
DƏQİQ ZƏRBƏ
Neft borusuna qarşı törədilmiş terror aksiyası ilə bağlı çoxlu suallar və şübhələr qalır
Müəllif: Ramin ABDULLAYEV Bakı
Avqustun 5-nə keçən gecə Türkiyənin Ərzincan əyalətinin Rəfahiyə adlanan ərazisində yerləşən 30 saylı nasos stansiyasında baş vermiş partlayış Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə neftin nəqlinin dayanmasına səbəb oldu. Yüzlərlə ton Azərbaycan neftini məhv edən yanğın təkcə dünya bazarlarında «qara qızıl»ın qiymətinin artmasına yox, həm də Türkiyə hökumətinin regional enerji layihələrinin mühafizəsini effektiv təşkil edə bilməməsinə dair debatların qızışmasına səbəb oldu. Axı BTC layihəsinin təşkilatçıları Türkiyənin cənub-şərq və şərq əyalətlərində terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinin fəaliyyətini nəzərə alaraq, 1774 kilometrlik boru xəttinin təhlükəsizliyinin təmin olunması məsələsini əvvəlcədən nəzərə almışdılar.
Hökumətlərarası razılaşmaya əsasən, terror aktları konsorsium iştirakçılarının birgə aradan qaldırmalı olduğu hadisə sayılmadığından, zərərin ödənilməsi tamamilə Türkiyənin üzərinə düşür.
Qeyd edək ki, sözügedən terror aksiyası nəticəsində BTC-də gündəlik itki minimum 350 min dollardır. Partlayışın baş verdiyi hissədə alovun köpüklə söndürülməsi sistemi olmadığından, boru xəttinin tam bərpası üçün heç də bir ay vaxt da kifayət etməyəcək.
Beləliklə, BTC təmsilçilərinə yalnız qalırdı 29-cu və 31-ci ventillər arasında neftin tam yanaraq qurtarmasını gözləmək. Alov və qara tüstü onlarca metr hündürlüyə qalxırdı. Baxmayaraq ki Türkiyənin boru xəttinin keçdiyi əraziyə yaxın 10 şəhərinin yanğınsöndürmə instansiyası BTC-də baş verə biləcək yanğının qarşısının alınmasına məsuldur, bu fakt yanğının qarşısının tezliklə alınmasına yardım etmədi. Hadisə ilə əlaqədar Ardağan, Qars, Ərzurum, Ərzincan, Sivas və Adana şəhərlərinin yanğınsöndürənləri gücləndirilmiş iş rejiminə keçirilmişdi. Lakin gözlənildiyi kimi, onun su ilə söndürülməsinə göstərilən bütün cəhdlər uğursuzluqla nəticələndi - neftin söndürülməsi üçün daha yaxşı vasitə olan köpük isə, nədənsə, yanğının baş verdiyi əraziyə paytaxt Ankaradan, yəni yüzlərlə kilometr kənardan gətirildi.
Bununla yanaşı, yanğınla əlaqədar olaraq, BTC yaxınlığından keçən qaz kəməri ilə «mavi yanacaq»ın nəqli də dayandırıldı.
Türkiyəli ekspertlərin etiraf etdikləri kimi, yanğın boru xəttinin içərisindəki elektron sistemi zədələsəydi, təmir işlərinə daha çox vaxt lazım olacaqdı. Rəsmi Ankaranın ekspertlərin bu narahatlığını təsdiqləməsi aydındır, dünya bazarlarında neftin qiyməti birdən-birə 1,6% artmasına səbəb oldu. Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər «Ankara üçün maliyyə itkiləri məsələsinin aktual olmadığını» söyləsə də, buna heç kim inanmadı.
Ekspertlər onu da bildirirlər ki, sıradan çıxmış ventillərə əvəz tapılmasa, yenilərinin istehsalı və quraşdırılması üçün 6 ayadək vaxt lazım gələcək. Lakin Ankara təmsilçiləri bildirir ki, onlarda ehtiyat ventillər var.
Bununla yanaşı, Ceyhan terminalında qalmış neft tankerlərə yüklənib, «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarında istehsal isə azalıb.
Qeyd etmək lazımdır ki, partlayış nəticəsində daha çox zərər Türkiyəyə yox, Azərbaycana dəyib. Axı boru xəttini dolduran neftin istehsalının dayandırılması mümkün deyil. Nəticədə «qara qızıl»nı digər marşrut - Bakı-Novorossiysk xəttinə vurulması lazım gəlib ki, bu da çoxmilyonluq itki deməkdir.
Bir sözlə, terrorçular məqsədlərinə nail oldular - regiona ciddi iqtisadi zərbə vuruldu.
Bundan başqa, Türkiyə mətbuatı açıq şəkildə bildirir ki, Ərzincandakı partlayış sadəcə terror aksiyası yox, həm Türkiyəyə yönəlmiş «enerji diversiyası»dır və partlayışın arxasında dünyanın fövqəldövlətlərindən biri dayanır. Jurnalistlərin belə qənaətə gəlməsinə səbəb partladılmış 30 saylı stansiyanın Türkiyənin şimal ərazisindəki nasos şəbəkəsinin mərkəzində yerləşməsidir. Başqa sözlə, nasosun yeri ilə bağlı dəqiq məlumatı yalnız dar çərçivədə bilirdilər. Məhz həmin stansiyanın seçilməsi isə əvvəlcədən neft kəmərinin ən həssas nöqtəsinin hədəfə götürüldüyünü göstərir.
Terrorçular bununla bəzi dövlətlərə BTC ilə neft nəqlinin təhlükəli olduğunu göstərməyə, diqqətin başqa marşrutlara yönəldilməsinə nail olmağa çalışıb. Partlayışın gələcəkdə yeni layihələrin iştirakçısı ola biləcək Türkiyənin etibarlı və səmərəli marşrut imicinə zərbə vurduğu da şübhə doğurmur.
Bundan başqa, BTC-də terror aksiyası dünya bazarlarında «qara qızıl»ın qiymətində enmənin müşahidə olunduğu, həmçinin İran prezidenti Mahmud Əhmədinejadın Ankaraya səfəri ərəfəsinə təsadüf etdi. Qeyd edək ki, İran lideri Türkiyədə enerji sahəsində bir sıra vacib razılaşmalara imza atmaq fikrində idi.
Analitiklər böyük «mühafizə ordusu»nun terrorun qarşısını ala bilməməsinə təəccüblə yanaşır. Axı hər halda, bu partlayış 1 saatın içərisində hazırlanmayıb, bunun üçün uzun müddət lazımdır.
Terrorçuların hücumlarının və sabotajın qarşısının alınması məqsədi lə BTC-nin Türkiyədən keçən hissəsində 13 tam təchiz edilmiş təhlükəsizlik məntəqəsi yaradılıb və orada 300 əsgər yerləşdirilib. Bundan başqa, BTC-nin Türkiyə ərazisindən keçən hissəsi boyunca 57 jandarmeriya məntəqəsində 1500 nəfər xidmət çəkir. Əsgərlər və jandarmeriya hər gün boru kəməri boyunca reydlər keçirir, xüsusi olaraq bu məqsədlə alınmış təyyarə isə ayda 2 dəfə nəzarət uçuşları edir və bu zaman kəmərdə hər hansı deformasiyanın olub-olmadığını müəyyənləşdirmək üçün aeroçəkilişlər aparır. Daha sonra çəkilmiş fotoşəkillər dəqiqliklə öyrənilir və qeydə alınan ən xırda dəyişiklik belə araşdırılır ki, sabotaj və ya neft oğurluğuna yol verilməsin. Lakin bu tədbirlərlə də kifayətlənməyən «Botaş İnterneşnl Limited» şirkəti atçılardan ibarət bölmələr yaradıb, həmçinin boru xəttinin keçdiyi yaşayış məntəqələrində 12 agent yerləşdirib.
BTC-də nasos stansiyalarının çoxluğu müəyyən mənada terror təhlükəsi ilə də əlaqədardır. Türkiyə hökumətinin təmsilçilərinin bildirdiyinə görə, boru xəttinin tikintisi zamanı belə ehtimal edilmişdi ki, terror aksiyasının baş verəcəyi təqdirdə maksimum neft itkisi 50 min barrel ola bilər.
Göründüyü kimi, dünyanın ən müasir boru xətlərindən birinin mühafizəsi üçün görülən bütün bu tədbirlər terrorun qarşısını almadı. Görünən odur ki, BTC-nin fəaliyyəti nəticəsində 40 ilə 12 milyard dollar gəlir götürməyə ümid edən Türkiyənin əhvalını terrorçular hələ çox korlayacaqlar, Ankaranın Şərq və Qərb arasında «enerji dəhlizi» imicini isə çətin sınaq gözləyir.
MƏSLƏHƏT GÖR: