24 Noyabr 2024

Bazar, 01:41

HƏYATIN FƏLSƏFƏSİ

Alim Heydər Hüseynov qısa ömrü ərzində Azərbaycanın humanitar elmində böyük iz qoyub

Müəllif:

19.05.2015

O, irəvanlı idi. Faktiki olaraq, əyalətdən gəlmiş bu şəxs heç bir qohumunun, əlaqəsinin, "mədəni bekqraund"un olmadığı Bakıda özünə parlaq karyera qurmağı bacarıb. Özü də unutmayın ki, insan elm sahəsini seçirsə, sonuncu məqam xüsusi aktuallıq qazanır. Burada kimlərəsə özünü, iş bacarığını sübuta yetirmək üçün uzun müddət işləmək lazım gələ bilər.

1931-ci ildə Heydər Hüseynov Bakıda (dövlət universitetində) fəlsəfə kafedrasında təhsilini başa vurub. Sonra o, elə orada təhsilini aspiranturada davam etdirib. İndi bizim üçün bu, nəsə qeyri-adi hal sayılmır, amma o illərdə bütün ali məktəblərdə təhsil pullu idi. Aspirantura isə inanılmaz (və o qədər də ehtiyacın olmadığı) dəbdəbə sayılırdı.

Gənc Hüseynov bu hədəfinə doğru inamla addımlayırdı - onu ən çox şairlərin, maarifçilərin, ölkəmizin qədim alimlərinin fəlsəfi baxışları maraqlandırırdı. 1939-cu ildə Hüseynov Tiflis Dövlət Universiteti şurasında "M.F.Axundovun fəlsəfi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.

O, yalnız məqsədinə doğru israrla can atan, zəhmətkeş insan deyildi. Hüseynov həm də böyük təşkilatçılıq istedadına malik idi. Tələbələrindən biri, akademik, fəlsəfə doktoru Fuad Qasımzadə onun haqqında yazır: "Bizdə dərindən düşünən, vacib məsələləri qaldıran, lakin onların həlli üçün ardıcıl olaraq mübarizə aparmağı bacarmayan şəxslər var. Heydər Hüseynovun müsbət cəhətlərindən biri öz işində ardıcıl, inadkar, yaxşı təşkilatçı olması idi. O, yalnız təşəbbüskar deyildi. O, başqaları tərəfindən irəli sürülmüş dəyərli təşəbbüsləri də dərhal qiymətləndirməyi bacarır, vacib ictimai-mədəni tədbirlərin keçirilməsi üçün şərait yaradırdı".

 

Filosof, biblioqraf, pedaqoq

Hüseynovun istedadı kifayət qədər tez üzə çıxmışdı. 30 yaşında olarkən o, özündə pedaqoq və tədqiqatçı alim peşələrini uğurla birləşdirmişdi. H. Hüseynov qısa zamanda Azərbaycan Sovet Ensiklopediyasında çalışan aparıcı mütəxəssislərdən birinə çevrilmişdi. O, SSRİ Elmlər Akademiyasının respublikadakı filialının Ensiklopediya və Lüğətlər İnstitutunda da çalışırdı. Müharibədən əvvəlki illərdə bu gənc alimin (cəmi 31 yaşı var idi) rəhbərliyi ilə "Rus-Azərbaycan lüğəti", "Rus-Azərbaycan məktəb lüğəti", "Azərbaycan-rus izahlı lüğəti" çap olunmuşdu. Heydər Hüseynov cəmi 12 il ərzində bir çox digər kitablar da buraxmağa macal tapıb.

"Onun ölkə elminə ən böyük töhfəsi ictimai rəyin tarixi və inkişafı ilə bağlı çoxsaylı analitik işləridir", - deyə fəlsəfə elmləri doktoru, tanınmış publisist Niyazi Mehdi bildirir: "O, yaradıcılıqlarına və bioqrafiyalarına əsasən, böyük Nizaminin, Füzulinin baxışlarını araşdırır, eyni zamanda sufizmlə bağlı son dərəcə qiymətli analitik materiallar üzərində işləyirdi". H. Hüseynov qədim filosofların işlərini də öyrənir, əsasən, IX əsrin mütəfəkkiri Bəhmanyarın əsərlərini araşdırırdı.

H. Hüseynov Nizaminin o qədər də məşhur olmayan, lakin mükəmməl və çətin "İqbalnamə" poemasına yazılmış ön sözün müəllifidir. Ön sözdə alim dahi şairin humanizmlə bağlı baxışlarını şərh edirdi. Hüseynovun "Nizaminin ictimai baxışları", "Nizaminin sufiliyə münasibəti" kimi işləri də eyni mövzuya həsr olunub. Şərqin ədəbi ənənələrilə və dahi şairin şəxsiyyətilə maraqlananlar Hüseynovun işinə layiqincə qiymət verə bilərlər. "İqbalnamə" poeması, bəlkə də, dünya tarixində ilk utopik əsərdir. O, 350 il əvvəl (təxminən), Tomas Morun məşhur "Utopiya"sından qabaq yazılıb. Hüseynov bu şedevrlə bağlı yazırdı: "Nizami yalnız abstrakt azad cəmiyyəti təsvir etmir. O, ilk növbədə, azad insanlar cəmiyyətinin prinsiplərini öz düşüncəsinə əsasən cızırdı. Əmək bərabərliyi, yığılmış məhsulun bərabər bölünməsi, sağlamlığın qayğısına qalınması kimi prinsipləri irəli sürən Nizami azadlığın, xoşbəxtliyin insan əllərilə yaradıldığına səmimi şəkildə inanırdı".

 

Sənin əlini sıxanlar

Heydər Hüseynov onunla eyni dövrdə yaşayan məşhurların da yaradıcılığını öyrənirdi. Bu mənada onun Cəfər Cabbarlının nəsri və dramaturgiyası, Səməd Vurğunun poeziyası haqda məqalələrini və essesini yada salmaq olar. Amma onun şedevri başqa kitab idi - "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən". Bu, uzun illərin gərgin zəhmətinin bəhrəsi idi. Kitabda XIX əsrə, XX əsrin əvvəllərinə aid Azərbaycan şairləri və maarifçilərinin həyatına, yaradıcılığına, dünya görüşünə dair xeyli məlumatlar var idi. Söhbət Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Hüseyn bəy Zərdabi və bir çox digər məşhurlardan gedir. Bu kitab Rusiya, Gürcüstan və Estoniyanın tanınmış alimləri tərəfindən müsbət qiymət almışdı. Amma təəssüf ki, o, Hüseynovun son kitabı oldu. Bu, 1949-cu ilin - müharibə sonrası repressiyalar ilinin astanası idi. Bu repressiyalarda Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov fəal rol oynayırdı. Həmin il müharibə dövründə bir qədər sərbəst fəaliyyət imkanı qazanmış elm xadimlərinə qarşı təqiblər başladı. Heydər Hüseynov isə o dövrdə nə az, nə çox - Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti idi (41 yaşında!). Yüksək rütbəsi üzündən onu dərhal "götürmək" çətin idi. Odur ki, Bağırov niyyətini həyata keçirmək üçün şərait - lazımi ictimai rəy formalaşdırmaqla məşğul idi. Hüseynovu istintaqa çağırmışdılar və o, uzun illər İranda, Türkiyədə yaşamış əmilərilə ünsiyyətdə təqsirləndirilirdi. Onun həmin qohumları isə "antisovet fəaliyyəti" aparırlarmış. XDİK-in bir çox "istintaq" üsulu var idi və bu üsullar müttəhimin istənilən "günah"ını "sübut etməyə" imkan verirdi. Lakin bu cür yüksək vəzifə tutan şəxsə qarşı, hələ ki, həmin üsullardan istifadə etmək olmurdu (bu halda əvvəlcə onun ictimaiyyət qarşısında ifşa olunması tələb edilirdi). Məhz bu üzdən Hüseynovu əvvəlcə sərbəst buraxırlar. Amma tezliklə Bağırovun alimə qəzəbinin əsl səbəbi üzə çıxır - bu, əlbəttə ki, filosofun sonuncu kitabı idi. Bağırov Hüseynovun XIX əsrin ortalarında Şimali Qafqazda milli-azadlıq hərəkatının olduğuna dair fikrilə razı deyildi. Yəqin ki, o, kitabda bu cür antiimperiya millətçiliyinə dəstək hiss etmişdi və sovet illərində bu, nəticəsiz qala bilməzdi. Tezliklə Bağırovun göstərişilə ədəbi və elmi jurnallarda Hüseynova qarşı saysız-hesabsız sifarişli yazılar peyda olmağa başlayır. Belə yazılardan birini hətta şəxsən Bağırovun özü yazır.

Maraqlıdır ki, Hüseynovun kitabı ziyalılar, professorlar - tarixçilər və filosoflar tərəfindən yüksək qiymətləndirilirdi. Müəllif bu kitaba görə, hətta Stalin mükafatına (o zaman elm və mədəniyyət sahəsində çalışan şəxslərin ala biləcəkləri ən ali mükafat) belə layiq görülmüşdü. Lakin 1950-ci ildə Bağırov elm xadimləri şurasının toplantısını keçirir və orada Hüseynov tənqid atəşinə tutulur. İndi vaxtilə Hüseynovun kitabı ilə bağlı şövqlə məqalələr yazan, onun əlini sıxan, alovlu şəkildə təbrik edən şəxslər küləyin hansı tərəfdən əsdiyini anlayaraq artıq keçmiş dostlarına qarşı çıxmağa başlamışdılar. Bir sözlə, onlar bu yolla öz həyatlarını xilas edirdilər.

Burada müəyyən qanunauyğunluqdan da danışmaq olar - toplantıya qatılmış şəxslərin ən ləyaqətliləri bu böhtan kampaniyasına qoşulmaqdan iyrənərək dostlarını satmırdılar. Onlardan biri görkəmli ədəbiyyatşünas və tənqidçi Məmməd Dadaşzadə, ikincisi yazıçı və ictimai xadim Mirzə İbrahimov olur. Onların bu davranışı əsl qəhrəmanlıq idi və bu qəhrəmanlıq, əlbəttə ki, Bağırovun - əvvəllər respublikanın dövlət təhlükəsizlik komitəsinə rəhbərlik etmiş şəxsin - diqqətindən yayınmır. Bağırov o zaman Dadaşzadəyə deyir: "Mən əmin oldum ki, siz sovet xalqının ən qatı düşmənisiniz. Siz bizim işçilərimizin arasına girmiş türk agentisiniz". Bağırov İbrahimova da üzünü tutaraq ona "vaxtilə sahibsiz uşaq olduğunu" xatırladır. Amma bunlar Hüseynovun dostlarının heç birini qorxutmur və nə Dadaşzadə, nə də İbrahimov dostlarına qarşı səs vermirlər.

Sonda Heydər Hüseynov partiya sıralarından xaric edilir və buna səbəb kimi "partiya əleyhinə fəaliyyət, qeyri-səmimilik və riyakarlıq" göstərilir. O anda növbəti addımın həbs, daha sonra isə güllələnmə və ya uzunmüddətli sürgün (bu, elə ölümə bərabər idi, çünki belə sürgünə göndərilən şəxslər orqanizmin dözümündən asılı olaraq, 2-5 il yaşayırdılar) olacağı həm Hüseynova, həm də ətrafdakı hər kəsə yaxşı məlum idi.

Yaranmış şəraitdə Heydər Hüseynov özü üçün yeganə doğru ola biləcək qərar qəbul edir: o, avqustun 15-də - 42 yaşında öz mənzilində özünü asaraq intihar edir...

4 il sonra MK bürosunun iclasında vaxtilə dostunu satmaqdan imtina etmiş Mirzə İbrahimov deyəcəkdi: "Heydər Hüseynovun qanı Bağırovun əllərində və vicdanındadır". 

Cəmi 2 il sonra isə Bağırovun özünü güllələyəcəkdilər...


MƏSLƏHƏT GÖR:

693