13 Mart 2025

Cümə axşamı, 12:53

"DUMANLI ALBİON"da SİYASİ AYDINLIQ

Böyük Britaniyada keçirilmiş seçkidə Torinin qələbə qazanması, Londonun avro-Atlantik strategiyasını gücləndirəcək

Müəllif:

12.05.2015

Böyük Britaniyada keçirilən parlament seçkisi dünya siyasətinin əsas hadisələrindən birinə çevrildi. Hazırkı Baş nazir Devid Kemeronun başçılıq etdiyi Mühafizəkarlar Partiyasının seçkidə qazandığı inamlı qələbə yaxın illərdə Londonun siyasi kursunun, əsasən, dəyişməz qalacağını göstərir.

Seçkiqabağı proqnozlar Tori ilə leyboristlərin, təxminən, bərabər şanslara malik olduqlarını göstərsə də, seçkinin nəticəsi mühafizəkarların tam hökmranlığını təmin edib. Kemeronun rəhbərlik etdiyi siyasi qüvvə parlamentdəki 650 yerdən 331-nə sahib çıxıb. Şotland millətçilərin mövqelərini gücləndirməsini də seçkinin vacib nəticələrindən biri saymaq olar. Onlar Şotlandiyada 59 deputat kürsüsünün 56-na sahib çıxıblar. Artıq millətçilərin lideri gələcəkdə müstəqilliklə bağlı növbəti referendumun keçirilə biləcəyini bəyan edib.

2010-2015-ci illərdə hakim koalisiyada mühafizəkarların müttəfiqi olmuş liberal-demokratlar yeni ictimai palatada cəmi 8 yer qazana biliblər. Eyni sayda mandatı Demokratik İttihat partiyası qazanıb. Qeyd edək ki, bu təşkilat İrlandiyanın şimal qraflıqlarının Birləşmiş Krallığın tərkibində qalmasına tərəfdardır. Avroskeptik sayılan Müstəqillik Partiyası yeni parlamentdə cəmi 2 deputatla təmsil olunacaq.

Beləliklə, Tori və onların liderləri - Kemeron parlamentdə çoxluğa yiyələnməklə Nazirlər Kabinetini formalaşdırmaq imkanı qazanıblar. Hazırkı baş nazir artıq kabinetin tərkibində köklü dəyişikliklərə getməyəcəyini bildirib. Hər halda, maliyyə, xarici işlər, daxili işlər, müdafiə (müvafiq olaraq Con Ozborn, Filip Hemmond, Tereza Mey və Maykl Fellon) nazirlərinin postlarında qalacaqları məlum olub.

Mühafizəkarların daxili siyasəti ilə bağlı ölkədə qızğın diskussiyalar getmirsə (ən azı, elektoratın böyük hissəsinin Kemeronun neoliberal meyilli sağ-mərkəzçi kursunu dəstəklədiyi məlumdur), Londonun seçkidən sonra nümayiş etdirəcəyi xarici siyasi strategiya dünya tərəfindən maraqla gözlənilir. Üstəlik, Britaniya dünyanın ən böyük fövqəldövlətlərindən biri olaraq qalır və onun qlobal düzənə təsir imkanlarına heç bir şübhə yoxdur. Birləşmiş Krallığın dünyada hər an hegemonluğa can atan ABŞ-ın əsas müttəfiqi olması belə, bu faktı şübhə altına almır.

Ümumilikdə, Amerika siyasətinin təsiri altında olan London onu da göstərir ki, o, qlobal miqyasda lider siyasi alyans olan avroatlantizmdə mövqelərin bölüşdürülməsində aparıcı rola iddialıdır. Britaniyanın aparıcı partiyalarının hələ seçki ərəfəsində verdikləri vədlər də bunu təsdiqləyirdi: Londonun xarici siyasəti birtərəfli olmayacaq, bütün həlledici addımlar yalnız müttəfiqlərlə birlikdə atılacaq. Şübhəsiz, Torinin, leyboristlərin və liberal-demokratların seçkiqabağı manifestlərində Aİ-nin və NATO-nun roluna tez-tez toxunması heç də yalnız britaniyalı siyasətçilərin daha çox seçici səsi qazanma istəyindən irəli gəlmirdi - britaniyalılar Yaxın Şərqdə Londonun Vaşinqtonla birlikdə həyata keçirdiyi hərbi əməliyyatları heç də hər zaman dəstəkləmir. Buradan bir məqam da aydın olur ki, "bitərəflilik"ə iddialı olmayan Britaniya, ilk növbədə, NATO çərçivəsində müttəfiq sazişlərinə sadiqlik nümayiş etdirməklə, müttəfiqləri ilə, xüsusilə Avropa siyasətində əsas rola yiyələnmək iddiasında olan Fransa və Almaniya ilə dialoqda öz maraqlarının nəzərə alınmasına çalışacaq. 

Devid Kemeron hər addımında göstərir ki, Parislə Berlinin Londonun qitənin liderliyi məsələsində onların iddiaları ilə barışacağını gözləməyə dəyməz. Şübhəsiz ki, Tori hökumətinin bu siyasəti Vaşinqtonun maraqlarına cavab verib və bundan sonra da verəcək. ABŞ-ın Aİ-nin xarici siyasi strategiyasının reallaşdırılması zamanı tez-tez ortaya çıxan Almaniya-Fransa tandeminin "xüsusi mövqeyi"nə qısqanclıqla yanaşdığına şübhə yoxdur.

Kemeron millətçi qüvvələrin təsiri ilə olsa belə (Tori seçkiqabağı məqsədləri üçün Aİ-nin ünvanına sərt tənqidi ilə seçilən Birləşmiş Krallığın Müstəqiliyi Partiyasının ayrı-ayrı tezislərindən də istifadə edib), 2017-ci ildə Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyü məsələsini referenduma çıxarmaq vədi verir. Hələ ötən ilin noyabrında seçkiqabağı kampaniyaya başlayan baş nazir ölkəsinin "heç bir halda Aİ-nin tərkibində qalmalı olmadığını" bildirmişdi. Kemeron demişdi ki, o, "islahatlar planı olan siyasətçidir və vahid bazarı qoruyub-saxlamağa çalışır". Baş nazir ölkəsinə "vahid valyuta zonası ölkələrinin diktə etməsini istəmədiyini" də söyləmişdi: "Mən bizim Avropaya daxil olmamızı istəyən siyasətçiyəm. Amma bu, ümumi bazar və əməkdaşlığın olduğu, lakin o qədər də sıx ittifaqa bənzəməyən birlik olmalıdır".

Şübhəsiz, Tori hökuməti avroskeptik ritorikadan Fransa-Almaniya hökmranlığına yol verməmək üçün istifadə edəcək. Amma bununla yanaşı, Kemeronun ölkəsinin Aİ-ni tərk etməsi məsələsini qəti şəkildə qoyacağını da təsəvvür etmək çətindir.

Anqlosakson və Avropa elitalarının maraqları bir-biri ilə o qədər bağlıdır ki, avro-Atlantik məkanda parçalanma mümkün görünmür (ən azı, yaxın perspektivdə). Üstəlik, Torinin leyboristlər də daxil olmaqla, əsas opponentləri Londonun Aİ-ni tərk etməsinin ölkə üçün fəlakətlə nəticələnəcəyini düşünür, buna yol verməmək üçün əllərindən gələni edirlər. Londonun Avropa siyasətinin müəyyənləşməsində bir amilin əhəmiyyəti bundan sonra daha da artacaq. Bu amili yalnız Britaniya deyil, ümumilikdə, Avropa siyasətçiləri avro - Atlantikada siyasi qüvvələrin daha da birləşməsinə səbəb olacaq amil sayırlar. Söhbət Qərbin qlobal mövqeyinə meydan oxuyan, məsələn, ABŞ və Avropanın postsovet məkanında genişlənməsinə mane olan Rusiyadan gedir.

"Dumanlı Albion"un seçkisonrası siyasətində Rusiyaya münasibətdə, həmçinin silahlı münaqişənin davam etdiyi Ukrayna ətrafındakı geosiyasi vəziyyətə yanaşmada hər hansı dəyişiklik gözlənilmir. London Ukraynaya qarşı "Rusiyanın təcavüzü"nün qarşısının alınmalı olduğunu düşünürdü və bundan sonra da belə düşünəcək. O, bundan sonra da Moskvanın "Donbası tərk etməsi" üçün ona siyasi və iqtisadi təzyiqlərin artırılmasına çalışacaq. Tori bunu seçki kampaniyası zamanı açıq şəkildə bəyan edib: mühafizəkarlar "Rusiyanın təcavüzü"nü də "islam ekstremizmi" və "avrozonadakı iqtisadi qeyri-müəyyənlik" qədər təhlükə - xarici siyasi təhlükə sayırlar.

Britaniyanın digər nüfuzlu siyasətçiləri bu fikirdədirlər. Bu, Londonun "Rusiya siyasəti"ndə yekdil fikrin olduğunu göstərir. Seçkidə məğlub olmuş leyboristlərin proqramı, az qala, mühafizəkarların proqramının tam təkrarıdır. Onların milli təhlükələr siyahısında da "Rusiyanın təcavüzü" "İslam dövləti"ndən sonra ikinci pillədədir.

Son 5 ildə koalisiyada Torinin "kiçik qardaşı" kimi çıxış etmiş liberal-demokratlar isə "Rusiyanın Ukraynaya müdaxiləsi"ni "qlobal miqyasda sülh və təhlükəsizlik üçün ağır dönəmin yaşandığı"nın sübutlarından biri sayırlar.

"Çətin dövr"ün digər məsələsində də Britaniyanın öz siyasətində hər hansı ciddi dəyişikliklərə gedəcəyi gözlənilmir. Suriya, İraq, Əfqanıstan problemləri də Vaşinqtondan sonra Qərbin ikinci "vuran əli" olan London üçün prioritetlər sırasında qalacaq. Növbəti seçkidə Torinin qələbə qazanması, ən azı, bir şeyə zəmanət verir: London qlobal qarşıdurmanın bu, son dərəcə əhəmiyyətli istiqamətində fəallığını azaltmayacaq.



MƏSLƏHƏT GÖR:

595