
SƏKKİZ ARZU
"Böyük səkkizlik"in Yaponiya toplantısı yaddaşlarda doğrulmamış ümidlər sammiti kimi qalacaq
Müəllif: Eldar PAŞAYEV Bakı
İyulun 7-9-da Yaponiyanın Hokkaydo adasında keçirilmiş dünyanın aparıcı dövlətlərinin liderləri - ABŞ prezidenti Corc Buş, Böyük Britaniyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikolə Sarkozi, Almaniya kansleri Angela Merkel, Rusiya lideri Dmitri Medvedev, İtaliyanın baş naziri Silvio Berluskoni, Yaponiyanın baş naziri Yasuo Fukuda və Kanada hökumətinin başçısı Stiven Harper ənənəvi yapon bayramı olan "Tanabata"da iştirak etmək imkanı qazandılar. Bu bayram bir-birindən ayrı düşmüş sevgililərin qovuşması anlamına gəlir. Ənənəyə görə, "Tanabata" zamanı tutduğun arzunu kağıza yazaraq, bambuk ağacının budağında asmaq lazımdır. Bayram sammitlə eyni günə təsadüf etdiyindən, G8 liderlərinə xüsusi kağız parçaları paylandı ki, onlar da öz arzularını yaza bilsinlər. Odur ki yapon rəvayətinin həqiqətən də "işlək" olduğu halda, dünyanı nələrin gözlədiyi çoxları üçün maraqlıdır.
Qeyd edək ki, yalnız ABŞ prezidenti Corc Buş arzusunu gizli saxlamadı. "Mən ətraf mühitin qorunması və insanların yaşayış şəraitini yaxşılaşdıracaq yeni texnologiyaların inkişafını arzuladım. Mən arzu edirəm, dünya tiraniyadan - aclıq, xəstəlik və siyasi tiraniyalardan azad olsun. Mən arzulayıram ki, Allah hamıya yar olsun", - deyə Ağ ev sahibi "arzu kağızı"nda yazıb.
Beləliklə, 8 liderdən birinin arzuları çox cəlbedici görünür. İndi nəticəsini gözləyək...
"Səkkizlik"in daimi iştirakçıları olan dövlət başçıları ilə yanaşı, sammitdə BMT-nin baş katibi Pan Gi Mun, Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozu, həmçinin inkişaf etməkdə olan 22 ölkənin rəhbərləri də iştirak ediblər. "Böyük səkkizlik"in "veteranı" Corc Buş, "cavanlar"ı isə Dmitri Medvedev, Qordon Braun və Yasuo Fukuda idilər. Görüşün yeniliklərindən biri o idi ki, bu dəfə dövlət başçıları ənənəvi "dəyirmi masa"da yox, dördkünc masa arxasında toplaşmışdılar. Sammitin keçirildiyi Toya kurort gölünün ətrafında 46 kilometrlik ərazidə aviasiya uçuşları qadağan edilmişdi və orada təhlükəsizliyin təmin edilməsinə, təxminən, 20 min polis cəlb olunmuşdu.
Görüşün qrafiki həddindən artıq gərgin idi. Üç gün ərzində G8 liderləri qlobal istiləşmə, Afrikanın inkişafına dəstək, dünya iqtisadiyyatı, ərzaq böhranı kimi məsələlərə dair sənədlər, həmçinin bir sıra siyasi bəyanatlar qəbul etdilər.
Forumun əsas mövzuları qlobal istiləşmə, ərzaq böhranı və enerji daşıyıcılarının bahalaşması oldu. Əgər liderlərdən asılı olsaydı, onlar böyük məmnuniyyətlə bu problemləri "Tanabata arzuları" çərçivəsində, yəni, magiya vasitəsilə həll edərdilər. Amma hər şey belə asan olsa, nə var idi...
İldən-ilə bəşəriyyət üçün daha ciddi problemə çevrilən iqlim dəyişikliklərinin həlli üçün hələ vaxt var, (düzdür, bəzi ekspertlər bəşəriyyətin artıq gecikdiyini düşünür), amma enerji daşıyıcalırının qiymətinin gün-gündən artması və ərzaq böhranı bugünün real faciələridir.
Yaponiyada keçirilmiş sammitdən cəmi bir neçə gün əvvəl "Qazprom"un rəhbəri Aleksey Miller "2008-ci ilin sonuna Avropada təbii qazın min kubmetrinin qiymətinin 500 dollar olacağına" dair proqnozla çıxış edib. O bildirib ki, "əgər dünya bazarında neftin barrelinin qiyməti 250 dolları ötərsə, "mavi yanacaq"ın min kubmetrinin qiyməti 1000 dollaradək yüksələcək".
Bununla əlaqədar olaraq, G8 liderləri yekun bəyannamədə "dünya iqtisadiyyatı üçün təhlükə olan" neftin qiymətinin rekord həddə çatmasına qarşı mübarizə aparmaq niyyətlərini açıqladılar. Sənəddə bu qiymətin qeyri-müəyyənlik yaratdığı və buna görə də artıq "nisbətən ucuzlaşma tendensiyasının hiss olunduğu" qeyd edilir. Dövlət başçılarının fikrincə, neft və ərzaq məhsullarının qiymətinin yüksəlməsi dünyada investisiya təzyiqinin artmasına səbəb ola bilər və bu, ilk növbədə zəif dövlətlər üçün təhlükədir. Buna görə də dünyanın aparıcı dövlətləri bundan sonra neft bazarının şəffaflığının təmin olunması üçün əllərindən gələni edəcək. Düzdür, buna hansı vasitələrlə nail olunacağı sənəddə göstərilmir. Yalnız qeyd olunur ki, "qara qızıl" istehsalçıları və istehlakçıları arasında dialoq olmadan bu sahədə tələb və təklif arasında balans mümkün deyil.
Sammitdə həmçinin bəyan edilib ki, ən qısa müddət ərzində neft və neft məhsullarının istehsalı və neft sahəsinə qoyulan investisiyaların həcmi artırılmalıdır. Enerji bazarının şəffaflığının artırılması da G8 liderlərinin vacib saydığı amildir.
Xarici mətbuatın yazdığına görə, "Böyük səkkizlik"ə daxil olan yeganə xam neft ixrac edən ölkə - Rusiya neft istehsalçıları ilə tərəfdaşlığı artırmaq niyyətini açıqlayıb. Bu məqsədlə Moskva enerji effektivliyi və yeni texnologiyalarla məşğul olacaq "Enerji Forumu" yaratmaq niyyətindədir.
Bəzi ekspertlərin fikrincə, yeni heç nə bəyan etməyən "səkkizlik" üzvləri heç bir öhdəlik götürməsə də, aparıcı dövlətlərin konsensus əsasında qərarlar qəbul etməsinin özü sevindirici haldır.
Qlobal istiləşmə probleminə gəlincə, burada əsas problem aparıcı iqtisadiyyatlarla inkişaf etməkdə olan dövlətlər arasındakı fikir ayrılıqlarıdır. Məlum olduğu kimi, atmosferə buxar qazının tullanmasına məhdudiyyət qoyan Kiotsk müqaviləsinin müddəti 2012-ci ildə başa çatır. Ötən ilin sonlarında BMT-nin iqlim dəyişikliklərinə dair konfransında yaxın iki il ərzində Kiotsk protokolunu əvəzləyəcək razılaşmanın hazırlanmasına dair qərar qəbul olunub. Həmin sənədin əsasını Yaponiya görüşündəki razılaşmaların təşkil edəcəyi güman olunsa da, G8 sammitinin yekun bəyannaməsində konkret hədəflər haqda fikirlər yer almayıb.
Beləliklə, 2050-ci ilə atmosferə atılan sözügedən tullantıların ikiqat azaldılmasına dair razılıq bu dəfə də əldə edilmədi. Daha dəqiqi, G8 daxilində məsələyə dair razılığın əldə edilməsi mümkün olmayıb - Çin və Hindistan kimi nəhəng enerji istehlakçıları hesab edirlər ki, "səkkizlik" üzərinə daha böyük öhdəliklər götürməli, əsrin ortalarına atmosferə atılan tullantıların həcmi iki dəfə yox, 85-90% azaldılmalıdır. Nəticədə 16 böyük sənaye fövqəldövlətinin liderləri (G8 və daha 8 sənayesi inkişaf etmiş ölkə) yalnız "iqlim dəyişikliyinə qarşı ümumi, lakin diferensiasiya olunmuş məsuliyyət" əsasında mübarizə aparmaq əzmini, həmçinin BMT-nin iqlimin dəyişməsinə dair konvensiyası əsasında səylərini artırmağa hazır olduqlarını bildirməklə kifayətləndilər.
Təbii ki, forumda ənənəvi məsələlər - beynəlxalq terrorizm, həmçinin İran və Şimali Koreyanın nüvə proqramlarına qarşı mubarizə mövzularına da toxunulub. "Səkkizlik" ölkələrinin liderləri bir daha bəyan ediblər ki, KXDR nüvə proqramından imtina etməli, Tehran isə uranın zənginləşdirilməsi prosesini dayandırmalıdır.
Aydındır ki, İran çətin ki bu tövsiyəni qəbul etsin. Sammitin ilk günündə Britaniyanın nüfuzlu "Telegraph" qəzeti təhlükəsizlik orqanlarının hesabatına istinadən xəbər verdi ki, Tehran uranın zənginləşdirilməsi üçün yüksək texnologi sentrifuqaların hazırlanması prosesini bərpa edib. P-2 nəslindən olan yeni qaz sentrifuqalarından əsasən nüvə silahının istehsalı üçün istifadə olunur. Nüvə proqramının reallaşmasına cavabdeh olan İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) bu layihə üzərində işləmək üçün bir neçə özəl şirkət yaradıb. Tehranın ətrafında qurulmuş bu firmaların fəaliyyəti MAQATE-nin müfəttişlərindən gizli saxlanılır. Əsas işlər isə İranın hələ ötən əsrin 90-cı illərində "Pakistanın atom bombasının atası" Əbdül-Qadir Xandan aldığı plan əsasında aparılır.
Sammitin son günündə isə Tehran G8 liderləri üçün növbəti sürpriz təqdim edib: İİR-də müxtəlif tipli 9 ballistik raketin, o cümlədən 2000 kilometrə qədər məsafəni vurmaq qabiliyyətində olan "Şahab-3" (onlar asanlıqla İsrailin istənilən ərazisini vura bilər) raketinin sınağı uğurla həyata keçirilib.
G8 sammitində daha bir ənənəvi məsələ diqqət mərkəzində olub: sammit öz işinə Afrikada vəziyyətin müzakirəsi ilə başlayıb. Bu diskussiyalarda iştirak etmək məqsədilə Əlcəzair, Efiopiya, Qana, Nigeriya, Seneqal, CAR, Tanzaniya prezidentləri və Afrika Şurasının rəhbəri də Yaponiyaya təşrif buyurublar. Daim müxtəlif silahlı münaqişələr və humanitar faciələrdən əziyyət çəkən "Qara qitə"yə dünyanın aparıcı dövlətlərinin yardım etməsi zərurəti ortadadır. Xatırladaq ki, hələ G8-in 2005-ci ildə keçirilmiş sammitində Afrikanın yoxsul ölkələrinə 10 milyard dollar məbləğində yardım edilməsi haqda qərar qəbul edilmişdi. Bu dəfə isə söhbət daha çox maliyyə yardımından yox, əvvəllər ayrılmış məbləğin daha effektiv şəkildə xərclənməsindən gedirdi.
Bundan başqa, sammit iştirakçıları Zimbabvedəki böhran haqda da müzakirələr aparıblar. "Səkkizlik"in fikrincə, BMT Təhlükəsizlik Şurasında müvafiq qərar qəbul edilərsə, bu ölkəyə qarşı sanksiyaların tətbiqi mümkündür.
Bu ölkədəki humanitar vəziyyətdən dərin narahatlıq ifadə edən "səkkizlik" Zimbabve rəhbərliyini humanitar əməliyyatların təcili şəkildə bərpasına çağırııb, əhalinin dərhal humanitar yardımdan istifadəsinə imkan yaradılmasını tələb ediblər. Bundan başqa, Zimbabvedə siyasi və humanitar situasiya, həmçinin insan haqları və təhlükəsizlik sahəsində vəziyyətlə bağlı məruzənin hazırlanması üçün BMT baş katibinin xüsusi nümayəndəsinin təyin edilməsi məsələsi də nəzərdən keçirilib.
Yaxın Şərqdə situasiyanı müzakirə edən G8 liderləri fələstinlilərə yardım və onların hüquqlarının müdafiəsi sahəsində çalışacaqlarını vəd edib, ümumilikdə muxtariyyatla İsrail arasında sülh razılaşmasının əldə edilməsi məsqsədi ilə aparılan danışıqlara dəstək verəcəklərini bildiriblər.
Beləliklə, Yaponiya sammitində hər hansı ciddi "irəliləyiş"ə nail olunmadığı ortadadır. Qurum liderlərinin əldə etdikləri razılaşmalar sammitdən əvvəl də məlum idi və onlar tərəfindən analoji siyasi bəyanatlar çoxdan səsləndirilirdi.
Bununla yanaşı, müşahidəçilər hesab edir ki, G8 sammitində əsas nailiyyətlər ikitərəfli görüşlər zamanı əldə edilir. Axı G8 "göz-gözə" söhbətləşmək üçün əla imkandır.
Bu imkandan hələ sammitin ilk günündə ABŞ və Rusiya prezidentləri Corc Buşla Dmitri Medvedev istifadə ediblər. Medvedev üçün bu, Kreml sahibi statusunda Buşla ilk rəsmi görüş idi. Danışıqların sonunda Amerika lideri Rusiya prezidentini "dünya siyasətini yaxşı bilən ağıllı oğlan" adlandırıb. Medvedev isə öz növbəsində qeyd edib ki, onun həmkarının prezidentlik müddəti hələ başa çatmayıb və bu səbəbdən onlar fəal diskussiyaları davam etdirəcəklər.
İki prezident arasında görüş bir məqamı ilə daha çox diqqət çəkir. Sammitin keçirildiyi günlərdə ABŞ-ın dövlət katibi Kondoliza Rays Avropa turnesi çərçivəsində Varşava və Praqaya baş çəkib. Praqada o, həmkarı Karel Şvarsenberqlə Çexiyada ABŞ-ın raketdən müdafiə sisteminə (RMS) daxil olan radiolokasiya stansiyasının yerləşdirilməsini nəzərdə tutan razılaşmaya imza atıb. Qeyd edək ki, radarın Praqanın 90 kilometrliyində yerləşən Brdıdakı poliqonda yerləşdirilməsi nəzərdə tutulub. Bundan başqa, ABŞ Polşa ərazisində 10 ədəd raket yerləşdirməyi planlaşdırır. Bu məqsədlə Vaşinqtonla Varşava arasında aparılan danışıqlar ümumilikdə tam yekunlaşsa da, hələ ki hər hansı razılaşma əldə olunmayıb.
Ağ ev əmindir ki, Avropada RMS-in yerləşdirilməsi "şər dövlətləri" olan İran və Şimali Koreya tərəfindən mümkün raket zərbələri təhlükəsinin qarşısını alacaq.
Rusiya isə öz sərhədləri ətrafında ABŞ-ın belə sistemlər yerləşdirməsi ilə bağlı tamamilə başqa fikirdədir. Moskva hesab edir ki, amerikalıların sözügedən planı Rusiyanın milli təhlükəsizliyinə təhtiddir. ABŞ-ın Polşa ilə apardığı danışıqlarda qeyri-müəyyənliyin hökm sürməsi ilə əlaqədar olaraq, alternativ kimi Litvanın adının çəkilməsi Moskvanı daha da hiddətləndirib. Bu narazılıq Kreml sahibi Medvedevin Yaponiyada Buşla keçirdiyi görüşdə də yumşaq formada ifadə edilib.
D.Medvedev onu da bildirib ki, ABŞ-la Çexiya arasında razılaşmanın imzalanması "Rusiyanı qane etmir". "Situasiya bizi son dərəcə təəsüfləndirir", - deyə dövlət başçısı bildirib. Onun fikrincə, "Avropanın təhlükəsizliyinin təmini məsələsi avropalıların özləri tərəfindən həll edilməldir". Medvedev Rusiyanın bu addımlar ətrafında düşünəcəyinə dair də maraqlı bəyanat səsləndirib.
G8+səkkiz inkişaf etmiş sənaye dövlətlətinin liderləri 2009-cu ildə İtaliyada toplaşacaqlar.
Bu məqamda bir maraqlı tendensiya qeyd edilməlidir: getdikcə "səkkizliy"in hansısa dünya hökuməti kimi qəbulu gündəmdən çıxır. Bu hətta o dərəcədə geniş miqyas alır ki, sammiti "səkkizlik" toplantısı adlandırmaq belə çətinləşir. Bunun G8-də böhranın göstəricisi olduğunu, yoxsa "səkkizliy"in önündə daha böyük perspektivlər açacağını yaxın illərdə görəcəyik.
MƏSLƏHƏT GÖR: