15 Mart 2025

Şənbə, 00:38

GÜRCÜSTAN ODA DÜŞDÜ

Pekin olimpiadası ərəfəsində Cənubi Osetiyada başlanan döyüşlər bütün bölgəni humanitar fəlakətlə üz-üzə qoydu

Müəllif:

15.08.2008

Tbilisinin Moskva, Suxumi və Sxinvali ilə münasibətlərində son həftə ərzində başlayan və getdikcə artan böhran həlledici fazaya - Cənubi Osetiya ərazisində irimiqyaslı hərbi  münaqişə mərhələsinə keçib. 

Əvvəlcə Gürcüstan niyyətinin ciddi olduğunu nümayiş etdirmək üçün öz silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Rusiya isə müdafiə siyasətindən hücum siyasətinə üz tutaraq, iyulun 15-dən 30-na kimi Cənub Federal Dairəsinin 11 subyektini əhatə edən ikihəftəlik "Qafqaz-2008" təlimlərini keçirib. Təlimlərdə işktirak edən döyüşçülərin ümumi sayı 8000-ə çatıb. Demək olar ki, Rusiya ilə paparlel Gürcüstan da Tbilisidən 25 kilometr aralıda yerləşən Vaziani hərbi bazasında ABŞ, Gürcüstan, Ukrayna, Ermənistan və Azərbaycan ordularının hərbçilərinin iştirakı ilə "Dərhal cavab -2008" təlimlərini keçirib.   

Manevrlər NATO-nun "Sülh naminə əməkdaşlıq" proqramı çərçivəsində keçirilib. İyulun 15-dən başlanan təlimlər "İraqdakı sülhməramlı əməliyyatlarda qarşılıqlı yardım üzrə ssenari" üzərində işlənilib. Qeyd etmək gərəkdir ki, bu təlimin hazırlığı və keçirilməsi tamamilə ABŞ tərəfindən maliyyələşdirilib. Manevrlərə 1640 hərbçi, 1000 amerikalı, 600 gürcü, həmçinin, Azərbaycan, Ukrayna və Ermənistan ordularının hər birindən 10 zabit qatılıb. 

Sonra bəlli oldu ki, bütün bu təlimlər gürcü-osetin münaqişəsi zonasında böyük müharibəyə başlanğıc olub. Gürcü qoşunlarının Cənubi Osetiyaya tammiqyaslı hücumu 8 avqust gecəsi başlanıb.  

Maraqlıdır ki, bundan bir az qabaq axşam çağlarında Gürcüstan prezidentinin birtərəfli qaydada atəşkəs elan etməsi barədə bəyanatı səslənmişdi. Bəyanatdan iki saat sonra, Cənubi Osetiyanın paytaxtı Sxinvali üç tərəfdən artilleriya silahlarından və "Qrad" qurğularından atəşə tutulmuşdu. Bundan sonra gürcü birləşmələri şəhərə hücum etmişdilər. 

Səhərə yaxın onlar şəhərin cənub hissəsinə daxil ola bilmişdilər və Sxinvalidə gərgin döyüşlər başlamışdı. Gürcüstan hökuməti başlamış əməliyyatları Cənubi Osetiyada "konstitusiya intizamı"nın bərpası kimi dəyərləndirmişdi. Bundan başqa, Gürcüstan prezidenti ehtiyatda olanların səfərbərliyini elan etmişdi. 

Daha da əvvəl müşahidə edilən "bəyanatlar müharibəsi"nin və artilleriya atəşlərinin Gürcüstan, Abxaziya, Cənubi Osetiya və Rusiya arasında hərbi münaqişəyə çevriləcəyinə kimsə inanmırdı. ABŞ və Avropa Birliyi Moskva və Tbilisini açıq-aydın başa saldılar ki, dünyada bu variant dəstəklənmir və mənfi rəyə səbəb olacaq.    

Ancaq hər şey tam tərsinə oldu, "bəyanatlar müharibəsi" və hərbi təlimlər qanunauyğun şəkildə tankların və təyyarələrin müharibəsinə çevrildi. Bu zaman hərbi ekspertlərin çoxu bir səslə bildirirdi ki, son illərdə Gürcüstan ordusunun hazırlıq və hərbi təchizat səviyyəsi yetərincə artıb. Buna görə də gürcü ordusunun cənubi osetiyalılarla və abxazlarla müharibədə qələbəsini tamamilə mümkün sayırdılar. Ancaq Rusiyanın hadisələrə sürətli hərbi müdaxiləsi bütün kartları qarışdırdı.  

 Obyektivlik xatirinə demək olar ki, regional qarşıdurmanın güclənməsi yeni Rusiya liderinə əlverişsiz idi, çünki onun hüquqi baxımdan qərarlar verməyə meyilli, tarazlaşdırıcı siyasətçi obrazı formalaşmışdı. Buna görə də Rusiya Abxaziya və Cənubi Osetiyanın arxasında duraraq, Gürcüstanla münaqişəyə getmək qərarını ən qaçılmaz halda verə bilərdi.   

Avqustun 7-dən 8-nə keçən gecə məhz belə hal baş verdi. Əgər əvvəllər Rusiya siyasətinin Abxaziya və Cənubi Osetiya istiqamətlərində iradlı və hücumçu davranışına xarici işlər nazirlərinin dekabr sessiyasında Gürcüstana və  Ukraynaya "NATO üzvlüyünə qəbul üzrə fəaliyyət planı"  təqdim etməyi planlaşdıran Şimali Atlantika Bloku üzvlərinə siqnal kimi baxılırdısa, indiki halda gürcülərin Sxinvaliyə hücumundan sonra Moskvanın bütün tərəddüdləri  yoxa çıxdı.

Həm də Qafqazda xüsusi rola və cavabdehliyə iddia edən böyük dövlət kimi Rusiyanın da avtoriteti şübhə altına düşmüşdü. Nəticədə, Rusiya hakimiyyəti 1999-cu ildə BMT sanksiyası olmadan alban əhalisinin etnik təmizləməyə məruz qaldığını əsas götürərək, NATO qüvvələrinin keçmiş Yuqoslaviya ərazisində əməliyyatlarının təşəbbüskarına çevrilmiş ABŞ-ın təcrübəsindən yararlanmağı qərara aldı. 

Soyqırım və etnik təmizləmələr barədə Moskvada və Sxinvalidə də danışırdılar. Rusiya XİN başçısı  Sergey Lavrov bəyan etmişdi ki, Rusiyanın müdaxiləsi osetin əhaliyə qarşı etnik təmizləmə ilə bağlıdır. Moskvanın müdaxiləsi üçün beynəlxalq ab-hava da əlverişli idi. Məhz Cənubi Osetiyadakı vəziyyət  üzrə Qərb ölkələri arasında konsensusun olmamasını Moskvanın başlıca uğuru saymaq olar. BMT, faktik olaraq, öz gücsüzlüyünü nümayiş etdirdikdən sonra, münaqişəni öz istədiyi kimi həll etmək baxımından Moskvanın əl-qolu açıldı.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının avqustun 8-də keçirilmiş iclasında prezident Dmitri Medvedev də Rusiyanın gərginləşmiş münaqişəyə müdaxiləsinə xeyir-dua verib. O bildirib ki, Cənubi Osetiyada "sözün gerçək mənasında gürcü qoşunları Rusiya sülhməramlılarına və dinc sakinlərə qarşı təcavüz həyata keçiriblər. Və bir prezident kimi o,  konstitusiyaya və federal qanunvericiliyə uyğun şəkildə, harada yerləşməsindən asılı olmayaraq,  Rusiya vətəndaşlarının  adını və şərəfini həmişə müdafiə etməyə borclu olduğunu bildirib. 

Həmin an Rusiya qoşunları artıq Cənubi Osetiyaya daxil olmaqda idilər. Avqustun 9-da isə müdafiə naziri Aleksandar Serdyukov və Rusiya Federasiyası (RF) silahlı qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov ilə görüşündə Medvedev münaqişə zonasında keçirilən əməliyyatların sülhməramlı olduğunu vurğulayıb. "Bizim sülhməramlılar və onlara tabe edilmiş hərbi hissələr hazırda Gürcüstanı sülhə məcbur edən əməliyyatlar keçirir. Əhalinin müdafiəsi də onların öhdəsinə düşür. Biz hazırda bunlarla məşğuluq",- deyə RF prezidenti vurğulayıb. 

Daha sonra respublikaya humanitar yardım göstərilməsi ilə bağlı Dmitri Medvedev bildirib: "Bu humanitar fəlakətə görə cavabdeh olan insanlar bu problemin beynəlxalq-hüquqi cəhətləri də nəzərə alınmaqla məsuliyyətə cəlb edilməlidirlər". Rusiyanın baş naziri Vladimir Putinin çıxışı isə daha sərt olub və o, Gürcüstan dövlətçiliyinin gələcəyi barədə şübhələrini nümayiş etdirib: "Gürcüstanın ərazi bütövlüyünə, deməli, həm də dövlətçiliyinə böyük zərbə vurulub. Gürcüstan rəhbərliyinin Cənubi Osetiyadakı hərəkətləri, əlbəttə ki, cinayətdir və ilk növbədə, öz xalqına qarşı cinayətdir",- deyə baş nazir vurğulayıb.  Baş nazir bundan  sonra Gürcüstanın Cənubi Osetiyanı gürcü dövlətinin tərkibinə daxil olmaq üçün nə ilə əmin edəcəyini anlamadığını bildirib. Putin, faktik olaraq, Tbilisiyə anladıb ki, Rusiya Yuqoslaviya kimi Gürcüstanı da bölməyə hazırdır. 

İkigünlük döyüşlər nəticəsində Cənubi Osetiya paytaxtı tamamilə Gürcüstan qoşunlarından təmizləndi. Yerli silahlılar və Rusiya sülhməramlıları 58-ci ordunun tank, motoatıcı və kəşfiyyat bölmələri, həmçinin, ştat döyüş texnikası ilə gücləndirilib. Bu müharibənin başqa bir özəlliyi isə döyüş əməliyyatlarının münaqişə zonasının sərhədlərindən çox uzaqlara çıxması və Rusiya aviasiyasının onda fəal iştirakıdır. Avqustun 9-dan başlayaraq, RF hərbi hava qüvvələrinin (HHQ) təyyarələri Gürcüstanın Qara dənizdəki Poti limanına zərbələr endirdi və liman tam dağıdıldı. Həmçinin Senaki və Vaziani kəndlərindəki hərbi bazalar vuruldu, Qori şəhəri yaxınlığında Gürcüstan ordusunun artilleriyası və hərbi bazaları, Marneuli və Bolnisidə Gürcüstan HHQ-yə məxsus bazalar vuruldu. 

Daha sonra "sülhə məcbur əməliyyatı"na qatılmış qoşun birləşmələrinin gücləndirilməsi üçün Cənubi Osetiyaya 76-cı Pskov hava-desant diviziyasının, həmçinin, İvanovodan 98-ci hava-desant diviziyasının hissələri, həmçinin, 45-ci xüsusi kəşfiyyat alayının hissələri gətirildilər. 

Cənubi Osetiyada baş verənlərə dünyanın reaksiyası ilk çağlarda həddindən təmkinli idi. Gürcüstanın tərəfində açıq-aydın yalnız ABŞ, Ukrayna və Litva dururdu. NATO, Avropa Şurası, ATƏT və Avropa Birliyinin (AB) qalan üzvləri münaqişə tərəflərini dərhal atəşkəsə çağırır, lakin Moskvanı Gürcüstan hakimiyyətinin tələb etdiyi  kimi qınamırdılar. Ancaq Rusiya silahlı qüvvələrinin Gürcüstan ərazisindəki hərbi əməliyyatlarının coğrafiyasının genişlənməsi ilə Kremlin ünvanına Qərbin tənqidi bəyanatları gücləndi. 

Qərb ekspertləri daha açıq danışırdılar. London Kral Beynəlxalq Əlaqələr İnstitutunun şərhçisi Ceyms Niksi qeyd edir ki, Qərb Saakaşvilinin kritik anlarda həddindən kəskin hərəkətlər nümayiş etdirməsindən narahatdır. 

Bu xasiyyətini o, ötən il Tbilisidə hökumət əleyhinə çıxışları yatıran zaman da nümayiş etdirmişdi, indi Cənubi Osetiyada da təkrar etdi. "Əgər o, müharibə başlayarsa, Qərbdə olan çox dostlarını itirər",- deyə Niksi vurğulayıb. Brüsseldəki AB - Rusiya Mərkəzinin əməkdaşı Freyzer Kameron isə bildirib ki, Qərb dəfələrlə Saakaşvilini xəbərdar etmişdi ki, "ona görə özünü oda-közə vurmayacaq". 

Azərbaycan da hadisələrə yetərincə təmkinli yanaşdı. Bizim ölkə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstək nümayiş etdirdi, həmçinin, döyüş əməliyyatlarına və zorakılığa son qoymağa çağırdı. Xarici İşlər Nazirliyindən olan mənbənin bildirdiyinə görə,  Bakı həm də münaqişə tərəflərinə Gürcüstanın Kvemo-Kartli (Borçalı ) bölgəsinin Marneuli şəhərində və başqa yaşayış məntəqələrində yığcam yaşayan azərbaycanlıların, həmçinin, qonşu ölkənin ərazisindən keçən beynəlxalq energetika layihələrinin infrastrukturunun təhlükəsizliyi barədə xəbərdarlıq edib. Bu baxımdan qonşu ölkə ətrafında gərginliyin artmasının Azərbaycan üçün bir sıra xoşagəlməz, hətta kəskin mənfi nəticələrə səbəb olacağını bildirmək gərəkdir. 

Birincisi, biz qonşu ölkəyə həddindən çox qüvvə və vəsait sərf edib, maliyyə yatırmışıq. Bu ölkənin ərazisindən keçən beynəlxalq energetika layihələrinin və kommunikasiyalarının riskləri artıq bizim də risklərdir. Buna görə də qonşu ölkədə irimiqyaslı münaqişələr bizim uzunmüddətli siyasi, iqtisadi, energetika və s. maraqlarımıza cavab vermir. 

İkincisi, nəzərə almaq lazımdır ki, Rusiya, Abxaziya və Cənubi Osetiya ilə hərbi münaqişənin güclənməsi Saakaşvilinin daxili siyasətində avtoritar meyillərin artmasına səbəb ola bilər. Bu da öz növbəsində Gürcüstandakı, ilk növbədə, Kvemo-Kartlidəki (Borçalıdakı) azərbaycanlı icması üçün zərbə olardı. Fövqəladə vəziyyət şəraitində Tbilisi azərbaycanlıları da sıxmağa şans əldə edərdi. 

Gürcüstan rəhbərliyinin bu ölkədə yaşayan milli azlıqlara, o cümlədən azərbaycanlılara qarşı hansı "xoş" hisslərə malik olduğu çoxdan bəllidir. Onların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəldilmiş incə siyasət həmişə yürüdülüb, indi isə "ümumi düşmənə qarşı birləşmə" ümumi milli kampaniyası fonunda bu siyasət daha da gücləndirilə bilər. 

Gürcüstan hakimiyyətinin hərəkətləri Borçalı azərbaycanlılarının da Cənubi Osetiya əhalisinin taleyini yaşaya biləcəyi qorxusunu yaradır. Yada salaq ki, bir neçə il əvvəl Gürcüstan rəhbərliyi Erqneti kəndindəki bazarı bağlamaqla Cənubi Osetiya əhalisini başlıca gəlir mənbəyindən - sərhədyanı ticarətdən məhrum elədi. 2005-ci iln sonunda eyni hadisə iki ölkə sərhədində - azərbaycanlılar yaşayan Sadaxlı kəndi yaxınlığında yerləşən bazarın da başına gəldi. Bazarların bağlanması üçün səsləndirilən rəsmi versiya eyni idi və qaçaqmalçılıqla mübarizədən bəhs edilirdi. 

Ancaq başlıca məqsəd tamamilə fərqli idi. Tbilisi yerli əhalini əsas gəlir qaynağından məhrum etmək və onların "etnik baxımdan doğma" ölkələrə, yəni Rusiyaya (Şimali Osetiya) və Azərbaycana köçməsini stimullaşdırmaq istəyirdi. Sadaxlı ilə bağlı gürcülərin bu niyyəti "uğurla" gerçəkləşdirildi. Bazarın bağlanmasından bir az qabaq kiçik bizneslə məşğul olmaq üçün banklardan kredit götürmüş yüzlərlə ailə müflisləşib borca düşdü. 

Nəticədə, son üç ildə kəndin azərbaycanlı əhalisinin sayı 15-18 mindən 4-5 minə düşdü və bu proses davam edir. Maraqlıdır ki, Sadaxlı bazarının bağlanmasından dərhal sonra Gürcüstan hakimiyyəti Ermənistanın sərhəd kəndi Baqrataşenin, yəni keçmiş azərbaycanlı kəndi Ləmbəlinin yaxınlığında sərhədyanı bazar açılmasına icazə verdi. Göründüyü kimi, məsələ qaçaqmalçılıqla mübarizə deyil, rəsmi Tbilisinin etnik-siyasi ehtimalları ilə bağlıdır.  

Bu yaxınlarda Rusiyanın "Kommersant" qəzetində gürcü-abxaz münaqişəsini şərh edən ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza bildirib ki, "abxazlar Gürcüstan tərəfindən dörd növ təhlükəsizlik zəmanəti əldə etməlidirlər". Bu zaman o, hərbi münaqişə, iqtisadi təhlükəsizlik, siyasi və mədəni hüquqların müdafiəsi məsələlərini nəzərdə tutmuşdu.  

Xoşbəxtlikdən, hələ ki Borçalı azərbaycanlıları Tbilisinin hərbi münaqişə təhlükəsi ilə üz-üzə deyillər. Ancaq Kvemo-Kartlidəki durum onu göstərir ki, Gürcüstanın azərbaycanlı icması öz iqtisadi, mədəni və başqa hüquqlarının müdafiəsinə heç də Cənubi Osetiya və Abxaziya sakinlərindən az ehtiyac duymur, bəlkə də buna daha çox ehtiyacı var. Özü də bu ehtiyac həm Gürcüstan hökuməti, həm regionda maraqları olan nüfuzlu beynəlxalq qurumlar və dövlətlər, o cümlədən həm də Azərbaycan tərəfindən  təmin edilməlidir.



MƏSLƏHƏT GÖR:

501