14 Mart 2025

Cümə, 23:36

KÖVRƏK BƏRABƏRLİK

Rusiya ilə ABŞ arasında, hətta varşava paktının və SSRİ-nin süqutundan sonra qorunub-saxlanılmış strateji tarazlıq artıq açıq-aşkar pozulmaqdadır

Müəllif:

01.08.2008

2008-ci il iyulun 8-də ABŞ-ın dövlət katibi Kondoliza Raysın Praqaya qısamüddətli səfəri çərçivəsində iki ölkə arasında Çexiyada Amerikanın raketdən müdafiə sisteminin (RMS) yerləşdirilməsinə dair razılaşma imzalandı. Paralel olaraq, Polşada 10 ədəd qabaqlayıjı raket yerləşdirilməsi ilə bağlı da iş aparılır. Beləliklə, Avropada ABŞ-ın RMS-nin yerləşdirilməsi məsələsi artıq plandan reallığa çevrilir.

Bunun ardınca İran orta məsafəli ballisitik raketlərin sınağı ilə genişmiqyaslı hərbi təlimlər keçirməklə, faktiki olaraq, sanki Vaşinqtonun addımlarına bir qədər haqq qazandırdı. Həmin raketlər Avropaya çatmaq gücündə olmasa da, ABŞ və müttəfiqlərinin 2 min kilometr radiusda yerləşən bazaları üçün təhlükədir.

Gözlənildiyi kimi, Rusiyanın baş verənlərə reaksiyası neqativ oldu. Bu mövqeyi G8-in Yaponiyada keçirilən sammitində ortaya qoyan prezident Dmitri Medvedev Moskvanın baş verənlərdən isterikaya düşməyəcəyini və qarşı tərəfə hərbi-texniki cavab verəcəyini bəyan etdi. Müşahidəçilər və analitiklər isə artıq Rusiyanın ata biləcəyi cavab addımları haqda mülahizələr yürütməyə başlayıblar. Bunların arasında RLS-lərin fəaliyyətində problemlər yaratmaq məqsədi ilə elektromaqnit maneələrinin qurulması, Kalininqrad vilayətində Polşanı vura biləcək Rusiya raketlərinin yerləşdirilməsi kimi versiyalar var. ABŞ-ın bu istiqamətdəki addımlarının Rusiya üçün təhlükə yaradıb-yaratmadığı da müzakirə obyektidir.

Rusiya hərbçiləri və siyasətçilərinin fikrincə, ABŞ-ın İran və Şimali Koreyadan raket təhlükəsinin mövcudluğu ilə bağlı mülahizəsi süni şəkildə şişirdilir. Əslində, Vaşinqton Avropada qlobal RMS-nin üçüncü mövqe rayonunu yaratmaqla, Rusiya və Çinin strateji potensialını zəiflətmək məqsədi güdür. Rus hərbçiləri diqqəti xüsusilə bir məsələnin üzərinə çəkirlər: hazırda RMS proqramının inkişafı ilə yanaşı strateji hücum silahlarının, həmçinin yüksək dəqiqliyə malik silahların, informasiya-idarəetmə və kosmik sistemlərin yaradılması üzərində də iş aparılır.

Amerikalılar rus müfəttişlərinin yaradılacaq RMS obyektlərinə buraxıla biləcəyini, raketəleyhinə sistemlərin hazırlıq vəziyyətinə gətirilməyəcəyini və onlarda ani zərbəyə cavabın qarşısını ala biləcək hansısa qoruyucunun quraşdırılacağını bildirsə də, bunlar Moskvanı qane etmir. Rusiya düşünür ki, tərəflər arasında Varşava Paktının və SSRİ-nin süqutundan sonra qorunub saxlanılmış strateji balans artıq dağılmağa başlayıb. 2002-ci ilin iyununda RMS-ə dair müqaviləni tərk etmiş ABŞ öz ərazisinin təhlükəsizliyinin təmin edilməsi üçün raket əleyhinə müdafiə sistemi yaratmaqla kifayətlənməyərək, qlobal RMS sisteminin qurulması kursu götürüb. Artıq qeyd edildiyi kimi, Vaşinqton özünün bu addımını KXDR və İran kimi dövlətlərdən gələn təhlükə, həmçinin raket və nüvə materiallarının terrorçuların əlinə düşməsi ilə bağlı fərziyyələrlə əsaslandırır.

Amma Qərb dövlətlərinin belə təhlükə qarşısında müdafiəsiz olduğunu söyləmək olmaz. ABŞ, Almaniya, Böyük Britaniya və İtaliya 1997-ci ildən müasir RMS-nin yaradılması sahəsində sıx əməkdaşlıq edir. Nüfuzlu xarici hərbi nəşrlərin məlumatına görə, ABŞ-ın raketdən müdafiə sisteminə hazırda bir neçə obyekt daxildir: Aleuts adalarında, Kaliforniyada, Böyük Britaniyada və Qrenlandiyada yerləşdirilmiş dörd xəbərdarlıq radarı, Alyaska ərazisindəki dəniz baza radarı, Yaponiyada yerləşən ön baza radarı. 

Bundan başqa, hədəflərin tutulmasını Fort-Qrili (Alyaska) və Vandenberq (Kaliforniya) bazasında yerləşdirilmiş 16 tipli GBI raket, həmçinin AEGIS sinfinə daxil olan təyyarədaşıyan gəmidə quraşdırılmış 18 SM-3 raketi də həyata keçirə bilər. 2013-cü ilədək daha bir əvvəlcədən xəbərdarlıq edəcək radarın quraşdırılması (Çexiyada),  GBI  qabaqlayıjı raketlərin sayının isə 54-dək artırılması nəzərdə tutulub. Bundan başqa, trayektoriyanın son xəttində ballistik raketləri məhv edəcək 4 ədəd THAAD zenit-raket kompleksinin quraşdırılması, həmçinin dənizdə quraşdırılmış SM-3 raketlərinin sayının artırılması nəzərdə tutulub.

Bununla yanaşı, həm Rusiya, həm də xarici ölkələrin hərbi ekspertləri bildirir ki, hələlik ABŞ-ın RMS-i Rusiyanın strateji gücünü neytrallaşdırmaq iqtidarında deyil. Amma onlar vurğulayırlar ki, nüvə silahının ixtisarı, həmçinin raketlərin dəqiqliyinin artırılması və onların gücünün azaldılması strateji nüvə silahından istifadə ehtimalını artırır. 2002-ci ildə imzalanmış SNP müqaviləsinə əsasən, 2012-ci ilədək Rusiya və ABŞ-ın strateji nüvə potensialının hər bir ölkə üçün 1700-2200 ədəd azaldılması və 400-500 daşıyıcının (raket və ya ağır bombardmançı) saxlanılması nəzərdə tutulub. Belə ixtisarlar fonunda, tərəflərdən hansısa ilk zərbə endirərsə, qarşı tərəfin raketlərinin əksəriyyəti məhv edilir ki, bu da cavab zərbəsinin gücünü olduqca zəiflədir.  Qlobal RMS sistemi bu nisbəti xeyli azaldır. Bu isə o deməkdir ki, qlobal RMS üç eşolonda - yerüstü, dəniz və kosmik-hava eşelonlarının tərkibində tam şəkildə qurulduqdan sonra, ötən əsrin ortalarından sonra ilk dəfə olaraq ABŞ cavab addımlarından çəkinməyərək, Rusiya ərazisinə dağıdıcı nüvə zərbəsi endirmək imkanı əldə edəcək. İlk zərbədən sonra "sağ" qalmış az sayda raketi isə RMS neytrallaşdırmağı bacaracaq.

Rusiyaya gəlincə, o, Moskvanın RMS sistemini (bu sistem ölkənin Avropa hissəsinə tam nəzarət etmək imkanı verir) daim hazırlıq vəziyyətində saxlayır. Bu sistem A-135 raket komplekslərindən qurulub. 2007-ci ildən etibarən ZRK S-300 raketlərindən əlavə, yeni SRZ S-400 raketlərinin də yerləşdirilməsinə başlanılıb.  Bundan başqa, Rusiya rəqibin RMS-ni yara biləcək öz ballistik raketlərinin təkmilləşdirilməsi üzərində də iş aparır. Yeni yaradılan raketlər manevr edə bilən başlıqlarla təchiz olunur, onların aldadıcı hədəfləri, maneələri müəyyən etmək imkanı da artırılır.

Lakin Rusiya rəhbərliyi ölkənin iqtisadiyyatının inkişaf etdiyi və sabit maliyyə durumunun olduğu indiki şəraitdə belə, silahlanma yarışının yeni dalğasının başlanmasını arzulamır. Ölkənin ikinci prezidenti Vladimir Putin  bunu dəfələrlə bəyan edib. Kremlin hazırkı sahibi Dmitri Medvedev də ABŞ-ı qarşılıqlı təhlükəsizliyi təmin edən strateji balansı poza biləcək addımlardan çəkinməyə çağırır. Bu günlərdə diplomatik korpuslarla keçirdiyi iclasda Medvedev beynəlxalq siyasi problemlər haqda danışarkən bildirib ki, dünyada sülhün qorunmasına görə, Rusiya və ABŞ məsuliyyət daşıyır. "Tərəflərdən biri özünün strateji konstruksiyasında ayrı-ayrı elementləri pozarsa, bu, mümkün olmayacaq", - deyə o, qeyd edib: "Biz qəti şəkildə bildiririk: ABŞ-ın RMS-nin Şərqi Avropada yerləşdirilməsi yalnız situasiyanın pisləşməsinə xidmət edəcək. Biz buna adekvat reaksiya göstərməli olacağıq".

Hələlik isə, Çexiyanın öz ərazisində ABŞ-ın RMS-nin yerləşdirməsinə razılıq verdiyinə görə, Praqa Rusiya tərəfindən bu ölkəyə "Dostluq" borusu ilə nəql olunan neftin həcminin ikiqat azaldılması ilə cəzalandırılıb. Əlbəttə ki, Çexiyanın strateji neft ehtiyatları, həmçinin Almaniyadan gələn alternativ boru xətti var. Lakin bu, Çexiya ilə müqayisədə Rusiya neftindən daha çox asılı olan Polşaya əsaslı siqnaldır ki, Varşava Vaşinqtonla eyni razılığa gəlməyə tələsməsin. Axı, qışın ortalarında Moskvanın Polşaya qaz nəqlini dayandırması ölkədə ciddi problemlər yarada bilər.

Bununla yanaşı, bir məqam da aydındır ki, neft və qaz nəqlində Rusiyanın həyata keçirdiyi istənilən siyasi manipulyasiya Moskvaya etibarlı enerji təchizatçısı kimi inamı azaldır. Bu səbəbdən də Rusiya rəhbərliyinin bu sahədə tərəfdaşların narazılığına vaxtında reaksiya verməsi təəccüblü deyil. Hökumətin Rəyasət Heyətinin toplantısında baş nazir Vladimir Putin bir neçə gün əvvəl Çexiyaya dayandırılmış neftin nəqlinin bərpasına qərar verib. Bununla yanaşı, baş nazirin müavini İqor Seçin bildirib ki, Çexiya tərəfinin narazılığı doğru ünvana yönəlməyib: "Neft nəqli Rusiya şirkətləri ilə Çexiya istehlakçıları arasında əldə edilmiş razılaşmalar əsasında, offşor zonalarda qeydiyyatdan keçmiş vasitəçilər tərəfindən həyata keçirilir. Rusiya şirkətlərinin böyük əksəriyyəti Çexiya istehlakçıları ilə birbaşa uzunmüddətli müqavilələrə malik deyil".

Seçin Ukraynanın 2008-ci ildə Odessa-Brodı kəmərindən avers rejimində istifadəyə dair planından da narahatlığını ifadə edib. Onun sözlərinə görə, Çexiyaya neft nəqlində yaranmış fasilələrin əsas səbəblərindən biri məhz Ukrayna tərəfinin fəaliyyətidir.

Amma "Tatneft" şirkətinin Çexiyaya "qara qızıl" nəqlində yaranmış problemlərə görə günahı öz üzərinə götürməsinin fonunda yuxarıda qeyd olunanlar o qədər də əsaslı təsir bağışlamır. Qeyd edək ki, sözügedən şirkət Çexiya üçün nəzərdə tutulmuş nefti daha sərfəli qiymətlər təklif edən Türkiyəyə verib. Bununla yanaşı, qurum ən qısa müddətdə səhvini düzəldəcəyini vəd etsə də, necə deyərlər, artıq iş işdən keçib…

Polşaya gəlincə, bu ölkənin rəhbərliyinin özü ərazisində RMS yerləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Lakin sonradan Varşava bunun əvəzində öz hərbi infrastrukturunun müasirləşdirilməsi üçün ABŞ-dan təxminən 20 milyard dollar tələb edib. Vaşinqton bunu "həddindən artıq böyük tələb" kimi qiymətləndirərək, alternativ axtarışına başlayıb. Bu məqamda Polşanın qonşuluğunda yerləşən Litva özünü alternativ kimi təklif edib. 

Bəlkə də, bütün bunlar Polşanı güzəştə getməyə vadar etmək üçün həyata keçirilən diplomatik şantajdır. Xatırladaq ki, Qəbələ RLS-in istifadəsi ilə bağlı ABŞ-la Rusiyanın arasında fikir ayrılığı yaranan zaman mətbuatda alternativ radarın Türkiyədə quraşdırıla biləcəyinə dair xəbərlər yer almağa başlamışdı. ABŞ-ın RMS Agentliyinin rəhbəri Henri Oberinq isə ölkəsinin Cənubi Qafqazda da RMS yerləşdirməkdə maraqlı olduğunu dilindən qaçırmışdı.

Bir sözlə, ABŞ-ın respublikaçılar administrasiyası Avropada RMS üçün üçüncü mövqe rayonunun yaradılması niyyətindən geri çəkilmək fikrində olmadığını nümayiş etdirir. Lakin məsələni bitmiş saymaq hələ ki tezdir. Birləşmiş Ştatların yeni prezidentinin kim olacağından çox şey asılıdır. Bu postu Con Makkeyn tutarsa, hazırkı hərbi-strateji kursun nəinki davam etdiriləcəyini, hətta qarşıdurmanın daha kəskin xarakter alacağını gözləmək olar. Məlum olduğu kimi, Makkeyn Corc Buşdan da sərt mövqeyi ilə tanınır və o hətta Rusiyanın G8-dən kənarlaşdırılmalı olduğunu bildirir.

Bəzi rusiyalı və əcnəbi analitiklərin fikrincə, Ağ evə demokratların nümayəndəsinin rəhbərlik edəcəyi təqdirdə, Avropada RMS yerləşdirmək planı Moskvanın istəyinə uyğun olaraq, xeyli ixtisar edilə bilər. Amerikalılar Çexiyada yerləşdiriləcək radarın Qəbələ RLS-lə yanaşı, birgə istifadəsinə razılıq verə bilər. Polşadakı sistemin quraşdırılmasının isə, məsələn, İranın müvafiq məsafəni vura biləcək raketləri sınaqdan keçirməsinədək təxirə salınması mümkündür.

Məlum olduğu kimi, demokratlar artıq Konqresdə dəfələrlə Çexiya və Polşada RMS-nin quraşdırılmasının məqsədəuyğunluğunu şübhə altına qoyublar. Demokratların nəzarətində olan Konqres bu məqsədlə ayrılması nəzərdə tutulan maliyyənin həcmini də kəskin şəkildə azaldıb.

Demokratlar Partiyasının bir çox nüfuzlu nümayəndələri hesab edir ki, İranın raket proqramına qarşı addım atarkən, Avropada RMS yerləşdirməklə Moskvanı qıcıqlandırmaq yox, Rusiya ilə daha sıx münasibətlər qurmaq lazımdır. Konqresin komitə rəhbəri Levin bu məsələ ilə əlaqədar deyib: "İranın nüvə silahı əldə etməsində Rusiyanın heç bir marağı yoxdur". 

Üstəlik nəzərə alınmalıdır ki, Rusiya yüksək rütbəli hərbçilərinin dililə dəfələrlə xəbərdarlıq edib ki, öz raketlərini Avropaya istiqamətləndirə bilər. Britaniyanın "Sunday Times" qəzeti Rusiyanın hərbi dairələrindəki adının çəkilməsini istəməyən mənbəsinə istinadən xəbər verir ki, Moskva nüvə başlıqlı raketlərini Kalininqrad və Belarusda yerləşdirə bilər.

"İzvestiya" qəzeti isə 21 iyul tarixli nömrəsində Rusiyanın adı gizli saxlanılan yüksək ranqlı nümayəndəsinə istinadən yazır ki, "onların Çexiya və Polşada RMS yerləşdirməklə məşğul olduqları vaxtda bizim uzaq strateji aviasiya təyyarələrimiz artıq Kubaya enəcək". 

Bunun ardınca KİV-də belə məlumatlar yayılıb ki, ABŞ-ın RMS planlarına cavab olaraq, Moskva Kubada bir müddət əvvəl qapadılmış Lauderes elektron müşahidə bazasının fəaliyyətini bərpa edə bilər. Düzdür, bir çox hərbçilər və analitiklər bu cavab addımının hərbi nöqteyi-nəzərdən səmərəsinə şübhə ilə yanaşır və onun Rusiya ilə Avropanın gələcək münasibətlərinə siyasi zərər vuracağını düşünür.

Aydındır ki, qeyd olunan bütün "cavab addımları"nın ABŞ-ın RMS-nin bilavasitə quraşdırılmasınadək atılması yalnız əks effekt verə bilər. Bu səbəbdən də, onları ancaq siqnal kimi qəbul etmək olar: uzun illər dezinteqrasiya və zəifləmə dövrü yaşadıqdan sonra, yenidən qüvvələrini bərpa etmiş Moskva özünün Avropa və qlobal təhlükəsizlik sistemindəki roluna dair baxışlarını çox sərt şəkildə müdafiə etməyə hazırdır. Və Kremlin bu qətiyyətini nəzərə almamaq çox çətin olacaq. 

ABŞ-ın Avropada RMS yerləşdirməsinin birbaşa Azərbaycana da aidiyyəti var. Məsələ yalnız onda deyil ki, təhlükənin gözlənildiyi ölkələr və terrorçular tərəfindən Avropaya atıla biləcək raketlər Azərbaycanın hava məkanından keçəcək. Vaşinqtonla Moskva arasında kompromis variant kimi müzakirə edilən variantlar sırasında Qəbələ RLS-dən istifadə də var. Doğrudur, Rusiyanın Qəbələ RLS-lə bağlı öz istəyinə uyğun təklifi qəbul edilməyib və Vaşinqton Çexiya və Polşa ilə əlaqədar planlarından imtina etməyib. Lakin hər halda, dialoq davam edir. Bizim üçün nə ABŞ-ı, nə də Rusiyanı qıcıqlandırmadan Azərbaycanın özünün təhlükəsizliyinin təmin edilməsinə nail olmaq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək almaq vacibdir. 

Amma bununla yanaşı, bu istiqamətdə həddindən artıq aktivlik nümayiş etdirmək və məsələ ilə bağlı özümüzün tam fərqli mövqeyimizi ortaya qoymaq da artıq olardı. Odur ki, Azərbaycanın tutduğu gözləmə mövqeyini tam doğru saymaq olar. 



MƏSLƏHƏT GÖR:

526