Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
"Müştəri yetişir!". Bu ifadə məşhur komediya filmi olan "Brilyant əl"in personajı, görkəmli aktyor Andrey Mironovun canlandırdığı Geşa Kozodoyeva məxsusdur. İndi bu ifadə Türkmənistan qazının Avropaya nəqli ilə bağlı danışıqların gedişindəki gözlənilməz dəyişikliyə çox uyğun gəlir.
İllərdir, Trans-Xəzər qaz kəməri layihəsinə ciddi maraq göstərməyən Aşqabad, deyəsən, nəhayət, qazını Avropa İttifaqına ixrac etməklə bağlı fəal diskussiyalara hazırdır.
Türkmənistan səfəri
Türkmənistan, Azərbaycan və Türkiyənin neft-qaz qurumlarının rəhbərləri ilə Aİ-nin yüksəkrütbəli təmsilçiləri arasında Aşqabadda keçirilmiş görüşdən sonra, tərəflər arasında enerji sahəsində əməkdaşlığın inkişafına dair bəyannamə imzalanıb. Sənəddə "... Türkmənistan təbii qazının Avropaya nəqlini həyata keçirəcək transmilli tranzit qaz kəmərlərinin tikintisi üzrə birgə layihələrin reallaşdırılması" məsələsi öz əksini tapıb. Bundan başqa, tərəflər işlərin daha effektiv həyata keçirilməsi məqsədilə üç ölkənin enerji nazirlərinin müavinləri və Aİ təmsilçiləri səviyyəsində işçi komissiya yaradıblar. Aşqabad görüşünün yekununda Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç xüsusi nikbinliyi ilə seçilib. O, "Reuters" agentliyinə müsahibəsində Aİ-nin artıq 2019-cu ildə Türkmənistan qazını əldə edəcəyinə ümidli olduğunu ifadə edib.
"Aramızda yaxşı qarşılıqlı anlaşma var. Türkmənistan üçün ixrac imkanlarının şaxələndirilməsi çox vacibdir. Aİ isə idxalı şaxələndirmək istəyir", - deyə Şevçoviç qeyd edib: "Bu formatda (Azərbaycan, Türkiyə və Türkmənistanın enerji nazirləri) biz Trans-Xəzər qaz kəməri ilə bağlı bütün məqamları müzakirə etdik... Strateji istiqamətdə son dərəcə vacib addım atdıq. Hər kəs kifayət qədər müsbət mövqe ortaya qoydu".
Şevçoviçin sözlərinə görə, artıq Türkmənistanın bu layihənin (Cənub qaz dəhlizi) bir hissəsi olacağına, Avropa istiqamətində "mavi yanacaq" nəql edəcəyinə dair siyasi qərar var. Yeri gəlmişkən, gələcəkdə dördtərəfi formata Gürcüstanın da qoşulması nəzərdə tutulub. Şevçoviç Gürcüstanın "Cənub" Qaz Dəhlizi layihəsi baxımından vacib tranzit ölkə olduğunu söyləyib.
Türkmənistan üçün Avropanın qaz bazarına çıxış son illərdə xüsusi aktuallıq qazanıb. Məsələ ondadır ki, son illərdə "Qazprom" bu ölkədən aldığı "mavi yanacaq"ın həcmini azaldıb. Cəmi bir neçə il əvvələdək Türkmənistandan ildə 40-50 milyard kubmetr qaz alan Rusiya monopolisti indi bu həcmdə 10 dəfələrlə azalmaya gedib. 2015-ci ildə şirkət Türkmənistandan cəmi 4 milyard kubmetr qaz almaq niyyətindədir. Aşqabad isə öz növbəsində, qazını Çinə ixrac etsə də, Avropa bazarı onun üçün "yağlı tikə" olaraq qalır. Qərblə Rusiya arasında münasibətlərin gərginləşdiyi hazırkı şəraitdə isə Aİ alternativ enerji resurslarının tədarükü sahəsində istənilən alternativ variantın lobbiçiliyinə hazırdır.
Türkmənistan qazı ilə yanaşı, artıq İran qazının tədarükü variantına da ciddi yanaşılır. Çünki indi İranın nüvə proqramı ilə bağlı problemin birdəfəlik həllinə inam son dərəcə artıb. Bundan başqa, Şefçoviç Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla "mavi yanacaq"ın yalnız Trans-Xəzər qaz kəməri ilə deyil, İran ərazisi vasitəsilə də nəqlinə dair müzakirələr aparıb. Amma nəzərə alsaq ki, bu variantda məsafə daha uzaq olur, bu, Xəzərin dibi ilə 300 kilometrlik boru xəttinin çəkilməsindən daha baha başa gələn varitantdır. Lakin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi hələ də mümkün olmayıb və bu baxımdan, İran variantı vəziyyətdən çıxmaq üçün müvəqqəti seçim ola bilər. Eyni zamanda, İran marşrutu "Cənub" Qaz Dəhlizi layihəsinin əsas iştirakçılarına da sərf edir - istər Azərbaycan, istər Türkmənistan, istərsə də İran qazının Türkiyəyə nəqli üçün əsas tranzit dəhlizi Trans-Anadolu qaz kəməridir (TANAP).
İstənilən halda, TANAP İrana Avropanın qaz bazarında öz yerini tutması üçün real imkan yaradır. Tehran da bu imkana kifayət qədər ciddi yanaşır.
"TANAP və TAP-ın tikintisi 2018-ci ildə başa çatdırılacaq. Layihənin detalları ilə tanış olmağımız üçün kifayət qədər vaxtımız var. Hazırda mütəxəssislərimiz bu məsələ ilə məşğuldurlar. Nəticə əldə olunarsa, qərarımızı elan edəcəyik. TANAP-ın səhmlərinin alınması ilə bağlı müəyyən qaydalar var. Əlbəttə, biz milli maraqlarımıza əsaslanaraq addımlar atacağıq. Enerji layihələrində iştirak etmək üçün hasilatı artırmalıyıq. 2018-ci ilədək hasilat həcmi proqnozlaşdırılan səviyyədə qalarsa, regional layihələrdə iştirak edə bilərik. Hələlik, konkret nəsə söyləmək çətindir. Əsas odur ki, hasilatla bağlı planlarımızı reallaşdıraq. Eyni zamanda, dünyada cərəyan edən prosesləri də diqqətdə saxlayacağıq. Kiminləsə rəqabət aparmaq istəmirik. Biz, sadəcə, öz qazımızı satmaq istəyirik", - deyə İranın Bakıdakı səfiri Möhsün Pakayini APA agentliyinə müsahibəsində bildirib.
Ümumilikdə, TANAP-a artıq bir sıra şirkətlər ciddi maraq göstərir. Məsələn, Türkiyə hökuməti layihədə paya sahib çıxmaq istəyən bir sıra şirkətlərlə danışıqlar aparır. Bunu ölkənin enerji və təbii resurslar naziri Taner Yıldız bildirib. "TANAP nəhəng layihədir. Bu cür layihələrin reallaşdırılacağına inamın artması ilə ona olan təlabat da yüksəlir. 1-2 şirkətlə görüşərək konkret hədəflər haqda müzakirə aparacağıq", - deyə nazir qeyd edib.
TANAP-ın davamı olan Trans-Adriatik boru xətti (TAP) layihəsi ilə bağlı da bütün məsələlər həll olunmaqdadır. İtaliya hökuməti artıq onun tikintisilə bağlı layihəni təsdiqləyib. Halbuki, ölkədə ayrı-ayrı icmalar onun ekoloji normaların pozulmasına aparıb çıxara biləcəyindən narahat idilər. Yunanıstan, İtaliya və Albaniya isə birgə bəyanatla çıxış edərək, Aİ-nin üçüncü enerji paetinin bəzi müdəalarından (qazın nəqli və satılması biznesinin ayrılması və üçüncü tərəflərin kəmərə əlçatarlığı) TAP layihəsinə aid edilməməsini uzadıblar. Bu üçtərəfli bəyanatdan əvvəl isə Avropa Komissiyası qərarı təsdiqləmişdi.
Yunanlar oyun qaydalarını pozurlar?
Bununla yanaşı, TAP-la bağlı məsələdə Yunanıstanın SİRİZA partiyasının rəhbərlik etdiyi yeni hökumətinin mövqeyi müəyyən narahatlıqlar yaradır. Son parlament seçkisi nəticəsində hakimiyyətə gəlmiş SİRİZA əvvəlcə layihənin reallaşdırılması ilə bağlı razılaşmaya yenidən baxmaq niyyətini açıqlamışdı. Afina tranzit tariflərinin artırılmasını, Azərbaycandan alınacaq qazın qiymətinin isə aşağı çalınmasını vacib sayırdı. Lakin Yunanıstanın martda Bakıya səfər edən enerji naziri Panayotis Lafazanisə ciddi işlərin bu cür görülmədiyi, imzalanmış sazişlərə əməl edilməsinin vacib olduğu başa çalındı.
İndi Yunanıstan hökuməti ölkənin DESFA qazpaylayıcı şirkətinin 66%-lik payının Azərbaycanın SOCAR şirkətinə satılmasından boyun qaçırmaq haqda düşünməyə başlayıb. Şirkətin 400 milyon avro qarşılığında SOCAR-a satılmasına dair razılaşma 2013-cü ilin dekabrında imzalanıb. Lakin onun Yunanıstanın qaz bazarındakı rəqabətə necə təsir göstərəcəyini araşdırmaq fikrinə düşmüş Avropa Komissiyası sazişi dondurub. Azərbaycan isə bu razılaşmanın SOCAR-a hər hansı monopoliyaçı statusu qazandırmayacağını bildirir. Çünki "Şahdəniz" yatağının işlənilməsinin 2-ci fazası çərçivəsində hasil olunaraq TAP vasitəsilə Yunanıstana nəql ediləcək qazın sahibi şirkətlərdən ibarət konsorsiumdur və Azərbaycan orada sadəcə 16,6%-lik paya sahibdir. Bununla yanaşı, SOCAR Avropa Komissiyasının ekspertləri ilə fəal əməkdaşlıq edir və onların bütün suallarını cavablandırır. Amma prosesə yenə də Yunanıstan hökuməti badalaq vurur. "Bloomberg" agentliyinin məlumatına görə, Afina indi DESFA-nın yalnız 49%-lik payının SOCAR-a satılması variantını nəzərdən keçirir. Qərar isə əlbəttə ki, Avropa Komissiyasının araşdırmasından sonra qəbul olunacaq. Əslində, bu məsələdə ən maraqlı tərəf məhz Yunanıstan hökuməti olmalıdır. Çünki şirkətin səhmlərinin SOCAR-a satılması Yunanıstanın dövlət büdcəsinə ciddi vəsaitin daxil olmasına imkan yaradacaq. Bundan başa, Yunanıstan Azərbaycan və Gürcüstandakı fəaliyyəti ilə qazpaylayıcı şəbəkənin idarə edilməsində nə dərəcədə ixtisaslaşmış olduğunu təsdiqləmiş SOCAR-ın timsalında son dərəcə etibarlı investor qazanacaq.
Hər halda, bu qeyri-müəyyən vəziyyət davam edərsə, SOCAR DESFA-da paya sahib çıxmaqdan imtina edə, qonşu Albaniyada qazpaylayıcı şəbəkə yaratmaq işinə girişə bilər. Hər halda, Albaniya hökuməti Azərbaycan şirkətinin bu təşəbbüsünü tam dəstəkləyir.
Yunanıstanın yeni hökuməti son zamanlar Aİ ilə Rusiya arasında münasibətlərin pisləşməsindən maksimum yararlanmağa, bu vəziyyətdən özü üçün imtiyazlar qazanmağa çalışır. BVF və Aİ ilə əlavə yardımların ayrılması, eyni zamanda 300 milyard dollarlıq borcun silinməsinə dair danışıqlar aparan Afina Rusiya hökuməti ilə də təmasları artırıb. Məsələn, hazırda Yunanıstanla Rusiya reallaşdırılması planlaşdırılan "Türk axını" boru xəttinin Balkan yarımadasınadək uzadılmasına dair razılığa gəlməyə çalışırlar. Yunanıstanın baş naziri Aleksis Sirpasın sözlərinə görə, qaz kəmərinin onun ölkəsinin ərazisindən çəkilməsinə dair razılaşma imzalanarsa, Rusiya Afinaya avans olaraq 3 milyard avro ayıra bilər. Qeyd edək ki, ildə 47 milyard kubmetrədək qaz ötürmək gücündə olacaq bu layihənin reallaşdırılması ilə bağlı danışıqları Rusiya-Avropa konsorsiumu aparacaq və bu, Aİ-nin Üçüncü enerji paketinin normalarına əməl olunmasına imkan verəcək. Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun sözlərinə görə, "Yunanıstanla Türkiyə arasında münasibətlərin o qədər də yaxşı olmadığını nəzərə alsaq, bu layihə, böyük ehtimalla, "Yunan axını" adlanacaq".
"Dumanlı axın"
Yunanıstan hökumətinin isə tranzit qaz kəmərinin mümkün tikintisi məsələsində irəli qaçdığı ortadadır. Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldızla "Qazprom"un rəhbəri Aleksey Miller bu yaxınlarda 2016-cı ilin sonlarından "Türk axını" ilə qaz nəqlinə başlanılmasına dair razılığa gəlsələr də, tərəflərin üzərinə qaz kəmərinin tikintisilə bağlı öhdəlik qoyan və Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutan heç bir hüquqi sənəd hələ ki, mövcud deyil.
Aİ hələ də bu marşrutu qəbul etmir və Rusiya qazının Avropaya nəqlində Ukraynanın qaz nəqli sistemini prioritet sayır. Aİ-nin bu mövqeyini Avropa Komissiyası sədrinin müavini Maroş Şefçoviç də bir daha dilə gətirib. "Ukraynanın müasir və işlək enerji infrastrukturu ilə təmin edilməsi həm Kiyevin, həm də Aİ-nin maraqlarına uyğundur", - deyə o, qeyd edib.
Şefçoviçin sözlərinə görə, Rusiya qazının istehlakçıları uzunmüddətli müqavilələrə sahibdirlər və orada qazın Türkiyə sərhədində deyil, Şərqi və ya Mərkəzi Avropada almaları nəzərdə tutulub. M. Şefçoviç Ukrayna marşrutunun iqtisadi baxımdan da daha sərfəli olduğunu deyib, istehsalçı ilə istehlakçı arasında münasibətlərin bundan sonra da əsasən iqtisadi prinsiplər üzərində qurulacağına ümidini ifadə edib.
Digər yandan, Rusiya ilə Türkiyə rus qazının qiymətində endirimlə bağlı da razılığa gələ bilmirlər. Doğrudur, "Qazprom" Türkiyənin dövlət şirkəti, Rusiya qazının əsas hissəsinin idxalı ilə məşğul olan Botas ilə müəyyən razılığa gəlib. Tərəflər fərdi idxalçılar üçün endirim məsələsində ortaq məxrəcə gəliblər və bu, qazın min kubmetrinin qiymətinin ilin ikinci rübündə 374 dollardan 260 dollara endirilməsinə imkan yaratmalıdır. Amma danışıqlar yenidən dalana dirənib. Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, Botas Rusiya qazının min kubmetrinə 370 dollar ödəyir, halbuki, Avropa bazarında bu qiymət 100 dollar ucuzdur. Nəticədə Botas sıxılmış maye qaz tədarükünü artırıb və bu, ona "Qazprom"un qazından 50 dollar ucuz başa gəlir. Bu vəziyyət Rusiya monopoliyasına da mənfi təsir göstərir. Məsələ ondadır ki, yalnız apreldə Türkiyə Rusiyadan qaz idxalını ötən illə müqayisədə 38% azaldıb.
Qiymətdə endirim olmasa, Ankara "Türk axını"nı gerçəkləşdirmək istəmir. Üstəlik, son günlərdə bu layihənin reallaşdırılması yolundakı iqtisadi maneələrə siyasi əngəllər də qoşulub. Rusiya prezidenti Vladimir Putinin 1915-ci il "soyqırımı"nın 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılmaq üçün Yerevana səfər etməsi Ankaranın xoşuna gəlməyib.
"İzvestiə" qəzeti yazır ki, Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun mayın 16-da Antalyada keçirilməli olan növbəti iclasının təxirə düşməsi məhz bununla bağlıdır.
Avropanın ayrı-ayrı ölkələri də "Türk axını"nın perspektivinə şübhə ilə yanaşır. Məsələn, Serbiya prezidenti Tomislav Nikoliçin məsələyə münasibətini kifayət qədər gözlənilməz saymaq olar: "Düşünürəm ki, "Türk axını"nın reallaşdırılması (Serbiya ərazisində) mümkün deyil və biz bu istiqamətdən qaz almayacağıq".
Serbiya hər zaman Rusiyaya qarşı loyallığı ilə tanınıb və o, Aİ-nin Moskvaya tətbiq etdiyi son sanksiyalara da qoşulmayıb. Bu dəfə isə deyəsən Belqrad məsələyə praqmatik yanaşmaq qərarına gəlib.
Aydındır ki, Türkiyə üçün "Türk axını"nın reallaşdırılması tamamilə sərfəlidir. Çünki o, Cənub qaz dəhlizilə birlikdə Ankaraya Avropaya qaz nəqlində ciddi dəhliz ölkə statusu qazandıracaq. Amma Türkiyədə Rusiyanın layihəsinin kifayət qədər dumanlı perspektivə malik olduğunu anlayır və bu səbəbdən də onun reallaşdırılması üçün bütün yolları açmağa tələsmirlər. Ankara bu işdə mümkün qədər çox güzəşt əldə etməyə çalışır.
Qərblə Rusiya arasında siyasi uçurumun dərinləşməsi qeyri-müəyyən perspektivə malik bu cür miqyaslı layihələrin reallaşdırılmasına da kölgə salmaya bilməz.
MƏSLƏHƏT GÖR: