14 Mart 2025

Cümə, 22:36

ASTANA İŞİN ÇƏMİNİ TAPIB

“Kaşaqan” layihəsi üzrə kompromis əldə olunub

Müəllif:

15.08.2008

Qazaxıstan və xarici şirkətlər Xəzər dənizinin bu ölkəyə məxsus sektorunda yerləşmiş iri «Kaşaqan» yatağının işlənmə layihəsi üzrə, nəhayət ki, kompromis əldə edə biliblər. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinin rəsmi açıqlamasında bildirilib.

«Kompromis bütün sahələrdə əldə edilib. Hazırda müvafiq sənədlərin hüquqi rəsmiləşdirilməsi aparılır», - deyə Qazaxıstanın baş naziri Kərim Məsimov Astanada  Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi təmsilçisi Pyer Morellə görüş zamanı bildirib. 

Məsələnin həll detalları barədə məlumat verilmir. Hökumətin açıqlamasında yalnız o vurğulanır ki, görüşdə həmçinin tərəflər energetika və neft daşınması sahəsində qarşılıqlı əlaqə məsələsini də müzakirə ediblər. K.Məsimov Qazaxıstanın öz enerji ehtiyatlarının ixracı sahəsində çoxvektorluluq siyasətinə üstünlük verdiyini təsdiq edib. Və Avropa Şurasının neft daşınmasında cənub istiqamətinin inkişafı üzrə təşəbbüslərinə dəstək ifadə edib. 

Burada söhbət Rusiyadan yan keçməklə Uənubi Qafqazdan Avropa və Aralıq dənizi istiqamətində Avropa İttifaqının təkidlə lobbiləşdirdiyi boru kəmərlərinin çəkilməsi layihələrinin perspektivlərindən gedir. «P.Morel Qazaxıstanın karbohidrogen xammalının ixrac axınları üçün əlavə dəhlizlərin inkişafına yönəlmiş bu layihələrin irəliləməsində Qazaxıstanın əsas rolundan danışıb», - deyə mətbuat açıqlamasında bildirilir. 

Avropa təmsilçisinin Astanaya səfərini şərh edən yerli ekspertlər hesab edirlər ki, səfərin böyük ehtimalla xüsusi məqsədi olub. Onlar düşünür ki, Morel «Kaşaqan» üzrə uzunsürən danışıqlar nəticəsində əldə edilmiş anlaşmanı üzbəüz görüşlə möhkəmləndirməyi düşünüb. 

Belə bir fikir də var ki, layihənin iştirakçısı olan xarici şirkətlər öz mövqelərini Mərkəzi Asiyanın zəngin enerji resurslarını cəlb etmək üçün diplomatiyanı fəallaşdıran Brüssel və Vaşinqtonun təzyiqi altında yumşaldıblar. Qərbin bu addımı Avropa bazarlarını alternativ neft və qaz təchizatı mənbələri ilə təmin etməyə yönəlib.

«Eurasia.net»in müstəqil eksperti Coanna Lillis «Kaşaqan» ətrafındakı hadisələri şərh edərkən bildirir ki, Qazaxıstan hakimiyyəti ötən yüzilliyin 90-cı illərində bağlanmış müqavilələrdəki əlverişli şərtləri qorumağa can atan xarici sərmayəçilərə qarşı güzəştə getmək niyyətində deyil. Hazırda hökumət bir sıra müqavilələrin şərtlərini dəyişdirmək istədiyini açıq-aydın nümayiş etdirir və özü də bunu birtərəfli qaydada vurğulayır. 

Bir qədər əvvəl Qazaxıstanın Energetika və Təbii Qaynaqlar Nazirliyi iri «Kaşaqan» yatağının işlənməsini gerçəkləşdirən xarici sərmayəçilər konsorsiumu ilə yeni saziş bağlayıb. 

Sazişdə bildirilir ki, yataqda hasilatın başlanğıcı yenə təxirə salınır və 2013-cü ilə keçirilir. Başqa sözlə, ilkin neft ilk başdan planlaşdırılan müddətdən 8 il arxaya keçirilir. Bu müddət ilk öncə 2005-ci ildən 2008-ci ilə, daha sonra 2010-cu ilə keçirilmişdi. Bu ilin yanvarında isə layihənin istehsal səviyyəsinə çıxarılmasının müddəti 2011-ci ilə təyin edilmişdi. Yeni sazişə görə, Qazaxıstanın «KazMunayQaz» (KMQ) milli şirkəti «Kaşaqan»dakı payını xarici sərmayəçilərin hesabına iki dəfə artırıb.

KMQ-nin sövdələşmənin yekunu ilə bağlı verdiyi açıqlamada bildirilir ki, yeni saziş «dekabrda və yanvarda əldə edilmiş anlaşmaları yetərincə genişləndirir və layihənin gerçəkləşdirilməsinin davamı üçün yol açır. Yeni saziş iqtisadi şərtlərin önəmli dəyişməsilə yanaşı, həmçinin Qazaxıstan Respublikasını layihənin qrafikə uyğun şəkildə gerçəkləşdiriləcəyinə əmin edir».

Astana 2000-ci ildə açılmış və son 30 ildə ən iri sayılan «Kaşaqan» yatağında hasilatın başlama müddətinin daim gecikdirilməsindən kəskin narazı idi. Bəzi qiymətləndirmələrə görə, yataqda ehtiyat 13 milyard barrel neftə bərabərdir. 

Təxirəsalmalar ölkə hökumətinin neft və qaz hasilatını 2015-ci ilə kimi ildə 150 min ton səviyyəsində qaldırılaraq iki dəfə artırmaqla dünyanın on ən iri enerci resursu istehsalçıları sırasına çıxmaq planlarına mane olurdu. 

Yada salaq ki, «Kaşaqan» ətrafında vəziyyət 2007-ci ilin yayında layihənin gerçəkləşdirilməsində problemlər yaranan zaman kəskinləşmişdi. Layihənin operatoru olan «Eni» İtaliya şirkəti Qazaxıstan hökumətinə bildirmişdi ki, layihə sazişinin maliyyə və texniki şərtlərini yüngülvari dəyişdirmək niyyətindədir. Bu dəyişmələrdə sənaye hasilatının başlanğıcını 2008-ci ildən 2010-cu ilin birinci yarısına keçirmək və layihə üzrə xərcləri 57 milyard dollardan 136 milyard dollara qaldırmaq nəzərdə tutulurdu.

Təbii ki, Astananın öz nefti ilə dünya bazarına çıxmasına əngəl olan bu templər Qazaxıstan rəhbərliyini qane etmirdi. Qazaxıstanın Energetika Nazirliyi bununla bağlı kəskin bəyanat verərək işlərin qrafikinin pozulmasında konsorsiumun günahkar olduğunu bildirdi. Hökumət sərt sanksiyalar verəcəyini və sazişin ləğv edilə biləcəyini bəyan etdi.       

İki il qabaq isə hökumət ləngimələrə görə tərəfdaşlara qarşı anlayış göstərdi və hasilatın müddətinin uzadılması ilə razılaşdı. Ancaq bu dəfə həmin «tryuk»u təkrar etmək istəmədilər. 

Bu cür sürprizlərin olmaması üçün Qazaxıstan hökuməti layihə üzrə təşəbbüsü öz əlinə alıb və milli neft şirkəti «KazMunayQaz»ın layihədəki iştirak payını artırıb. Etibarlılığın artırılması üçün həm də qanunvericilikdə düzəlişlər edilib. Və birtərəfli qaydada xarici şirkətlər üçün yeni öhdəliklər müəyyən edilib. 

Çox aylardır ki, davam edən güzəştsiz «kim-kimi» oyunu, hətta beynəlxalq səviyyəli araşdırma predmetinə çevrilməkdə idi. Və «Kaşaqan» üzrə məsələ Avropa İttifaqı-Qazaxıstan dialoqunun mərkəzində dururdu.

«Kaşaqan»la bütün bu müzakirələri U.Lillis Qazaxıstanın yeni iqtisadi strategiyası ilə bağlayır. Onun fikrincə, Astana ölkənin gəlirli energetika sektoru üzərində nəzarətini möhkəmləndirmək üzrə addımlar atır ki, bu da xarici sərmayəçiləri müdafiə mövqelərinə keçməyə məcbur edir. 

Lillisin fikrincə, son bir neçə həftə ərzində prezident Nursultan Nazarbayevin adminstrasiyası ölkənin əsas neft şirkətlərindən birinin nəzarət zərfini ələ keçirib, həmçinin «Kaşaqan» yatağını işləyən konsorsiumla söz oyununa başlayıb. Adminstrasiyanın bəyanatına görə, başqa beynəlxalq konsorsium neft ixracına görə yeni rusum ödəyir, halbuki Nazarbayev adminstrasiyasının fikrincə, bir çox xarici sərmayəçilər həmin rusumdan azaddırlar. 

«Kaşaqan»la yanaşı, Qazaxıstanda ən iri neft çıxarma müəssisələrindən olan «Manqıstaumunayqaz» (MMQ) şirkətinin alınmasından söhbət gedir. İyul ayında «KMQ» İndoneziyanın «Central Asia Petroleum» şirkətindən «MMQ» SU-nin nəzarət zərfinin əldə edilməsi barədə çoxdan gözlənilən sazişin bağlanması barədə bəyanat vermişdi. 

İlkin anlaşmaya görə, «KazMunayQaz» şirkətin səhmlərinin 51 faizinə yiyələnəcək. Rusiyanın «Qazpromneft» şirkəti isə yerdə qalan 49 faizi almaqda maraqlı olduğunu bildirib. İyunun 17-də «Qazpromneft» təmsilçiləri «KMQ» prezidenti Serik Burkitbayevlə şirkətin səhmlərinin minoritar zərfini almağın mümkünlüyü barədə müzakirələr aparıblar.   

Şirkət tərəfindən istismar edilən yataqdakı neftin həcmi təxminən 500 milyon barrelə yaxındır. İllik hasilat həcmi isə 120 min barrelə yaxın təşkil edir. Ekspertlərin fikrincə, bu, «KMQ»yə hasilat həcmini artırmağa, həmçinin Pavlodar neft-kimya zavodu üzərində nəzarət əldə etməyə imkan verəcək.  

Sövdələşmənin detallarının işlənməsi hələ qarşıda olsa da, «KazMunayQaz» artıq «Manqıstaumunayqaz» SU-nin işinə rəhbərlik edir. Bu barədə Astanada keçirdiyi mətbuat konfransında S.Burkitbayev «İnterfaks-Kazaxıstan»a bildirib.

«KMQ» artıq «MMQ»yə yeni rəhbər də təyin edib. Bu, S.Burkitbayevdən qabaq dövlət energetika şirkətinə rəhbərlik etmiş Uzakbay Karabalindir.

İyunun ortasında həm də bəlli olub ki, iri «Karaçaqanak» neft yatağını istismar edən konsorsiumlardan biri hər tona görə 109,91 dollar həcmində ixracat vergisi ödəyir. Analitiklərin fikrincə, o, əlavə gəlir Qazaxıstanın dövlət büdcəsi üçün yeni vəsait axını təmin edəcək. Bu da hökumətə indi dondurulmuş vəziyyətdə olan tikinti layihələrini gerçəkləşdirməyə imkan yaradacaq.

Astanada baş verən hadisələrin son zamanlardakı sıralaması və rəsmi şəxslərin bəyanatları göstərir ki, Qazaxıstan istənilən üsulla özünün müstəqilliyini sübut etmək niyyətindədir. Buna görə də o, daha az gəlirlərlə qane olmayaraq potensial energetika xammalı alıcıları ilə danışıqlarda tam hüquqlu tərəfdaş mövqeyi qazanmağa çalışır.


MƏSLƏHƏT GÖR:

431