
KABUS GERİ DÖNÜR?
Nasizm üzərində qələbədən 70 il sonra ondan sığortalanmışıqmı?
Müəllif: Eldar PAŞAYEV Bakı
Nasizmin pislənməsi Nürenberq tribunalının qərarlarında lazımınca öz əksini tapıb. Elə həmin qərarlarda ona bəraət qazandırılmasına qarşı müqavimətin vacibliyi də qeyd olunur. Ümumiyyətlə, beynəlxalq hüquq sisteminin özü məhz nasizmin dəhşətlərinin dərk olunması, bəşəriyyət tarixində, nə zamansa, bu halın təkrarlanmasından qaçılması üçün yaranıb. Sanki bu məsələ alimlər və siyasətçilər tərəfindən detallarınadək öyrənilib və mövzuya birdəfəlik nöqtə qoyulub. Bəs əslində, vəziyyət necədir? Bu fenomen tam araşdırılıbmı, yoxsa biz əvvəlkitək stereotiplər içində yaşayır və faktları simvollarla, hadisələrisə gözəl təqdimatlı saxtakarlıqlarla əvəz etmişik?
Nasizmin yaranmasına böyük ölçüdə mənəvi norma, tarixi hadisə və proseslərin qəsdən təhrif olunması da öz təsirini göstərib (və təəssüf ki, göstərməkdədir). Vəhşilik, varvarlıq davranış normalarına çevrilir, sosial institutlar vasitəsilə yayılır, insanlar sanki öz mənəvi meyarlarına uyğun davranmaq iradəsini itirirlər. Nasist təbliğatçılarından biri, radioda Üçüncü Reyxin verilişlərinin aparıcısı olmuş, yeri gəlmişkən, elə həmin Nürenberq prosesi zamanı ona qarşı irəli sürülmüş hər 3 ittihama görə bəraət almış Hans Friçe sonralar etiraf edirdi ki, "bəlkə də Hans Friçenin özü Hans Friçeni dinləyərək, iradəsini, sərbəst düşünmə qabiliyyətini məhv edib"... Yəni, bu məsələdə əsas məqam məhz öz mənəvi qərarlarının qəbulundakı azadlıqdır. Bəs bizim nasist, faşist adlandırdığımız, insanlara işgəncələr vermiş, öldürmüş, sobalarda yandırmış, uşaqları analarından ayırmış bu şəxslər kim olublar? Onlarda mənəviviyyat, azadlıq olmayıbmı?
"The Guardian" qəzetində bu yaxınlarda dərc olunmuş məqalədə bildirilir ki, "nasizm bayağılığa çevrilir, təhrif olunur və sadələşdirilir". Həqiqətən də, Hitler İnternetdən bizə baxır - o, müxtəlif formalarda, fürerəbənzər pişik şəkillərində gizlənir, onlayn oyunlarda tez-tez insanlara təklif olunur. You Tube portalında Hitlerin baş rolda olduğu maraqlı çarxları kim izləməyib ki? Söhbət "Bunker" (Downfall, 2004) filmindən olan səhnədən gedir. Hitler "alternativ kinolar"da, məsələn, Kventin Tarantinonun "Şərəfsiz alçaqlar" (Inglourious Basterds, 2009), yaxud "Dəmir səma" filmlərində yenidən dirilir. Timur Vermesin "Görün, necə qayıtdı" (Er Ist Wieder Da) adlı komediya romanı da var. Romanda Hitler günlərin birində müasir Berlində gözlərini açır. Müəllif əsərdə bir suala cavab axtarır: Hitleri və digər nasistləri şərin simvolu kimi təqdim edərək, onlara hər hansı mənəvi bəraəti yolverilməz sayanlar haqlıdırlarmı? Müəllif yazır ki, "bizim mədəniyyətimizdə Hitlerin göylərə qaldırılması yolverilməz olduğu üçün (kiçik, etinasız neonasist qrupları və Holokostu inkar edənlər istisna olmaqla) o, gülüş, bayağılaşdırma hədəfinə çevrilib". Bəs bu məntiq nə qədər doğrudur? Axı karikaturalar qəhrəmanı, tədricən, psixoloji cəhətdən qeyri-sağlam insan təsəvvürü yaradır, belə insanlardan isə məsuliyyət tələb etmək yersizdir. Daha çətin olanı nasistlərin də adi insanlar kimi yaşadıqlarını - görüşə getdiklərini, ailə qurduqlarını, dünyaya övlad gətirdiklərini, güldüklərini, ağladıqlarını anlamaqdır...
Alman-amerikan filosofu, o zaman "The New Yorker" jurnalının əməkdaşı olmuş Hanna Arendt məşhur qalmaqallı kitabında 1961-ci ildə Adolf Eyhmanla bağlı yaşamış proseslə bağlı fikirlərini açıqlayıb. Söhbət SS-in keçmiş oberşturmbannfüreri (polkovnik-leytanant), gestaponun "yəhudi məsələsinin birdəfəlik həlli"nə cavabdeh olmuş IV-B-4 şöbəsinə rəhbərlik etmiş Adolf Eyhmandan gedir. "Radikal" və "bayağı" şər arasında əlaqədən danışan Arendt əslində məhz elə mənəviyyat və azadlıq arasındakı əlaqədən bəhs edir. O vaxtdan illər ötür, Üçüncü reyxin süqutundan isə daha çox keçir. Amma bir çox suallar hələ də cavabını tapmayıb. Əslində, bunun səbəbi də aydındır - insanın öz mənəvi oriyentirlərini itirməsinə, öz düşüncəsindən imtinasına, yəni, iradəsi üzərində nəzarəti əldən verməsinə haqq qazandırmaq mümkün deyil. Biz nasist sistemindən danışsaq da, axı onun yayıcıları ayrı-ayrı şəxslər olublar və Nürenberqdə müttəhimlər kürsüsündə məhz onlar oturublar. Onlar bu kürsüdə məhz yol verdikləri cinayətlərə görə oturublar.
Cinayət - konkret, aydın əməldir. Bu, dəyişə biləcək ideologiya deyil. Cinayət faktına onun motivləri haqq qazandıra bilməz. Məhz bu üzdən öz cinayətlərini azadlıq, qardaşlıq kimi gurultulu səslənən söhbətlərlə pərdələməyə çalışan terrorçulara haqq qazandırmırıq. Cinayətə yol verilibsə, artıq onun nəyin uğrunda edildiyi önəmli deyil. İkinci Dünya müharibəsi zamanı "düşmənimin düşməni mənim dostumdur" prinsipi əsasında nasistlərlə əməkdaşlıq etmiş "azadlıq hərəkatı/ordu/təşkilat/legion"lara münasibətdə məhz bu məqam əsas götürülməlidir. Bu mərhələdə səbəbə baxmamalı, diqqəti yalnız cinaətin baş verdiyini sübuta yetirən və ya yetirməyən faktlara yönəltməli.
Amma nə qədər paradoksal olsa da, bir çox hallarda faktlar tarixin ən zəif hissəsi olur. Lap elə Birinci Dünya müharibəsi dövründə faciəvi hadisələrə "erməni yanaşması"nı götürək. Vaxt baxımından İkinci Dünya müharibəsi bizə daha yaxındır və bu mənada, 1939-1945-ci illərdə yaşanmış faktların təhrifi daha ağrılı ola bilər. Sanki açıq nasist ideologiyası "Seqakron"un yaradıcısı Qaregin Ter-Arutyunyanın (Ncde) və fürerə sədaqətlə xidmət etmiş Drastamat Kanayanın (general Dro) cinayətləri yaxşı məlumdur və sənədlərlə öz təsdiqini tapıb. Onlar Polşada, Ukraynada, Şimal cəbhəsində, Rostovda, Krımda insanları qətlə yetiriblər. Onların antisemit əməlləri də gizli deyil. Bununla yanaşı, bu gün İrəvanda Ncde böyük hörmətə malikdir - onun adına metro stansiyası, meydan var, medal təsis olunub. Dro ilə bağlı da vəziyyət oxşardır - Ermənistan Müdafiə Nazirliyinin Strateji Araşdırmalar İnstitutu onun adını daşıyır. Bundan başqa, Ncde haqqında yazılmış kitablar Moskvada sərbəst şəkildə satılır, Rusiyada onun haqqında filmlər çəkilir...
Yuxarıda adını çəkdiyimiz Hans Friçe deyəsən Nürenberq prosesindən sonra daha bir fikir işlətmişdi: "Təbliğatı istənidən formada aparmaq olar. Bu zaman həqiqətlərin köməyilə yalan danışmaq, sadəcə bu zaman ayrı-ayrı faktları - bəndləri zəncirdən çıxarmaq lazımdır". Təəssüf ki, onun sözləri acı həqiqətdir. "The Guardian"ın yazdıqları fəlakətin yalnız bir hissəsidir. Biz bir tərəfdən 70 il sonra nasizmin bayağılaşdırıldığını, məzə obyektinə çevrildiyini müşahidə edir, digər tərəfdən, faktların unudulduğunu, yalnız simvollardan bəhs olunduğunu görürük. Məsələn, dünyanın bir çox ölkələrində nasizmin rəmzi sayılan svastikanın təbliği qadağandır. Məgər bu bizi nasist ideologiyasının dirçəlişindən sığortalayır? Doğrudur, svastikanın yaratdığı mənfi assosiasiya çox güclüdür və insanlar zaman keçdikcə, əslində, onu nasistlərin icad etmədiklərini, sadəcə, həyasızcasına mənimsədiklərini unudurlar. Əslində o, qədim qrafik simvoldur. Onu Mesopotomiyadan İrlandiyaya, Mərkəzi Asiyadan Kolumbdan əvvəlki dövrün Amerikasınadək geniş bir ərazilərin qədim ayinlərində tapmaq olar. Nasistlərdən əvvələ aid svastikanın yaratdığı assosiasiya son dərəcə dinc, sakit, hətta müsbət idi - kənd təsərrüfatı, günəş, işığın istiqaməti, nəsillərin dəyişməsi və uğur. İstənilən halda, bu, sadəcə simvoldur. Necə deyərlər, fərqi hiss edin. Üzərində svastika çəkilmiş "futbolka" geyməyə çalışın və sizi dərhal daş-qalaq edəcəklər. Amma minlərlə insanın ölümündə günahkar olan cinayətkarın adını meydana heç bir problemsiz vermək mümkündür... günəş rəmzini dəfələrlə qatilin əlində görsəniz, o, qətl rəmzinə çevriləcək. Əksinə, qatili durmadan qəhrəman kimi təqdim edərlərsə, o, insanların bir hissəsinin şüurunda elə qəhrəmana da çevriləcək, faktlar isə yenə unudulacaq.
Nürenberq tribunalı "gələcək nəsillərin müharibə bəlasından xilasını, insanlarda onların əsas hüquqlarına, ləyaqətinə, insan şəxsiyyətinin qiymətinə olan inamın bərpasını" qarşısına əsas məqsədi kimi qoymuşdu. Azadlıq olmadan ləyaqət mümkün deyil. Azadlıq isə yalnız dürüstlük üzərində qurula bilər. Başqa cür olmur. Üçüncü reyxin tarixi bunun təsdiqidir.
MƏSLƏHƏT GÖR: