Müəllif: Nurlanə QULİYEVA Bakı
Son illərin maliyyə-iqtisadi böhranı "qaz"ı Avropanın dünya iqtisadiyyatının lokomotiv rolunu tərəqqi edən Asiyaya verməsinə gətirib çıxardı. Ona görə də tamamilə məntiqlidir ki, bu gün Asiya ilə iqtisadi və maliyyə "dostluğu" perspektivli və olduqca əlverişlidir. Azərbaycan Asiyanın aparıcı iqtisadiyyatları və ən əsası onların sürətlə inkişaf edən maliyyə institutları ilə kifayət qədər dostluq əlaqələrini qaydasına salaraq, artıq çoxdan bu tendensiyansı öyrənib. Nümunə üçün ən azından ölkənin yeni güclü maliyyə institutuna (Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) yaradılmasına) - üzv olmağı bildirərək, ona son dərəcə sürətli reaksiya verməsi faktını götürək. Daha bir parlaq nümunə kimi haqlı olaraq 2015-ci ilin möhtəşəm hadisəsi adlandırılan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının toplantısını göstərmək olar. 2-5 may tarixlərində Bakıda keçirilən illik toplantıda dünyanın 67 ölkəsindən 3 mindən çox qonaq iştirak edib.
AZƏRBAYCAN
AİB-nin iclasının keçirilməsinin neftin qiymətinin düşməsinə görə ölkə valyuta bazarında vəziyyətin dəyişməsi dövrünə təsadüf etməsi, aparıcı dünya maliyyə institutlarından birinin Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası üzrə səylərini dəstəkləməyə hazırılığı haqqında bəyanatların əhəmiyyətini daha da gücləndirdi. "Təbii ki, neft və qaz istehsal edən ölkə kimi, neftin qiymətinin kəskin dəyişməsi bizdə narahatlıq doğurur. Lakin onu da qeyd etmək istərdim ki, bu, bizim üçün bir növ çağırışdır - daha da səmərəli olaq, büdcəni daha da möhkəmləndirək, zəruri olmayan xərcləri azaldaq və diqqətimizi yaxşı idarəçilik və menecmentə yönəldək", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında bildirib. Son 10 il ərzində Azərbaycanın sürətli inkişaf dövrü olduğunu xatırladaraq, dövlət başçısı əlavə edib ki, ölkə xarici investisiyalar üçün olduqca cəlbedici olaraq qalır. "Bizim ən böyük nailiyyətimiz isə düşünürəm ki, yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. On-on beş il öncə bu göstərici 50 faizə bərabər idisə, bu gün həmin rəqəm 5 faizdir. Bu, onu nümayiş etdirir ki, Holland sindromuna, iqtisadiyyatın birtərəfli inkişafına düçar olmadıq. Biz qara qızılı insan kapitalına çevirə bildik", - deyə İ. Əliyev əlavə edib. İqtisadiyyatın şaxələndirilməsinin prioritet məsələ olduğunu bir daha vurğulayan dövlət başçısı qeyd edib ki, o, diqqət mərkəzində olacaq.
İqtisadiyyatın artımı üçün potensial mexanizmlər və modellərin axtarılmasında Asiya ölkələrinin təcrübəsinə Azərbaycanın marağı haqqında maliyyə naziri Samir Şərifov da danışıb. Şübhəsiz, axı, yuxarıda qeyd edildiyi kimi, son on ildə Asiya ölkələrinin iqtisadiyyatları nəzərəçarpacaq templərlə artır - orta illik artım 6% təşkil edir. Lakin onların inkişaf modelləri də fərqlidir və Azərbaycan da iqtisadiyyatda enerji faktorunun dominantlığından xilas olmağı arzulayaraq, iqtisadi inkişafın yeni modellərini axtarır. "Qeyri-neft sektorunun artımı ölkədə inkişafın əsas hərəkətverici mexanizmi olub və artım mənasında hətta neft sektorunu da üstələyib. Buna baxmayaraq, qeyri-neft sektorunun artımı dövlət investisiyalarının hesabına baş verirdi və hökumət qeyri-neft sektorunun dəstəklənməsi üçün neft sektorundan gələn gəlirlərdən istifadə edirdi. Lakin biz inkişafın daha optimal yolunu tapmalıyıq", - deyə S. Şərifov yekunlaşdırıb. Bununla bağlı olaraq ölkənin ixrac potensialının inkişafı, Azərbaycan məhsullarının xüsusən də Asiyanın sürətlə inkişaf edən bazarlarına, xarici bazarlara çıxmasının təşkili tamamilə təbiidir. Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin fikrincə, Azərbaycanın Şərqlə Qərb arasında körpü olmaq üçün bütün imkanları var: "Hazırda Çin dünyanın ən böyük istehsalçısıdır, Avropa İttifaqı isə ən böyük istehlakçıdır. Azərbaycan onlar arasında özünəməxsus körpü ola bilər". Bu mənada beynəlxalq maliyyə institutlarının Azərbaycanın ixrac potensialının inkişafına xidmət edən, hökumətin infrastruktur təşəbbüslərini qidalandıran və eyni zamanda əvəzində nəhəng şərtlər irəli sürməyən perspektivli layihələrini təkcə qarşılıqlı səmərəli sövdələşmə deyil, həm də dostluq dayağı kimi də səciyyələndirmək olar. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, 1999-cu ildən bəri, yəni əməkdaşlıq müddəti ərzində Azərbaycana AİB 12 layihə üzrə 1,64 mlrd. dollar məbləğində kredit ayırıb. Eyni zamanda Bank texniki əməkdaşlıq çərçivəsində 7 layihənin maliyyələşdirilməsinə təxminən 10 milyon dollar məbləğində qrant vəsaiti ayırıb, özəl sektora isə kreditlərin həcmi 163 mln. dollar olub. Bununla belə, hər iki tərəf bu layihlərin gedişi ilə o qədər razıdırlar ki, əməkdaşlığın miqyası günbəgün necə deyərlər, artır.
Belə ki, Bakıda Azərbaycan və AİB 1 milyard dollar həcmində investisiya proqramı üzrə memorandum imzaladı. Sənəd ölkənin enerji sisteminin yenidən bərpası və təkmilləşdirilməsini nəzərdə tutur. İnvestisiya proqramı layihəsinə müvafiq olaraq AİB üç tranşda 750 mln. dollar (hər biri 250 mln. olmaqla) ayıracaq. Qalan 250 mln. dollar isə Azərbaycan hökuməti ayıracaq. Bu vəsaitlər elektrikpaylayıcı şəbəkənin, yarımstansiyaların yenilənməsinə, müştərilərə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, mövcud hesablayıcıların rəqəmsal olanları ilə dəyişdirilməsinə, "Azərişıq" ASC-nin kadr potensialının gücləndirilməsinə yönəldiləcək.
Asiya İnkişaf Bankının rəhbəri Takehiko Nakao həmçinin əlavə edib ki, AİB enerjinin günəş və digər bərpa olunan mənbələrlə bağlı məsələlərə resursları istiqamətləndirməyi, ətraf mühit və yaşıllaşdırmaya dair tədbirlərə xüsusi diqqət ayıracağına söz verib: "Biz Bakıda yaşıl avtobus sistemini qurmağa başlamışıq. Biz əsas investorları buraya cəlb edə bilmişik. Bu şəkildə biz azxərc çəkilən fəaliyyət sahəsindəki insanları mühafizə etməyə müvəffəq olduq", - deyə o, toplantının açılışında bildirib.
O, həmçinin Azərbaycanın sosial siyasətdəki uğurlarını da qeyd edib - AİB-in məlumatına görə, Azərbaycanda yaşlı əhalinin təhsil səviyyəsi demək olar ki, 100 faizə çatır, doğuş zamanı ölüm halları isə AİB-ə üzv olan ölkələr sırasında ən aşağı göstəriciyə malikdir. Hökumətin diqqət ayrılmalı olduğu məqamlara gəlincə isə T. Nakao qeyd edib ki, Azərbaycanın ÜDM-nin cəmi 5 faizi kənd təsərrüfatından asılıdır. Halbuki əhalinin 40 faizi bu sahə ilə məşğuldur.
"Hesab edirəm ki, kənd təsərrüfatının inkişafı ölkə üçün prioritetlərdən biri olmalıdır. Regionun gözəlliyini və Azərbaycanın özündə Asiya, türk dünyası və digərlərini birləşdirdiyini nəzərə alaraq, turizmin inkişafının zəruriliyini də qeyd etmək lazımdır", - deyə o, bildirib. Bank prezidenti əlavə edib ki, bunun üçün insfrastrukturun inkişafı zəruridir, AİB isə Azərbaycanda infrastruktur layihələrini dəstəkləyir və bunun sayəsində böyük uğurlara nail olunub.
Region uğrunda rəqabət
Həqiqətən də AİB-in toplantısını 2015-ci ildə Azərbaycanda ən böyük iqtisadi hadisə hesab etmək haqlı olardı. T. Nakaonun mətbuat konfransında qeyd etdiyi kimi, bu Cənubi Qafqazda ilk yüksəksəviyyəli iclasdır və o, şərqlə qərb arasında körpü funsksiyasını daşıyır.
Tədbirin gündəminin genişliyini nəzərə alaraq, demək olar ki, məqsədə nail olunub. Lakin iclasın ən həyəcanlı məqamı AİB ilə yeni yaradılmış AİİB arasında münasibətlər oldu - elə bir mətbuat konfransı, seminar və s. olmadı ki, bu məsələ qaldırılmasın. Əslində hər iki maliyyə institutunun regional əhatəsi bir-birini təkrarlayır - AİB sıxışdırılmaqdan ehtiyat etmirmi?
Prezident T. Nakao əmin edir ki, xeyr. Bundan əlavə, rəhbərlər şurasının toplantısının gedişində o, bildirib ki, AİB AİİB-lə əməkdaşlıq etmək və Asiya ölkələrində infrastruktur layihələrini birgə maliyyələşdirmək niyyətindədir. - Birgə işin perspektivləri AİİB-in müvəqqəti katibliyinin baş katibi Tzin Litsyunlə görüşü zamanı müzakirə edilib. Tərəfdaşlıq ən müxtəlif istiqamətlərdə - iri layihələrin birgə maliyyələşdirilməsindən digər bazarların, məhz Afrika və Latın Amerika bazarlarına nüfuz etmə sahəsində əməkdaşlığa qədər aparılacaq. Tərəflər həmçinin zəruri məlumat mübadiləsi və əməkdaşlığın konkret imkanlarının müzakirəsini davam etmək istiqamətində də razılığa gəliblər.
Lakin rəqabətdən yayınmağın mümkün olmayacağı aydındır. Belə ki, AİB öz mövqelərini əldən vermək niyyətində deyil. T. Nakaonun sözlərinə görə, yaxın illərdə kreditləşmənin həcmini artıracaq, Mərkəzi və Cənubi Asiya ərazilərində infrastruktur layihələr maliyyələşdirəcəklər. Maliyyəçilərin hesablamalarına görə, Asiya regionunda bir sıra aparıcı layihələrin reallaşdırılmasına 800 mlrd. dollar lazımdır. AİB rəhbəri qeyd edib ki, kredit təşkilatı dövlətlərlə əməkdaşlığın daha uzun müddətlərini nəzərdə tutan müqavilələr imzalamağa hazırdır. AİB rəhbəri hesab edir ki, bank kreditlərə olan tələbatı problemsiz təmin edə bilər.
Ümumilikdə, onun sözlərinə görə, AİB ötən illər ərzində maliyyə imkanlarını əhəmiyyətli dərəcədə artırıb və layihələrin icra keyfiyyətini yaxşılaşdırıb. Və yaxın illərdə Asiya və Sakit okean regionlarında iqtisadi artım templəri avrozona və Yaponiyanın müvafiq göstəricilərini ötəcək.
"Biz yeni qlobal təşəbbüsləri reallaşdırmaq istəyirik. İstəyirəm ki, Asiya inkişaf bankı daha səmərəli faəliyyət göstərən daha güclü, mobil struktur olsun. Biz Asiya inkişaf bankının əməliyyatlarını 20 mlrd. dollara qədər çatdırmalıyıq. Bizim yoxsul ölkələrə dəstəyimiz 70%-ə qədər çatıb. Bu sahədə özəl sektorun fəaliyyəti üçün imkanlar var. Birgəmaliyyələşdirməyə gəlincə, bizim investisiyalarımızın həcmi 40 mlrd. dollara çatdırılmalıdır", - deyə AİB rəhbəri iddia edir. Bununla əlaqədar olaraq AİB AİİB-dən başqa, nümayəndə heyəti artıq toplatıda iştirak edən Avropa İnkişaf Bankı ilə sıx əməkdaşlıq edəcək. Bundan başqa, məhz Azərbaycan paytaxtında AİB və Yaponiya, Kanada və Avstraliyadan olan dünya bankları ilə dövlət-özəl tərəfdaşlığı əsasında tarixdə ilk konsultativ müqavilə imzlanıb. AİB-in dövlət-özəl tərəfdaşlıq ofisinin rəhbəri Rüiçi Kaqanın fikrincə, Asiyanın infrastruktura olan böyük ehtiyaclarını nəzərə alaraq, Asiya-Sakit okean ölkələri dövlətlərinin infrastruktur layihələri üzrə işlərinin səmərəliliyinin maliyyələşdirilməsi və yüksəldilməsi üçün daha böyük imkanlara sahib olmaları zəruridir. Müqaviləyə əsasən, AİB və səkkiz bank DÖT-in (Dövlət Özəl Tərəfdaşlığı) strukturlaşmasının yaxşılaşdırılması məqsədilə Asiyanın inkişaf etməkdə olan ölkələrinin hökumətlərinin müstəqil konsultasiyasının təmin edilməsi üçün əməkdaşlıq edə bilərlər. Müqavilənin dəyəri 64 mln. dollar təşkil edir. Bu məbləğin 40 mln. dollarını Yaponiya ayıracaq.
Bundan başqa, AİB rəhbərlər şurası Asiya İnkişaf Fondu və sadə kapital resursları fondu ilə kredit əməliyyatlarının birləşdirilməsi təşəbbüsünü də dəstəkləyib. Bu, ümumi kapital resursları və qrantlar üzrə illik büdcəni 50%, yəni 20 mlrd. dollara qədər artırmağa imkan verəcək. Başqa sözlə, AİB "zərbəni saxlamaq" və regionda aktiv fəaliyyətin davam etdirilməsi hüququnun olmasını sübut etməyə hazırdır. Xüsusilə də bu regionun potensialı və iqtisadi imkanları tam şəkildə bir neçə maliyyə institutlarının birgəmövcudluğuna imkan verir.
Bu şəkildə, AİB -in Cənubi Qafqazda ilk toplantısı istər bankın özü üçün, istərsə də Azərbaycan üçün olduqca məhsuldar keçdi. T. Nakaonun Bakıda keçirilən 48-ci toplantısı AİB daha güclü, daha yaxşı və daha sürətli etməyə kömək edəcək müzakirələri nəyə desən dəyər. "Biz infrastruktur investisiyaların açıqlığına və sabitliyinə daha böyük diqqət ayırmağa davam edəcəyik", - deyə bank rəhbəri bildirib. Onun sözlərinə görə, bu il bankın 2020-ci ildən sonrakı inkişafının yeni strategiyasının hazırlığına başlanılacaq. Strategiyada AİB-in maliyyələşdirmə imkanlarının genişləndirilməsi və Asiya-Sakit okean regionuda inkişaf şərtlərinin dəyişdirilməsi nəzərdə tutulacaq. Azərbaycana gəlincə, bizim üçün bu toplantı yuxarıda qeyd edilən kredit razılaşamaları qismində maliyyə dividendlərindən savayı, iri beynəlxalq iqtisadi təbirin keçirilməsində daha bir dəyərli təcrübə oldu. AİB üçün tikilən nəhəng Bakı konqress-mərkəzi isə ondan yadigar kimi qaldı...
SİTAT
"Təbii ki, neft və qaz istehsal edən ölkə kimi, neftin qiymətinin kəskin dəyişməsi bizdə narahatlıq doğurur. Lakin onu da qeyd etmək istərdim ki, bu, bizim üçün bir növ çağırışdır - daha da səmərəli olaq, büdcəni daha da möhkəmləndirək, zəruri olmayan xərcləri azaldaq və diqqətimizi yaxşı idarəçilik və menecmentə yönəldək".
Azərbaycan Prezidenti İlham Əliyev
"Biz yeni qlobal təşəbbüsləri reallaşdırmaq istəyirik. İstəyirəm ki, Asiya İnkişaf Bankı daha səmərəli fəaliyyət göstərən daha güclü, mobil struktur olsun. Biz Asiya inkişaf bankının əməliyyatlarını 20 mlrd. dollara qədər çatdırmalıyıq. Bizim yoxsul ölkələrə dəstəyimiz 70%-ə qədər çatıb".
AİB rəhbəri Takehiko NAKAO
MƏSLƏHƏT GÖR: