur. Ancaq islam maliyyə sistemində gəlirlər mənəvi dəyərlərlə ölçülür. Yəni müəyyən şeylərə icazə verilmir. Məhdudiyyətlər qoyulur və bununla da idarəolunma asanlaşır. Bu çox yaxşı bir modeldir.
- Dinlər arasında nə vaxtsa toqquşma baş verəcəyi ilə bağlı məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- Bu cür informasiyaları, təəssüf ki, biz də eşidirik. Xüsusən, ABŞ-da belə insanlar çoxdur. Onlar, Samuel Hantinqtonun məşhur “Sivilizasiyaların toqquşması” analitik əsərindən sitat gətirsək, dünyaya dinlərin və sivilizasiyaların toqquşması məkanı kimi baxırlar. Amma yaxşı ki, bu ümumilikdə çoxluğun deyil, azlığın fikridir. Və bu fikirlərin indi dominant olduğunu düşünmürəm. Ən pis cəhət isə odur ki, insanlar bir şey haqqında çox danışarsa, onda bunun başvermə ehtimalı daha da arta bilər. Bu bir az narahat edir. Ümumiyyətlə, dünyada pis şeylərə meyillilik həmişə olub və olacaq da. Ona görə də, dinlərin toqquşması təhlükəsi həmişə aktualdır. Ən azından din həssas bir məsələdir. 11 Sentyabr hadisələrindən sonra dünyada baş verən proseslərə nəzər salsaq, görərik ki, dini ekstremizmi çox təbliğ edirlər. İnsanlar bu sahədə diqqətli olmalıdırlar. Elə təbliğat aparmaq lazımdır ki, insanlar dinin müsbət cəhətlərindən istifadə etsinlər, pis cəhətlətindən yox.
- İslamın terrorizmlə bağlanması fikrinə qarşı Azərbaycanda da etirazlar olur. Bu yanlış tendensiyaya nə vaxt son qoyulacaq?
- Məncə, bu ədalətsiz bir yanaşmadır. Yəni hər hansı bir dinin şərtlərinə baxsaq, hardasa zülmkarlığa, ekstremizmə çağıran cəhətlər tapmaq olar. Sadəcə, islam dininin bəzi tənqidçiləri belə göstərməyə çalışırlar ki, guya ancaq bu dində belə çağırışlar var. Halbuki başqa dinlərdə də fədakarlıq etmək çağırışları var. Və islamın tənqidçilərinin ən pis cəhəti bu çağırışları yalnız islama aid etmələridir.
MƏSLƏHƏT GÖR: