15 Mart 2025

Şənbə, 00:36

İDEAL BƏHANƏ

Abxaziyadakı terror aktlarının və Cənubi Osetiyadakı atışmanın təşkilatçılarının niyyəti nədir?

Müəllif:

15.07.2008

Qazaxıstanın yeni paytaxtı Astananın yubileyində iştirak edən Rusiya prezidenti Dmitri Medvedev səfər zamanı keçirdiyi çoxsaylı görüşlər çərçivəsində gürcüstanlı həmkarı Mixail Saakaşvili ilə də bir araya gəldi. Bu görüş haq-da olduqca quru məlumatlar yayan mətbuat yalnız görüş faktının özünü qabartmaqla kifayətləndi. KİV-də yer alan xəbərlərə görə, görüş zamanı D.Medvedev M.Saakaşvilini "vəziyyəti gərginləşdirməməyə" çağırıb. Daha sonra isə Rusiya mətbuatı Rusiya-Gürcüstan münasibətlərinin D.Medvedevin ABŞ prezidenti Corc Buşla (onun 2005-ci ildə Moskvanın açıq-aşkar narazılığına rəğmən, Tbilisiyə səfər etməsi hələ yaddaşlardan silinməyib) görüşdə də müzakirə obyekti olduğunu xəbər verdi. 

Gürcüstan ərazisindəki "dondurulmuş münaqişələr" bu gün artıq dünya birliyinin diqqətini ən çox cəlb edən məsələyə çevrilib. Bu günlərdə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stubb bu bölgədə yaranmış vəziyyətdən son dərəcə narahat olduğunu bəyan edib. Diplomat tərəfləri vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb. "Mən tərəfləri dialoqun və qarşılıqlı etimadın bərpası üçün lazım olan bütün vasitələrdən istifadə etməyə çağırıram. ATƏT vəziyyəti diqqətlə izləyir və gərginliyin  aradan qaldırılmasında tərəflərə yardımçı olmağa hazırdır", - deyə Stubb vurğulayıb.

Həqiqətən də, narahatlıq üçün kifayət qədər əsas var. Ötən istirahət günləri gürcü-osetin münaqişəsi zonasında artıq artilleriya və minaatan-lar, bəzən hətta aviasiyadan da istifadə edilib. Rusiya və Cənubi Osetiya mənbələrinin iddiasına görə, əvvəlcə Sixinvali və yaxınlıqda yerləşən iki osetin kəndi - Dmenisi və Ubiat minaatanlardan atəşə tutulub. Nəticədə, 2 nəfər həlak olub, 11 nəfər, o cümlədən, yerli televiziyanın 2 operatoru yaralanıb.  Cənubi Osetiya nümayəndələri və rusiyalı sülhməramlılar atəşin gürcülər tərəfdən açıldığını bildirirlər.

Ancaq gürcü sülhməramlılarının qərargahından verilən məlumata görə, atışma osetinlərlə rusiyalı sülhməramlıların təxribatına cavab olub: "Bizim nümayəndələrdən heç kəs ərazini tərk etməyib. Biz sadəcə bizə qarşı başlanan atəşə cavab vermişik". 

Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani isə daha konkret olub: "Biz Sixinvalinin quldurcasına həyata keçirdiyi təxribata cavab olaraq atəş açmışıq".

Qeyd edək ki, bu bölgələrdə belə insidentlərə tez-tez rast gəlinir. Tbilisidən verilən məlumatlara görə, gürcü kəndləri Tamaraşeni və Nikozi mütəmadi olaraq Sixinvali tərəfdən atəşə məruz qalır. Bu gürcü kəndlərini birləşdirən Böyük və Kiçik Liaxva çaylarının keçdiyi ərazidə isə avtomobillər də atəşə tutulur. 

Xatırladaq ki, bir müddət əvvəl Sixinvali regionunun müvəqqəti administrasiyasının rəhbəri Dmitri Sanakoyevin olduğu avtomobil məhz burada gülləbaran edilmişdi. Məktəbli uşaqları Tbilisiyə ekskursiyaya aparan avtobus da bu ərazidə atəşə tutulmuşdu. Cənubi Osetiyanın Dmenisi kəndində baş vermiş parltayış nəticəsində isə yerli milis şöbəsinin rəisi Nodar Bibilov həlak olub.

Qeyd edək ki, Sanakoyevin başına gələn hadisə təsadüfi insidentə bənzəmir. Onun avtomobili sülhməramlı qüvvələrin postu yaxınlığında minaya düşüb. Bundan sonra isə naməlum şəxslər avtomat silahlardan avtomobili atəşə tutub. Sanakoyevin mühafizəçiləri cavab atəşi açıblar. Beləcə, bir neçə dəqiqə davam edən atışma nəticəsində 3 mühafizəçi yaralanıb. 

Cənubi Osetiyada Sanakoyev kimi fiqurun mövcudluğu çoxlarının planlarını pozur. Xatırladaq ki, Dmitri Sanakoyev Gürcüstan rəhbərliyi ilə kompromisin tərəfdarıdır və rəsmi Tbilisi ilə Cənubi Osetiyanın muxtariyyət məsələsini müzakirə etməyə hazırdır. Sanakoyev 2006-cı ilin noyabrında Cənubi Osetiyada keçirilmiş "alternativ prezident seçkilərində" qalib gəlib. Elə həmin gün keçirilən "rəsmi seçkilər" isə əvvəlki "prezident" Eduard Kokoytının qələbəsi ilə başa çatıb. Özü də maraqlıdır ki, bütün saxtakarlıqlara baxmayaraq, E.Kokoytıya səs verənlərin sayı Sanakoyevə səs verənlərdən o qədər də çox olmayıb. 

Daha sonra Gürcüstan parlamenti Cənubi Osetiyada müvəqqəti administrasiyanın yaradılması haqda qərar qəbul edib. Və 2007-ci ilin mayında Mixail Saakaşvili bu struktura rəhbərliyi D.Sanakoyevə təklif etməklə, E.Kokoytını çox çətin vəziyyətdə qoyub. 

Regionda baş verənləri şərh edən Rusiyanın "Qazeta" internet-portalı yazır: "Əgər Cənubi Osetiyada artıq top atəşləri eşidilməyə başlanırsa, deməli, yeni münaqişə olduqca realdır. Tanınmamış respublikanın silahlı qüvvələri 3 min nəfər və üstəgəl, 15 min nəfərlik ehtiyat qüvvələrindən ibarətdir. Cənubi Osetiya ordusunda 87 tank, 95 top (onlardan 72 qaubitsa) və minaatan, 23 reaktiv "Qrad" qur-ğusu, 180 zirehli maşın və 3 ədəd "Mi-8" vertolyotu var. Müharibə başlasa, bu ordu modernləşdirilmiş və Qərbin köməyi ilə müasir silah-sursatla təchiz edilmiş gürcü ordusuna qarşı tab gətirə biləcəkmi? Sualın cavabı aydındır".

Son günlər mütəmadi olaraq terror aktları ilə üzləşən Abxaziyada da vəziyyət olduqca gərgindir. Qaqrı və Suxumidəki bazarlarda iki partlayış baş verib. Sonra Soçidə də yaşayış binası partlayıb. Düzdür, bunun terror aktı olduğu hələ təsdiqlənməyib. Və Soçidəki partlayışın Abxaziyadakı terror aktları ilə əlaqəsi də aşkar olunmayıb. Amma bununla əlaqədar müəyyən şübhələr qalmaqdadır. 

Bunun ardınca sülhməramlıların Qali şəhərindəki qərar-gahı yaxınlığında yerləşən kafedə partlayış törədilib. Bu dəfə 4 nəfər, o cümlədən Qali şəhərinin "dövlət təhlükəsizlik xidməti"nin şöbə rəisi Cansux Muratiya, həmçinin BMT missiyasının Qali sektorunun əməkdaşları həlak olub. Daha 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Abxaziya rəhbərliyi baş verənlərə görə bu dəfə də Gürcüstanı ittiham edib. "Abxaxziya prezidentinin Qali rayonundakı nümayəndəsi" Kişmariya tam əminliklə bəyan edib ki, bu partlayışların arxasında "Gürcüstanın təhlükəsizilk xidməti" dayanır. 

"Prezident"in özü - Sergey Baqapş isə Qalidəki partlayışın Qaqrı və Suxumidəki terror aktlarının davamı olduğunu bildirərək, Gürcüstan rəhbərliyini "dövlət terrorizmi yolunu tutmaqda" ittiham edib.

Təbii ki, Tbilisidə bu ittihamları qətiyyətlə rədd edirlər. "Kommersant" qəzeti Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomayaya istinadən yazır ki, bu ilk insident olmadığı kimi, sonuncu da deyil: "Bu cür hallara qanun və asayişin olmadığı yerlərdə rast gəlinir. Bu insidentlər - gizli kapitalın yenidən bölüşdürülməsi uğrunda gedən mübarizənin göstəricisidir. Baş verənlər bir daha hamıya, o cümlədən Rusiya rəhbərliyinə də nümayiş etdirdi ki, regionda təcili olaraq Gürcüstanın suverenliyini bərpa etmək lazımdır".

Öz növbəsində, Gürcüstan Daxili İşlər Nazirliyinin informasiya-analitik departamentinin rəhbəri Şota Utiaşvili də Abxaziyadakı terror aktlarına görə Suxuminin səsləndirdiyi ittihamları "absurd" və "tamamilə əsassız" adlandırıb. Onun sözlərnə görə, "gürcü tərəfinin nə bu, nə də əvvəllər baş vermiş digər insidentlərə heç bir aidiyyəti yoxdur", Tbilisinin ünvanına səslənən "əsassız ittihamlar" isə Suxuminin de-fakto hakimiyyətinin "Gürcüstan rəhbərliyinin siyasətini istənilən yolla ləkələmək niyyətindən xəbər verir".

Doğrudan da, abxaz separatçıları baş vermiş son partlayışlar seriyası ətrafında əməlli-başlı siyasi kampaniyaya başlayıblar. Guya yeni terror aktlarına yol verməmək üçün iyul ayından kurort mövsümünün sonunadək Abxaziyanın Gürcüstanla "sərhədi" bağlı elan edilib. Abxaziyanın "daxili işlər naziri" Sergey Şambanın jurnalistlərə bildirdiyinə görə, sərhədin bağlanması həm istirahətə gələnlər, həm də abxazların özlərinin təhlükəsizliyini təmin etmək niyyətilə atılmış "müvəqqəti addımdır". "Suxumi və Qaqrıda törədilmiş partlayışların arxasında Gürcüstanın təhlükəsizlik orqanlarının dayandığı bizdə şübhə doğurmur", - deyə Şamba vuğulayıb.

Lakin bu terror aktlarının sifarişçilərinin yeganə ünvanı Tbilisi deyil. Gürcüstanın özündə əmindirlər ki, baş verənlər Abxaziyada Baqapş və Xadjimba klanları arasında gedən kriminal "razborkalar"ın nəticəsidir. Ədalət naminə etiraf etmək lazımdır ki, Abxaziyada mülkiyyətin təkrar bölüşdürülməsinin başlandığı haqda xəbərlər yalnız Gürcüstan deyil, Rusiya KİV-də də yer alıb. Məsələ bundadır ki, Xadjimba Şimali Qafqazda ciddi əlaqələrə malik olduğunu dəfələrlə, özü də fəxrlə etiraf edib. Yeri gəlmişkən, məşhur Şamil Basayev ilk "hərb dərsləri"ni məhz Abxaziya müharibəsində alıb.

Digər tərəfdən, terror aktları Abxaziyadakı "Rusiya vətəndaşları" üçün real təhlükə yaranması haqda rəy formalaşdırmaq və bundan Gürcüstana təzyiq kimi istifadə etmək üçün də ideal bəhanədir. Elə isə partlayışların sifarişçilərini Moskvada da axtarmaq olar - axı Rusiya indiyədək gürcülərə qarşı "terror rıçaqları"ndan bir neçə dəfə istifadə edib. Amma 2006-cı ilin sentyabrında Gürcüstan tərəfinin Rusiya qoşunlarının Cənubi Qafqazdakı qrupunun bir neçə zabitini, həmçinin onlarla əlaqədə olan şəxsləri (onların əksəriyyəti milliyyətcə erməni idi) casusluqda ittiham edərək həbsə almasından sonra vəziyyət bir qədər dəyişdi. Görünür, Moskvada anlamağa başlayıblar ki, Gürcüstan ərazisində Qoridəki terror aktlarının təşkilatçılığı ilə "məşhurlaşmış" Dövlət Kəşfiyyat İdarəsinin zabiti Anatoli Sısoyevin metodları ilə fəaliyyət qurmaq artıq alınmayacaq. Çünki bundan sonra tele-xəbərlərin "qəhrəmanı"na çevrilmək risqi çox böyükdür. Bu mənada, Abxaziya Moskva üçün ideal variantdır: həm baş verənlərə görə bütün məsuliyyəti Gürcüstanın üzərinə atmaq olar, həm də Moskvanın sözü ilə oturub-duran yerli məhkəmə orqanlarından "sürprizlər" gözlənilmir.

Amma bütün bunlara rəğmən, bu gün analitiklər Abxaziyadakı partlayışların son nəticədə tərəflərdən hansına zərbə vurduğu haqda suala dəqiq cavab tapa bilmirlər. Çünki Abxaziyada təhlükəsizliyin təmin olunmasına görə rusiyalı sülhməramlılar cavabdehdirlər (baxmayaraq ki Gürcüstan bundan çox narazıdır). Və təsadüfi deyil ki, Gürcüstanın dövlət naziri Temur Yakobaşvili Nyu-Yorkda səfərdə olarkən bəyan edib ki, Abxaziyadakı partlayışlardan sonra buradakı sülhməramlı əməliyyatın formatının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlir. "Gürcü tərəfi dəfələrlə bəyan edib ki, Abxaziyada MDB-nin egidası altında sülhməramlı əməliyyata son qoyula bilər", - deyə Yakobaşvili BMT qərargahında keçirdiyi görüşlərdən sonra vurğulayıb. 

Dövlət nazirinin sözlərinə görə, indi gürcü tərəfi BMT-dən dəqiq cavab almaq istəyir: bu təşkilat münaqişənin nizamlanmasında real şəkildə iştirak etməyə hazır və qadirdirmi?


MƏSLƏHƏT GÖR:

457