Müəllif: Məhərrəm ZEYNALOV, Zərifə BABAYEVA Bakı
Köhnə məktubları oxuduqda bir daha babalarımızın necə zəngin dilə, bədii təfəkür tərzinə malik olduqlarını görür və heyrətlənməyə bilmirsən. Üstəlik, söhbət əksər hallarda hansısa yazıçıdan yox, sadə fəhlədən, mühəndisdən gedir. Onların məktublarında daxili təbii ziyalılıq hiss olunur.
Soyadına layiq
"Bağışlayın ki, nadir hallarda yazıram, özünüz bilirsiniz ki, indi mümkün qədər tez bir zamanda frislərin öhdəsindən gəlməyə çalışırıq. Ona görə vaxtımız məhduddur. Nəhayət, məktubunuzu böyük sevinclə aldım və özümü sanki evdə hiss etdim Sağlamam. Harada olduğumuzu bilirsiniz. Almanlar müharibənin nə olduğunu indi başa düşüblər. Biz isə əlbəttə ki, bunu onlara daha ətraflı izah etməyə çalışırıq. Qələbə uzaqda deyil, bundan sonra isə hər birimizin ehtiyac duyduğumuz sakit, xoşbəxt həyat da yaxındadır. Məni daha bir böyük mükafat - Qızıl bayraq ordeni almağım münasibətilə təbrik edə bilərsiniz. Qısası, döyüşürəm, dəyərli mərhum atamızın soyadına layiq olmağa çalışıram. Oğlumun şəklini çəkməyə macal tapmısınızsa, onu mənə də göndərin... ".
Bu, Müslüm Maqomayevin atası Məhəmmədin 1944-cü ildə Şərqi Avropa səngərlərindən yazdığı məktublardan biridir. İllər sonra onun məşhur oğlu Polşaya hər səfərində atasının xilaskar ordunun heyətində bu yerlərdən keçdiyini xatırlayacaq.
Məhəmməd Maqomayev 1916-cı il iyulun 27-də doğulub. O, xatirələrdə təvazökar, mehriban insan kimi qalıb. Musiqini, xüsusilə cazı çox sevirmiş və bu, o dövr üçün nadir hal sayıla bilərdi. Məşhur ailənin təmsilçisi olan Məhəmməd Maqomayev özünə musiqi aləmində əla karyera qurmaq imkanlarına malik olsa da, sevimli işi - rəssamlıqla məşğul olmağa qərar vermişdi. Amma onun təvazökarlığı, sadəliyi bu işdə bizim xeyrimizə işləməyib - Maqomayevin heç bir əsəri bu günümüzə gəlib çıxmayıb. O, bütün eskizlərini məhv edib (onların lazımi səviyyədə alınmadığını düşünüb), səs-küylü sərgilər keçirməyib. M. Maqomayev əsasən teatr rəssamı kimi çalışıb - dekorasiyalar hazırlayıb, səhnə interyerini qurub, bir çox hallarda işıqçı ilə birlikdə işləyib. O, Bakıda və Maykopda tamaşa səhnələrini bəzəyib. Zamanında indiki qədər populyar olmayan multiplikasiyaya xüsusi həvəs göstərib. Maqomayev böyük ürəyə malik romantik, qadınları sevən, verdiyi sözə sadiq şəxs idi. O, cəbhəyə yollanmaya da bilərdi. Lakin Vətəninə sözdə yox, əməldə olan sevgisi onu cəbhəyə yollanmağa vadar edib.
Əsgər həyatı
"Mənim cəbhəyə yollanmağımdan artıq ayyarım keçir. Bu dövrdə hansı dəyişikliklərin baş verdiyini təsəvvür edirəm. Oğlum yəqin ki, artıq bərkdən gülür. Ümid edirəm ki, müəyyən müddət keçəcək və xoşbəxt həyatımız yenidən qaynamağa başlayacaq... Bunu təsəvvür edəndə istər-istəməz gülümsəyirəm: qardaşım kabinetində işləyir və ya zavodlardan hansınasa yollanıb, yorğunluqdan mürgüləyir və yuxusunda məni görür. Qalanları sakit şəkildə yuxulayırlar və birdən "ua", "ua". Şura anamla birlikdə hələ yumulu gözlərilə oğul-nəvənin yatağında qurdalanırlar".
O, həyat yoldaşı Ayşətə "Şura" deyirdi. Onlar müharibədən əvvəl tanış olmuşdular. Tanışlıq zamanı Məhəmmədin 24 yaşı var idi və o, Maykop Xalq Teatrında tərtibatçı rəssam işləyirdi. Ayşət isə teatrın aparıcı aktrisası idi.
Gənclər bir-birlərini sevərək ailə qurmuş və Bakıya köçmüşdülər. Burada onlar şəhərin mərkəzindəki "italyan məhəlləsi"ndə yerləşən bir neçə otaqdan ibarət mənzildə böyük ailə ilə yaşayırdılar. Məhəmməd cəbhəyə məhz buradan yollanmış, cəmi yaşyarımlıq oğlunu anası və həyat yoldaşının öhdəsində qoymuşdu.
"Heç birimiz pis sonluq haqda düşünmürük. Ölüm haqda düşünən cəngavər olmaz. Qoy bu müharibədə namərd, iradəsiz çıxanlar ölsün. Həyatımızı, gücümüzü əsirgəmədən atamızın soyadına xələl gətirməmək, xalqımıza, ailəmizə layiq olmaq üçün əlimdən gələni etmişəm və edirəm. Səndən yalnız bir xahişim var: oğlumun az da olsa özünü xoşbəxt hiss etməsi üçün əlindən gələni əsirgəmə. Bəlkə də taleyimizə orada qələbəni birlikdə qeyd edəcəyimiz yazılıb. Özüm haqda çox qısa məlumat verim. Sağlamam, hətta akkordeonda ifa etməyi öyrənmişəm. Odur ki, bəlkə də müharibədən sonra musiqiçi "karyerası" da qurdum. Dostum Kostyan mənim ifamın sədaları altında rəqs edir və biz ansambl yaratmaq qərarına gəlmişik".
O, 301-ci piyada diviziyasının artilleriya alayında baş çavuş kimi, polkovnik Georgi Qavriloviç Poxlebayevin komandirliyi altında döyüşürdü. Kəşfiyyatçı idi. Döyüşlərdən birinə görə Georgi Qavriloviç hətta Məhəmməd Maqomayevə Sovet İttifaqı Qəhrəmanı adının verilməsilə bağlı təqdimat hazırlayaraq Ali qərargaha göndərmişdi. Amma onun polkuna bu cür ali ad verilmədi. Sən demə, müharibə zamanı elə hallar olub ki, bir çox döyşçü bürokratik əngəllər üzündən layiq olduqları mükafatları ala bilməyiblər!
Qələbəyə 2 həftə qalmış
Amma Məhəmməd Maqomayev nə oğlunu görə bildi, nə də "musiqiçi karyerası"sı qurmaq niyyətini gerçəkləşdirməyə macal tapdı. O, müharibədən qayıtmadı. Faşistlərin təslim olmalarına cəmi 2 həftə qalmış çavuş Maqomayev yaralı dostunu xilas etməyə atıldı və pulemyotların atəşi altına düşdü. O, Almaniyada, məşhur Treptov parkı yaxınlığında həlak oldu. Kəşfiyyatçını elə oradaca dəfn etdilər. Amma döyüş yoldaşları onun nəşini çıxararaq Polşaya apardılar və orada torpağa tapşırdılar. Maqomayevin dəfnindən dərhal sonra hazırlanmış planda onun qəbri Polşanın kiçik kəndi yaxınlığından keçən dəmir yolunun yanında göstərilib. Xəritəni hazırlayanlar və Maqomayevin yaxınları nə biləydilər ki, vaxt gələcək dəmir yolu da, kəndin özü də "sosialist Polşasının yenidən qurulması" planına əsasən söküləcək. Bu üzdən M.Maqomayevin məzarını eyni vaxtda bir neçə voyevodalıqda axtarmağa başladılar. Polşalıların 823-cü sovet alayının hərbçilərinin, o cümlədən Məhəmməd Maqomayevin məzarının yerini müəyyənləşdirməsinə xeyli vaxt lazım gəldi. 1952-ci ildə döyüşçülərin qalıqlarının ekshümasiyasından sonra onların polşalı dostları qalıqları Hoyna şəhərindəki qardaşlıq məzarlığında dəfn etdilər. Bu, faşizmlə mübarizədə canlarından keçmiş sovet hərbçilərinin dəfn olunması üçün ayrılmış xüsusi yer idi. Hazırda orada 3985 sovet döyüşçüsü uyuyur.
Ata və oğul
Atasız böyüyən Müslüm əksər digər yetim uşaqlar kimi, atası haqda xatirələri zərrə-zərrə toplayıb, özü üçün atası ilə tanışlıq xülyası qurmağa çalışıb.
Bakıda yaşayan, şəhər teatrlarında çalışan Məhəmməd səliqəli geyməyi xoşlayır, səs-küylü mərasimləri çox sevir, yaxşı rəqs etməyi, o cümlədən qadağan olunmuş burjua rəqslərini əla bacarırdı. Qəribədir ki, əmisi Camalın böyütdüyü Müslüm ona deyil, atasına oxşadı. Onların hər ikisi böyük banketlər təşkil edirdilər, üstəlik tanımadığı insanlara hədiyyələr paylayacaq dərəcədə səxavətli idilər.
"Bu gün oğlumun ad günüdür. Ona nə arzulayım? Əlbəttə ki, uzun-uzadı xoşbəxtlik, sevinc dolu həyat. Amma qoy onun həyatı bəşəriyyət üçün faydalı zəhmətlərlə zəngin olsun - adını daşıdığı şəxsin həyatı kimi. Qoy o yaxşı nə varsa, hamısını hərarətlə sevməyi öyrənsin, amma qoy həm də xoşbəxtliyimizin yolunu kəsməyə çalışacaq hər kəsə ürəkdən nifrət bəsləməyi də bacarsın. Qoy o, erkən yaşlarından varvar almanların törətdikləri bu qanlı müharibənin tarixini bilsin. Onun kimi balacaların azadlığı, xalqın xoşbəxtliyi uğrunda rəşadətlə vuruşmuş, həyatını əsirgəməmiş hər kəsin xatirəsini uca tutsun. Qoy "faşizm" sözü onda nifrət, qəzəb yaratsın. Bir də onu bilsin ki, atası onu sevir və son nəfəsinədək sevəcək, öləcəksə, dodaqlarında onun adı ilə öləcək. Ona arzulamaq istədiklərim bunlardır".
Bu, Məhəmmədin oğluna son məktubu olub. Maqomayev oğlu böyüyən zaman bu məktubu oxumasını istəyirdi: bəlkə də o, qələbənin bir addımlığında öldürüləcəyini hiss edirdi. Belə də oldu. Həmin hadisələr rusiyalı jurnalist, Məhəmməd Maqomayevlə bağlı bir çox nadir materialları, müsahibələri və informasiyaları bir kitabda toplamış Mixail Zaxarçukun povest-araşdırmasında dəqiqliklə göstərilir.
Zaxarçuk Məhəmməd Maqomayev haqda yazırdı:
"Qələbədən cəmi 5 gün əvvəl mənim tam anlaya bilmədiyim səbəblərdən həlak olmuş cəbhə kəşfiyyatçısının şəxsiyyəti nəşrdən sonra da məni sakit buraxmayıb. Amma mən öz qəhrəmanım haqda heç də əksər azərbaycanlnın tanıdığı bəstəkarın oğlu, dünyaca məşhur müğənninin atası kimi düşünmürdüm. Mən qəfildən konkret bir ailənin taleyində bütün nəhəng ölkənin taleyinə oxşarlıq, o, vaxtkı cəmiyyətimizin öz gələcəyi naminə verdiyi o qurbanları gördüm".
Həqiqətən də, adi məntiqlə bir ölkə üçün 27 milyondan artıq insan itikisinin nə demək olduğunu təsəvvür etmək mümkündürmü? Qələbənin qiyməti həddindən artıq baha, ağlasığmaz görünür! Amma məsələ başqa idi: xalqın nəzərində başqa alternativ yox idi: ya qələbə, ya da dövlətin, xalqın məhvi. Bəs biz qırılmaz nəsildə - ata, oğul, nəvə - orta bəndin itirilməsinin nə demək olduğunu tam dərk edirikmi? Burada baba istedadlı bəstəkar, böyük, qeyri-adi şəxsiyyət idisə, nəvə ailə ənənələrinin dünyaca məşhur davamçısı idisə, ata öz ailəsi, ölkəsi, incəsənət üçün hansı işləri görə bilərdi? Bu hipotetik sualı heç zaman heç kəs cavablandıra bilməyəcək. Çünki bəstəkarın oğlu və müğənninin atası həyatını dünyada musiqinin kəsilməməsi üçün qurban verib. Bütün bunlarla yanaşı, bir adi məqam da mənə rahatlıq vermirdi: niyə Kyustrində həlak olmuş bu baş çavuşu Polşada, həlak olduğu yerdən yüzlərlə kilometr aralıda dəfn ediblər? Hər halda o, mənim Məhəmməd Maqomayevin qısa, lakin parlaq həyatını addım-addım, bacardığım dərəcədə təqib etmək istəyimi pis qəbul etməz. Mən Müslüm Maqomayevin atası haqqında "Borcumu şərəflə yerinə yetirəcəyəm..." adlı sənədli povest yazdım. Yeri gəlmişkən, orada dəfn məsələsinə də aydınlıq gətirmişəm. Sən demə, "Berlin yaxınlığında və şəhərin özündə həlak olmuş hərbçilərin ətrafa səpələnməsi" haqda göstərişi marşal Q.K.Jukov veribmiş. Sərkərdə gec-tez bu qədər insanımızın nədən "düşmən yuvası" qarşısında həlak olduğu haqda sual ediləcəyini anlayırdı. Amma bu, oxucuların da anladıqları kimi, ayrı, çox mürəkkəb mövzudur...".
"Borcumu şərəflə yerinə yetirəcəyəm" kitabından hissələr Müslüm Maqomayevin iki avtobioqrafik işində - "Melodiya - sevgim mənim" və "Məndə xatirələr yaşayır" - yer alıb. Burada onlar Müslümün yaşadıqları ilə harmoniya təşkil edir. Məsələn, Müslüm kitabda 70-ci illərdə Pomeraniyada (Polşanın əyaləti) olarkən atasının dəfn olunduğu qardaşlıq məzarına yollanmasından danışır. "Və budur, atamın ölümündən 27 il sonra ona baş çəkə bildim. 72-ci ilin baharı idi. 30 yaşıma az qalmışdı və indi mən 27 yaşında həlak olmuş atamdan böyük idim. Həmin şənbəni, 22 apreli yaxşı xatırlayıram. Qərbi Pomorye, Hoyna şəhərciyində qəbiristanlıq, qardaşlıq məzarlığı...", - deyə Müslüm sonralar yazırdı.
O, bu tarixçəni dostu, tanınmış şair Rober Rojdestvenskiyə də danışmış, şair isə eşitdiklərini "Ata və oğul" adlı möhtəşəm şeirində misralara çevirmişdi.
Müslümə atasının məzarının doğma vətənə köçürülməsi təklif olunmuşdu. Amma o, bu təklifə belə cavab vermişdi: "Məncə o, yad torpaqda deyil". Bununla da Müslüm atasını bir döyüşçü kimi, həm özününküləri, həm də yadları qorumaq üçün ölümü birgə qəbul etdiyi dostlarının yanında saxladı.
DÖYÜŞ MÜKAFATLARI
Məhəmməd Maqomayev 1941-ci ilin iyulunda Fəhle-Kəndli Qızıl Ordusunun (FKQO) sıralarında xidmətə başlayıb. 1942-ci ilin oktyabrından 1943-cü ilin avqustunadək Şimali Qafqaz və Cənub cəbhələrində vuruşub. 1943-cü ilin avqustundan 301-ci piyada diviziyasının 823-cü artilleriya alayının kəşfiyyatçısı kimi Dneprin keçilməsi, Ukraynanın azad olunması əməliyyatlarında iştirak edib. 1944-cü ilin oktyabrında 1-ci Belarus cəbhəsində vuruşub.
1944-cü il avqustun 25-26-da Moldova SSR-in Kotovski rayonunun Albino yaşayış məntəqəsi yaxınlığındakı döyüşlərdə mühasirəyə düşmüş almanlar mühasirəni yarmaq üçün əks-hücuma keçiblər. Bu vaxt Məhəmməd Maqomayev ön müşahidə məntəqəsində idi. O, döyüşçülərdən ibarət qrupla avtomat silahların köməyilə 20-dək hitlerçini məhv edir, 18 düşmən əsgər və zabiti əsir götürülür. 6 məhv edilmiş düşmən və ələ keçirilmiş 2 pulemyot şəxsən Mavqomayevin adına yazılır. 1944-cü il 6 sentyabr tarixli 42 saylı əmrlə çavuş Məhəmməd Maqomayev Qızıl ulduz ordenilə mükfatlandırılır.
1945-ci il yanvarın əvvəlində Polşanın Yelenuv -Vıboruv kəndləri ərazisində 823-cü artilleriya alayının 1-ci divizionunun kəşfiyyat bölüyünün komandiri baş çavuş Məhəmməd Maqomayev düşmənin 5 pulemyot nöqtəsini, 1 artilleriya batereyasının mövqeyini müəyyənləşdirir və onlar məhv edilir. 1945-ci il yanvarın 15-də Pilis çayının aşılması zamanı Maqomayev çayın sol sahilinə ilk yollananlardan olur və orada şiddətli pulemyot və qumbaraatanların atəşi altında atəş nöqtələrini müşahidə edir. Palçev kəndinə girən zaman çavuş Maqomayevin bölüyü gözlənilmədən düşmən tərəfindən pulemyot atəşinə tutulur. Bölüyə pulemyotçunun diqqətini yayındırmaq əmri verən M. Maqomayev cinahla hərəkətə keçir, atəş nöqtəsinə qumbaralar ataraq, onu məhv edir. Əməliyyat meydanının əldə saxlanılması uğrunda gedən döyüşlərdə Maqomayev düşmən piyadalarının və tanklarının 6 əks-hücumunun qarşısının alınmasında iştirak edir, 13 almanı şəxsən öldürür.
5-ci Zərbəçi ordusu ilə bağlı 1945-ci il 10 fevral tarixli, 16 saylı əmr ilə Məhəmməd Maqomayev Qızıl bayraq ordenilə təltif olunur.
1945-ci il fevralın 1-2-də Almaniya ərazisində Oder çayı yaxınlığındakı Selin yaşayış məntəqəsinin ələ keçirilməsi zamanı 823-cü artileriya alayının 1-ci batereyasına cinahların və arxa cəbhənin hücuma keçmiş 1050-ci atıcı alayından müdafiəsi tapşırılır. 1945-ci il fevralın 2-də səhər açılan kimi, düşmən 2 piyada batalyonunun köməyilə, sovet hərbçilərinin mövqeyini mühasirəyə alaraq onları məhv etmək məqsədilə əks-hücuma keçir. Batareyanın mövqeyində olan kəşfiyyatçı Maqomayev düşmənin 5 əks-hücumunun qarşısını alır. Bu zaman o, 1-i zabit olmaqla, 7 almanı şəxsən güllələyir.
1945-ci il fevralın 3-də Noy-Berlin və Ortviq yaşayış məntəqələri ərazisində Oder çayının sol sahilindəki döyüş meydanının ələ keçirilməsi zamanı düşmən böyük qüvvə ilə hücuma keçir, mövqelərimizi fasiləsiz atəşə tutur. Hücum zamanı piyadalar tank və zirehli maşınlar tərəfindən dəstəklənir. Baş çavuş Maqomayev mərdlik, cəsarət nümayiş etdirərək almanlarla dəfələrlə əlbəyaxa döyüşə girir, 7 hitlerçini şəxsən öldürür, 2 atəş nöqtəsini məhv edir, 3 düşmən əsgərini əsir götürür.
1945-ci il fevralın 4-də düşmən mövqelərimizə yenidən 6 dəfə əks-hücuma keçir. Hücumda iki piyada batalyonu, 15 tank, 10 zirehli maşın iştirak edir. Bu zaman baş çavuş Maqomayev almanlardan ələ keçirilmiş "MQ-38" pulemyotu ilə 15 faşisti güllələyir, qalanları dərhal yerə uzanaraq gizlənir və düşmənin əks-hücumu pozulur. Döyüş meydanı düşmənə verilmir.
9-cu atıcı korpusla bağlı 1945-ci il 210 mart tarixli, 43 saylı əmrlə baş çavuş Məhəmməd Maqomayev 2-ci dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif olunur.
Artilleriya alayının 823-cü divizionunun komandiri mayor Sotnikovun baş çavuş Maqomayevin yaxınlarına ünvanladığı məktubdan:
"…Bu, Şpre çayının sahilində, Karlshorst qəsəbəsində, elektrik stansiyasından və qayıq stansiyasından 700 metr cənubda, şossedə baş verdi.
Hər iki ayağından yaralanmış yoldaşını hamar, pulemyotlardan atəşə tutulan yoldan keçirmək üçün böyük, mərd ürəyə sahib insan lazım idi. Və Maqomayev təhlükəyə baxmayaraq, dostunun yanına qaçdı, onu çiyninə aldı, yoladək daşıdı, düşmənlə əlbəyaxa davaya girdi, 2 almanı öldürdü, 1-ni yaraladı, yoldaşını yenidən qucağına götürdü və qaçmağa başladı. Amma pulemyotdan aramsız yağdırılan güllələr yaralını öldürdü. Maqomayev hər iki ayağından güllələndi. Üstəlik, 5 güllə onun qarnına və ağ ciyərinə dəymişdi. Ümumilikdə 7 güllə yarası var idi. Özünü çox pis hiss etsə də, comərdlik edir, zarafatlaşır, gülürdü…
Öldürücü yaranı almazdan əvvəl çavuş Maqomayev avtomatından açdığı atəşlə onları gülləbaran edən pulemyotun atəş nöqtəsini yoldaşlarına işarə verə bilmişdi. Bu, atəş nöqtəsinin məhvinə imkan verdi. Bundan başqa, elə həmin döyüşdə Maqomayevin işarə verməsilə 1-ci divizion düşmənin daha 4 atəş nöqtəsi məhv edilmişdi.
68-ci atıcı korpusla bağlı 1945-ci il 22 may tarixli 68 saylı əmrə əsasən, Məhəmməd Maqomayev ölümündən sonra 1-ci dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif edilib".
MƏSLƏHƏT GÖR: