24 Noyabr 2024

Bazar, 01:40

"BÖYÜK" İDEYA NİYƏ GERÇƏKLƏŞMƏDİ?

Və ya erməni dəstələri Birinci Dünya müharibəsində necə "döyüşüblər"?

Müəllif:

19.05.2015

Könüllü azərbaycanlılardan formalaşmış Tatar atlı alayının Qərb cəbhəsində Rusiya ordusunun tərkibində avstriyalılarla qorxmadan vuruşduğu bir vaxtda Qafqazda Türkiyəyə qarşı hərbi əməliyyatların aparıldığı meydana göndərilmiş erməni könüllü dəstələri öz milli məsələlərinin həllilə məşğul idilər: gələcəkdə "Böyük Ermənistan" adlı dövlətin qurulması üçün Türkiyə ərazisində yaşayan müsəlman əhaliyə qarşı qətliam həyata keçirilirdi. 

Erməni könüllüləri Qafqaz cəbhəsinə əbəs yerə göndərilməmişdi: imperiya dairələri ermənilərin türklərə olan nifrətini yaxşı bilirdilər və beləliklə, bu amildən yararlanmaq istəyirdilər.

 

"Erməniləri əzizləməli"

"Daşnaksutyun" partiyasının təmsilçilərindən olan D.X.Zavriyev erməni dəstələrinin sayının artırılmasının vacibliyini göstərdiyi məktubunda çar hökumətinə bu dəstələrə "siyasi baxımdan ordunun yeridilməsi mümkün olmayan ərazilərdə məsələləri müstəqil şəkildə çözmək" səlahiyyətinin verilməsini təklif edirdi.

Qafqaz ordusunun general-kvartirmeysterin idarə olunması üzrə qərargah rəisi general-mayor Bolxovitinov 1915-ci il 11 dekabr tarixli məruzəsində Qafqaz canişininin hərbi məsələlər üzrə köməkçisi, Qafqaz ordusuna komandanlıq edən qraf Voronsov-Daşkova bir məqamı xüsusi xatırladıb: könüllü dəstələrin yaradılması zamanı erməniləri bu işə sövq edə biləcək əsas amil yalnız "Rusiya qarşısında müqəddəs borcun yerinə yetirilməsi" deyil. "Reallıq göstərir ki, yaranmış vəziyyətdə ermənilər həm də Rusiya hakimiyyətinə yardım göstərmək istəyirdilər ki, sonradan özlərinin çoxdankı arzusuna - Ermənistan muxtariyyətinə nail olsunlar", - deyə general bildirirdi.

Çar hökumətinin erməni dəstələrinin yaradılmasında son dərəcə maraqlı olduğunu göstərən bir sıra digər amillər də var. Məsələn, bütün Qafqaz müsəlmanlarına, dağlılara və Zaqafqaziya sakinlərinə ümumilikdə, təxminən, 9 min könüllüdən ibarət diviziyanın yaradılması icazəsi verilmişdi. Eyni sayda erməni isə 7 dəstəyə cəlb olunmuşdu. Halbuki müsəlman əhalinin sayı ermənilərdən qat-qat artıq idi. Digər yandan erməni dəstələrinin özəyi, o cümlədən rəhbərliyi terrorçuluq təcrübəsinə malik "Daşnaksutyun" partiyasının üzvlərindən ibarət idi. Söhbət Zaqafqaziya, Türkiyə və digər ölkələrin ərazisində qiyamlar, zorakılıq, terror aktları təşkil etmiş partiyanın fəallarından gedir. Onların bir çoxu könüllü dəstələrin yaradıldığı zaman həbsxanada və ya sürgündə idilər. Müharibənin başlaması ilə bu şəxslərin hamısına bəraət verildi. Məsələn, ikinci erməni dəstəsinin komandiri Dro, yaxud Drastamat Kanoyans bir sıra terror aktlarının törədilməsində günahlandırılırdı. O, istintaqdan, məhkəmədən yayınmış, barəsində axtarış elan olunmuşdu. Üçüncü dəstənin komandiri Amazasp isə sürgündən 1914-cü il iyunun 12-də azad edilmişdi. 1915-ci ilin fevralında Petroqrad teleqraf agentliyi tərəfindən yayılmış məlumatda deyilirdi: ""Daşnaksutyun" partiyasının işi ilə bağlı 7 məhkum əfv edilib: onların əksəriyyəti könüllü olaraq vuruşur və bir sıra mükafatlara namizəddirlər".

Tiflisdə nəşr olunan "Orizon" erməni qəzeti yazırdı ki, "Böyük knyaz Georgi Mixayloviç Culfada olarkən 5 erməni drujinaçısını 4-cü dərəcəli Georgi xaçı mükafatı ilə şəxsən təltif edib".

Ermənipərəst "Bakı" qəzeti isə 1915-ci ilin ilk nömrəsində geridə qalmış ilin yekunlarından bəhs edərkən yazırdı: "Türkiyə ilə müharibə Bakının erməni əhalisi arasında ciddi milli yüksəlişə səbəb olub. Ermənistanın yaxın zamanlarda Türkiyənin zülmündən xilas olacağına ümid yaranıb. Partizan dəstələrnə erməni könüllülərinin axını başlayıb".

"Orizon" yazırdı ki, "erməni könüllü dəstələrinin yaradılmasının məqsədi hələ müharibədən əvvəl bəlli idi: döyüş meydanlarında erməni əhalinin müdafiəsi və rus ordusuna kömək göstərilməsi".

Petroqradda nəşr olunan "Reç" isə erməni katolikosunun fikirlərinə yer verirdi: "İndi mən Rusiyanın türk Ermənistanını sakitləşdirəcəyinə inanıram. Bunu indi etməyəcəksə, bəs, nə vaxt edəcək? Biz Rusiya ermənilərinin də Türkiyə erməniləri kimi, bir arzumuz var: türk Ermənistanının Rusiyanın himayəsi altında muxtariyyət qazanması".

 

Ermənilərin silahlandırılması

Daha bir maraqlı məqam erməni könüllü dəstələrinin sıralarında sonradan "kommunist, beynəlmiləlçi" olan Anastas Mikoyanın da döyüşməsidir. O, Sovet İttifaqında uzun illər yüksək vəzifələr tutub. Söz ustası olan insanlar bir fikri məhz onun haqqında işlədirdilər: "İliçdən (Lenin - red.) İliçədək (Brejnev - red.), infarktsız və iflicsiz". Ermənilər ən müxtəlif bəhanələrlə mümkün qədər çox insanı silahlandırmağa çalışırdılar. Könüllü dəstələrin formalaşdırılması əhalinin silahlandırılmasının yollarından biri idi. Hətta dəstələrə cəlb olunmamış şəxslərin də silahlandırılmasına cəhdlər göstərilirdi. Məsələn, Yelizavetpol quberniyasında (Gəncə) ermənilərinin silahlandırılması məsələsi qaldırılmışdı. Guya məqsəd İranın Şahsevənlər və digər tayfalarının qəfil hücumundan qorunmaq idi. "Kaspi" qəzeti bununla bağlı yazırdı ki, İranla sərhədboyu yerləşən kəndlər müsəlman kəndləri olduğundan, belə hücumlardan onlar əziyyət çəkirdilər. Ermənilər isə quberniyanın içəri hissələrində məskunlaşıblar və hücumlar onlar üçün təhlükə yaratmır.

"Bu məqam niyə nəzərdən qaçırılır? İstənilən Qafqaz qəzetini götürün və sərhəd komissarımızın məlumatlarını oxuyun: Şahsevənlərin hücumlarından əziyyət çəkən kəndlərin adları müsəlman adları, Şahsevənlərlə atışmalarda həlak olanlar da müsəlmanlardır. Mülkləri talan olunanlar, sürüləri aparılan da müsəlmanlardır. Erməni kəndlərisə indiyədək bir dəfə də olsun, Şahsevənlərin hücumlarından ziyan çəkməyiblər. Sərhədyanı xristian kəndlərinin silahlanmasına yuxarılardan icazə verilərsə, ədalət və məqsədəuyğunluq eyni addımın bu rayonların əhalisilə bağlı da atılmasını tələb edir", - deyə qəzet bildirirdi.

Türk ordusunun açıq-aşkar ruslara simpatiya bəsləyən erməni əhali ilə davranışına da diqqət yetirmək lazımdır. Bu gün erməni siyasətçiləri türklərin dinc əhaliyə qarşı zorakılıq hallarına yol verdiklərindən danışmağı sevirlər. Amma bu iddialar reallıqdan çox uzaqdır. Məsələn, "Kiyevskaya mısl" qəzeti 1915-ci ilin yanvarında yazırdı ki, türklər Qars vilayətinə daxil olan zaman "demək olar ki, bütün ermənilər qaçmağa macal tapmışdılar. Türk ordusu isə soyğunçuluğa yol vermirdi. Əhalisi qaçmayan sektant kəndlərə daxil olan türklər kəndin başçısını çağıraraq bildirirdilər ki, onlara müəyyən ödəniş müqabilində at arabaları lazımdır. Bu tələbə əməl olunurdu və bir neçə gün ərzində arabalar türklərə xidmət edirdi. Sonda isə istifadə olunmuş günlərin hamısının pulu qarşı tərəfə ödənilirdi. Türklər özlərini Ardağanda da belə təmkinli aparırdılar".

Ön cəbhədən qayıtmış zabit "Tiflisski listok" qəzetinə müsahibəsində jurnalistin "türklər necə vuruşurlar?" sualına belə cavab vermişdi: "Nizami türk ordusu almanlar kimi deyillər. Onlar vicdanlı düşməndirlər. Bizim cəbhədə, məsələn, Bəyazit rayonunda onlar qırmızı ayparadan və ya parlament bayrağından sui istifadə hallarına yol verməyiblər. Onlar dinc əhaliyə qarşı vəhşilik etmirlər".

Cəbhədə, o cümlədən Qafqaz cəbhəsində hərbi əməliyyatlar zamanı üstünlük növbə ilə gah bir, gah digər tərəfə keçirdi. Rus qəzetləri yorulmadan ordunun əldə etdiyi uğurlar haqda yazsa da, ordu tez-tez ələ keçirdiyi əraziləri boşaltmalı olur, böyük itki verərək geri çəkilmək məcburiyyətində qalırdı. Məsələ o həddə çatmışdı ki, çar II Nikolay 1915-ci ilin martında 1916-cı ildə orduya vaxtından əvvəl çağırışın həyata keçirilməsinə qərar vermişdi. Qərara görə, orduya 585 000 nəfər çağırılmalı idi. Bu məqamda pis vəziyyətdə qalanlar hələ dünən rus ordusunun gəlişini alqışlayan, türklərlə mübarizədə ona kömək edən ermənilər idi. Beləliklə, Türkiyənin və İranın cəzasından qorxan on minlərlə erməni sakini yaşadıqları əraziləri tərk etməyə başlamışdılar.

 

Şərəfsizlik və fərarilik

1915-ci ilin aprelində bütün ermənilərin katolikosu Rusiyanın xarici işlər naziri Sazonova və Qafqazın canişini Voronsov-Daşkova müraciət edərək Türkiyə xristianlarının mümkün talanlardan qorunması üçün bütün imkanları səfərbər etməyə çağırsa da, müraciətinə gözlədiyi cavabı almır. Sazonovun katolikosa cavabı qeyri-müəyyən olur: "7 aprel tarixli məktubunuza cavab olaraq Zati-alilərinizin nəzərinə çatdırıram ki, sizin İtaliya və Birləşmiş Ştatlardakı səfirinizə müraciətinizin müdafiə olunmasını təklif etmişəm".

1915-ci ilin əvvəlində "Daşnaksutyun"un rusların müharibədə tezliklə qələbə qazanacağına, Türkiyənin darmadağın ediləcəyinə və erməni dövlətinin yaradılacağına olan ümidləri tədricən sönməyə başlayır. 2-ci Ərzurum artilleriya alayının komandiri polkovnik-leytenant Tverdoxlebovun bildirdiyinə görə, müharibənin yeni başladığı dövrdə erməni könüllü dəstələri arasında kütləvi fərarilik və süni yaralanma halları müşahidə olunurdu. Bunu general-mayor Bolxovitinov da yuxarıda qeyd olunan məruzəsində təsdiqləyirdi: "Tiflisdəki yerli partiya xadimləri Ermənistanın muxtariyyət əldə edə bilməyəcəyinə dair fikirlər səsləndirirlər. Bu fikirlər hərbi vəzifəli şəxslər, həmçinin aşağı rütbəli ermənilər arasında sürətlə yayılıb və nəticədə, ermənilər ordudan qaçmağa başlayıblar. Onların arasında yalançı xəstəliklər, özünü yaralama, hətta türk ordusunun tərəfinə keçmə halları geniş vüsət alıb... Drujinaçıların əksər hallarda hərbçiyə yaraşmayan əməlləri Qafqaz ordusunun rəhbərləri zabitləri arasında onlara qarşı tənqidi münasibət yaradıb. Demək olar ki, hər bir nizami ordu zabiti drujinaçıların, hətta onların rəhbərlərinin arasında hərbi nizam-intizamın pozulması, intriqa və ədavət, lovğalıq, bəzi hallarda qorxaqlıq, oğurluq, soyğunçuluq, nəhayət, ələ keçirdiyimiz türk vilayətlərinin müsəlman əhalisinə qarşı zorakılıq hallarını müşayiət ediblər". 



MƏSLƏHƏT GÖR:

573