
NƏTİCƏ ÇIXARILMAYAN DƏRSLƏR
Afrika hələ də dünyanın aparıcı fövqəldövlətlərinin rəqabət meydanı kimi qalır
Müəllif: Eldar PAŞAYEV Bakı
Son dövrlərdə Afrika dövlətləri ən nüfuzlu mətbuat orqanlarının diqqət mərkəzinə daha tez-tez düşür. Və bu, təəccüblü deyil. Sudan və Zimbabve ətrafında baş verən son hadisələr beynəlxalq münasibətlərə ciddi təsir göstərir. Özü də çoxları həmin hadisələrin ABŞ-la Moskva arasında Amerikanın Şərqi Avropa ölkələrində raketdən müdafiə sistemi (RMS) yerləşdirmək planı ilə bağlı yaranmış gərginlik və Gürcüstanın separatçı regionları olan Abxaziya və Cənubi Osetiya ətrafında yaşanan ziddiyyətlərlə üst-üstə düşdüyünə diqqət yetirmir.
Rusiya və Çinin vetosu
Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında Zimbabvenin Robert Muqaba rejiminə qarşı sanksiyaların (maliyyə məhdudiyyətləri, silah təchizatına embarqo, ölkə rəhbərlərinin səfərlərinə qadağa) tətbiqini nəzərdə tutan qətnaməyə veto qoyması Qərb siyasətçilərini həm qəzəbləndirib, həm də pərt edib. Xüsusilə, Moskvanın bu mövqeyi əksər ölkələr üçün gözlənilməz olub. Çünki əksər KİV-in xəbər verdiyi kimi, Rusiya prezidenti Dmitri Medvedev «Böyük səkkizlik» ölkələrinin sammitində Zimbabvenin dövlət başçısına qarşı cəza tədbirlərini dəstəkləyəcəyini vəd etmişdi.
Nəticədə, Moskvanın vetosunu anlaşılmazlıqla qarşılayan Qərb siyasətçiləri belə qənaətə gəliblər ki, Rusiyanın bu addımı Kremlin «Səkkizlik daxilindəki tərəfdaş kimi etibarlılığını şübhə altına salır».
Baş verənlər BMT TŞ-nin effektivliyini də bir daha şübhə altına aldı. «The Guardian» qəzeti yazır ki, Rusiya və Çinin vetosu «bu iki ölkənin beynəlxalq münasibətlərə necə pis təsir göstərmək iqtidarında olduğunu açıq şəkildə nümayiş etdirib». Bununla belə qəzet yazır ki, «Təhlükəsizlik Şurası özünün qeyri-effektivliyini göstərsə də, Böyük Britaniya (Avropa İttifaqının dəstəyi ilə) və ABŞ Muqabe rejiminə diplomatik, iqtisadi və mənəvi təzyiq göstərmək üçün kifayət qədər təsir imkanlarına malikdir».
Xatırladaq ki, Zimbabvedə artıq 28 ildir hakimiyyətdə olan Muqabe bu il iyunun 27-də keçirilən növbəti prezident seçkisində müxalifətin seçkini boykot etməsi nəticəsində yeganə namizəd olduğu üçün qələbə qazanıb. Həmin vaxtdan ölkədə ciddi siyasi böhran yaşanmaqdadır. Ölkənin iqtisadi durumu da faciəvidir - inflyasiyanın səviyyəsi 2,2 milyon faiz təşkil edir (bəzi müstəqil iqtisadçılar isə bu rəqəmin 7 milyon olduğunu bildirir). Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra heç bir ölkənin iqtisadiyyatı belə acınacaqlı durumda olmayıb. Hazırda Zimbabvedə 100 milyard yerli dollarlıq pul banknotları dövriyyədədir. Nəticədə, «Los Angeles Times»ın yazdığı kimi, ölkədə pul çapı üçün kağız qıtlığı yaranıb. Avropa İttifaqı isə Zimbabve rejiminə qarşı sanksiyalara uyğun olaraq, Almaniyanın «Giesjke&Devrient» şirkətinə bu ölkə üçün pul əsginaslarının çapını qadağan edib.
Lakin Qərb ölkələrindən fərqli olaraq, Moskva və Pekin Muqabe rejimini sanksiyalar vasitəsiilə «ağıllandırmağın» mümkünlüyünə şübhə ilə yanaşırlar. Rusiyanın Böyük Britaniyadakı səfiri Yuri Fedotov bildirib ki, G8 sammitində qəbul edilmiş yekun sənəddə Təhlükəsizlik Şurası ilə bağlı heç bir fikir yer almayıb və bu, Rusiyanın israrı ilə mümkün olub. Onun sözlərinə görə, Moskva Zimbabvedəki vəziyyətə dair Cənubi Afrika Respublikasının hazırladığı və kifayət qədər sərt olan qətnaməni dəstəkləməyə hazır idi. Amma Böyük Britaniya və ABŞ bu sənədin müzakirəyə çıxarılmasına imkan verməyərək, özlərinin alternativ qətnamələrini təqdim etdilər. Bu sənəd isə artıq Zimbabveyə qarşı sanksiyaları nəzərdə tuturdu.: «G8 sammitində iştirak edən dövlətlərin hamısı özlərini elə göstərməyə çalışırlar ki, guya məqsədlərinə nail olublar. Britaniya hökuməti ölkələrin Zimbabve rejiminə qarşı yeni sanksiyaların tətbiqinə dair razılığa gəldiklərini iddia edir. Bu, tam doğru olmasa da, hər halda başadüşüləndir. Amma ümumiyyətlə heç bir razılaşma olmadığı halda, «Səkkizlik»dəki tərəfdaşı bu «razılaşmanı» pozmaqda ittiham etmək yolverilməzdir».
Diplomatın fikrincə, BMT TŞ «qlobal sülh və təhlükəsizliklə bağlı təxirəsalınmaz məsələlərin həlli mexanizmidir və ondan ayrı-ayrı dövlətlərin daxili problemlərini həll etmək üçün istifadə edilməsi BMT Nizamnaməsinə ziddir».
Rusiya hesab edir ki, Muqabe rejiminə qarşı sanksiyaların tətbiqi Zimbabvedə sabitliyin bərpa edilməsi üçün hökumətlə müxalifət arasında aparılan vacib danışıqlara zərər vura bilər. Moskva arqument kimi, Afrika Şurasının özünün iyul sammitində bütün ölkələrə müraciət edərək, danışıqlara mənfi təsir göstərməmək üçün istənilən fəaliyyətdən çəkinmək çağırışını da xatırladır.
Amma bütün bu əsaslı dəlillərin köməyi olmayıb və Qərb Rusiyanı «ikili standartlar»da ittiham edir. Qərb hesab edir ki, Moskva bir tərəfdən «dövlətlərin daxili işlərinə qarışmağı yolverilməz adlandırırsa», digər tərəfdən özü Gürcüstana qarşı eyni cür davranır.
Qərb üçün «mesaj»
Bu arada isə Sudan Rusiyaya müraciət edərək, Kremldən ölkə prezidenti Ömər əl-Bəşirin müdafiə olunmasını xahiş edib. Qeyd edək ki, Beynəlxalq Tribunal Darfur əyalətində baş verənlərə görə məhz əl-Bəşiri günahlandırır.
Beynəlxalq Məhkəmənin prokuroru Luis Moreno-Okampo ortaya Ömər Həsən Əhməd əl-Bəşirin üç millət - fur, masalit və zaqavaların yaşadığı Darfur əyalətində 35 mindən artıq insanın məhvinə görə birbaşa məsuliyyət daşıdığını sübut edən faktlar qoyub. Faktlara əsasən, daha 80 mindən 265 minədək insan evlərini tərk edərək, müharibədən qaçmaq məcburiyyətində qalıb və bu da onların tədricən məhvinə səbəb olub. Bütün bunları əsas gətirən Beynəlxalq Məhkəmə Sudan prezidentinin həbsini tələb edir.
Sudan hökuməti isə bütün ittihamları rədd edir. Bu ölkənin Rusiyadakı səfiri Şol Denq Alak Moskvada keçirdiyi mətbuat konfransında bildirib ki, prokuror Luis Moreno-Okamponun tələbləri «çox təhlükəlidir»: «Çünki söhbət Roma xartiyasını imzalamamış və Beynəlxalq Məhkəmənin üzvü olmayan suveren dövlətin prezidentinin həbsindən gedir. Belə tələb beynəlxalq ədliyyəyə inamı yox edir, beynəlxalq hüquqa ziddir və onu göstərir ki, müxtəlif region və dövlətlərə qarşı ayrı-ayrı standartlar tətbiq olunur». Diplomat hesab edir ki, onun ölkəsi demokratiya yolundadır (2009-cu ildə orada prezident seçikisi də daxil olmaqla, ümumxalq səsverməsi keçiriləcək).
Yenə də Moskvada keçirdiyi mətbuat konfransında Ərəb Dövlətləri Liqasının Rusiyadakı missiyasının rəhbəri Cumaa İbrahim əl-Fərcani bildirib ki, əl-Bəşirə qarşı çıxan dövlətlərin özləri Somali, İraq və Sudanda bəşəriyyətə qarşı cinayətlər törətmələrinə baxmayaraq, heç zaman özlərinin mühakimə olunmalarına imkan verməzlər.
Bir gün sonra isə ərəb dövlətlərinin xarici işlər nazirləri xüsusi bəyanat qəbul ediblər. Sənəddə bildirilir ki, Darfurda baş vermiş cinayətlə əlaqədar məsələni Sudanın öz məhkəmə orqanları araşdırmalıdır. Onlar Sudanda yüksək peşəkarlığa malik müstəqil məhkəmə sisteminin olduğunu da qeyd ediblər.
Beynəlxalq Məhkəmənin fəaliyyəti Afrika Şurası və İslam Konfransı Təşkilatı tərəfindən də tənqid olunub.
Rusiyanın rəsmi mövqeyinə gəlincə, Moskva da Çin kimi, məsələyə kifayət qədər ehtiyatla yanaşır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, «Beynəlxalq Məhkəmənin prokurorunun fəaliyyəti Darfurda həyata keçirilən sülhməramlı proseslərə və Sudandakı ümumi vəziyyətə təsir göstərə bilər».
Bununla Rusiya dünya birliyinə öz «mesajını» da göndərir. Axı, Sudan Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımadığından, son sözü yenə də Təhlükəsizlik Şurası deməlidir…
Bütün bunlarla yanaşı, Darfurda 2003-cü ildə başlamış vətəndaş müharibəsi hələ də davam edir. Hökumət qüvvələri və onların tərəfdarları qiyamın baş verdiyi əyalətin müstəqilliyi uğrunda çalışan çoxsaylı qiyamçı qruplara qarşı vuruşur. BMT-nin hesablamalarına görə, bu müddət ərzində 300 minədək insan qarşıdurmanın qurbanına çevrilib, 2,7 milyon nəfər isə qaçqın düşüb. Ekspertlər hesab edir ki, müxtəlif irqə və dinə mənsub insanların yaşadığı Darfurdakı (burada əhalinin 70%-dən artığı müsləman ərəblər, 5%-i neqroid xristianlar və təxminən 23%-i bütpərəstlərdir) mübarizə, əslində, təbii və torpaq ehtiyatları uğrunda gedir.
Afrikanın təbii resursları isə təbii ki, dünyanın aparıcı iqtisadiyyatlarına malik dövlətlərini də maraqlandırır. Son onillik ərzində yalnız Çinlə Afrika arasında ticarət dövriyyəsi ildə 5 milyard dollardan 40 milyarda yüksəlib. Qara qitə ilə ticarət dövriyyəsindəki artımın həcminə görə heç bir dövlət Pekinlə müqayisə oluna bilməz.
Bununla yanaşı, ABŞ, Rusiya, həmçinin Avropa İttifaqı da Afrika dövlətləri ilə ticarətdə fəaldırlar və öz mövqelərini möhkəmləndirmək fikrindədirlər.
Sanksiyalar: olsun, olmasın?
Qeyd etmək lazımdır ki, Zimbabvedə baş verənlər digər məqamlarla yanaşı, sanksiyaların nə qədər effektiv olub-olmaması məsələsini də gündəmə gətirib. Axı bunun hazırda dünya ictimaiyyətinin ən ciddi problemlərindən olan İranın nüvə proqramına birbaşa dəxli var.
Əksər ekspertlər hesab edir ki, sanksiyalar məqsədə nail olmağa kömək etmir, yəni beynəlxalq ictimaiyyətin mövqeyi ilə razılaşmaq istəməyən bu və ya digər dövlətin rəhbərliyini fikrindən döndərmək üçün bu vasitə kifayət etmir.
İkinci Dünya müharibəsindən keçmiş onilliklər ərzində dəfələrlə Kubanın Fidel Kastro rejiminə, Liviya lideri, polkovnik Müəmmər Qəddafiyə, İraqın sabiq lideri Səddam Hüseynə və digərlərinə qarşı sanksiyalar tətbiq edilib. Lakin göründüyü kimi, bir müddət əvvəl Kastro hakimiyyətini asanlıqla qardaşına ötürdü, Myanmanın hərbi xuntası hələ də hakimiyyət başındadır, İran isə nüvə proqramından imtina etməyəcəyini dəfələrlə bəyan edib. Əfqanıstanda talibləri, İraqda isə Səddam rejimini devirmək üçünsə genişmiqyaslı hərbi müdaxilələrə əl atılıb.
Bununla yanaşı, belə bir fikir də mövcuddur ki, sanksiyalar bütün problemləri həll edə bilməyəcək siyasi alət olsa da, sonrakı yolun axtarılması üçün vasitədir. Xüsusilə nəzərə alsaq ki, əhalinin çox zərər çəkməsinə imkan verməmək üçün sanksiyalar ümumilikdə ölkələrə yox, ayrı-ayrı siyasətçilərə və ya milli iqtisadiyyatın müəyyən sahələrinə tətbiq edilir.
Məsələn, ekspertlərin fikrincə, Liviyaya qarşı 11 il qüvvədə olmuş sanksiyaları müsbət nümunə hesab etmək olar - cəza (siyasi və iqtisadi təcrid) hakimiyyəti güzəştlərə getməyə və beynəlxalq ictimaiyyətin bütün tələblərini yerinə yetirməyə məcbur etdi.
Slobodan Miloşeviç rejiminə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar da lazımi effekti vermiş addımlar hesab olunur.
Neqativ nümunə kimi isə İraqın Səddam rejiminə tətbiq edilmiş sanksiyalar göstərilir. Buradakı diktatura rejimi sanksiyalardan məharətlə istifadə edərək, bunu özlərinin gəlir mənbəyinə, həmçinin kənardan siyasi dividendlərin qazanılması vasitəsinə çevirməyi bacarmışdı.
Zimbabvedə baş verənlərə qayıdaraq qeyd edək ki, iyulun 21-də prezident Robert Muqabe ilə müxalifət lideri Morqan Tsvanqirai arasında hakimiyyətin bölüşdürülməsinə dair danışıqlara başlanması haqqında razılıq əldə olunub.
Bütün bunlar istər-istəməz belə bir düşüncə yaradır: biz Qara qitə haqda orada daim qanlı toqquşmaların baş verməsi və insanların aclıqdan, epidemiyadan qırılmasından başqa nə bilirik? Və dünyanın aparıcı fövqəldövlətləri arasında münasibətlərin aydınlaşdırılmasının Afrikanın onsuz da daim fəlakət içərisində yaşayan əhalisi üçün daha çox bəla gətirməsinə imkan verməmək üçün nə etmək lazımdır? Hələ ki bu suallar cavabsız qalır…
MƏSLƏHƏT GÖR: