
QAFQAZDA MÜHARİBƏ KABUSU DOLAŞIR!
Müəllif: Redaksiya
Jurnalın növbəti sayını hazırlayarkən, biz redaksiya məqaləsi üçün mövzuları araşdırırdıq. Amma onsuz da sadə olmayan Rusiya-Gürcüstan münasibətlərində yaşanan yeni gərginliklər bizə seçim yeri qoymadı və biz növbəti dəfə bu mövzuya toxunmağı lazım bildik.
Moskva ilə Tbilisi arasında münasibətlər artıq xeyli vaxtdır, "normal"dan uzaqdır. Amma iyulun əvvəlidə baş verənlər göstərdi ki, qonşu ölkələr elə bir həddə gəlib çıxıblar ki, hadisələrin bundan sonrakı inkişafı artıq açıq müharibəyə gətirib çıxara bilər. İş artıq o vəziyyətə çatıb ki, Rusiya Tbilisi ilə gərgin münasibətlər tarixində ilk dəfə olaraq, özünün Hərbi Hava Qüvvələrinin 4 qırıcısının Cənubi Osetiya üzərində uçuş həyata keçirdiyini rəsmən təsdiqləyir.
Moskvada açıq şəkildə bəyan ediblər ki, Gürcüstan Silahlı Qüvvələrinin Cənubi Osetiyaya mümkün hücumuna yol verməmək üçün, bu ərazi üzərində "qısamüddətli uçuş"lar həyata keçirilib.
Gözlənildiyi kimi, Gürcüstanın baş verənlərə reaksiyası olduqca sərt oldu. Moskvanın ünvanına ittihamlar səsləndirən Tbilisi bəyan etdi ki, Rusiyanın bu açıqlaması "görünməmiş hadisədir" və "aqressiv niyyətlərin etirafıdır".
Özü də bu gərginlik ABŞ dövlət katibi Kondoliza Raysın Tbilisiyə etdiyi "antiböhran" səfərinə cəmi bir neçə saat qalmış yaşanıb. Gürcüstan prezidenti Mixail Saakaşvilinin zarafatla dediyi kimi, Rusiya HHQ bununla amerikalı qonağı "salamlayıb".
Bu dəfə Gürcüstan yalnız Moskvanın əleyhinə ittihamlar və iradlarla kifayətlənməyərək, Rusiyadakı səfirini geri çağırdı: diplomatik dairələrdə qəbul edilmiş bəhanə ilə - "məsləhətləşmələr aparmaq üçün". Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Niki Rurua isə hətta bildirdi ki, onun ölkəsi bundan sonra Rusiya HHQ-ə məxsus təyyarələri vurmaq niyyətindədir.
Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunub ki, "RF tərəfindən həyata keçirilən açıq təcavüz yalnız Gürcüstanda deyil, ümumilkdə Qafqaz regionunda sülhə təhlükədir".
XİN onu da bildirib ki, bundan sonra öz ərazisindəki dondurulmuş münaqişələrin birtərəfli qaydada həllinə çalışacaq və Moskvanın bu prosesdə hər hansı iştirakını qəbul etməyəcək.
Bununla, Tbilisi faktik olaraq Moskvanın Gürcüstan ərazisindəki münaqişələrin həllindəki vasitəçiliyindən imtina etdi. Paralel olaraq isə, Tbilisi ABŞ və ümumilikdə Qərbin Cənubi Osetiya və Abxaziya münaqişəsinin nizamlanması prosesinə cəlb olunmasına çalışacaq.
Amma Qərb mətbuatının yazdığı kimi, ABŞ dövlət katibinin bununla bağlı mövqeyi "o qədər də gürcüpərəst" olmadı və bu analitiklərin diqqətindən yayınmadı. Düzdür, Rays Moskvaya xatırlatdı ki, Rusiya "vəziyyəti gərginləşdirməyə yox, situasiyadan çıxış yolu tapmağa" çalışmalıdır. O əlavə etdi ki, "gərginliyin mənbəyinin haradan gəlməsindən asılı olmayaraq, regionda zorakılığa son qoyulmalıdır".
Rusiya KİV bu fikri dərhal Gürcüstan rəhbərliyinin ünvanına atmaca kimi şərh etməyə başladılar.
O da istisna deyil ki, K.Raysın bu sakit reaksiyası onunla bağlıdır ki, Vaşinqton gürcü-abxaz münaqişəsinə dair beynəlxalq məsləhətləşmələr ideyası üzərində işləyir.
A.Raysı səfər zamanı müşayiət etmiş yüksək vəzifəli amerikalı məmur bildirib ki, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Gürcüstanın xarici siyasət idarələrinin rəhbərləri gələn ay bir araya gələrək, yaranmış vəziyyəti müzakirə edə bilərlər. Onun sözlərinə görə, ABŞ bu müzakirələrdə BM, Avropa İttifaqı və abxaz separatçılarının da iştirakını lazım bilir.
Qeyd edək ki, Amerika planı Abxaziyada beynəlxalq polis qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Bu isə, əlbəttə ki, özünün separatçı regionlarındakı Rusiya sülhməramlı kontingentini dəyişmək istəyən Gürcüstanın maraqlarına cavab verir.
Bu arada isə Almaniya öz planını irəli sürüb. Bu plana görə, Abxaziya 250 min gürcünün öz doğma yurd-yuvalarına qayıtmasına mane olmamalı, bunun müqabilində isə Tbilisi hərbi güc tətbiq etməyəcəyinə dair öhdəlik götürməlidir.
Amma Moskvanın bütün bunlara cavab olaraq, öz arqumentləri var. Rusiya XİN-in başçısı Sergey Lavrov ABŞ dövlət katibinin bununla bağlı bəyanatına dərhal reaksiya verdi. Xatırladaq ki, ABŞ Gürcüstana NATO-ya üzvlüyə namizəd statusunun verilməsinin Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə kömək edəcəyini bildirib. Abxaziyanın "prezidenti" Sergey Baqapşla görüşdə S.Lavrov bu fikirdən narahatlığını ifadə edərək deyib ki, bu addım "problemin dinc yolla nizamlanması şansının üstündən birdəfəlik xətt çəkəcək".
S.Lavrov bir daha Tbilisini Suxumi və Tsixinvali ilə zorakılığa əl atmamaq barədə sənəd imzalamağa çağırıb.
Bütün bunlarla paralel olaraq Rusiya BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsi təqdim edib. Bu sənəddə bütün tərəflərin qeyd-şərtsiz zorakılıqdan imtina məsələsi öz əksini tapıb. Rusiya XİN-in açıqlamasında qeyd olunur ki, Moskvaya dəqiq məlumdur ki, Gürcüstan bu ilin yazında Abxaziyanın ələ keçirilməsi üçün hərbi əməliyyat hazırlayıbmış. Rusiyada hesab edirlər ki, bilərəkdən vəziyyəti gərginləşdirməyə çalışan Tbilisi, bununla regiondakı sülhməramlı kontingentin dəyişdirilməsinə nail olmaq istəyir.
Amma gürcü tərəfinin mövqeyi də kifayət qədər arqumentləşdirilib. Tbilisidə əmindirlər ki, münaqişə bölgələrindəki son hadisələr Rusiyanın Gürcüstanın NATO-ya qəbulunu əngəlləməyə yönəlmiş addımlarının nəticəsidir.
Amma nə olur-olsun, unutmaq olmaz ki, söhbət on minlərlə dinc insanın həyatından, hamı tərəfindən tanınmış dövlətin ərazi bütövlüyündən, bütün regionun və bəlkə də dünyanın gələcəyindən gedir.
MƏSLƏHƏT GÖR: