24 Noyabr 2024

Bazar, 01:41

HƏR ŞEY CƏBHƏ ÜÇÜN, HƏR ŞEY QƏLƏBƏ ÜÇÜN!

Azərbaycanın faşizm üzərində qazanılmış qələbəyə verdiyi inanılmaz töhfələrlə bağlı yenidən düşünməyin vaxtıdır

Müəllif:

12.05.2015

Paslanmış, bir qədər də əyilmiş, yağışların çürütdüyü "Messerşmitt" alman təyyarəsi Mirəli Seyidov və Şərifzadə (keçmiş 9-cu və 10-cu Xrebtovı) küçələrinin arasındakı boşluqda yanıüstə, burnu daşlı torpağa girmiş halda qalmışdı. Onu uzun müddət oradan yığışdırmadılar. 1942-ci ildə "Zenit" qurğusundan açılmış sərrast atəşlə vurulan bu təyyarə o andan, təxminən, 6 il həmin ərazidə, orta məktəbin yaxınlığında qaldı. Onun ətrafında uşaqlar oynaşır, bazar günləri isə oraya hərbi orkestr gəlirdi.

"Messerşmitt" sanki şəhərin görməli yerinə çevrilmişdi. Onu tezliklə ot basdı, hər tərəfini pas ləkələri və müxtəlif şayiələr bürüdü. Təyyarə yaxşı qalmışdı və bu səbəbdən də deyirdilər ki, guya onu vurmayıblar. Guya o, sadəcə yanacağı bitdiyi üçün özü yerə çırpılıb.

 

Yanacaq və digərləri

Təxminən, XIX əsrin sonlarınadək Bakı və ətrafı bütünlükdə Avropa üçün əsas neft mənbələrindən biri olub. SSRİ üçün isə Abşeron praktiki olaraq, yeganə neft hasilatı zonası idi. Qərbi Sibirdəki yataqlar hələ aşkar olunmamışdı (bu, sonralar, 1960-cı illərin ortalarında baş verib) və sovet benzininin, neftinin 80%-i Bakının payına düşür, onun isə az qala, hamısı cəbhəyə göndərilirdi.

Bununla yanaşı, xeyli çətinlik var idi. Neft və yanacağın nəqli üçün şimal istiqaməti faşistlər tərəfindən kəsilmişdi. Yol yalnız Şərqə - Xəzər dənizi vasitəsilə Krasnovodska idi. Yanacağı bu yolla tankerlərlə göndərirdilər. Tankerlər çatışmadıqda isə yanacaqla doldurulmuş dəmir qablar, hətta çəlləklər gəmilərə bağlanır, Xəzər dənizi vasitəsilə Krasnovodska aparılır, oradan isə qatarlarla daşınırdı.

Ümumilikdə, o ağır illərdə sənaye şəhərinin bütün sənayesi hərbi ehtiyacların ödənilməsinə yönəldilirdi. Hətta yeni məhsul növlərinin yaradılmasına da ehtiyac yaranmışdı. Azərbaycanda hərbi geyimlər tikilir, artilleriya topları, mərmilər istehsal olunurdu. İllərlə özlərini başqa, dinc dövrə aid mövzulara həsr etmiş elm adamları indi, sanki yenidən ixtisaslaşmışdılar.

Neftin daşınması üçün daha qənaətcil variantlar axtarılır, benzinin daha "təmiz" növünün hazırlanması üçün işlər aparılır, poladın yeni növləri hazırlanır və sınaqdan keçirilirdi. Əldə olunan nəticələr isə dərhal artilleriya istehsalına tətbiq olunurdu.

Bəzi hallarda başqa şəhərlərin sakinlərindən, guya, bakılıların cəbhədə daha az vuruşduqlarına, onların əksəriyyətinin bronlu olduğuna dair fikirlər eşitmək mümkün idi. Amma bunun öz səbəbləri var idi - Bakı yüksəkixtisaslı mütəxəssislər, mühəndislər şəhəri idi (Voyskunski və Lukodyanovun möhtəşəm "Mekonq heyəti" kitabını oxuyanlar söhbətin nədən getdiyini anlayırlar) və bu insanlar ümumi qələbəyə digərlərindən heç də az töhfə verməyiblər. Ümumilikdə isə cəbhədə həlak olmuş Azərbaycan əsgərlərinin sayı heç də digərlərindən az deyil. Burada müharibə illərində azərbaycanlı kimyaçı, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin gördüyü işləri yada salmaq da yerinə düşər.

Müharibə illərində Məmmədəliyev və iş yoldaşları təbii və süni neft qazının tərkibi və xüsusiyyətlərinin öyrənilməsi materiallarından geniş istifadə ediblər. Onun rəhbərliyi ilə xlorlu metan və etanın sintezi üsulu tapılıb. Onlar aviabenzin üçün neft qazı əsasında yüksəkoktanlı qatqının yaradılması qaydasını da tapıblar.

Bir maraqlı faktı da qeyd etmək lazımdır: Volqa və Qafqaz uğrunda döyüşlərdən sonra, Sovet ordusu faşistləri Qərbə tərəf sıxışdırdıqda, Məmmədəliyevin kustar üsulla hazırladığı qurğu Bakının Keşlə qəsəbəsi yaxınlığında onun rəhbərliyi ilə min tonlarla yüksəkoktanlı komponent istehsal edirdi. Bu, Bakı zavodlarına Cənub cəbhəsində istifadə olunan hərbi aviasiya üçün yüksək növə aid benzinin istehsal həcmini ciddi şəkildə artırmaq imkanı verirdi.

Cəbhənin aviasiya yanacağı ilə təmin olunmasına görə professor Y. Məmmədəliyev 1944-cü ilin yanvarında Lenin ordeni ilə təltif edilib.

Azərbaycan neftçilərinin, neft-kimyaçılarının qəhrəman əməyi Sovet Ordusunun döyüşən hissəsi tərəfindən yüksək qiymətləndirilirdi. Azərbaycan KP-nin Mərkəzi və Bakı komitələrinə müharibə illərində dəfələrlə Sovet Ordusu əsgərlərindən, zabitlərindən, generallarından, admirallarından məktublar daxil olmuşdu. Onlar hərbi texnikanın neftlə, tezalışan yağla vaxtında təmin olunmasına görə bakılılara minnətdarlıq edirdilər.

Sovet İttifaqı marşalı Konstantin Rokossovski (1896-1968) vaxtilə Azərbaycan KP MK-ya yazdığı məktubunda bildirirdi: "Qorxmaz şahinlərin hər bir zərbəsində, rəşadətli tankçıların hər reydində, alman-faşist qüvvələri üzərində əldə olunan hər zəfərdə Bakı neftçilərinin böyük payı var".

Marşal Georgi Jukov isə deyirdi: "Bakı neftçilərinin cəbhəyə və ölkəyə Vətənin müdafiəsi, düşmən üzərində qələbənin əldə olunması üçün lazım olduğu qədər yanacaq veriblər".

Yaradıcı ziyalılar da prosesdən kənarda qalmamışdılar.

 

Ziyalılar və müharibə

1941-ci il oktyabrın 17-də ölkənin taleyinin tükdən asılı olduğu həmin ağır payızda, Ermitajda qəflətən dahi Nizaminin 800 illiyi təntənə ilə qeyd olunmağa başladı. Yubiley tədbirlərində Sovet İttifaqının hər tərəfindən alimlər və ədiblər iştirak edirdilər. SSRİ rəhbərliyi gələcək qələbədə Azərbaycan, Bakı və şəhərin yaradıcı ziyalılarının hansı rolu oynadığını yaxşı bilirdi. Bu üzdən də hökumət həmin ağır günlərdə cənub respublikasının ziyalılarını hər yolla dəstəkləməyə çalışırdı. Müharibənin çətinliklərinə, total yoxsulluğa baxmayaraq, Azərbaycanda yeni teatrlar açılır, Azərbaycan və dünya müəlliflərinin əsərləri səhnələşdirilirdi. Yalnız Gəncədə 3 yeni teatr açılmışdı.

Rəssamlara, heykəltəraşlara ciddi önəm verilirdi. Onların əsərlərində faşizmlə mübarizə aydın əks olunurdu. Yeri gəlmişkən, Azərbaycanın 20-dən artıq rəssamı cəbhəyə, döyüşə yollanmışdı. Onların arasında əfsanəvi Mehdi Hüseynzadə, Qafar Seyfullayev, Həsən Haqverdiyev, Eyyub Məmmədov, Oqtay Sadıxzadə və digərlərinin adlarını çəkmək olar. Faktiki olaraq, bütün rəssamlar, hətta burada, arxa cəbhədə işə yaraya biləcək, bron sahib olanlar da cəbhəyə yollanmışdılar. Müharibə illərində təbliğatın ən vaxib və effektiv vasitəsi plakatlar idi. Məhz bu səbəbdən, Azərbaycanın görkəmli fırça ustası Əzim Əzimzadənin təşəbbüsü ilə "Agit-pəncərə", "Döyüşən qələm" və digər plakatların buraxılmasına başlanılmışdı. Əzimzadə, Xalıqov, Hacıyevin qrafik işləri müharibə dövrünün tarixinə fundamental, parlaq sənət əsərləri kimi düşüb. Görkəmli heykəltəraş Fuad Əbdürrəhmanov bir sıra müharibə qəhrəmanlarının büstlərini hazırlayıb.

Bəstəkarlar və musiqiçilər də boş dayanmır, əsərlər yazırdılar. Eyni sözləri yazıçılar haqqında da söyləmək mümkündür. Bu mənada, Üzeyir Hacıbəyov - Səməd Vurğun, Səid Rüstəmov - Məmməd Rəhim yaradıcı tandemini, həmçinin Niyazini, Cahangir Cahangirovu, Rəsul Rzanı xatırlamaq olar. Müharibə dövrünün Bakısında gəzişərkən, reproduktorlardan onların zəhmətinin nəticələrini eşitmək mümkün idi - "Şəfqət bacısı", "Cəbhəyə", "Bakı".

Müharibənin ilk iki ilində Naxçıvan, Gəncə, Xankəndi, Şəkidə Yazıçılar İttifaqının şöbələri bağlanmışdı. Məsələ onda idi ki, əksər müəlliflər cəbhəyə yollanmışdılar. Cəbhəyə 1941-ci ildə (müharibənin ən ağır ili) yollananların əksəriyyəti döyüşlərdə həlak oldular. 1942-ci ildə isə ciddi yaralanmış müəlliflər geri qayıtmağa başladı və həmin şəhərlərdə yaradıcı həyat yenidən qaynadı.

 

Açıq qalan suallar

Müharibə ortaya bir çox sual çıxardı. Onlardan ən vacibi, Hitlerlə görüşə 1930-cu illərin ortalarından hazırlaşan Sovet Ordusunun effektivliyinin aşağı olması və müharibənin ilk aylarında təşəbbüsün əldən verilməsi ilə bağlıdır. Amma bilavasitə Azərbaycana aid olan digər məsələlər də var. Məsələn, əsirlikdən azad edilmiş sovet əsgərləri bir çox hallarda repressiyalara məruz qalırdılar - onlar uzun müddətə həbsə atılır, yaxud güllələnirdilər. Bir çox həmvətənimizin düşmənin arxa cəbhəsində qalmasının, İtaliya, Yuqoslaviya, Fransada partizan hərəkatına qoşulmalarının səbəbi də bu idi. Misal kimi, adları məşhur olan Əhməd bəy Cəbrayılov, Mehdi Hüseynzadəni göstərmək olar. Onların arasında digər qəhrəman insanlar da olub. Məsələn, dəstə komandiri Cavad Hakimli belələrindən idi: hətta Mehdi Hüseynzadə də onun dəstəsində vuruşub. İşğal olunmuş Yuqoslaviyada əsirlikdə olmuş həmvətənlərimizə rast gəlinir: Rza Ağazadə, Mikayıl Qulubəyov, Cəmil İsmayılov, A. Abışov, Q.İbadov, M.Məmmədov, V.Hacıbəyov, M.Əlimərdanov... Onlar Çexoslovakiyada gedən döyüşlərdə də ad çıxarıblar.

Daha bir vacib mövzu müharibə illərində arxa cəbhədə ardı-arası kəsilməyən repressiyalardır. Sovet hakimiyyəti Azərbaycanda, xüsusilə ziyalılara son dərəcə ehtiyatla yanaşıb. Bir tərəfdən, onlar mümkün qədər təşviq olunub, digər yandan, o illərdə neytrallıq nümayiş etdirən Türkiyə ilə əlaqələrdə şübhəli bilinən istənilən şəxs dərhal repressiyalara məruz qalıb. Müharibə illərində XDİK-dən ehtiyatlanan bir çox insan Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Ümumiyyətlə, hərbi repressiyalar kontekstində (doğrudur, bu, 1937, 1939 və 1949-cu illərdəki qədər sərt deyildi) çox qaranlıq məqamlar var. Amma Bakının yüksək strateji önəmi, çətin ki, minlərlə insan taleyinin məhv edilməsinə haqq qazandırsın.

Azərbaycan, xüsusilə Bakı cəbhə üçün az iş görməyib. Mənzərənin tam aydın olması üçün buraya bir məqamı əlavə etmək lazımdır: anti-Hitler koalisiyasının Zaqafqaziya cəbhəsinin qərargahı məhz burada yerləşirdi. Hətta müharibədən sonra da 4-cü ordunun qərargahı Bakıda idi və səlahiyyətlərinə görə digər qərargahlarla müqayisəyə gəlmirdi.

Bakıya İran vasitəsilə yüksəkrütbəli qonaqlar, Avropadakı partizan hərəkatlarının liderləri gəlirdilər. Onların arasında belə hərəkatların ən böyüyünün lideri marşal de Qoll da var idi. 

Bu gün Azərbaycanda yaşayan müxtəlif diasporların nümayəndələri (ilk növbədə, yəhudi və tatar) Bakıya qəhrəman şəhər statusunun verilməsinə çalışırlar. Amma problem ondadır ki, bu problemin həllinin kimin səlahiyyətində olduğu bəlli deyil. Onun həllinin logistikası da bilinmir. Amma bu, ən azı, şəhərimizin faşizm üzərində ümumbəşəri qələbəyə töhfəsinin təbliğinə kömək edərdi.



MƏSLƏHƏT GÖR:

689